Məhkəmə qərarları › İş №2-1(3-8)-662/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-662/2026

25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-662/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “cavabdehin məhkəmə qətnaməsini icra etməməsinin qanunsuz hesab edilməsi, cavabdehə müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi barədə göstəriş verilməsini, ## #### 2018-ci ildən etibarən müharibə veteranlarına müəyyən edilmiş təqaüd məbləğinin geri dönməklə hesablanaraq ona tam ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Biləsuvar Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə 1992–1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyi faktı məhkəmə qaydasında müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bu fakt rəsmi olaraq təsdiqlənmişdir. Əlavə olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2019-cu il tarixli *** saylı protokolu ilə onun “hərbi travma” aldığı, bu travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı baş verdiyi rəsmən təsdiqlənmişdir. Lakin buna baxmayaraq, cavabdeh Müdafiə Nazirliyi müharibə veteranı statusunu verməmiş, müvafiq vəsiqəni təqdim etməmiş, ## #### 2018-ci ildən etibarən veteran təqaüdü təyin etməmiş və ödəniş həyata keçirməmişdir. Bu hal Konstitusiyanın 60-cı maddəsinə, “Əmək pensiyaları haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara, “Müharibə veteranı haqqında” Qanuna və inzibati icraat haqqında qanunun 6, 10 və 24-cü maddələrinə zidd olaraq, cavabdeh qurumun hərəkətsizliyini və vətəndaş hüquqlarını pozduğunu göstərir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı hazırkı iddia Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Adıçəkilən Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iş materiallarında mövcud olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2019- cu il tarixli ***- **** nömrəli məktubundan görünür ki, komissiyanın iddiaçıya imtina xarakterli cavab məktubları müvafiq olaraq 2017-ci və 2019-cu illərdə təqdim olunmuşdur. Iddiaçı da bu faktı inkar etməmiş, ərizəsində göstərmişdir ki, “..Müdafiə Nazirliyinin 2017 və 2019-cu il tarixli cavab məktubları ilə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı mənfi rəy təqdim edilmişdir”. Göründüyü kimi, iddiaçı onun müraciəti üzrə imtina xarakterli rəyi (yazılı məlumatı) aldıqdan 6 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da məcburetmə haqqında iddia ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsinin zəruri olduğunu hesab edirlər. Digər tərəfdən, iddiaçının qeyd etdiyi “Biləsuvar rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi” tələbi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli ** nömrəli qərarının 14-cü bəndində birbaşa göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qayda müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu nüansların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edirlər. Iddiaçının iddia ərizəsində qeyd etdiyi “cavabdeh məhkəmə qətnaməsini icra etməyərək müharibə veteranı statusunu verməmişdir” mülahizəsi ilə bağlı bildirirlər ki, bu mülahizənin heç bir qanuni və faktiki əsası yoxdur; belə ki, həmin qətnamə ilə cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmamışdır. Eyni zamanda işin mahiyyəti ilə bağlı qeyd edirlər ki, iddiaçının qanuni əsasla ehtiyata buraxılması müəyyən olunmamışdır, bu hal isə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün birbaşa əsas təşkil edir. Belə ki: Iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2019-cu il tarixli məktubundan görünür ki, döyüş əməliyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilməsi, N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti, N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmamışdır. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: N saylı hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** saylı əmrindən çıxarışda qeyd edilmişdir ki, İddiaçı ##.##.1992-ci ildən N №-li hərbi hissənin kəşfiyyat rotasına salınmış, 2 taburun ərzaq xidməti şəxsi heyəti bütün müavinatlarla təmin edilmişdir. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2019-cu il tarixli *** saylı qərarından görünür ki, Biləsuvar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğda barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Keçirilmiş baş-beyin travmasının qalığı" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin ##.##.2018-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2018-ci il tarixli *** nömrəli arayışı, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli *** nömrəli arayışı, Biləsuvar rayon məhkəməsinin *(***)- *** nömrəli 2018-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR". Məhkəməyə təqdim edilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, N saylı hərbi hissənin əsgəri İddiaçı 1992-ci ilin iyun ayından Azərbaycan Milli Ordusunun tərkibində Qubadlı bölgəsində könüllü xidmət edir. İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə özünü əsil döyüşçü kimi aparmaqla yanaşı döyüşçü dostları arasında dərin hörmət qazanmışdır. Sıravi döyüşçü İddiaçı xidmət etdiyi müddətdə özünü əsl döyüşçü kimi aparmaqla yanaşı döyüşçü dostları arasında dərin hörmət qazanmışdır. Xidmət etdiyi Biləsuvar tağımının bütün döyüş əməliyyatlarında yaxından iştirak etmiş, həmişə ön sırada irəliləmişdir. Biləsuvar rayon Mərkəzi Xəstəxanasının ##.##.2018-ci il tarixli **** saylı arayışında qeyd edilmişdir ki, Biləsuvar rayon sakini İddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixə kimi Biləsuvar RMX-nın Terapiya şöbəsində yatdığı barədə xəstəlik tarixini tapmaq mümkün olmadı. Buna səbəb kimi xəstəxananın təmiri ilə bağlı arxiv sənədlərindən bir hissəsinin itməsi olmuşdur. Lakin buna baxmayaraq xəstələrin terapiya şöbəsində stasionar müalicəsinə qəbul jurnalından İddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixə kimi “Keçirilmiş qapalı kəllə beyin travması və baş beynin silkələnməsindən sonrakı vəziyyət ensefalopatiya, nevrotik reaksiyalar qıcolma tutmaları” diaqnozu ilə stasionar müalicə alması barədə qeyd aparılmışdır. Biləsuvar rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsində qeyd edilmişdir ki, İddiaçı 1992-ci ildən 1993-cü ilin mart ayınadək Cavabdeh N nömrəli hərbi hissənin və 851 (N) saylı hərbi hissələrin tərkibində hərbi xidmətdə olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Ərizə qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2025-ci il tarixli *- **-*/*-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsi tərəfindən 5 göndəriş daxil olmuşdur. Əlillik təyinatı aparmaq mümkün olmadığından bütün hallarda natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Gəncə Hərbi Prokurorluğunun ## ###### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1997-ci il tarixədək olan cinayət işlərinin qeydiyyatı kitabları və ##.##.2015-ci il tarixədək olan cinayətlər barədə məlumatların qeydiyyatı kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar, ##.##.2022-ci il tarixdə məhv edildiyindən, İddiaçı barəsində cinayət işi və araşdırma materialı olub-olmaması haqqında məlumat vermək mümkün deyil. Hazırda İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğunda icraatda və ya dayandırılmış cinayət işi yoxdur. Cavabdeh ## ###### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-3, səh-32, sıra-20, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı hərbi hissənin kəşfiyyat rotasının siyahısına salınaraq bütün müavinatlarla təmin edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin ##.##.1992- ##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, onun döyüş əməliyyatlarında iştirak etməyi faktı artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Bu fakt hüquqi qüvvəyə malikdir və yenidən sübut edilməyə ehtiyac yoxdur. Bu hal Azərbaycan Respublikası qanunvericiliyinə görə preyudisial fakt sayılır. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən travmanın “hərbi travma” olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı rəsmi şəkildə müəyyən edilmişdir. Bu isə birbaşa olaraq onun döyüş şəraitində xidmət etdiyini təsdiq edir. Tərxis sənədinin olmaması iddiaçının təqsiri deyil. Məhkəmə nəzərə almamışdır ki, 1990-cı ilərin əvvələrində aparılmış döyüşlər zamanı sənədləşmə sistemi qeyri-kamil olmuşdur, dövlət arxivlərində sənədlərin tam olmaması iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz, məhkəmə sübutları yalnız formal sənədlərlə deyil, sübutların məcmusu ilə qiymətləndirməlidir. Onda olan sənədlər (əmr çıxarışı, tibbi sənədlər, məhkəmə qətnaməsi və s.) birlikdə xidmət faktını kifayət qədər təsdiq edir. “Veteranlar haqqında” Qanuna əsasən müharibə veteranı hesab olunur: döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Onun bu kateqoriyaya aid olduğu artıq sübut olunmuşdur. Qanunda mütləq şəkildə “tərxis əmri təqdim olunmalıdır” kimi tələb nəzərdə tutulmamışdır. Iş materialları ilə təsdiq olunur ki: iddiaçının 1992–1993-cü illərdə döyüş əməliyyatlarında iştirakı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya müharibə veteranı statusu verilməsi üçün əsas yoxdur. Bu isə açıq ziddiyyət yaradır, çünki: “Veteranlar haqqında” Qanuna əsasən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır, məhkəmənin özü bu faktı inkar etmir. Lakin nəticədə bu fakt hüquqi nəticəyə çevrilməmişdir. Hərbi travma faktı ilə nəticə arasında ziddiyyət: Işdə mövcuddur ki, iddiaçı döyüş zamanı hərbi travma almışdır, bu hal rəsmi qaydada təsdiq edilmişdir. Bu fakt iddiaçının döyüş şəraitində olması və real hərbi xidmət keçməsi kimi halları birbaşa sübut edir. Lakin məhkəmə bu mühüm faktı nəzərə alsa da, nəticədə onun hüquqi əhəmiyyətini aradan qaldırmışdır. Bu isə faktlarla nəticə arasında uyğunsuzluq yaradır. Hərbi hissəyə daxil olma faktının nəticədə nəzərə alınmaması: N saylı hərbi hissənin əmri ilə iddiaçının hərbi xidmətə qəbul olunması təsdiq edilir. Bu sənəd: iddiaçının Silahlı Qüvvələrin tərkibində xidmət etdiyini göstərir. Lakin məhkəmə bu faktı xidmətin mövcudluğunun sübutu kimi qəbul etsə də, nəticədə yalnız tərxis sənədinin olmamasına əsaslanmışdır. Beləliklə, xidmətin başlanması faktı nəzərə alınsa da, onun hüquqi nəticəsi nəzərə alınmamışdır. Sübutların məcmusu ilə çıxarılan nəticə arasında uyğunsuzluq: Iş üzrə sübutların məcmusu aşağıdakı haları təsdiq edir: döyüş əməliyyatlarında iştirak, hərbi travma alınması, hərbi hissədə xidmət. Bu sübutların məntiqi nəticəsi ondan ibarət olmalıdır ki: iddiaçı döyüş əməliyyatlarında iştirak etmiş hərbi quluqçu olmuşdur. Lakin məhkəmə bu nəticəyə gəlmək əvəzinə iddianı rədd etmişdir. Bu isə sübutların məzmunu ilə məhkəmə nəticəsi arasında açıq uyğunsuzluqdur. Sübut çatışmazlığı ilə bağlı nəticənin əsassız genişləndirilməsi: Məhkəmə qərarını əsaslandırarkən əsasən belə nəticəyə gəlmişdir ki, tərxis faktı sübut olunmamışdır. Lakin bu faktın sübut olunmaması avtomatik olaraq döyüşdə iştirak faktını hərbi xidmət faktını inkar etmir. Məhkəmə isə bu çatışmazlığı ümumiləşdirərək iddianın tam rəddinə əsas kimi qəbul etmişdir ki, bu da hüquqi baxımdan düzgün yanaşma deyildir. Beləliklə, məhkəmə müəyyən edilmiş faktiki hallarla uyğun gəlməyən nəticəyə gəlmiş sübutların məzmununa zidd qərar qəbul etmiş, iş üzrə faktiki vəziyyəti düzgün hüquqi nəticəyə çevirməmişdir. Bu isə məhkəmə qərarının ləğvi üçün müstəqil və əsaslı hüquqi əsasdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

“Inzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın dəlili ondan ibarət olmuşdur ki, döyüş əməliyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilməsi, N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti, N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Iş materiallarına əlavə olunmuş Cavabdeh ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §- 3, səh-32, sıra-20, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı hərbi hissənin kəşfiyyat rotasının siyahısına salınaraq bütün müavinatlarla təmin edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin ##.##.1992- ##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Iş materiallarına yalnız N saylı hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** saylı əmri əlavə edilmişdir. Həmin əmrdən çıxarışda qeyd edilmişdir ki, İddiaçı ##.##.1992-ci ildən N №-li hərbi hissənin kəşfiyyat rotasına salınmış, 2 taburun ərzaq xidməti şəxsi heyəti bütün müavinatlarla təmin edilmişdir. Eləcə də iş materiallarına əlavə olunmuş Biləsuvar rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, İddiaçı 1992-ci ildən 1993cü ilin mart ayınadək Cavabdeh N nömrəli hərbi hissənin və 851 (N) saylı hərbi hissələrin tərkibində hərbi xidmətdə olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi iş materiallarında yalnız N saylı hərbi hissəyə dair müvafiq əmrdən çıxarış mövcud olmuş, iddiaçının N nömrəli hərbi hissənin və 851 (N) saylı hərbi hissələrin tərkibində hərbi xidmətdə olması faktı məhkəmə qətnaməsi ilə müəyyən olunaraq işin mübahisəsiz halını təşkil etsə də, həmin hərbi hissələrə dair müvafiq əmrlər mövcud olmamış, beləliklə də iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmətinin davamlılığı və ordudan qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə təsdiq olunmamışdır. Kollegiya qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilirlər. Həmin Qanunun 7-ci maddəsinə görə isə müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adı müvafiq sənədlər əsasında verilir. Belə sənədlərə aidiyyəti dövlət orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, şəxsi işlər, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən digər sənədlər aid edilir. Göstərilən hüquq normasının məzmunundan aydın olur ki, müharibə veteranı adının verilməsi üçün təkcə şəxsin müəyyən dövrdə hərbi hissənin siyahısına daxil edilməsi kifayət etmir. Şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində hərbi xidmət keçməsi, bu xidmətin qanunvericilikdə nəzərdə tutulan mötəbər sənədlərlə təsdiq edilməsi, habelə onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və ya hərbi hissənin siyahılarından çıxarılması barədə müvafiq sənədin mövcudluğu əhəmiyyət daşıyır. Hazırkı işdə iddiaçı döyüş əməliyyatlarında iştirak etməyi faktının qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə, N saylı hərbi hissənin əmri ilə hərbi xidmətə qəbul olunmasına və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına istinad etsə də, onun hərbi xidməti barədə nizami hissə üzrə əmrlərdə, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və digər rəsmi sənədlərdə məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və ya hərbi hissənin siyahılarından çıxarılması barədə hərbi hissə komandirinin əmri, arxiv arayışı və ya əmrdən çıxarış iş materiallarında mövcud deyildir. Kollegiya hesab edir ki, iddiaçının yuxarıda istinad etdiyi sənədlər onun həmin dövrdə hərbi xidmətlə bağlı müəyyən hüquqi münasibətdə olduğunu göstərsə də, bu sənədlər özlüyündə “müharibə veteranı” adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün dispozisiya şərtlərinin mövcudluğunu təsdiq etmir. Çünki mübahisə üzrə həlledici məsələ iddiaçının məhz döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində hərbi xidmət keçməsinin, bu xidmətin davamlılığının və qanuni əsaslarla başa çatmasının mötəbər sənədlərlə sübuta yetirilib-yetirilməməsidir. Bu baxımdan, yalnız hərbi biletə və ya hərbi hissənin şəxsi heyətinə daxil edilmə barədə ilkin əmrlərə istinad edilməsi kifayət sayıla bilməz. Əsasnamədə hərbi biletlər ayrıca deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə nəzərdə tutulmuşdur. Hazırkı işdə isə belə təsdiqedici sənədlərin olmaması cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı işdə aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində keçdiyi hərbi xidmətin qanuni əsaslarla başa çatması mötəbər və yetərli sübutlarla təsdiq edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin normanın məzmunundan görünür ki, hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi qanunvericilikdə müəyyən edilmiş rəsmi prosedurlarla bağlıdır. Bu baxımdan, şəxsin hərbi xidmət keçməsi faktı yalnız onun hərbi hissəyə daxil edilməsi ilə deyil, həm də həmin xidmətdən qanuni əsaslarla buraxılması və ya hərbi hissənin siyahılarından çıxarılması barədə müvafiq sənədlərin mövcudluğu ilə tamamlanmalıdır. Inzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı mübahisədə iddiaçı cavabdeh inzibati orqanın üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulmasını tələb etdiyindən, bu adın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş faktiki və hüquqi şərtlərin mövcudluğunu sübut etməli idi. Lakin iş materialları ilə həmin şərtlərin tam şəkildə mövcudluğu təsdiq olunmur. Kollegiya onu da qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da araşdırmış, döyüş əməliyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilməsi, N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti, N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar arxiv sənədlərində öz əksini və təsdiqini tapmadığından müsbət qərar qəbul etməmişdir. Bu imtina iş materiallarında olan sübutlarla ziddiyyət təşkil etmir. Eyni zamanda “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmununa görə, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Lakin həmin norma təqdim edilmiş sənədlərin sübut qüvvəsini tanımaqla yanaşı, həmin sənədlərin iddia edilən hüquqi nəticəni doğurmaq üçün yetərli olub-olmamasının məhkəmə tərəfindən qiymətləndirilməsini istisna etmir. Hazırkı işdə iddiaçının təqdim etdiyi sənədlərin mövcudluğu inkar olunmasa da, həmin sənədlər “müharibə veteranı” adının verilməsi üçün tələb olunan bütün hüquqi şərtləri təsdiq edən yetərli sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilməsi, N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti, N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən ehtiyata buraxılması iş materialları ilə sübuta yetirilmədiyindən, cavabdehin iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası düzgün olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar