Məhkəmə qərarları › İş №2-1(3-8)-68/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-68/2026

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-68/2026 09.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-472/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli, 124 nömrəli sərəncamından görünür ki, 2-ci qrup hərbi xidmət əlili İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, ailə tərkibi özü, arvadı X4, oğlu X5, qızı X6, oğlu X3 ibarətdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli, 1/M-5763 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən həqiqi hərbi xidmətdə olarkən kadr zabit heyətinə keçirilməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 02 avqust 2023-cü il tarixli, 5-6/1-M-340-068/2023 nömrəli məktubundan görünür ki, 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Müdafiə nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. 27 dekabr 2011-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. 30 dekabr 2013-cü il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 02 iyun 2014-cü il tarixli sərəncamı ilə imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. 2014-cü ildən müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 01 avqust 2019-cu il tarixdən dayandırılmışdır. Qanununun tələbinə görə xidmət müddəti başa çatmış hərbi qulluqçulara mənzil kirayə xərci ödənilməsi nəzərə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil kirayəsinə görə ödənilən kompensasiyanın 1 avqust 2019-cu il tarixdən bərpa edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2011-ci il tarixli, 0524 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2013-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il, 124 saylı sərəncamı ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil uçotuna götürülmüşdür. 2014cü ildən iddiaçıya mənzil kirayəsi üçün pul kompensasiyası təyin edilmiş, 2019-cu ildə kompensasiyanın verilməsi dayandırılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək mənzil kirayəsinə görə kompensasiyanın bərpa edilərək verilməsini xahiş etmiş, cavabdeh isə xidmət müddətinin başa çatması ilə əlaqədar kirayə xərcinin ödənilmədiyi bildirilmişdir. Bu səbəbdən də məsələ müsbət həll edilməmişdir. İddiaçı hərbi xidmət dövründə ağır bədən xəsarət almış və bu səbəbdən də ordudan tərxis olunmuşdur. Mənzil növbəsində 71-ci adamdır. Cavabdehin istinad etdiyi 06 avqust 2012-ci il tarixli, 174 saylı qərar iddiaçının hərbi xidmətdən tərxis edildikdən sonra qəbul edilmişdir. Həmin qərar qəbul edildiyi andan sonra yaranan münasibətləri nizama salır. Hesab edir ki, mənzil kirayəsinə görə pul kompensasiyası dayandırıldığı andan bərpa edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, xəstəlik səbəbindən ordudan tərxis olunmuşdur. Adı çəkilən qərara görə xəstəlik səbəbindən ehtiyata və ya istefaya buraxılmış şəxslərə yaşayış sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ehtiyatda olan zabit, mayor – iddiaçı 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. 27 dekabr 2011-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. 22 sentyabr 2016-cı il tarixdən iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 2 iyun 2014-cü il tarixli sərəncamı ilə o, imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 2014-cü ildən ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 1 avqust 2019-cu il tarixdən dayandırılmışdır. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarı, bu qərara xx.xx.2019-cu il tarixli,183 nömrəli qərarla edilmiş dəyişikliyə uyğun olaraq yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən ehtiyata xidmət müddəti başa çatdığına görə buraxılmış hərbi qulluqçulara müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-472/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı ehtiyatda olan zabit, mayor rütbəsində olmaqla, 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, 30 dekabr 2013-cü il tarixdən ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 02 iyun 2014-cü il tarixli sərəncamı ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, 2014-cü ildən ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 1 avqust 2019-cu il tarixdən dayandırılmışdır. Cavabdeh orqan “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının normasına istinad edərək, xidmət müddəti başa çatmış hərbi qulluqçularına və hərbi xidmət əlillərinə mənzil kirayə xərcinin ödənilməsinin nəzərdə tutulmamasını qeyd etsə də, məhkəmə bildirir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılmadığına baxmayaraq, o, təxmini 19 il Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən norma ilə təsbit edilmiş 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçularına aiddir, bununla da mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsinin ödənilməsini iddia etdikdə haqlı olmuşdur. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının yuxarıda qeyd edilmiş normalarına əsasən iddiaçının hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinət və pensiya) təmin olunduğu ona kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsini istisna etmir. Bu səbəbdən də məhkəmə cavabdehin ikinci dəlilini əsassız hesab edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətində işə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddənin 2-ci hissəsinin 3-cü abzasının birinci cümləsinə əsasən: - “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” - 4-cü abzasının birinci cümləsinə əsasən isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 12-ci maddənin 7-ci hissəsinə əsasən: - “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).” Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: ... 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı: Bənd 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Bənd 2. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara da inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi mənzil kirayəsinə görə ödənilən kompensasiyanın xx.xx.2019-cu il tarixdən bərpa edilməsi ilə bağlı olmuşdur. İddiaçı müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış hərbi qulluqçulara müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin nəzərə tutulmaması halına istinad edərək, müraciətin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı ehtiyatda olan zabit, mayor rütbəsində olmaqla, 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, 30 dekabr 2013-cü il tarixdən ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 02 iyun 2014-cü il tarixli sərəncamı ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, 2014-cü ildən ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 01 avqust 2019-cu il tarixdən dayandırılmışdır. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin Qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ... “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat başqa şəhər və rayon mərkəzlərində - 75 manat, digər yaşayış məntəqələrində - 55 manat. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012- ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, hərbi qulluqçunun, o cümlədən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üçün iki şərt tələb olunur:

1. 15 təqvim ili və daha çox xidmət etməsi;

2. yaşayış sahəsinin olmaması. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. İşdən görünür ki, iddiaçı birinci və ikinci tələbi ödəyir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 02 avqust 2023-cü il tarixli, 5-6/1-M-340-068/2023 nömrəli məktubundan görünür ki, iddiaçı 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Müdafiə nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. İddiaçı təxminən 19 il Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir, iddiaçı hərbi qulluqçu kimi Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etdiyinə və öz iradəsindən asılı olmayan səbəblərdən (xidmət müddəti başa çatdığına görə təqaüdə göndərilməsi ilə əlaqədar) ehtiyata buraxıldığına görə yaşayış sahəsi alana kimi isə kirayə haqqı almaq hüququna malik olduğu üçün cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillər əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Nəticə etibarilə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-472/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar