Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-686/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsinə qarşı “ona torpaq sahəsinin satılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:
1. ## ###### 2011-ci il tarixli, 4Ə/** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 34L ünvanda yerləşən 0,0585 ha torpaq sahəsini iddiaçı İddiaçı satmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən # #### 2011-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən həmin 0,0585 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
3. Iddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinə bitişik yerləşən 140 kv.m. torpaq sahəsinin uzun illər ərzində onun faktiki istifadəsində olmasını nəzərə alaraq onun mülkiyyətinə verilməsi məqsədilə Corat bələdiyyəsinə müraciət etmişdir.
4. Cavabdeh Corat bələdiyyəsi ## ###### 2023-cü il tarixli, *** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək, bildirmişdir ki, iddiaçının adına 0,0585 ha torpaq sahəsinə dair # #### 2011-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın verilməsi şübhə doğurur. Çünki, 2007-2011-ci illər dövlət tərəfindən torpaq sahələrinin sənədləşdirilməsi dayandırılmışdır. Belə fərz edilir ki, torpaq sahəsini bələdiyyə tərəfindən sənədləşdirilməmişdir. Iddiaçı əlavə olaraq 160 kv.m. torpaq sahəsini zəbt etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 16.3-cü bəndinə əsasən geri qaytarılması mümkün olmayan torpaq sahələri bilavasitə ondan istifadə edən vətəndaşa verilir. Lakin, torpaq sahəsinin iki tərəfdən yolu olduğuna görə geri qaytarılması mümkün olan torpaq sahəsidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin 1 və 2 bəndini pozmuşdur. Həmin maddəyə əsasən bu qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır və 188 maddənin 4.2-ci bəndinə əsasən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, 2007-2011-ci illərdə Corat bələdiyyəsi tərəfindən heç bir vətəndaşa torpaq sahəsi ayrılmadığına görə torpaq sənədləri şübhə doğurur. Bu barədə prokurorluq orqanlarına məlumat göndəriləcək və torpaq sahəsi geri alındıqdan sonra şəhid ailəsinə veriləcəkdir.
5. Daha sonra cavabdeh bələdiyyə tərəfindən iddiaçıya ## #### 2024-cü il tarixli, ** nömrəli məktub ünvanlanaraq Corat qəsəbəsi ərazisində özbaşına zəbt etdiyi torpaq sahəsindən ona məxsus olan bütün əşyaların təcili olaraq çıxarılmalı olduğu bildirilmişdir.
6. Iddiaçı mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə Idarəsi ## ##### 2024-cü il tarixli, **/*** nömrəli məktubla bildirmişdir ki, Corat bələdiyyəsinin ## ##### 2024-cü il tarixli məlumatına əsasən, iddiaçı 140 kv.m torpaq sahəsini özbaşına zəbt etmiş, bu səbəbdən həmin torpaq sahəsinin boşaldılması barədə ona bələdiyyə tərəfindən xəbərdarlıq edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Corat bələdiyyəsinin ## ###### 2023-cü il tarixli məktubu ilə torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən imtina edildiyindən, iddiaçının həmin imtinanı məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
7. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə və Corat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ (qeydiyyat ********** nömrəli; qeydiyyat tarixi # #### 2011-ci il; ************ reyestr nömrəli çıxarış) əsasında ona məxsus torpaq sahəsinə bitişik və səlahiyyətli qurumların icazəsi ilə zibillikdən və nahamarlıqlardan təmizlənərək, uzun illərdən bəri hasara alınmaqla istifadəsində olan 140 kv.m. torpaq sahəsinin satılması ilə bağlı müvafiq işlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Iddiaçı tərəf daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdehlər sırasından cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin çıxarılmasını xahiş etmişdir.
9. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki birinci icraat
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən torpaq sahəsinə bitişik 140 kv.m torpaq sahəsi uzun illərdir faktiki istifadəsində olmuş, hasarlanmış və üzərində ona məxsus əmlak yerləşdirilmişdir. 2011-ci ildə Sumqayıt–Novxanı yolunun abadlaşdırılması məqsədilə Sumqayıt Şəhər Icra Hakimiyyəti nümayəndələrinin göstərişi əsasında həmin ərazi zibillikdən təmizlənmiş, torpaqla doldurulmuş və podratçı təşkilatlar tərəfindən iddiaçının vəsaiti hesabına hasarlanmışdır. Sonradan, 2016-cı ildə Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının ərazinin abadlaşdırılması və ümumi memarlıq üslubunun təmin edilməsi ilə bağlı tapşırığına uyğun olaraq, həmin hasarlar yenidən qurulmuş, aqlay üzlük daşla üzlənərək abadlaşdırılmışdır. Hazırda da mübahisəli torpaq sahəsində iddiaçıya məxsus əmlak və digər əşyalar yerləşir. faktiki istifadəsində olan 140 kv.m. torpaq sahəsinin qanunvericiliyə uyğun qaydada mülkiyyətinə verilməsi məqsədilə dəfələrlə bələdiyyəyə və digər aidiyyəti dövlət orqanlarına müraciət etsə də, müraciətləri müsbət nəticələnməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinin ona satılmasından imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Onun fikrincə, təxminən 15 il ərzində mübahisəli torpaq sahəsinə faktiki sahiblik etməsi, onu abadlaşdırması və fasiləsiz istifadə etməsi həmin torpaq sahəsi ilə bağlı hüquq və qanunla qorunan maraqlarının pozulduğunu göstərir və hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas yaradır.
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia etdiyi 140 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair bələdiyyəyə yazılı müraciət etməmişdir. Həmin torpaq sahəsi onun tərəfindən qeyriqanuni hasarlanaraq istifadə edilir. Corat bələdiyyəsi tərəfindən dəfələrlə həmin torpaq sahəsinin boşaldaraq təhvil verilməsi barədə yazılı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2-1(118)- 1547/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Könül Həbibova).
13. Məhkəmə iddianı rədd etməklə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, birbaşa ayrılmanın qanunda nəzərdə tutulmuş istisna halları istisna olmaqla, açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilir. Iddiaçı mübahisəli torpaq sahəsini səlahiyyətli qurumların icazəsi ilə abadlaşdırdığını və uzun müddət faktiki istifadə etdiyini bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, iş materiallarından iddiaçının Corat qəsəbəsində daimi qeydiyyatda olmadığı, yaşayış yerinin Bakı şəhəri, Yasamal rayonu olduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi barədə iddiaçıya xəbərdarlıq edilmiş, lakin iddiaçı bu halı təkzib edən sübutlar təqdim etməmişdir. Məhkəmə, həmçinin, nəzərə almışdır ki, cavabdehin bildirdiyinə görə, mübahisəli torpaq sahəsinin boşaldıldıqdan sonra şəhid ailəsinə ayrılması planlaşdırılır. Beləliklə, məhkəmə mübahisəli 0,014 ha torpaq sahəsinin iddiaçı tərəfindən qanuni əsaslarla istifadə edildiyini və ya onun hərrac və ya müsabiqədən kənar qaydada iddiaçıya ayrılması üçün qanuni əsasların mövcud olduğunu müəyyən etməmişdir.
14. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayənədəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsində onlara məxsus köşk və digər əmlaklar yerləşir. Həmin ərazi əvvəllər çala vəziyyətində olmuş, sonradan iddiaçı tərəfindən abadlaşdırılaraq hasara alınmışdır. Torpaq sahəsində fərdi yaşayış evi mövcud deyildir və onun tikintisi də mümkün deyildir. Torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə, həmin qaydada bu mümkün olmadıqda isə hərracdankənar qaydada satılmasını tələb edilər. Həmçinin, bildirmişdir ki, iddiaçı yaşayış yeri üzrə Sumqayıt şəhərində qeydiyyatdadır. Iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərə cavab vermədiyindən, mübahisəli torpaq sahəsinin birbaşa ona verilməsi mümkün deyildir. Nümayəndənin sözlərinə görə, iddiaçı həmin torpaq sahəsindən faktiki istifadə etdiyinə görə, qanunun 16-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda torpaq sahəsi onun istifadəsinə verilə bilərdi. Lakin, mübahisəli torpaq sahəsi geri qaytarılması mümkün olan torpaq sahələrinə aid edildiyindən, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ...
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. ... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları ... 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. ... Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
24. Hazırkı mübahisənin predmetini Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik 140 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə satılması ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi tələbi təşkil edir. 25.Iddia tələbi hüquqi təbiətinə görə məcburetmə haqqında iddiadır. Bu iddia növü üzrə məhkəmə yalnız inzibati orqanın imtinasının formal əsaslarının düzgün olubolmadığını deyil, ilk növbədə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsinə maddi hüquq baxımından subyektiv hüququnun olub-olmadığını yoxlamalıdır. Başqa sözlə, hazırkı iş üzrə həlledici məsələ cavabdeh bələdiyyənin imtina məktubunda hansı əsaslara istinad etməsi deyil, iddiaçının mübahisəli torpaq sahəsinin ona satılmasını tələb etmək hüququnun mövcud olub-olmamasıdır.
26. Iş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin uzun müddət onun faktiki istifadəsində olduğunu, həmin sahənin zibillikdən və nahamarlıqlardan təmizlənərək abadlaşdırıldığını, hasara alındığını və hazırda da onun əmlakının həmin sahədə yerləşdiyini bildirir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə, bu mümkün olmadığı halda isə hərracdankənar qaydada iddiaçıya satılmalı olduğunu qeyd etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbini iki istiqamətdə — əvvəlcə torpaq sahəsinin hərrac vasitəsilə əldə edilməsi, daha sonra isə hərracdankənar qaydada satılması baxımından qiymətləndirir.
27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun sistemli təhlilindən görünür ki, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsində ümumi qayda həmin hüquqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsidir. Qanunun 9.1-ci maddəsində sadalanmış hallar isə bu ümumi qaydadan istisna təşkil edir.
28. Bununla yanaşı, Qanunun 9.1-ci maddəsindəki “digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” müddəası hər bir müraciət edən şəxsə konkret torpaq sahəsinin məhz onun müraciəti əsasında hərraca çıxarılmasını tələb etmək hüququ vermir. Həmin müddəa torpaq sahəsinin əldə edilməsinin üsulunu müəyyən edir; yəni bələdiyyə müvafiq torpaq sahəsini dövriyyəyə buraxmaq, satmaq və ya icarəyə vermək qərarına gəldikdə, qanunda sadalanmış istisnalar yoxdursa, bunu yalnız açıq hərrac və ya müsabiqə qaydasında həyata keçirməlidir.
29. Torpaq sahəsinin ümumiyyətlə satışa çıxarılıb-çıxarılmaması isə ayrıca hüquqi məsələdir. Bu məsələ bələdiyyənin torpaq üzərində sərəncam səlahiyyəti, ərazinin inkişaf planları, yerquruluşu sənədləri, yaşayış məntəqəsinin baş planı, şəhərsalma sənədləri, torpaq sahəsinin təyinatı, faktiki və hüquqi statusu, habelə həmin sahənin xüsusi mülkiyyətə verilə bilən torpaqlara aid olub-olmaması nəzərə alınmaqla həll edilir. Qanunun 9.2-ci maddəsi də bələdiyyə torpaqlarının satışının məhz bu planlaşdırma və şəhərsalma sənədləri əsasında həyata keçirilməsini nəzərdə tutur.
30. Bu baxımdan, iddiaçının torpaq sahəsinin ona satılması üçün hərraca çıxarılmasına dair tələbi əsaslı qəbul edilə bilməz. Hərrac konkret şəxsin fərdi tələbinin təmin edilməsi üsulu deyil; o, bələdiyyə tərəfindən dövriyyəyə çıxarılması qərara alınmış torpaq sahəsi üzrə açıq və rəqabətli hüquqi mexanizmdir. Buna görə də şəxs yalnız bələdiyyə tərəfindən müvafiq torpaq sahəsi qanunvericiliyə uyğun olaraq hərraca və ya müsabiqəyə çıxarıldığı halda həmin hərracda iştirak etmək hüququna malik ola bilər. Lakin onun konkret torpaq sahəsinin məhz öz müraciəti əsasında hərraca çıxarılmasını tələb etmək barədə maddi hüquqi tələb hüququ yoxdur.
31. Hazırkı işdə isə cavabdeh bələdiyyənin mübahisəli 140 kv.m torpaq sahəsini satışa çıxarmaq, onu fərdi yaşayış evinin tikintisi üçün və ya digər məqsədlə dövriyyəyə buraxmaq barədə qərar qəbul etdiyi müəyyən edilmir. Əksinə, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya həmin torpaq sahəsindən əşyalarını çıxarması barədə xəbərdarlıq edildiyi, bələdiyyənin həmin sahəni iddiaçının qanuni istifadəsində olan sahə kimi qəbul etmədiyi görünür. Belə olan halda, məhkəmə bələdiyyənin sərəncam səlahiyyətini əvəz edərək konkret torpaq sahəsinin hərraca çıxarılması barədə onun üzərinə öhdəlik qoya bilməz.
32. Iddiaçının torpaq sahəsinin hərracdankənar qaydada ona satılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, belə satış yalnız qanunda birbaşa nəzərdə tutulmuş istisna hallarda mümkündür. Bu baxımdan, hazırkı iş üzrə ilk növbədə Qanunun 9.1-ci maddəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin hərracsız ayrılmasına dair müəyyən edilmiş şərtlərin mövcud olub-olmadığı yoxlanılmalıdır.
33. Qanunun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən ayrılması yalnız həmin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə mümkündür. Bu şərtlər kumulyativ xarakter daşıyır; yəni onların hər biri eyni vaxtda mövcud olmalıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı olması təkbaşına kifayət etmir, o, həm faktiki olaraq həmin bələdiyyə ərazisində daimi yaşamalı, həm də ən azı beş il həmin yaşayış yeri üzrə qeydiyyatda olmalıdır.
34. Iş materiallarında olan məlumatlara əsasən iddiaçının yaşayış yeri üzrə qeydiyyatı ünvan 1 ünvanındadır. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının Sumqayıt şəhərində qeydiyyatda olduğunu bildirsə də, bu hal iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatları ilə təsdiq olunmur.
35. Bundan başqa, iddiaçı tərəfindən onun məhz Corat bələdiyyəsinin ərazisində daimi yaşamasını və ən azı beş il müddətində həmin yaşayış yeri üzrə qeydiyyatda olmasını təsdiq edən sübut təqdim edilməmişdir.
36. Beləliklə, iddiaçı Qanunun 9.1-ci maddəsində fərdi yaşayış evinin tikintisi üçün torpağın hərracsız ayrılması ilə bağlı nəzərdə tutulmuş imperativ şərtlərə cavab vermir. Bu səbəbdən, onun həmin norma əsasında cavabdeh bələdiyyədən mübahisəli torpaq sahəsinin ona bilavasitə satılmasını tələb etmək hüququ yaranmır.
37. Bundan başqa, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin mövcud olmadığını və həmin sahədə fərdi yaşayış evinin tikintisinin mümkün olmadığını da bildirmişdir. Bu izahat da göstərir ki, iddiaçının tələbi faktiki olaraq fərdi yaşayış evinin tikintisi üçün sosial-məişət ehtiyacının təmin edilməsinə deyil, mülkiyyətində olan torpaq sahəsinə bitişik əlavə sahənin rəsmiləşdirilməsinə yönəlmişdir. Belə bir tələb isə Qanunun 9.1-ci maddəsində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi istisna rejiminin məqsədinə uyğun gəlmir.
38. Məhkəmə kollegiyası daha sonra Qanunun 16.3 və 16.4-cü maddələrinin tətbiq imkanını qiymətləndirir. Həmin normalar özbaşına tutulmuş və ya hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahələrinin müəyyən hallarda rəsmiləşdirilməsinə imkan verir. Lakin bu normalar ümumi qaydada yeni torpaq sahəsi əldə etmək hüququ yaratmır; onlar keçmişdə yaranmış faktiki vəziyyətlərin istisna qaydada leqallaşdırılmasına yönəlmiş xüsusi normalardır.
39. Qanunun 16.3-cü maddəsinin tətbiqi üçün torpaq sahəsinin bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilməsi və həmin torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması müəyyən edilməlidir. Bu normanın məqsədi hər hansı özbaşına istifadənin sonradan avtomatik rəsmiləşdirilməsi deyil, yalnız Qanunun qüvvəyə minməsindən əvvəl yaranmış, üzərində əsaslı tikili və geri qaytarılmanı qeyri-mümkün edən faktiki vəziyyətlərin hüquqi həllidir.
40. Hazırkı işdə isə mübahisəli torpaq sahəsinin ## #### 2001-ci il tarixədək iddiaçının istifadəsində olması, həmin tarixədək həmin sahədə fərdi yaşayış evi, bağ evi, qaraj və ya sahibkarlıq fəaliyyəti üçün zəruri əsaslı obyekt tikilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, iddiaçının özünün bildirdiyi hallardan görünür ki, ona bitişik əsas torpaq sahəsi 2011-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, mübahisəli 140 kv.m sahə isə bundan sonrakı dövrdə faktiki istifadə edilmişdir.
41. Mübahisəli sahədə iddiaçının bildirdiyinə görə köşkün yerləşdirilməsi də Qanunun 16.3-cü maddəsinin tətbiqi üçün yetərli əsas hesab edilə bilməz. Çünki bu norma torpaq sahəsinin geri qaytarılmasını obyektiv olaraq mümkünsüz edən əsaslı tikili və hüquqi baxımdan qorunmalı faktiki vəziyyətlə bağlıdır. Daşınar əşyaların və müvəqqəti xarakterli qurğuların torpaq sahəsində yerləşdirilməsi isə torpağın geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq etmir.
42. Bu səbəbdən, Qanunun 16.3-cü maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz
43. 16.4-cü maddənin məzmununa görə isə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda, üzərində müvafiq hüquq rəsmiləşdirilə bilər.
44. Hazırkı iş materiallarından isə mübahisəli 140 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyət hüququnu təsdiq edən # #### 2011-ci il tarixli çıxarışda göstərilən 0,0585 ha torpaq sahəsinin artıq istifadə olunan hissəsi olması müəyyən edilmir.
45. Əksinə, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan 0,0585 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədində göstərilən ölçüdən artıq istifadə edilən və geri alınması mümkün olmayan hissənin rəsmiləşdirilməsini deyil, ona məxsus torpaq sahəsinə bitişik ayrıca 140 kv.m. torpaq sahəsinin satılmasını tələb edir. Iş materiallarında da torpaq sahəsinin iddiaçının torpaq üzərində hüququnu təsdiq edən sənəddə göstərilən ölçüdən artıq istifadə olunan hissəsi olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir.
46. Bu səbəbdən, mübahisəli hüquq münasibətinə Qanunun 16.4-cü maddəsinin tətbiqi üçün hüquqi əsaslar müəyyən edilmir.
47. Nəticə etibarilə, iddiaçının mübahisəli torpaq sahəsinin hərraca çıxarılmasını tələb etmək barədə subyektiv hüququ olmadığı kimi, həmin torpaq sahəsinin hərracdankənar qaydada ona satılması üçün də qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Iddiaçı Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş bələdiyyə ərazisində daimi yaşama və ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyat şərtinə cavab vermir; Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş Qanunun qüvvəyə minməsindən əvvəl yaranmış və geri qaytarılması mümkün olmayan faktiki istifadə halı sübuta yetirilmir; Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən artıq istifadə olunan sahənin rəsmiləşdirilməsi vəziyyəti də mövcud deyildir.
48. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh bələdiyyədən mübahisəli 140 kv.m torpaq sahəsinin ona satılmasını tələb etmək hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticənin ləğvi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.