Məhkəmə qərarları › İş №2-1(3-8)-69/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-69/2026

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-69/2026 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı Tofiq oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0,253 ha torpaq sahəsinin reyestr məlumatlarına dəyişiklik edilməklə, torpaq sahəsinin təyinatının yaşayış məntəqələri torpağı kimi dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI:

1. Abşeron rayon Xırdalan bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fondunun yararsız kimi uçota alınmış alqı-satqı predmeti olan torpaq sahəsindən X3 məşğul olmaq üçün tikinti məqsədilə 0,26 hektar torpaq sahəsi satılmışdır.

2. Həmin 0,26 hektar torpaq sahəsinə dair Xırdalan bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı əsasında Y.Nuriyevanın adına JN-*** nömrəli, KOD-******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

3. Daha sonra Y.Nuriyeva ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan sözügedən torpaq sahəsinin 0,253 ha hissəsini iddiaçı İddiaçı Tofiq oğluna satmışdır.

4. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və reyestrdən çıxarışda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərilmişdir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək sözügedən torpaq sahəsinin təyinatının dəyişdirilərək “yaşayış məntəqəsinin torpaqları” kimi göstərilməsini və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.

6. Cavabdeh ##.##.2023-cü il tarixli, *-**-*-**/*-A-****-*/**** nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı sözügedən 0,253 ha torpaq sahəsinin təyinatına görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə yalnız müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən onların bir kateqoriyadan digərinə keçirildiyi təqdirdə mümkündür. Zəruri sənədlər toplandıqdan sonra iddiaçı müvafiq vəsatətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edə bilər.

7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,253 ha torpaq sahəsinin təyinatının “yaşayış məntəqəsinin torpaqları” olaraq dəyişdirilməsi və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvafiq bələdiyyə qərarı ilə yararsız kimi uçota alınmış 0,26 hektar torpaq sahəsi Y.Nuriyevaya tikinti məqsədilə satılmış və həmin torpaq sahəsinə dair tərtib edilmiş dövlət aktında da onun tikinti məqsədi ilə satıldığı qeyd edilmişdir. İddiaçı da həmin torpaq sahəsinin 0,253 ha hissəsini alqı-satqı qaydasında əldə etmiş və üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyətində olan həmin torpaq sahəsində tikinti aparan zaman iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi dövlət qeydiyyatına alınmışdır. Halbuki, Xırdalan şəhərində həmin torpaq sahəsinin yerləşdiyi ərazidə, ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqlar mövcud deyil, qonşuluqda olan torpaq sahələri də “yaşayış məntəqələrinin torpaqları” olaraq dövlət qeydiyyatına alınmışdır. Həmçinin, mülkiyyətində olan torpaq sahəsi yararsız olduğundan ancaq tikinti məqsədi ilə istifadə edilə bilər. İddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin təyinatının “yaşayış məntəqəsinin torpaqları” olaraq dəyişdirilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Abşeron rayon Xırdalan bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, elektron məlumat bazasında iddiaçının adına olan 0,253 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, 2003-cü ilin bələdiyyə xəritəsində qeyd edilən ərazi kolluq olub, bonitet balı 60 olmaqla III keyfiyyət qrupu kimi göstərilmişdir. 2016-cı ildə aparılmış irimiqyaslı torpaq tədqiqatının nəticələrinə əsasən, həmin ərazi TEKUİS-də örüş kimi qeydə alınmaqla, bonitet balı 43 olmaqla III keyfiyyət qrupu kimi qiymətləndirilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçının tələbində göstərdiyi müvafiq dəyişikliyin edilməsindən imtinası qanunauyğun olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən qeyd olunan torpaq sahəsinin ilkin sənədləri tədqiq edilmiş və müəyyən edilmişdir ki, zaman etibarı ilə torpaq sahəsinin kəmiyyətinə və keyfiyyətinə cavabdeh olan qurum tərəfindən verilən arayışda (Forma 1) torpaq sahəsinin bonitet balının dərəcəsi və yararsız olması göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, torpağın keyfiyyətinin yararsız (və ya az yararlı) olması və bonitet balının mövcudluğu yalnız kənd təsərrüfat təyinatlı torpaqlara xas olan əlamətdir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinə verilmiş mülkiyyət hüququna dair çıxarışda torpağın təyinatının cavabdeh təşkilat tərəfindən səhv qeyd olunması iddiası əsassızdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər - Vəfa Əzizova /sədrlik edən və məruzəçi/, Gülnar Cabbarova və İsmayıl Quliyev) ## ###### 2025- ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

c) Kassasiya instansiya məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilən rəydə tikinti işlərinin aparılması və tikintiyə başlamaq üçün icazə verilməsi qeyd olunmuşdur. JN-*** nömrəli Aktda da Y.Nuriyevaya satılan torpağın təyinatının tikinti məqsədilə olduğu qeyd edilmişdir. Həmçinin, DTXK tərəfindən verilmiş ***** nömrəli arayışda da iddiaçıya satılan torpağın təyinatının tikinti məqsədilə olduğu qeyd edilmişdir. Xırdalan bələdiyyəsinin ## ##### 2024-cü il tarixli məktubunda Rəşid Behbudov küçəsini əhatə edən torpaq sahələrinin, ümumilikdə, kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olunması haqqında bələdiyyədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Bundan başqa, işə baxan məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qonşuluqda yerləşən torpaq sahələrinə dair qeydiyyat sənədlərindən görünür ki, mülkiyyətində olan torpaq sahəsinə bitişik olan 0,075 ha torpaq sahəsi reyestrdə “sənaye nəqliyyat rabitə müdafiə və digər təyinatlı torpaqlar”, qonşuluqda yerləşən digər torpaq sahələri isə “ehtiyat fondu torpaqları” və “yaşayış məntəqələrinin torpaqları” olaraq göstərilmişdir. Yəni, qonşuluqda “kənd təsərrüfatı təyinatlı” torpaqlar mövcud deyildir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

18. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırkı iddia üzrə hüquqi marağı daşınmaz əmlakın dövlət reyestrində kateqoriya ilə bağlı dəyişiklik edilməklə, torpaq sahəsinin təyinatının “yaşayış məntəqəsi torpaqları” kimi qeyd edilməsi və buna dair reyestrdən çıxarış verilməsi barədədir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

21. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

23. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. ...

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

27. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

29. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

30. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

31. İş üzrə kassasiya instansiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsinin qərarını ləğv edərək, işi yenidən baxılması üçün geri qaytarmış və məhkəmə qarşısında aşağıdakı göstərişləri qoymuşdur: 1) Apellyasiya instansiyası məhkəməsi ilkin hüquqmüəyyənedici sənədlərdə (Xırdalan bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarında) torpaq sahəsinin sahibkarlıq məqsədilə tikinti üçün və yararsız sahədən ayrıldığını nəzərə almamış, iddiaçının tələbini hüquqi marağına uyğun dəqiqləşdirməsinə yardım etməmiş, yalnız mövcud ifadə formasına əsaslanmışdır. 2) Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğundakı sahələrə dair sənədlər iş materiallarına (1-ci cild, i.v. 58–110) əlavə edilsə də, apellyasiya məhkəməsi həmin sahələrin kateqoriyası ilə bağlı dövlət reyestri qeydlərini ilkin hüquqmüəyyənedici sənədlərlə müqayisəli araşdırmamış, bu əsasda bərabər yanaşma və etimadın qorunması prinsiplərinin tətbiqinə qiymət verməmişdir; 3) Mübahisəli 0,253 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xırdalan şəhəri üzrə təsdiq olunmuş baş planına əsasən 9-13 mərtəbəli yaşayış evlərinin məhəllə ərazilərinə daxil edildiyi nəzərə alınaraq, sözügedən torpaq sahəsinin də yerləşdiyi ərazidə tikinti aparılmasının qanunvericilik baxımından yolverilən olub-olmamasına səlahiyyətli dövlət orqanı tərəfindən ərazi planlaşdırılması sənədləri əsasında və həmin ərazidə tikinti niyyətinin rəsmiləşdirilməsi üzrə icraat çərçivəsində qiymət verilməlidir.

32. Birinci göstərişlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iş üzrə tələbi kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Abşeron rayon Xırdalan şəhərində yerləşən 0,253 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində onun adına aparılmış qeydiyyatın “torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” hissəsində dəyişdirilməsini və “kənd təsərrüfatı təyinatlı torpaqlar” əvəzinə “yaşayış məntəqəsinin torpaqları” kimi düzəldilməsinə yönəlmişdir.

33. İddiaçı da məhkəmə iclasında hüquqi marağının məhz bu məzmunda tələb olduğunu ifadə etmişdir.

34. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ilkin mülkiyyətçi X3 dair Abşeron rayon Xırdalan bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarında mübahisə predmeti olan torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün məhz tikinti məqsədilə ayrıldığı qeyd edilmiş, eləcə də, həmin qərarın qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında Y.Nuriyevaya satılması ilə bağlı müvafiq səlahiyyətli orqan - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilən ***** nömrəli arayışda ayrılması nəzərdə tutulan torpağın bonitet balı 19 bal, keyfiyyət qrupu - 5 göstərilməklə, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatına yararsız sahə olduğu qeyd edilmişdir.

35. Cavabdeh hazırda həmin torpaq sahəsinin elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aid olduğunu qeyd etsə də, ilkin mülkiyyətçiyə həmin torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpaqayırma qaydasında müsbət arayış verilmiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsini bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatına yararsız sahə kimi qiymətləndirmişdir.

36. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinə dair həmin arayış iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.

37. Kassasiya məhkəməsinin də qeyd etdiyi kimi cavabdeh orqan bu sənədlərin məzmununa bağlıdır və dövlət reyestrində qeydiyyatı onlara uyğun aparmalıdır. Bu səbəbdən, JN-*** nömrəli, KOD-******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və reyestrdən çıxarış ilkin hüquqmüəyyənedici sənədlərə uyğun və onlarla identik tərtib edilməlidir.

38. İkinci və üçüncü göstərişlərlə bağlı isə məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu verilərək iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən sahələrə dair reyestrdə qeydiyyatların aparılmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, 308013111954, 308013004964, *************, 308013133905 və ************ reyestr nömrəli çıxarışlara əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin qonşu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, həmin qonşu torpaq sahələrindən ikisi kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları”, digər üçü isə "sənaye nəqliyyat rabitə müdafiə və digər təyinatlı torpaqlar” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

39. Həmçinin, iddiaçı tərəfindən məhkəmə təqdim edilən “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyindən də müəyyən edilir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,253 ha torpaq sahəsinin qərb qonşuluğu - “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı torpaq sahəsi ilə, şərq qonşuluğu - “sənaye nəqliyyat rabitə müdafiə və digər təyinatlı” torpaq sahəsi ilə, cənuqşərq qonşuluğu – ehtiyat fondu torpaq sahəsi ilə əhatə olunmuşdur. Naturada da müşahidə zamanı tədqiq olunan torpaq sahəsinin yaşayış və obyekt sahələri ilə əhatə olunması müəyyən olunmuşdur.

40. İşin qeyd olunan halı torpaqayıran orqan – Xırdalan bələdiyyəsi tərəfindən də təsdiq edilərək, iddiaçının vəkil sorğusuna cavab olaraq ## #### 2024-cü il tarixli, **** nömrəli məktubla bələdiyyə iddia olunan torpaq sahəsinə bitişik sağ və sol qonşu torpaq sahələrinin böyük bir hissəsinin “yaşayış məntəqələrinin torpaqları” və digər kateqoriyalı torpaqlara aid olduğu qeyd edilmişdir.

41. Bundan başqa, birinci apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Xırdalan bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, ** nömrəli məktubundan müəyyən edilir ki, mübahisəli 0,253 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xırdalan şəhəri üzrə təsdiq olunmuş baş planına əsasən 9-13 mərtəbəli yaşayış evlərinin məhəllə ərazilərinə daxil edilmişdir.

42. Qeyd edilənlərdən əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qonşu torpaqlar üzərində qeydiyyatların aparılması əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdən görünür ki, 308013004964, ************* reyestr nömrəli qeydiyyatlar (“yaşayış məntəqələrinin torpaqları” olaraq) iddiaçıda olduğu kimi Xırdalan bələdiyyəsinin qərarları əsasında aparılmışdır.

43. Göründüyü kimi iddia olunan torpaq sahəsi hazırda yaşayış evlərinin məhəllə ərazilərinə aid torpaq olmaqla, onun qonşuluğu da “yaşayış məntəqələrinin torpaqları” və “sənaye nəqliyyat rabitə müdafiə və digər təyinatlı” torpaqlarla əhatə olunmuş, xüsusilə də, mübahisə predmeti olan torpaq sahəsini ilkin mülkiyyətçiyə ayıran orqan tərəfindən qəbul edilmiş qərar əsasında digər şəxslərə ayrılmış torpaqlar reyestrdə “yaşayış məntəqələrinin torpaqları” olaraq qeydiyyata alınmışdır.

44. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin üzərində hüquqları qeydə alındığı torpaqlar reyestrdə “yaşayış məntəqələrinin torpaqları” olaraq göstərildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə reyestrdə adına aparılmış qeydiyyatın torpaq sahəsinin kateqoriyası hissəsində düzəliş edilərək “yaşayış məntəqələrinin torpaqları” olaraq göstərilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

45. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

46. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

47. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.

48. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.

49. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

51. Cavabdehin imtina məktubu və iddia tələbinə etirazının dəlili isə ondan ibarətdir, iddiaçının tələb etdiyi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsidir, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında mümkündür.

52. Kollegiya cavabdehin bu dəlilini əsassız sayaraq, bir daha bildirir ki, iddiaçının hüquqi marağı torpağın kateqoriyasının dəyişdirilməsi deyil, artıq üzərində mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin kateqoriyası ilə bağlı reyestrdə düzəliş edilməsindən ibarətdir.

53. Bu isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2-1-ci maddəsinə əsasən reyestr orqanının vəzifəsinə aid edilmişdir.

54. Həmin normaya əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

55. Hazırkı halda da, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində ilkin sənədlərdə əks olunan məlumatların real vəziyyətlə uzlaşdığı və onların mötəbər olduğu təsdiq edilmişdir.

56. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3 və 3.4-cü maddələrinə görə insan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməli, Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

57. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsi ilə mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət normayaratma fəaliyyətinin əsas prinsipləri sırasında müəyyən olunmuşdur.

58. Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin tərkib hissəsi kimi mütənasiblik prinsipi hüququn məhdudlaşdırılma dərəcəsinin yalnız qanuni məqsəd üçün zəruri və ağlabatan həddə olmasını tələb edir. Bu təməl prinsip məhdudlaşdırmanın tətbiqi zamanı dövlətin və ya cəmiyyətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmasını şərtləndirdiyindən, belə tarazlığın qorunmaması və ya şəxsin həddən artıq məhrumiyyətə məruz qalması mütənasibliyin pozulması ilə nəticələnə bilər.

59. İşin yuxarıda qeyd olunan hallarına istinadən kollegiya hesab edir ki, iddiaçının hazırkı hüququnun realizəsi ilə bağlı cavabdeh tərəfindən müəyyən edilmiş məhdudiyyət mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmir.

60. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlili əsassızdır, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu baxımdan, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayon Xırdalan şəhərində yerləşən 0,253 ha torpaq sahəsinə dair iddiaçı İddiaçı Tofiq oğlunun adına dövlət reyestrində aparılmış qeydiyyatın “torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” hissəsində düzəliş edilməklə, “kənd təsərrüfatı təyinatlı torpaqlar” əvəzinə “yaşayış məntəqəsinin torpaqları” kimi qeyd edilərək, bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar