Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-699/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Reyestrdə 301013072956 reyestr nömrəsi ilə qeydiyyata alınan və RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Qusar rayonu, Əniğ Kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair verilmiş çıxarışın 9-cu qrafasında qeyd edilən “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeydinə dair X3 Uçotu İnformasiya Sistemində (TEKUİS) düzəliş edilərək, həmin hissədə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” qeydinin qeydiyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Reyestrdə 301013072956 reyestr nömrəsi ilə qeydiyyata alınan və RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Qusar rayonu, Əniğ Kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair verilmiş çıxarışın 9-cu qrafasında qeyd edilən “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeydində yol verilmiş texniki səhvin düzəldilməsi və həmin hissədə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” qeydinin qeydiyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra birinci instansiya məhkəməsində iddia tələbini dəqiqləşdirərərk, “Reyestrdə 301013072956 reyestr nömrəsi ilə qeydiyyata alınan və RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Qusar rayonu, Əniğ Kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair verilmiş çıxarışın 9-cu qrafasında qeyd edilən “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeydinə dair X3 Uçotu İnformasiya Sistemində (TEKUİS) düzəliş edilərək, həmin hissədə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” qeydinin qeydiyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbin ədair qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Notariat Kontoru tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli, *ə-*** nömrəli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən Qusar rayonunun Əniq kəndində 0.25 ha torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinə dair iddiaçının adına ******* saylı, RX seriyalı çıxarış da verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edildiyi üçün iddiaçı tərəfindən müraciət edilərək yol verilmiş yanlışlığın aradan qaldırılması xahiş edilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə etdiyi müraciətə ##.##.2024-cü il tarixli, 3-21-3-34/2- C0028- **/**** saylı cavab məktubu ilə imtina olaraq cavab verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı Qusar rayonu, Əniğ kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair dövlət reyestrindən hazırlanmış çıxarışda torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsi barədə cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2024-cü il tarixli, *-**-*-**/*-C-****-**/****/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasında düzəliş edilməsi ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, torpaq sahəsi ərazi İdarəsinin X3ı uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı torpaqları kimi göstərilmiş ərazidə yerləşir. Bu səbəbdən qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsinə əsas yoxdur. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, müraciətdə qeyd olunan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" ilə müəyyən edilmiş əsaslarla baxıla bilər. Həmin Qaydaların 3-cü bəndinə uyğun olaraq sözügedən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldıra bilərsiniz.” Kənd təsərrüfatı təyinatlı olan torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi və verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin istifadə məqsədi onun təyinatının dəyişdirilməsi üçün əsas hesab edilməməlidir. Belə olan halda isə, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, ********** qeydiyyat nömrəli, ##.##.2016cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış əsasında Qusar rayonu, Əniq ünvanında yerləşən ümumi sahəsi 0,25 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin çıxarışda torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı təyinatlı torpaq” kimi göstərilmişdir. Lakin çıxarışda aparılmış bu qeyd torpaq sahəsinin hüquqi vəziyyətinə və həmin torpaq sahəsinin əldə edilməsinə əsas olmuş sənədlərə uyğun deyildir. Cavabdeh orqan ##.##.2024-cü il tarixli, *-**-*-**/*-C-****-**/****/**** nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi Ərazi İdarəsinin X3 uçotu informasiya sistemində kənd təsərrüfatı torpaqları kimi göstərilən ərazidə yerləşir və buna görə çıxarışda torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsinə əsas yoxdur. Hesab edir ki, cavabdeh orqanın bu mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsi də cavabdeh orqanın mövqeyi ilə razılaşmaqla yanlış nəticəyə gəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin təyinatının dəyişdirilməsini deyil, torpaq sahəsinin hüquqi statusuna uyğun olaraq çıxarışda “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” qeydinin aparılmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən torpağa çıxarış alınmasına əsas olmuş ##.##.2006-cı il tarixli ** saylı qərardan və müvafiq protokoldan görünür ki, 0,25 ha torpaq sahəsi sahibkarlıq məqsədilə X1. Həmin protokoldakı qeydə əsasən, Əniq bələdiyyəsi sədrinin müavini Qocayev Elman torpaq sahəsinin yararsız olması, istifadəsiz qalması və vətəndaşlara satılması barədə çıxış etmişdir. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib olunmuş rəydə həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olduğu göstərilmişdir. Bu səbəbdən torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması qanuna uyğun olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçüdən də görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri üzrə mexaniki tərkib hissəsi “ağır gillicə”, bonitet balı isə minimum — 20 bal kimi qeyd edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sahibkarlıq məqsədilə satılması və həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olunması qanunvericilik baxımından mümkün olmadığı halda, mübahisəli torpaq sahəsinin çıxarışında “kənd təsərrüfatı təyinatlı torpaq” kimi qeyd aparılması iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Torpağın kateqoriyası torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və digər hüquqi sənədlərdə əks olunur. Torpaq Məcəlləsinin 17-ci maddəsinə əsasən isə torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmaması dövlət torpaq kadastrı məlumatlarına əsasən müvafiq dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən kənd təsərrüfatı məqsədləri üçün deyil, sahibkarlıq məqsədilə istifadə olunması üçün satılmışdır. Buna görə də həmin torpaq sahəsinin çıxarışında onun “kənd təsərrüfatı təyinatlı torpaq” kimi göstərilməsi işin faktiki hallarına və hüquqmüəyyənedici sənədlərin məzmununa uyğun deyildir. Məhkəmə iddianın rədd edilməsini əsaslandırarkən qərarında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin istifadə məqsədi onun təyinatının dəyişdirilməsi üçün əsas hesab edilməməlidir. Halbuki iddiaçının tələbi torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı olmamışdır. İddiaçı yalnız çıxarışda torpaq sahəsinin hüquqi statusuna uyğun qeyd aparılmasını tələb etmişdir. Bundan başqa, məhkəmə ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olmuş ##.##.2006-cı il tarixli ** saylı qərara və müvafiq protokola lazımi hüquqi qiymət verməmişdir. Halbuki həmin sənədlər düzgün və hərtərəfli araşdırılsaydı, torpaq sahəsinin vətəndaşa kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi deyil, sahibkarlıq məqsədilə istifadə olunması üçün satıldığı müəyyən edilərdi. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı işin faktiki hallarına uyğun gəlmir, sübutların tam və hərtərəfli araşdırılması prinsipinə ziddir və maddi-prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 4. Torpaq münasibətləri obyektləri 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondunun kateqoriyaları 9.3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi 10.1. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. 10.5. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar 12.4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi 13.1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13.2. Kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 13.3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu Məcəllənin 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranması Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Qeydiyyat üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi formal olaraq çıxarışda və X3 Uçotu İnformasiya Sistemində “düzəliş” aparılması kimi ifadə edilsə də, mahiyyət etibarilə mübahisəli torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasından çıxarılaraq “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasında qeydiyyata alınmasına yönəlmişdir. Belə dəyişiklik isə texniki yanlışlığın aradan qaldırılması kimi qiymətləndirilə bilməz. Çünki torpaq sahəsinin məqsədli təyinatı və kateqoriyası torpaq sahəsinin hüquqi statusunun tərkib hissəsidir və onun dəyişdirilməsi yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi qaydada mümkündür. Torpaq Məcəlləsinin 9.3-cü maddəsinin məzmununa görə, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin normada nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti çıxış edir. Həmin Məcəllənin 10.1, 10.4 və 10.5-ci maddələrinə əsasən, torpaqların məqsədli təyinatı torpağın kateqoriyasına uyğun olaraq onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir; kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq Məcəlləsinin 13.1 və 13.2-ci maddələrinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında isə yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırıla bilər. Həmin Məcəllənin 13.3-cü maddəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Məcəllənin 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. İstinad olunan normalardan görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız həmin torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş prosedur üzrə başqa kateqoriyaya keçirilməsindən sonra mümkündür. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində istinad etdiyi ##.##.2006-cı il tarixli ** saylı bələdiyyə qərarı, həmin qərarın iclas protokolu, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəy torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması və ya sahibkarlıq məqsədilə ayrılması barədə məlumatlar ehtiva etsə də, həmin sənədlər mübahisəli torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasından çıxarılaraq “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına keçirildiyini təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması, onun bonitet balının aşağı olması və ya bələdiyyə qərarında sahibkarlıq məqsədinin göstərilməsi özlüyündə həmin torpaq sahəsinin kateqoriyasının dəyişməsi nəticəsini doğurmur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sorğuları əsasında mübahisəli çıxarışın tərtib edilməsinə əsas olmuş sənədlər əldə edilmiş və həmin sənədlərə hüquqi qiymət verilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi ilkin olaraq Qusar rayonu Əniğ bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə X1 ayrılmış, ##.##.2016-cı il tarixli, *Ə-*** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında isə iddiaçıya bağışlanmışdır. Lakin həmin sənədlərin heç birində torpaq sahəsinin “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid edilməsi və ya həmin kateqoriyaya keçirilməsi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar mövcud deyildir. İş materiallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin ilkin ayrılma sənədlərində adı qeyd edilən digər şəxslərin torpaq sahələri və həmin sahənin ətrafında yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində kənd təsərrüfatı və ehtiyat fondu torpaqları kimi qeydiyyata alınmışdır. Bu hal da mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin kadastr və qeydiyyat məlumatları baxımından kənd təsərrüfatı təyinatlı torpaqlar massivi ilə bağlı olduğunu təsdiq edir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktında qeyd olunmuşdur ki, 0,25 ha torpaq sahəsi naturada hasara alınmamış, şərti sərhədlərlə ayrılmış, hal-hazırda ümumi istifadədədir və üzərində tikililər inşa edilməmişdir. Torpaq sahəsinin plan və ölçü sənədi üzrə koordinatları TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş X3 uçotu məlumat bazasında dəqiqləşdirilərkən sahənin 0,052 ha hissəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid bələdiyyə mülkiyyəti kimi “kollu örüş”, 0,076 ha və 0,1034 ha hissələrinin “biçənək”, 0,0078 ha hissəsinin “yollar və küçələr” kimi, 0,0109 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyət torpağı ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göstərilən kadastr məlumatları mübahisəli çıxarışda torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilməsinin texniki səhv olmadığını, əksinə, torpaq sahəsinin elektron kadastr uçotu məlumatları ilə uyğunluq təşkil etdiyini göstərir. Bu baxımdan, iddiaçının “çıxarışda sadəcə texniki səhvə yol verilmişdir” dəlili iş materialları ilə təsdiq olunmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən müvafiq maddələrinin məzmununa görə dövlət reyestrində aparılan qeydiyyat daşınmaz əmlak üzərində hüquqların dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır və bu qeydiyyat yalnız qanunla müəyyən edilmiş tələblərə uyğun hüquqmüəyyənedici sənədlər əsasında aparıla bilər. Reyestr orqanı təqdim olunmuş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində və kadastr uçotu sistemində saxlanılan məlumatlara uyğunluğunu yoxlamalı, bəyan olunan hüquqla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyət olduqda isə qanunla müəyyən edilmiş qaydada imtina etməlidir. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının tələb etdiyi qeydiyyatın aparılması üçün mübahisəli torpaq sahəsinin müvafiq qaydada başqa kateqoriyaya keçirildiyini təsdiq edən hüquqi əsas mövcud olmadığından, cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərin və kadastr məlumatlarının məzmununa uyğun olaraq müraciətin təmin edilməsindən imtina edilməsi qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qeydiyyat məlumatlarını qanuni əsas olmadan dəyişdirməyə, torpaq sahəsinin hüquqi statusunu faktiki istifadə məqsədinə və ya iddiaçının subyektiv mülahizəsinə uyğun olaraq yenidən müəyyən etməyə səlahiyyətli deyildir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin “iddiaçı torpaq sahəsinin təyinatının dəyişdirilməsini deyil, hüquqi statusuna uyğun qeyd aparılmasını tələb etmişdir” məzmunlu dəlili də əsaslı sayıla bilməz. Belə ki, çıxarışın 9-cu qrafasında “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeydinin “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” qeydi ilə əvəz edilməsi torpağın kateqoriyasının dəyişdirilməsi nəticəsini doğurur. Belə nəticə isə yalnız müvafiq səlahiyyətli orqanın torpağın bir kateqoriyadan digərinə keçirilməsi barədə qərarı olduqda mümkündür. Bir sözlə, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar çərçivəsində və müvafiq səlahiyyətli orqanların iştirakı ilə həyata keçirilə bilər. Hazırkı iş üzrə təqdim edilmiş sənədlər arasında mübahisəli 0,25 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından çıxarılaraq “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına keçirilməsi barədə belə bir qərarın mövcudluğu sübuta yetirilməmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın reyestr və TEKUİS məlumatlarında iddiaçının tələb etdiyi məzmunda dəyişiklik aparmaqdan imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxıanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-699/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-699/2026
04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver