Məhkəmə qərarları › İş №2-1(3-8)-70/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-70/2026

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-70/2026 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Musayeva Gülxanım Süleyman qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nəsirli Nəzakət Akif qızının iştirakları ilə, İddiaçı Musayeva Gülxanım Süleyman qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququn daşınmaz əmlakının dövlət reyestrində onun adına qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17.01.2024cü il tarixli, e-2-1(118)962/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. JN-1486 (kod: 30800027) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının 18.09.2003-cü il tarixli, 395 nömrəli qərarı ilə Əliquliyev Teyyub Əyyub oğlunun mülkiyyətinə 0,14 ha torpaq sahəsi verilmişdir.

2. Abşeron rayon Mehdiabad qəsəbəsi ərazisində yerləşən həmin torpaq sahəsi 07.08.2019-cu il tarixli, 4Ə-1832 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Əliquliyev Teyyub Əyyub oğlu tərəfindən iddiaçıya satılmışdır.

3. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,14 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə müraciət edilən faktiki yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin naturada quruluşunun və yerinin dəyişdirildiyi (4900 m), faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.

5. Cavabdeh tərəfindən 04.02.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi ilə elektron məlumat bazasına əsasən JN-186 (kod: 30800027) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi üst-üstə düşmür (torpaq sahəsinin yeri dəyişdirilmişdir). İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsi sənəd üzrə 308013061535, 308013018364, 308013018367 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. Azərbaycan Respublikası Prezidentinin 07.03.2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün 308013061535, 308013018364, 308013018367 reyestr nömrəli plan-ölçü sənədlərinə düzəliş olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat ofisində təsdiqlənib, reyestrdə 4Ə-1832 nömrə ilə qeydə alınmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əldə edilmiş sözügedən torpaq sahəsi ilkin ölçülüb yerində təhvil veriləndə 0,14 ha olmuş və alqı-satqıdan sonra da əvvəlki mülkiyyətçi tərəfindən ona eyni ölçülər çərçivəsində təhvil verilmişdir. Cavabdeh torpaq sahəsinin yerinin dəyişdirildiyini, sənədlə naturada uyğun gəlmədiyini bildirir. Lakin cavabdeh imtinasında torpaq sahəsinin hansı ölçülər daxilində dəyişdiyini qeyd etmir. Əgər cavabdeh dəyişmə dedikdə torpaq sahəsinin yerləşmə koordinatları ilə torpaqların yerləşmə xəritəsinin bazadakı koordinatları arasında fərq olduğunu nəzərdə tutursa, bu, cavabdehə aid məsələdir və hüququn qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, sözügedən torpaq sahəsi 2003-cü ildə ayrılmış, koordinatlarla bağlı baza isə sonradan yaradılmışdır. Bu baxımdan baza məlumatları torpaq sahələrinin faktiki yerləşmə koordinatları üzrə müəyyən edilmişdir. Belə bir anlaşılmazlıq varsa, cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır və bunun iddiaçıdan tələb edilməsi yol verilməzdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Musayeva Gülxanım Süleyman qızının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.14 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin natura quruluşunun və yerinin dəyişdirildiyi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2024cü il tarixli, e-2-1(118)-962/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon 1 saylı Notariat ofisində təsdiqlənib, reyestrdə 4Ə-1832 nömrə ilə qeydə alınmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir. (hakim: Ceyhun Məmmədov)

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluğun olması iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına maneə ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və onun ərazi idarələri, bir qayda olaraq, mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1-ci maddəsində də təsbit olunur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni, qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı araşdırılmış və Musayeva Gülxanım Süleyman qızının faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Belə ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədəAzərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılmışdır. Lakin, ərazidə dürüstləşmə işləri aparılsa da bu torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələrinə dair dürüstləşmə ilə bağlı müraciət daxil olmadığından müvafiq düzəliş aparılmamış, üst-üstə düşmə halı davam edir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(105)-23/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin yerləşmə yeri ilə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi yer arasında uyğunsuzluq vardır (4900 metr ara məsafədə yerləşir), onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən əldə edilməsinin əsası qismində məhz notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi çıxış etmişdir. Hazırda da həmin müqavilə qüvvədə olmaqla, qanunvericiliyə əsasən əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Nəticə etibarilə, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. İndiki halda isə, mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının iddia tələbi faktiki istifadəsində olan torpaq sahəsi və ya torpaq sahəsinə dair texniki sənəd tərtib edilməklə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmamış, məhz müvafiq müqavilə əsasında satın aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi naturada mövcud olmaqla, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hal məhz torpaq sahəsinin texniki vəziyyətinin müəyyən edilməsi və texniki göstəricilərini əks etdirən sənədlərin tərtib edilməsi zamanı zəruri olmuşdur. İndiki halda isə iddiaçının bununla bağlı tələbi olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın arqumenti əsassız olmuşdur.

15. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə faktiki istifadə vəziyyəti ilə sənəd üzrə uyğunsuzluqların mövcud olduğu, habelə həmin halların aradan qaldırılması ilə bağlı işlərin tamamlanmadığı müəyyən edilmişdir. İddiaçının tələbi yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olduğundan, həmin torpaq sahəsinin texniki vəziyyəti və ona dair sənədlərin tərtibi ilə bağlı hal iddia predmeti qismində çıxış etmədiyindən, həmin hissədə cavabdehin şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur. Əks yanaşmanın tətbiq edilməsi halı özlüyündə iddiaçının mövcud olan mülkiyyət hüququnun əsassız olaraq (onun təqsiri ilə əhatə olunmayan hallara istinad edilməklə) məhdudlaşdırlmasına gətirib çıxarda bilər.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.11.2025-ci il tarixli, 2-1(102)- 1948/2025 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(105)-23/2025 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmış və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmaqda həqiqi hüquqi marağını və nail olmaq istədiyi məqsədi aydınlaşdırmamışdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını xahiş etsə də, iddia ərizəsindən onun hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olduğunu iddia etdiyi görünür. İş üzrə materiallardan, o cümlədən müvafiq mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin sxemindən də görünür ki, iddiaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin yerləşmə yeri ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi yer arasında uyğunsuzluq vardır (4900 metr məsafədə yerləşir), həmçinin onun faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərə sənəd üzrə məxsus olan torpaq sahələri ilə üst-üstə düşür.

19. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının tələbinin ifadə formasından çıxış edərək, onun tələbinin faktiki istifadəsində olan torpaq sahəsi üzərində deyil, müvafiq müqavilə əsasında satın aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olduğunu qeyd etmişdir. Halbuki daşınmaz əmlakın dövlət reyestrində hüquq konkret və identifikasiya oluna bilən torpaq sahəsinə münasibətdə qeydə alınmalıdır. Başqa sözlə, daşınmaz əmlak üzərində hüquq yalnız onun hüquqmüəyyənedici sənəd üzrə identifikasiyasının mümkün olduğu hallarda qeydiyyata alına bilər.

20. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən istinad edilən uyğunsuzluğun torpaq sahəsinə dair texniki göstəriciləri əks etdirən sənədin (planölçü sənədinin) tərtib edilməsi zamanı zəruri olduğunu, həmin halın hazırkı iddianın predmeti qismində çıxış etmədiyini, iddia tələbinin yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olduğunu qeyd etmişdir.

21. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsini nəzərə almamışdır.

22. Belə ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə cavabdeh əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə, həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda cavabdeh tərəfindən çıxarış verilmiş şəxslərə belə, müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da, növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirilməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2023-cü il tarixli 2- 1(102)-420/2023 nömrəli, 16.05.2023-cü il tarixli 2-1(102)-853/2023 nömrəli, 28.09.2023-cü il tarixli 2-1(102)-1436/2023 nömrəli, 15.12.2023-cü il tarixli 2-1(102)3013/2023 nömrəli, 04.04.2024-cü il tarixli 2-1(102)-161/2024 nömrəli qərarları).

23. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmədiyini qeyd etsə də, bu hal iş üzrə materiallardan müəyyən olunmur.

24. İş üzrə verilmiş mütəxəssis rəyində Azərbaycan Respublikası Prezidentinin 07.03.2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırıldığı, lakin mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün hazırkı halda üst-üstə düşən torpaq sahələrinin plan-ölçü sənədlərinə düzəliş olunmadığı qeyd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə, eləcə də üst-üstə düşdüyü qeyd edilən başqa şəxslərə sənəd üzrə məxsus olan torpaq sahələrinə münasibətdə də cavabdeh tərəfindən istinad edilən uyğunsuzluğun mövcudluğunu, eləcə də həmin uyğunsuzluğun aradan qaldırılması imkanlarının olub-olmadığını müəyyən etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nəsirli Nəzakət Akif qızı apellyasiya şikayətini müdafiə edərək, iddiaçının müraciətinin icrasından imtina barədə halların məhkəmə kollegiyası tərəfindən nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Musayeva Gülxanım Süleyman qızının vəkili və nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, iddia tələbində çıxarışın faktiki istifadə üzrə verilməsini tələb etmiş, birinci apellyasiya araşdırması zamanı iddiaçı tərəfə tələbin hansı istiqamətdə, yəni çıxarışın sənəd və ya faktiki istifadə üzrə verilməsini istədikləri sual olunarkən iddiaçı üçün heç bir fərqin olmadığı bildirilmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi isə çıxarışın sənəd üzrə verilməsinin mümkün olacağını, məhkəmə qərarından kassasiya şikayəti verməyəcəklərini bildirsə də, qərardan kassasiya şikayəti verilmişdir.

28. İddiaçının vəkili və nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu növbəti məhkəmə iclasında iştirak etməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 03.02.2026cı il tarixdə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, Abşeron rayonu 1 saylı notariat ofisində təsdiqlənib, reyestrdə 4Ə-1832N9 ilə qeydə alınmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə sənəddə göstərilən sahəyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində Musayeva Gülxanım Süleyman qızının adına qeydiyyata alınmasına etiraz etmədiklərini göstərmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

33. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

35. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində onun adına qeydiyyata alınmasına yönəlmişdir. Abşeron rayon Aqrar İslahat Komissiyasının 18.09.2003-cü il tarixli, 395 nömrəli qərarı əsasında həmin torpaq sahəsinə dair JN-1486 (kod: 30800027) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir.

36. Cavabdehin imtinasının dəlillərinə görə, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi həmin 0,14 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin naturada quruluşunun və yerinin dəyişdirildiyi (4900 m), faktiki torpaq sahəsinin bir hissəsinin sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

37. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış, müqavilənin predmeti qismində məhz 0,14 ha torpaq sahəsi çıxış etmişdir. Qeyd edilən müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə heç bir məlumat aşkar edilməmişdir.

38. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti ola torpaq sahəsi satıcı qismində çıxış edən şəxsə Dövlət Aktı əsasında məxsus olmuş, həmin Dövlət Aktının verilməsinə əsas Abşeron rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı çıxış etmiş, habelə Akta torpaq sahəsinin yerləşmə mövqeyini və koordinatlarını əks etdirən torpaq sahəsinin planı cizgisi əlavə edilmişdir.

39. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, habelə mütəxəssis rəyi verilmişdir.

40. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, torpaq sahəsi sənəd üzrə naturada mövcuddur, sənəd üzrə üst-üstə düşmə halı yoxdur, faktiki istifadədə olan torpaq sahəsi sənəd üzrə başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür, elektron kadastr uçot informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinintərtibi zamanı uyğunsuzluqlar mövcud olmuş, müvafiq Fərmanın icrası ilə əlaqədar olaraq uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmış, mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün həmin üstüstə düşən torpaq sahələrinin plan ölçü sənədlərinə düzəliş olunmamışdır.

41. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin yerləşmə yeri ilə ilə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi yer arasında uyğunsuzluq vardır (4900 metr ara məsafədə yerləşir), faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür.

42. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş məlumatda qeyd edilir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qnauni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmış, hazırda əldə eidlmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır, torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və fiziki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifdaə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılmasının təmin ediləcəyi əks olunmuşdur.

43. Göründüyü kimi indiki halda sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən əldə edilməsinin əsası qismində məhz notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi çıxış etmişdir. Hazırda da həmin müqavilə qüvvədə olmaqla, yuxarıda istinad edilən qanunvericilik normasının təəbinə əsasən əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir.

44. Nəticə etibarilə iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır.

45. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilkin tələbinə dəqiqləşmə aparmış və buna dair iddiaçının vəkili və nümayəndəsi Səfərov Rövşən Hətəməli oğlu tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 03.02.2026-cı il tarixdə məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə, Abşeron rayonu 1 saylı notariat ofisində təsdiqlənib, reyestrdə 4Ə- 1832N9 ilə qeydə alınmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə sənəddə göstərilən sahəyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiklərini göstərmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin yerləşmə vəziyyətində yaranmış uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq - köhnə elektron koordinat sisteminin qüsurları, həmçinin, sürüşmə nəticəsində yarandığından və bunun nəticəsində digər şəxslərin hüquqları pozulmadığından bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz.

47. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin.

48. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Həmin maddənin 3-cü bəndində qeyd olunub ki, yerquruluşu işləri dedikdə həmçinin torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutulur.

49. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.

50. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının istifadəsinə verilmiş Abşeron rayon Aqrar İslahat Komissiyasının 18.09.2003-cü il tarixli, 395 nömrəli qərarı əsasında həmin torpaq sahəsinə dair JN-1486 (kod: 30800027) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilən 0,14 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında köhnə elektron koordinat sistemi və torpaq sahəsinin faktiki vəziyyəti digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən, başqa sözlə, hər hansı şəxsin hüquqlarını pozmadığından iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir.

51. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində qeyd edildiyi kimi, yaranmış uyğunsuzluq yerquruluşu qaydasında aradan qaldırılmalıdır.

52. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur.

53. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.

55. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

56. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17.01.2024-cü il tarixli, e-2-1(118)962/2024 nömrəli qərarı dəyişdirilsin. Abşeron rayonu 1 saylı notariat ofisində təsdiqlənib, reyestrdə 4Ə1832 nömrə ilə qeydə alınmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının əldə etdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində hüquqi sənəd üzrə müəyyən edilmiş (faktiki yer üzrə olmamaqla) 0,14 ha torpaq sahəsinə dair Musayeva Gülxanım Süleyman qızının mülkiyyət hüququ daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması və torpağa dair plan -ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar