Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-700/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.08 hadan ibarət torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ona məxsus 0.08 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, ona Abşeron rayonu Qobu qəsəbəsində Abşeron rayonu Qobu Bələdiyyə şurasının ** saylı ## #### 2007-ci il tarixli qərarı ilə AR Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** saylı qərarına müvafiq olaraq bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi ev tikmək məqsədi ilə 0.08 ha torpaq sahəsi satılmışdır. Həmin tarixdən hal-hazırədək torpaq sahəsi iddiaçının istifadəsindədir. Bundan sonra ##.##.2010-cu il tarixdə torpaqların alqı-satqısına dair Akt iddiaçıya təqdim edilmiş, imza və möhür ilə təsdiq edilmişdir. Abşeron rayon X6 planından çıxarış da iddiaçıya təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin ##.##.2010-cu il tarixli *** nömrəli rəyində İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin qanunamüvafiq olduğu və DTXK-nin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd göndərilməsinə etiraz etmədiyi qeyd edilmişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ## ######## 2025-ci il tarixdə ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan tərəfindən ##.##.2025-ci il tarixdə *-**-***/*-Ş-*/-*/** nömrəli cavab məktubu ilə iddiaçıya imtina edilmişdir. İmtina məktubunda Abşeron rayonu, X7 planından çıxarışın qanunamüvafiq qaydada tərtib edilmədiyi və arxiv arayışının ərizəyə əlavə edilmədiyi qeyd edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı qərarın arxiv arayışının müraciətə əlavə edilmədiyi, Abşeron rayonu X7 planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya satılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidlərinin hüdudlarında olan bəzi torpaq sahələrinin inzibati ərazi aidiyyəti ilə bağlı mövcud mübahisələrin həlli və inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsi Bakı və Abşeron rayonunun mübahisəli əraziləri daxilində yerləşir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarı “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.08 ha-dan ibarət torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh inzibati orqanın imtina məktubu və iddia tələbinə etirazı iki dəlildən ibarət olmuşdur: 1) Qərarın arxiv arayışının müraciətə əlavə edilməməsi; 2) Abşeron rayonu X7 planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilməməsi. İnzibati orqan apellyasiya şikayətində də həmin dəlillərə istinad etməklə əlavə olaraq qeyd etmişdir ki, Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidlərinin hüdudlarında olan bəzi torpaq sahələrinin inzibati ərazi aidiyyəti ilə bağlı mövcud mübahisələrin həlli və inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsi Bakı və Abşeron rayonunun mübahisəli əraziləri daxilində yerləşir. Kollegiya inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli məktubu ilə məhkəməyə təqdim edilən Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarından görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması barəsində X3 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla ona torpaq sahəsinin satılması qərara alınmışdır. Bununla bağlı “Torpaqların alqı-satqısına dair” ## ##### 2010-cu il tarixli akt və torpağa dair yerquruluşu planından çıxarış tərtib edilmişdir. Eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ## ##### 2010-cu il tarixli, *** nömrəli rəydən görünür ki, Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 800 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2014-cü il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı Qobu bələdiyyəsinin X2 rayon filialındakı xüsusi hesabına 800 (səkkiz yüz) manat vəsait ödəmişdir. ## ####### 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,08 ha-dır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir, üç tərədən daş hasar, digər tərəflərdən şərti sərhəd daxilində yerləşir. Torpaq sahəsi sənəd üzrə (Bələdiyyə yerquruluşu) olan koordinatlar ilə uyğundur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, müayinə aktına əsasən, naturada tanıdılan torpaq sahəsi ilə Abşeron rayonu X7 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi eynilik təşkil edir və elektron məlumat bazasına əsasən, digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Həmçinin, elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri (KPİ) kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilir ki, müayinə aktına və elekton məlumat bazasına əsasən mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə bağlı məlumat yoxdur. Göründüyü kimi iddiaçıya məxsus müvafiq hüquq müəyyənedici sənədlərin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. İnzibati orqan qərarın arxiv arayışının müraciətə əlavə edilməməsi, eləcə də Abşeron rayonu X7 planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilməməsinə istinad etməklə iddiaçının mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halın torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Qeyd olunmalıdır ki, müvafiq sənədlərin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması iddiaçının məsuliyyət sferasına aid deyil. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Qobu bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı şəxsin həmin torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İnzibati orqanın apellyasiya şikayətində istinad etdiyi yeni dəlil ondan ibarətdir ki, Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidlərinin hüdudlarında olan bəzi torpaq sahələrinin inzibati ərazi aidiyyəti ilə bağlı mövcud mübahisələrin həlli və inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsi Bakı və Abşeron rayonunun mübahisəli əraziləri daxilində yerləşir. Kollegiya həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsası qismində qəbul etməməklə qeyd edir ki, məhkəmə araşdırması zamanı Nazirlər Kabinetinin qeyd olunan məzmunlu sərəncamı aşkarlanmamışdır. Eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ona verilən suallara cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi Qobu ərazisində yerləşir. Nazirlər Kabinetinin sərəncamının məzmunu onlarda mövcud deyildir. Hal-hazırda Qobu ərazisində yerləşən torpaqlara çıxarış verilir. Lakin bu torpağa münasibətdə mübahisəli ərazi olduğu üçün çıxarış verilməkdən imtina edilir. Göründüyü kimi inzibati orqan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi dəlilini irəli sürsə də, bununla əlaqədar sübutlarını təqdim etməmiş, eləcə də dəlilinin əsası qismində istinad etdiyi Nazirlər Kabinetinin müvafiq sərəncamının mətninin də onlarda olmadığını bildirmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsinin izahatından görünür ki, Qobu ərazisində yerləşən digər torpaq sahələrinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı aparılır və çıxarışlar verilir. Belə olan halda, yalnız iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə “mübahisəli ərazi” arqumentinin irəli sürülməsi obyektiv və hüquqi əsaslarla təsdiq edilmədiyi müddətdə qanuni hesab oluna bilməz. Beləliklə, cavabdehin torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi barədə dəlili ehtimala əsaslanan mülahizə xarakteri daşıyır, hər hansı mötəbər sübutla təsdiqlənmir və iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün yetərli hüquqi əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvini və ya dəyişdirilməsini şərtləndirən hallar kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda qərarın arxiv arayışının müraciətə əlavə edilməməsi və Abşeron rayonu X7 planından çıxarışının qanunamüvafiq qaydada tərtib və təsdiq edilməməsi halına istinad etmiş, iddia tələbinə etirazda da qeyd olunan dəlilləri əsas götürmüşdür. Lakin apellyasiya şikayətində yeni bir hala torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi halına istinad olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Beləliklə də, iddiaçının hüququnun yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənəd mövcuddur, qüvvədədir, onun etibarsız sayılması barədə hər hansı məhkəmə aktı yoxdur və həmin sənədin mötəbərliyini şübhə altına alan hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3 və 139-1.1.8-ci maddələrinin, Torpaq Məcəlləsinin 67-ci maddəsinin, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin məzmunundan irəli gəlir ki, bu Qanun qüvvəyə minənədək yaranmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin hüquqların əldə edilməsini təsdiq edən müvafiq sənədlər əsasında aparılmalıdır. Hazırkı işdə qanunda nəzərdə tutulmuş sənədlər mövcuddur. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənəd qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. Həmin sənədin mötəbərliyi işin araşdırılan hallarına uyğun olaraq məhkəmə üçün şübhə doğurmur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hal əsassız olmuş, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-700/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-700/2026
01.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver