Məhkəmə qərarları › İş №2-1(3-8)-707/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-707/2026

22.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-707/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin tam və birdəfəlik şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçı İddiaçı ##.##.2002-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr hesablanan məbləğin birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubla iddiaçının müraciətinə cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1117,25 manat) 80 faizi - 893,80 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla hazırda 1355,58 manat) müəyyən edilmiş, eyni zamanda ##.##.2017-ci il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 54.156,07 manat fərq məbləği cari aydan etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (ayda 558,31 manat) hər ay əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun hərəkətlərinin (ödəmə üsulunun) qanunsuz hesab edilməsi, ödənilməmiş pensiya məbləğinin tam şəkildə və birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi, gecikmiş dövrlər üçün qanunvericiliklə nəzərdə tutulan dəbbə pulu (faizlər) hesablanaraq ödənilməsini təmin edilməsi, məhkəmə xərclərinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını, ödənilməmiş pensiya məbləğinin tam və birdəfəlik şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilmiş pensiya alır. Lakin müəyyən dövrlər üzrə ona çatacaq pensiya məbləği tam ödənilməmiş, DSMF tərəfindən bu məbləğin hissə-hissə (mərhələli şəkildə) ödənilməsi qərara alınmışdır. Bu hal iddiaçının qanuni hüquqlarını pozur, çünki “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, pensiya məbləği tam həcmdə və vaxtında ödənilməlidir. Pensiya və ya onun ödənilməmiş hissəsi hissə-hissə ödənilməsi barədə hər hansı qanuni əsas yoxdur. Müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən ödənilməmiş pensiya məbləği tam şəkildə deyil, yalnız mərhələlərlə ödənilir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya ##.##.2002-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ##.##.2025-ci tarixli *-**-*/*-******/**** nömrəli məktub ünvanlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü hissəsinin tələblərinə uyğun qaydada iddiaçının mərhum əri X2 vəzifə maaşının artımı nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. Iddiaçı ## #### 2025-ci il tarixdə Mərkəzi Filiala təkrar müraciət edərək, aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanma faizinin 80 faizə çatdırılmaqla ##.##.2017-ci il tarixdən yaranan fərqin hesablanıb yaşını nəzərə alaraq mümkün qısa zamanda ödənilməsini xahiş etmişdir. Iddiaçının əmək pensiyası yeni məlumat vərəqinə əsasən Mərkəzi Filialın ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1117,25 manat) 80 faizi - 893,80 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla hazırda 1355,58 manat) müəyyən edilmiş, eyni zamanda ##.##.2017-ci il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 54.156,07 manat fərq məbləği cari aydan etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (ayda 558,31 manat) hər ay iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Iddiaçı ##.##.2025-ci il tarixdə yenidən Mərkəzi Filiala müraciət edərək, 80 yaşının olduğunu və səhhətində xroniki problemlər mövcud olduğunu bildirərək, fərq məbləğinin birdəfəlik və ya ən azı iki-üç hissəli ödəniş şəklində ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Iddiaçının müraciəti Mərkəzi Filialın ##.##.2025-ci il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubu ilə cavablandırılmışdır. Iddiaçı hazırda eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı bildirilir ki, Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün hesablanmış fərq məbləğinin avların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulub. Buna görə də ötən dövr üçün hesablanmış ümumi məbləğin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, hesab edir ki, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Həmçinin bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunda ötən dövr üçün hər hansı dəbbə pulunun (faizlər) hesablanması nəzərdə tutulmamışdır, bu səbəbdən, iddia tələbinin üçüncü hissəsinin təmini üçün hüquqi əsas mövcud deyil. Iddia tələbinin məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və isə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, hazırki iş üzrə dövlət rüsumu və Mülki Prosessual Məcəllənin 115-ci maddəsində nəzərdə tutulmuş işə baxılması ilə əlaqədar məsrəflər (şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər və s.) mövcud deyil. Deməli, iddia tələbi bu hissədə də əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 23. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 24. Göründüyü kimi, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1- 1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilmiş pensiya alır. Lakin müəyyən dövrlər üzrə ona çatacaq pensiya məbləği tam ödənilməmiş, DSMF tərəfindən bu məbləğin hissə-hissə (mərhələli şəkildə) ödənilməsi qərara alınmışdır. Bu hal iddiaçının qanuni hüquqlarını pozur, çünki “Əmək pensiyaları haqqında” Qanununun 39-cu maddəsinə əsasən, pensiya məbləği tam həcmdə və vaxtında ödənilməlidir. Pensiya və ya onun ödənilməmiş hissəsi hissə-hissə ödənilməsi barədə hər hansı qanuni əsas yoxdur. Müraciətlərinə baxmayaraq, DSMF tərəfindən ödənilməmiş pensiya məbləği tam şəkildə deyil, yalnız mərhələlərlə ödənilir. Göründüyü kimi, məhkəmə “Əmək pensiyaları haqqında” Qanununun 39-cu maddəsini və digər maddələrini, o cümlədən digər qanunvericilik aktlarını pozmuşdur. Bundan başqa hesab edir ki, Məhkəmə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Məhz məhkəmənin, işi təfsilatlı araşdırmadan, işdə olan sənədlərə, faktlara düzgün qiymət vermədən, müvafiq xətşünaslıq ekspertizası təyin etmədən, izahatlara düzgün qiymət vemədən qərar qəbul etmiş olması, iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır. b) Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;... 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.2002-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasını və ötən dövr hesablanan məbləğin birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubla iddiaçının müraciətinə cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1117,25 manat) 80 faizi - 893,80 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla hazırda 1355,58 manat) müəyyən edilmiş, eyni zamanda ##.##.2017-ci il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 54.156,07 manat fərq məbləği cari aydan etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (ayda 558,31 manat) hər ay əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Iddiaçı ##.##.2025-ci il tarixdə yenidən Mərkəzi Filiala müraciət edərək, 80 yaşının olduğunu və səhhətində xroniki problemlər mövcud olduğunu bildirərək, fərq məbləğinin birdəfəlik və ya ən azı iki-üç hissəli ödəniş şəklində ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan həmin fərqin ödənilməsi məsələsini həll edərkən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesablanmış məbləğin ötən dövrün aylarının sayına bölünməsi yolu ilə aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini müəyyən etmiş, hesablanmış fərq məbləğini birdəfəlik ödəməkdən imtina etmişdir. Apellyasiya şikayətində iddiaçı hesablanmış fərq məbləğinin birdəfəlik qaydada ödənilməli olduğunu bildirsə də, kollegiya həmin arqumenti əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsində imperativ qaydada müəyyən edilmişdir ki, qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunverici bu norma ilə keçmiş dövr üçün hesablanmış pensiya fərqinin ödənilmə mexanizmini konkret şəkildə müəyyən etmiş və inzibati orqana həmin məbləğin ödənilməsi formasını öz mülahizəsinə uyğun dəyişdirmək səlahiyyəti verməmişdir. Eyni zamanda Qanunun 37.7-ci maddəsində təsbit edilmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği həmin Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu norma da bir daha təsdiq edir ki, keçmiş dövr üzrə hesablanmış pensiya məbləğinin ödənilməsi zamanı məhz 32.1-1-ci maddədə nəzərdə tutulmuş mexanizm tətbiq edilməlidir. Qanunvericilikdə keçmiş dövr üçün hesablanmış pensiya fərqinin birdəfəlik ödənilməsini nəzərdə tutan hər hansı norma mövcud deyildir. Hüquqi dövlət prinsipinin tələblərinə görə inzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Bu səbəbdən cavabdeh inzibati orqanın qanunda nəzərdə tutulmayan ödəniş üsulunu tətbiq etməsi mümkün deyildir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının yaşı və sağlamlıq vəziyyəti sosial baxımdan əhəmiyyətli hallar olsa da, həmin hallar qanunla müəyyən edilmiş ödəniş qaydasının dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan hüquqi nəticə müəyyən edə və ya qanunun imperativ müddəalarını fərqli qaydada tətbiq edə bilməz. Analoji mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının 25-27-ci bəndlərində formalaşdırılmış hüquqi mövqeyə əsasən keçmiş dövr üzrə hesablanmış pensiya məbləğinin ödənilməsi qaydası qanunverici tərəfindən imperativ qaydada müəyyən edilmişdir: “…

25. Bununla yanaşı, kassator bildirir ki, qanunun tələbindən də göründüyü kimi, ödəniş məhz hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə həyata keçirilməlidir, həmin məbləğin birdəfəlik və ya digər qaydada edilməsinə dair hər hansı müddəa qanunda nəzərdə tutulmamışdır.

26. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə razılaşaraq bildirir ki, iddiaçının ötən dövr üzrə hesablanmış 22437,60 manat məbləğin qalan hissəsinin birdəfəlik ödənilməsi tələbinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.

27. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin ikinci cümləsinə əsasən, “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği, qanunda başqa hal nəzərdə tutulmadıqda, ötən dövrdəki ayların sayına bölünməklə cari pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir.” Göründüyü kimi, bu norma imperativ xarakter daşıyır. Qanunvericilikdə ötən dövr üzrə hesablanmış pensiya fərqinin birdəfəlik ödənilməsini nəzərdə tutan hər hansı müddəa əks olunmamışdır. Hazırkı vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən müəyyən edilən ödəniş qaydası, yəni “22.437,60 manat məbləğin aylıq 380,30 manat olmaqla pensiya məbləğinin üzərinə əlavə edilməsi yolu ilə ödənilməsi” məhz qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğundur. …” Beləliklə, formalaşdırılmış hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə görə keçmiş müddət üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünməklə cari pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməlidir və qanunvericilikdə belə məbləğin birdəfəlik qaydada ödənilməsini nəzərdə tutan hər hansı norma mövcud deyildir. Kollegiya hesab edir ki, qeyd olunan norma imperativ xarakter daşıdığından nə inzibati orqanın, nə də məhkəmənin həmin ödəniş mexanizmini dəyişdirmək səlahiyyəti vardır. Qanunda nəzərdə tutulmuş qaydadan kənara çıxmaq hüquqi müəyyənlik, qanunçuluq və hüququn aliliyi prinsiplərinə zidd olar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinə uyğundur, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar