Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-710/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə iddiaçının dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi ilə bağlı Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026- cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. Işin halları: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı həmin inzibati iş üzrə dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunma barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda səhhəti ilə əlaqədar ordu sıralarından təxris olunduğu üçün əmək haqqından məhrum olmuşdur və yalnız 80 (səksən) manat pul müavinəti alması nəzərə alınaraq vəkillə təmin olunmasına köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026- cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. (hakim: Mehriban Mahmudlu-Abbaszadə) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və dövlət hesabına vəkillə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında onun işsiz olduğu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 qeydiyyatda olduğu və daimi gəlir mənbəyinin olmadığı göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, yalnız cüzi məbləğdə (təxminən 80 manat) gəlir əldə edir. Buna baxmayaraq, məhkəmə tərəfindən vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının sübut edilmədiyi qeyd edilmişdir. Bu nəticə əsassızdır və məhkəmənin öz müəyyən etdiyi faktlarla açıq ziddiyyət təşkil edir. Məhkəməyə maddi vəziyyətini təsdiq edən müvafiq sənədləri təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə hansı konkret əlavə sübutların tələb olunduğunu göstərməmiş, təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Hazırkı vəziyyətdə vəkil xidmətlərini ödəmək imkanı yoxdur. Işin mürəkkəbliyi və hüquqi xarakteri nəzərə alınmaqla, vəkil olmadan hüquqlarını effektiv müdafiə etmək imkanı ciddi şəkildə məhdudlaşır. Bu isə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, maddi imkanı olmayan şəxslərin dövlət hesabına hüquqi yardımla təmin olunması nəzərdə tutulmuşdur. Təqdim etdiyi sübutlar maddi vəziyyətinin ağır olduğunu təsdiq edir və dövlət hesabına vəkillə təmin olunmağı üçün kifayət edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının: 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 61-ci maddəsinin II hissəsinə görə qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 31.1. Inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.4 və 14.5. Işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 66. Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir Maddə 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: ... 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər. 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin birinci hissəsinə əsasən məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası MPM-nin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi, həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından eləcə də, qanunvericiliyin dövlət hesabına vəkillə təmin edilməsinin mümkünlüyünü müəyyən edən (67-1.4 maddə) yuxarıda qeyd edilmiş hallardan birinin olmasından asılıdır. Başqa sözlə, məhkəmə tərəfindən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını sübut etməlidir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilən məlumatlardan iddiaçının gəlir mənbəyinin yalnız Vətən müharibəsi iştirakçısı olduğuna görə təyin edilmiş 80 manat məbləğində Prezident təqaüdü olması müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının heç bir yerdə işləmədiyini, Vətən müharibəsi iştirakçısı olması, maddi vəziyyəti və səhhəti ilə əlaqədar problemlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının məhkəmə müdafiəsi hüququnu təmin etmək üçün ona dövlət hesabına vəkil təyin edilməli və qərardadın icrası Sumqayıt Regional Vəkil Bürosuna həvalə olunmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası IPM-in 1.2, 68, 80, 87.6-ci maddələrini, MPM-nin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı dövlət hesabına vəkillə təmin edilsin. Qərardadın icrası Sumqayıt Regional Vəkil Bürosuna həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-710/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-710/2026
12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver