Məhkəmə qərarları › İş №2-1(3-8)-72/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-72/2026

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-72/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021- ci il tarixdən xx.xx.2024-cü il tarixinədək Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5182/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. l Qarabağ müharibəsi iştirakçısıdır. İddiaçıya xx.xx.2024-cü ildə m/v seriyalı № 091049 nömrəli müharibə veteran vəsiqəsi verilmişdir. Cavabdehin 23 oktyabr 2024-cü il tarixli 3-17-1/2-Ə-259622/2024 №-li imtina məktubundan görünür ki, veteran vəsiqəsi xx.xx.2024-cü il tarixdə verildiyindən iddiaçıya ötən dövr üzrə təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı l Qarabağ müharibəsi iştirakçısıdır. Ona müharibə veteranı vəsiqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. O, vəsiənin verildiyi gündən əvvəlki 3 il üçün Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən 2024-cü il iyun ayının 21-də veteran vəsiqəsi verilmiş və həmin tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdü təyin edilmişdir. xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş min) manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə esasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh orqan ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət deyil Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə iddiaçının cavabehə müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüququ olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5182/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Normanın mənasından göründüyü kimi müavinətlər müraciət edilməzdən əvvəlki üç ilə görə ödənilə bilər, təqaüd isə sosial müavinət növünə aid olmadığından qanunvericiliyin tələblərinə əsasən əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Qərardan narazı qalan iddia apellyasiya şikayəti verərək, birinci instnasiya məhkəməsinin qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının ona 2024-cü ildən müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç ilə görə müavinətin ödənilməsi ilə bağlı müraciət etdiyi tarixdə artıq ’’Sosial müavinətlərin məbləğinin artırılması haqqında”Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Məhkəmə qərar çıxararkən AR İPM-nin 68.2 və 69.3-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə dair yazılı etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instnasiya məhkəməsinin qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılnmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi ... Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. ...” “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanı:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. Aylıq müavinətlər: 1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat; ...

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019cu il tarixli, 640 nömrəli Fərmanı:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: ... 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; ...

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; ...

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi “xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2024-cü il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin Fərman qəbul edilənədək mövcud olmuş qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi isə ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Ali Məhkəmə bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 1 aprel 2019-cu il tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən bu Fərman 1 aprel 2019-cu il tarixdən tətbiq edilir. Beləliklə, 1 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 1 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlərin bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmələr hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2-1(118)-5182/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar