Məhkəmə qərarları › İş №2-1(3-8)-730/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-730/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-730/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi iddiaçı İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul etmişdir. İddiaçı qərardan ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli inzibati şikayətlər vermişdir. ##.##.2024-cü il tarixli **************** nömrəli qərarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayətləri təmin etməmişdir. Ümumən iddiaçının şikayətindəki arqumentlərinə adekvat münasibət bildirilməmiş, qərardakı mövqe təkrarlanmışdır. İddiaçının 2023-cü il ərzində dövriyyəsi tərəfindən ##.##.2024-cü il tarixində təqdim edilmiş 2023-cü il üçün mənfəət vergi bəyannaməsində göstərildiyi kimi 123300,00 manat təşkil etmişdir. ##.##.2023 tarixindən ##.##.2023-cü il tarixinədək uçotbaza məlumatlarında da, göründüyü kimi tərəfindən təqdim edilmiş e-qaimələrin cəmi 123300,00 manat təşkil etmişdir. İddiaçının dövriyyəsidən də göründüyü kimi Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən iddiaçının mikro sahibkarlıq subyekti olduğu üçün fəaliyyətindən əldə etdiyi mənfəətdən hesablanmış mənfəət vergisi məbləğinin 75 faizi vergiyə cəlb edilmir. İddiaçının təqdim etdiyi mənfəət vergi bəyannaməsinin 200-cü sətrində 123300 manat dövriyyə göstərilmişdir, bəyannamənin xərclər hissəsində 236-cı sətrdə isə ümumi gəlirdən çıxılan xərclər qismində 2000 manat xərc qeyd edilmişdir. Qeyd olunanlara əsaslanaraq Vergi Məcəlləsinə əsasən iddiaçının təqdim etdiyi bəyannamədə 6065 manat vergi məbləği hesablanmışdır. Bu barədə iddiaçı tərəfindən ##.##.2024-cü il tarixində 2403010064949400 bildiriş nömrəli mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Lakin qərarda tərəfimizdən bəyannamə təqdim edilmədiyi qeyd edilib. Göstərilən səbəblərə əsasən iddiaçı cavabdehin qərarını əsassız və qanunsuz hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı ##.##.2024cü il tarixli **************** nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın mübahisələndirmə müddətini, yəni iddia müddətini buraxmışdır. Bu barədə cavabdeh vəsatəti Sumqayıt İnzibati Məhkəməsinə təqdim etmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2023-cü il ərzində elektron qaimə faktura əsasında 123300,0 manat dəyərində qonaqlama xidməti göstərildiyi və elektron-qaimə faktura əsasında 2000,0 manat dəyərində hüquq xidməti əldə edildiyi müəyyən edilmişdir. Həmçinin müvafiq dövr üzrə bank xərcləri 208,35 manat, nağdlaşdırma üzrə xərclər isə 400,0 manat olmuşdur. Lakin, Cəmiyyət tərəfindən müvafiq vergi bəyannaməsi təqdim edilməmişdir. Bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidənyayınma riski kimi qiymətləndirilmişdir. Bununla bağlı, vergi orqanı tərəfindən cəmiyyətə “aşkar edilmiş kənarlaşma haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün 24138,33 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə ##.##.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə, ümumi gəlirləri 123300,00 manat, ümumi gəlirdən çıxılan xərcləri 2000,0 manat, 75 faiz güzəşt tətbiq edilməklə ümumilikdə 6065,0 manat vergi məbləği göstərilməklə 2023-cü il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il üçün cari Gəlir vergisi bəyannaməsinə güzəşt silinərək, 18073,33 manat əlavə vergi məbləği hesablanaraq, ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial ığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət yuxarı vergi orqanına ünvanladığı müraciətlərində 2023-cü il ərzində 123300,0 manat dəyərində elektron qaimə-fakturalar təqdim etdiyini, 75 faiz güzəşt hüququndan istifadə edərək 6065,0 manat vergi öhdəliyinin olduğunu bildirmiş və əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.20-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin 75 faizi mənfəət vergisindən azaddır. Lakin ödəyici xərcinin uçotunu tam aparmadığından bu hüquqdan yaralana bilməmişdir. Belə ki, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2023-cü ildə 123300,0 manat dəyərində “gecələmə və gündə üç dəfə qidalanma ilə istirahətin təşkili” adlı xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə vergi bəyannaməsi təqdim edilməmişdir. Göstərilən xidmətlər 2023-cü ildə bank hesabına 123300,0 manat vəsait daxil olmuş, həmçinin daxil olmuş vəsaitin 40000,0 manat hissəsi təsərrüfat xərci təyinatı ilə məxaric edilmişdir. ##.##.2023-cü il tarixli EBDC seriyalı ****** nömrəli elektron qaimə üzrə 1176 nəfər, ##.##.2023-cü il tarixli EBDK seriyalı ****** nömrəli elektron qaimə üzrə 468 nəfərə xidmət göstərilməsinə (qidalanmanın daxil olması nəzərə alınmaqla) və bank hesabından təsərrüfat xərci təyinatı ilə məxaric əməliyyatının olmasına baxmayaraq, vergi ödəyicisinin müvafiq dövr üzrə əmək müqaviləli işçiləri və xərc sənədləri olmadığı üçün Vergi Məcəlləsinin 106.1.20.-ci maddəsində qeyd edilən güzəşt hüququ nəzərə alınmadan təsdiqlənən ##.##.2024-cü il tarixli **************** nömrəli kənarlaşmaya dair məktub göndərilməklə 24138,33 manat ((Gəlir 123300,0 – Xərc 2608,35) *20%) əlavə vergi məbləği hesablanaraq, ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən kameral hesablamanın azaldılması ilə bağlı vergi orqanına ünvanlanan müraciətlərə cavab olaraq göstərilmiş xidmətlər üzrə xərc sənədlərinin təqdim edilməsi tələb edilsə də, eyni zamanda vergi ödəyicisinin təqdim etdiyi izahata əsasən tərtib edilmiş elektron qaimənin məzmununda “3 dəfə qidalanma ilə” hissəsinin səhv qeyd edildiyi və bununla bağlı təsdiqedici sənədlərin şikayətə əlavə ediləcəyi bildirilsə də heç bir sənəd təqdim edilməmişdir. Həmçinin araşdırma zamanı hüquqi şəxsin rəhbəri X6 məxsus daha dörd hüquqi şəxs üzrə (“xxxx” MMC – 7701177751; “X1” MMC – 1406460751; “X2” MMC – 1406461671; “X4” MMC – 1406472271) və 1 nəfər fiziki şəxs üzrə (X6 oglu – 7300768622) VÖEN-lərin olduğu müəyyən edilmişdir. Əlavə olaraq, vergi ödəyicisinin qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 7023,3 kv metr olan (icarəyə götürülən 600 m2) təsərrüfat subyekti 2023-2024-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X6, "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X6, "X4" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) - rəhbər X6, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) rəhbər X6, X6 (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) – rəhbər X7, "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) - rəhbər X9, X8 (VÖEN:**********), X7 (VÖEN: **********) (obyekt sahibi) adlı vergi ödəyiciləri tərəfindən icarəyə götürülmüşdür. Qeyd olunanlar vergi ödəyicisi tərəfindən (MMC-nin rəhbəri həm də fiziki şəxs X6) göstərilən xidmətlər üzrə dövriyyələrin özünə və ailə üzvlərinə məxsus birdən artıq VÖEN-lər üzrə bölüşdürməklə həm Vergi Məcəlləsinin 155-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan yayınma, həm də Vergi Məcəlləsinin 106.1.20 və 102.1.30-cu maddələrində nəzərdə tutulan güzəşt hüququndan istifadə etməklə ödənilməli vergi məbləğinin azaldılması məqsədilə vergidənyayınma sxemi qurulmuşdur. Qeyd edilənlərdən göründüyü kimi eyni şəxs tərəfindən ailə üzvlərinə məxsus VÖEN-lər altında fəaliyyət göstərməklə məqsədi vergi üstünlüyü əldə etmək üçün vergidənyayınma sxemi qurmaq olmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il üçün mənfəət vergisi üzrə 24138,33 manat məbləğində vergi məbləği hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il üçün mənfəət vergisi üzrə 24138,33 manat məbləğində vergi məbləği hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli, **************** nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən İddiaçı şikayətləri təmin edilməmiş və * saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, aşkar edilmiş kənarlaşma haqqında məktubunda qeyd edilmişdir ki, fəaliyyət üzrə aparılmış araşdırma zamanı 2023cü il tarixində elektron qaimə faktura əsasında 123300 manat dəyərində qonaqlama xidməti göstərildiyi və elektron qaimə əsasında 2000 manat dəyərində hüquq xidməti əldə edildiyi müəyyən edilmişdir. Həmçinin müvafiq dövr üzrə bank xərcləri 208.35 manat, nağdlaşdırma üzrə xərclər isə 400 manat olmuşdur. Lakin tərəfinizdən müvafiq vergi bəyannaməsi təqdim edilməmişdir. Bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidənyayınma riski kimi qiymətləndirilir. Qeyd olunanlara əsaslanaraq, 2023-cü il üzrə gəlir-xərc əsasında (123300- 6208.35)*20%=24138.33 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün kənarlaşma aradan qaldırılmaqla müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsinin və (və ya) yazılı izahatın (zəruri hallarda təsdiqedici sənədlər əlavə olunmaqla) 5 (beş) iş günü ərzində vergi orqanına təqdim olunması tələb olunur. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir. (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək üçün vergidən yayınma sxemi əsasında gəlirlərini azaltması ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsaslı hesab edilə bilməz. Hər bir hüquqi şəxs müstəqil sahibkar kimi qeydiyyata alınaraq onların fəaliyyəti mikro sahibkarlıq meyarlarına uyğundursa, mühasibat uçotu ayrılıqda aparılmışdırsa, o zaman vergi orqanı qanunvericilikdə nəzərdə tutulmayan məhdudiyyəti tətbiq edə bilməz. Həmin hüquqi şəxslərin eyni ünvanda qeydiyyatda olmaqla fəaliyyət göstərmələri hüquq pozuntusu yaratmır və bu hal vergi öhdəliyindən yayınma hesab edilərək vergidən yayınma sxemi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, göstərilən fəaliyyətin eyni iş və ya xidmət olmamasına dair hallar cavabdeh qurum tərəfindən nəzərdən keçirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün göstərdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Eləcə də, İnzibati icraat haqqında Qanunun 21.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmə imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Konkret halda, bu hüquq özünü məsuliyyətə cəlb etmə haqqında qərarda vergi ödəyicisinin dəlillərin yoxlanılmasının nəticələrinin göstərilməsində ifadə olunur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və vergi orqanının təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmamışdır. Şikayətə görə, iddiaçı 2023-cü ildə 123 300,00 manat məbləğində “gecələmə və gündə üç dəfə qidalanma ilə istirahətin təşkili” xidməti göstərdiyi halda həmin xidmətin göstərilməsi üçün zəruri alışları, işçi qüvvəsini və digər xərcləri təsdiq edən sənədləri təqdim etməmiş, gəlir və xərclərin uçotunu Vergi Məcəlləsinin tələblərinə uyğun aparmamışdır. Bundan başqa, iddiaçının rəhbəri X6 və onun ailə üzvlərinin eyni təsərrüfat subyektində bir neçə VÖEN vasitəsilə fəaliyyət göstərməsi, eyni və ya əlaqəli xidmətlər üzrə dövriyyələrin ayrı-ayrı vergi ödəyiciləri arasında bölüşdürülməsi Vergi Məcəlləsinin 13.2.69 və 13.2.70-ci maddələri baxımından vergi üstünlüyü əldə etməyə yönəlmiş vergidən yayınma sxemi kimi qiymətləndirilməlidir. Cavabdeh hesab etmişdir ki, qeyd olunan hallar nəzərə alınmaqla Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt tətbiq edilməməli, buna görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının vəkilinin apellyasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazı mahiyyətcə təkrarlayır və həmin dəlillərə məhkəmə qərarında hüquqi qiymət verilmişdir. Vergi orqanı iddiaçının və digər hüquqi şəxslərin eyni ünvanda fəaliyyət göstərməsinə, həmin hüquqi şəxslərin rəhbərləri arasındakı qohumluq əlaqələrinə və bir neçə VÖEN-in mövcudluğuna istinad etsə də, dövriyyənin faktiki olaraq süni şəkildə bölüşdürüldüyünü, konkret hansı əqd və ya əməliyyatın vergi üstünlüyü əldə etmək məqsədilə qurulduğunu, belə əməliyyatların məbləğini və vergi nəticəsini mötəbər sübutlarla müəyyən etməmişdir. Hər bir hüquqi şəxs ayrıca VÖEN-lə qeydiyyatda olan müstəqil vergi ödəyicisidir və təkcə eyni ünvandan istifadə, eyni şəxsin bir neçə hüquqi şəxsdə rəhbər olması və ya qohumluq əlaqəsi vergidən yayınma sxeminin mövcudluğunu təsdiq etmir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.3. Vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsi vardır; 16.1.6. Vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri təqdim etməlidir; 16.1.7. Vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidir; 23.1.1. Vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər; 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.[306] Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 106.1. Vergidən azaddır: 106.1.20. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə mübahisənin mahiyyəti İddiaçı 2023-cü il üzrə mənfəət vergisi öhdəliyinin müəyyən edilməsi zamanı Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulmuş 75 faiz vergi güzəştinin tətbiqindən imtina edilməsinin və bunun nəticəsi olaraq cavabdehin ## #### 2024-cü il tarixli, **************** nömrəli qərarı ilə 18 073,33 manat əlavə mənfəət vergisi hesablanmasının qanuniliyinin yoxlanılmasından ibarətdir. Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə 2023-cü il vergi dövrünə tətbiq edilməli olan hüquqi tənzimləmə, daha sonra isə cavabdehin güzəştdən imtina üçün istinad etdiyi faktların həmin tənzimləmə baxımından yetərli olub-olmaması qiymətləndirilməlidir. Məhkəmə kollegiyası bu baxımdan xüsusi olaraq qeyd edir ki, mübahisə 2023-cü il vergi dövrünə aiddir. Həmin dövrdə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanunla edilmiş və # ###### 2022-ci ildən qüvvəyə minmiş dəyişiklik nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin vergidən azad edilməsini nəzərdə tuturdu. # ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Qanunla həmin maddənin orta aylıq muzdlu işçi sayının azı 3 nəfər olması və məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması şərtlərini nəzərdə tutan yeni redaksiyası isə # ###### 2024-cü ildən qüvvəyə minmişdir. Buna görə 2023-cü il üzrə vergi öhdəliyi sonradan qüvvəyə minmiş həmin əlavə şərtlər əsasında qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, iddiaçının 2023-cü il ərzində elektron qaimə-faktura əsasında 123 300,00 manat məbləğində qonaqlama xidməti göstərməsi, 2 000,00 manat məbləğində hüquq xidməti əldə etməsi, bank xərclərinin 208,35 manat, nağdlaşdırma üzrə xərclərin isə 400,00 manat olması vergi orqanının öz məlumatları ilə müəyyən edilmişdir. İddiaçı ## ##### 2024-cü ildə 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini təqdim edərək 123 300,00 manat gəlir, 2 000,00 manat gəlirdən çıxılan xərc göstərmiş və 75 faiz güzəşti tətbiq etməklə 6 065,00 manat vergi hesablamışdır. Mübahisələndirilən ## #### 2024-cü il tarixli qərarda isə həmin güzəşt nəzərə alınmamış, vergi orqanının hesabladığı 24 138,33 manatla iddiaçının bəyan etdiyi 6 065,00 manat arasındakı 18 073,33 manat fərq əlavə vergi kimi müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin ilkin kənarlaşma barədə məktubunda hesablamanın əsaslandırılması da tam aydın ifadə edilməmişdir. Belə ki, həmin məktubda müəyyən edilmiş xərclər 2 000,00 manat hüquq xidməti, 208,35 manat bank xərci və 400,00 manat nağdlaşdırma xərci olmaqla cəmi 2 608,35 manat təşkil etdiyi halda, düsturda 6 208,35 manat rəqəmi göstərilmiş, nəticə kimi isə 24 138,33 manat yazılmışdır. Halbuki 24 138,33 manat nəticəsi məhz 2 608,35 manatın 123 300,00 manatdan çıxılaraq qalan məbləğin 20 faizinin hesablanmasına uyğundur. Bu uyğunsuzluq da vergi hesablamasının faktiki əsaslarının inzibati aktda aydın, ardıcıl və yoxlanıla bilən şəkildə ifadə olunmasının zəruriliyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, 2023-cü ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində güzəşt hüququnun əsas şərti vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olması ilə yanaşı gəlir və xərclərin Məcəllə ilə müəyyən edilmiş qaydada uçotunu aparması idi. Bununla belə, müəyyən xərc üzrə təsdiqedici sənədin olmaması və ya konkret xərcin gəlirdən çıxılmasına yol verilməməsi ilə ümumiyyətlə gəlir və xərclərin uçotunun aparılmaması eyni hüquqi məzmun daşımır. Birinci hal konkret xərcin vergitutma məqsədləri üçün qəbul edilməməsinə səbəb ola bilər, lakin vergi güzəştinin bütövlükdə itirilməsi üçün cavabdeh məhz 106.1.20-ci maddədə nəzərdə tutulan uçot şərtinin pozulduğunu konkret faktlar və sənədlərlə müəyyən etməlidir. Bu baxımdan cavabdehin cəmiyyətin idxal əməliyyatlarının, elektron alış aktlarının, ilin əvvəlinə mal qalığının və aktiv muzdlu işçilərinin olmamasına istinad etməsi özüözlüyündə güzəştdən imtina üçün yetərli hesab edilə bilməz. İddiaçının fəaliyyəti malların istehsalı və ya satışı deyil, xidmət göstərilməsi ilə bağlı olduğundan, hansı mal alışının, hansı sayda işçinin və hansı digər resursların konkret xidmətin göstərilməsi üçün zəruri olduğu ayrıca araşdırılmalı idi. Xüsusilə də 2023-cü il üzrə güzəşt hüququnun yaranması üçün qanunvericilikdə azı 3 muzdlu işçinin olması şərti mövcud deyildi. Sonrakı dövr üçün müəyyən edilmiş bu şərtin 2023-cü il münasibətlərinə dolayı yolla tətbiqi hüquqi müəyyənlik prinsipinə uyğun olmazdı. Cavabdeh elektron qaimə-fakturada xidmətin “gecələmə və gündə üç dəfə qidalanma ilə istirahətin təşkili” kimi göstərilməsinə, lakin qidalanma ilə bağlı alış sənədlərinin olmamasına da istinad etmişdir. Kollegiya qeyd edir ki, həmin uyğunsuzluq inzibati araşdırmanın aparılması üçün əsas yarada bilərdi. Lakin iddiaçının nümayəndəsi qaimədə qidalanmaya dair qeydin səhv olduğunu bildirdiyinə görə vergi orqanı xidmətin faktiki məzmununu, müqavilə münasibətlərini və xidmətin hansı resurslarla yerinə yetirildiyini konkret sübutlarla dəqiqləşdirməli idi. Təkcə qaimədəki bir ifadə ilə bağlı sənədin təqdim edilməməsi, başqa təsdiqedici hallar müəyyən edilmədən, bütün vergi uçotunun aparılmadığı və 75 faiz güzəşt hüququnun itirildiyi nəticəsinə gəlmək üçün kifayət etmir. Kollegiya daha sonra nəzərə alır ki, dövriyyənin gizlədilməsi barədə ilkin qənaət də mübahisələndirilən ## #### 2024-cü il tarixli qərarın qəbul edildiyi vaxt mövcud faktiki vəziyyətlə uzlaşmır. Belə ki, 123 300,00 manat dövriyyə elektron qaimə-fakturalarda və vergi orqanının uçot-baza məlumatlarında əvvəldən görünmüş, iddiaçı isə ## ##### 2024cü ildə, yəni mübahisələndirilən qərardan əvvəl həmin gəliri bəyannamədə də tam məbləğdə göstərmişdir. Bu halda mübahisənin predmeti gəlirin gizlədilibgizlədilməməsindən daha çox, bəyan edilmiş mənfəətə qanunla nəzərdə tutulmuş güzəştin tətbiqinin mümkün olub-olmaması olmuşdur və inzibati orqan öz hüquqi qiymətləndirməsini məhz bu məsələyə uyğun əsaslandırmalı idi. Vergi orqanının digər əsas dəlili iddiaçının rəhbərinin və onun ailə üzvlərinin eyni təsərrüfat obyektində bir neçə VÖEN altında fəaliyyət göstərməsi və dövriyyələrin vergidən yayınma məqsədilə bölüşdürülməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.69 və 13.2.70-ci maddələrinin mənasına görə vergi üstünlüyü və vergidən yayınma sxemi barədə nəticə sadəcə şəxslər arasında təşkilati, ailə və ya məkan əlaqəsinin mövcudluğuna deyil, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən vergidən yayınmağa yönəlmiş konkret əqd və ya əməliyyatın müəyyən edilməsinə əsaslanmalıdır. Buna görə belə nəticə üçün süni bölünmənin predmetini təşkil edən konkret xidmətlər, əməliyyatların tərəfləri, tarixləri, məbləğləri, ödəniş axınları və yaranan vergi üstünlüyü arasında səbəbli əlaqə sübut edilməlidir. Hazırkı işdə isə cavabdeh bir neçə hüquqi şəxsin və fərdi sahibkarın eyni ünvanda fəaliyyət göstərməsini, onlardan bir qisminin eyni rəhbər tərəfindən idarə olunmasını və digər şəxslərlə qohumluq əlaqələrini göstərmiş, lakin İddiaçı MMC-nin 123 300,00 manatlıq konkret dövriyyəsinin hansı hissəsinin əslində başqa vergi ödəyicisinə aid olduğunu və ya əksinə, başqa vergi ödəyicilərinin hansı konkret gəlirlərinin süni şəkildə iddiaçının və ya digər şəxslərin VÖEN-lərinə yönəldildiyini müəyyən etməmişdir. Ayrı-ayrı hüquqi şəxslərin müstəqil vergi ödəyicisi olması nəzərə alındıqda, onların eyni ünvanda yerləşməsi və ya idarəetmə baxımından əlaqəli olması risk göstəricisi kimi əlavə araşdırmaya əsas yarada bilər, lakin bu hallar təkbaşına vergi öhdəliklərinin birləşdirilməsi üçün hüquqi və faktiki əsas yaratmır. Eyni yanaşma cavabdehin Vergi Məcəlləsinin 155-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyatdan yayınma barədə dəlilinə də aiddir. İddiaçının 2023-cü il üzrə öz dövriyyəsinin 123 300,00 manat olması mübahisə doğurmur. Bu dövriyyənin digər vergi ödəyicilərinin dövriyyəsi ilə birlikdə qiymətləndirilməsi üçün əvvəlcə həmin şəxslər arasında formal müstəqilliyə baxmayaraq faktiki olaraq vahid fəaliyyətin süni şəkildə parçalandığını təsdiq edən konkret əməliyyatlar və iqtisadi əlaqələr müəyyən edilməli idi. Belə sübutetmə aparılmadan yalnız ümumi obyekt, rəhbərlik və qohumluq əlaqələrinə əsasən dövriyyələrin cəmlənməsi ehtimala əsaslanan yanaşma olardı. Məhkəmə kollegiyası sübutetmə yükünə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Vergi Məcəlləsinin 94-cü maddəsinin məzmununa görə vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi bunu iddia edən vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 24.1 və 24.2-ci maddələri də inzibati orqandan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağı, o cümlədən maraqlı şəxsin xeyrinə olan halları nəzərə almağı tələb edir. Buna görə vergi güzəştindən imtina kimi vergi ödəyicisinin öhdəliyini artıran nəticə ehtimala deyil, müvafiq hüquqi şərtin pozulduğunu təsdiq edən yoxlanıla bilən faktlara söykənməlidir. Kollegiya nəzərə alır ki, yuxarı vergi orqanı inzibati şikayət üzrə işə mahiyyəti üzrə və tam həcmdə baxmaq səlahiyyətinə malik olsa da, həmin səlahiyyət şikayət instansiyasını konkret faktları sübut etmək və gəldiyi nəticəni əsaslandırmaq vəzifəsindən azad etmir. ## ###### 2024-cü il tarixli inzibati şikayət qərarında əlaqəli VÖEN-lər, eyni obyekt və güzəştdən istifadə barədə əlavə məlumatların göstərilməsi özlüyündə vergidən yayınma sxeminin sübuta yetirilməsi demək deyildir. Şikayət instansiyasının qərarı da həmin məlumatların konkret hansı əməliyyatlarla əlaqəli olduğunu və həmin əməliyyatların vergi üstünlüyünə necə səbəb olduğunu göstərən sübutlara əsaslanmalı idi. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin İPM-in 12.1-ci maddəsinin tələblərinə riayət etmədiyi və işin hallarını tam araşdırmadığı bildirilmişdir. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş xidməti araşdırma prinsipi məhkəməyə iş üçün əhəmiyyətli faktları araşdırmaq səlahiyyəti versə də, inzibati orqanın qəbul etdiyi aktın faktiki əsaslarını onun əvəzinə yaratmaq və sübutetmə yükünü məhkəmənin üzərinə keçirmək mənasını daşımır. Mübahisələndirmə haqqında iddiada məhkəmə nəzarətinin predmeti cavabdehin qəbul etdiyi inzibati aktın qanuniliyidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının inzibati aktlara məhkəmə nəzarəti ilə bağlı formalaşdırdığı hüquqi yanaşmaya uyğun olaraq, mübahisələndirmə haqqında iddiaya baxan məhkəmənin vəzifəsi inzibati orqanın yerinə keçərək yeni inzibati icraat aparmaq, inzibati aktın sonradan əsaslandırılması üçün yeni faktiki baza yaratmaq deyil. İnzibati aktın qanuniliyi, bir qayda olaraq, aktın qəbul edildiyi və inzibati şikayət mərhələsində araşdırıldığı vaxt inzibati orqanın müəyyən etdiyi faktlar, topladığı sübutlar və göstərdiyi hüquqi əsaslar baxımından qiymətləndirilməlidir. Sonradan məhkəmə icraatında irəli sürülən ümumi ehtimallar inzibati aktda mövcud olmuş sübut çatışmazlığını əvəz edə bilməz. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi vergi hesablanmasına dair qərarları, kənarlaşma haqqında məktubu, iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini, elektron qaimə-fakturalara və uçot-baza məlumatlarına dair sənədləri, inzibati şikayət üzrə qəbul edilmiş qərarı, tərəflərin izahat və etirazlarını araşdırmışdır. Məhkəmə həmin sübutları nəzərə almamaq deyil, məhz onların məzmununu və sübutetmə əhəmiyyətini qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, əlaqəli şəxslərin mövcudluğu və eyni obyektdə fəaliyyət göstərilməsi konkret vergidən yayınma əməliyyatı müəyyən edilmədən 75 faiz güzəştin tətbiqindən imtina üçün kifayət etmir. Kollegiya bu qiymətləndirmənin iş materialları ilə ziddiyyət təşkil etdiyini müəyyən etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ###### 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi müəyyənlik yanaşmasını da hazırkı mübahisə üçün əhəmiyyətli hesab edir. Vergi qanunvericiliyi üzrə şəxsin hüquqi vəziyyətini ağırlaşdıran nəticələr aydın hüquqi meyarlara və həmin meyarların mövcudluğunu təsdiq edən konkret faktlara əsaslanmalıdır. Vergidən yayınma sxemi kimi geniş hüquqi nəticə doğuran anlayışların yalnız təşkilati və qohumluq əlaqələri barədə ümumi məlumatlar əsasında tətbiqi vergi öhdəliyinin sərhədlərinin subyektiv mülahizədən asılı olmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən hallar vergi orqanının araşdırma aparması üçün müəyyən risk göstəriciləri sayıla bilsə də, iddiaçının 2023-cü il üzrə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu itirdiyini və ya konkret vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxemi qurduğunu sübut etmək üçün yetərli olmamışdır. Cavabdeh güzəştdən imtinanın faktiki əsaslarını və əlaqəli şəxslər arasında dövriyyənin süni bölüşdürülməsini konkret əməliyyatlar üzrə müəyyən etməmiş, birinci instansiya məhkəməsi isə işdə olan sübutlara düzgün hüquqi qiymət vermişdir. Buna görə apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni təkzib etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar