Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-733/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli 3-21- *-*/*-******/**** nömrəli qərarına əsasən iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi üzrə 162.352 manat vergi məbləği hesablanmışdır. Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti ##.##.2023-cü il tarixdən ##.##.2028-ci il tarixədək dayandırılmışdır. ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırlması üçün 5 iş günü ərzində müvafiq hesabt dövrü üzrə cari əlavə dəyər vergi bəyannaməsi, qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin təqdim olunması tələb edilir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin rəyində qeyd edilmişdir ki, Vergi ödəyicisi kimi * saylı Ərazi Vergilər Baş Idarəsində qeydiyyatda olan fiziki şəxs İddiaçı (VÖEN 310378191) 2023-cü ilin sentyabr ƏDV bəyannaməsi üzrə analoji qaydada 162.352 manat kameral qaydada əlavə vergi hesablanmışdır. Araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903.155,0 manat ƏDV-ni ədv bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə dövlət büdcəsinə 740.803,9 manat ƏDV hesabladığı müəyyən edilmişdir. Təqdim edilmiş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar müəyyən edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilmiş mallarla idxal edilmiş malların arasında yaranan 162.352,0 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilmiş, uyğunsuzluğa münasibət bildirilmədiyi üçün mövcud qanunvericiliyin tələblərinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli qərar əsasında 162.352 manat əlavə vergi hesablanmışdır. Iddiaçı tərəfindən 2021-2023-cü illər üzrə yük gömrük bəyannamələrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Idxal edilmiş malların gömrük dəyəri 4.354.407,93 manat, ƏDV 903.154,98 manat, invoys dəyəri isə 2.539.586,32 manat, ƏDV 579.098,84 manat təşkil edir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “İddiaçı şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 158.159,24 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” tələbinə dair iddia təmin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba İddiaçı barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın qəbul edilməsinə əsas olmuş sənədlər əlavə olunmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli, *-**-*-*/*- ******/**** nömrəli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” Qərara əsasən 2023-cü ilin sentyabr ayına ƏDV üzrə 162.352 manat əlavə vergi məbləği hesablanmışdır. ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarda hesablamanın əsası kimi qeyd edilmişdir ki, araşdırma zamanı fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903.155 manat ƏDVni ƏDV bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə 740.803,9 manat ƏDV hesabladığı müəyyən edilmişdir. Təqdim etdiyi gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borcları müəyyən edilməmişdir. Vergi orqanında aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim etdiyi mallarla idxal etdiyi və əvəzləşdirdiyi malların arasında yaranan 162.352 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Aşağıda qeyd olunanlara əsasən ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarını qanunsuz hesab edir. Iş materiallarından göründüyü kimi, 2023-cü ilin sentyabr ayına kameral vergi yoxlaması ilə hesablama aparılarkən iddiaçının idxal etdiyi malların dəyəri invoys yox, gömrük dəyəri əsasında hesablanmışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusudur. Belə ki, vergi ödəyicisi idxal etdiyi malları invoys dəyəri əsasında uçota almalı, gəlir və xərclərini həmin dəyər əsasında hesablamalıdır. Gömrük dəyəri isə yalnız malların idxal zamanı vergi və rüsumların hesablanması məqsədilə gömrük orqanı tərəfindən müəyyən edilən dəyərdir. Qeyd edilir ki, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır. Qeyd edilir ki, vergi orqanı iddiaçıya vergi məbləği hesablayarkən iddiaçının 2023-cü ilin sentyabr ayında fəaliyyətinin olmamasını nəzərə almamışdır. Halbuki, Vergi Məcəlləsinin 67.8-ci maddəsinə əsasən həmin Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Işin sənədlərinə əlavə edilmiş vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyətinin onun özünün ##.##.2023-cü tarixli müraciəti əsasında ##.##.2023-cü il tarixindən ##.##.2028-ci il tarixədək dayandırılması təmin edilmişdir. Nəticə olaraq, müvafiq vergi orqanının sahibkarlıq fəaliyyətini dayandırmış bir fərdi sahibkar üzərində təqdim edilmiş bəyannamə və hesabatlar olmadan, yalnız əlaqəli sənədlərlə kameral vergi yoxlamasını həyata keçirməsi tamamilə qanunsuz haldır. Həmçinin cavabdeh vergi orqanı 2023-cü ilin sentyabr ayına hesablamanı məhz əvvəlki təqvim illərinin müvafiq aylarında aparılmış əməliyyatlar ilə bağlı həyata keçirmişdir. Halbuki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinin tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür və vergi bəyannamələri də məhz müvafiq vergi dövrləri üzrə təqdim edilir. Bu isə o deməkdir ki, kameral vergi yoxlaması da məhz müvafiq hesabat dövrü ərzində baş vermiş əməliyyatları özündə əks etdirən vergi bəyannamələri üzrə həyata keçirilməlidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə vergi ödəyicisi borcludur. Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Göstərilənlərdən aydın olur ki, vergi ödəyicisi müvafiq hesabat dövrü (indiki halda ay üzrə) ƏDV bəyannaməsi təqdim edir və həmin bəyannamədə məhz həmin təqvim ayı ərzində baş tutmuş əməliyyatları əks etdirir. Odur ki, vergi orqanı 2023-cü ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması həyata keçirdiyi və hesablama apardığı zaman, həmin bəyannamənin əhatə etdiyi hesabat dövründə, yəni 2023cü ilin sentyabr ayı ərzində baş vermiş əməliyyatları əsas götürməlidir. Göründüyü kimi, ƏDV bəyannaməsində ay ərzində baş vermiş əməliyyatların dəyəri öz əksini tapır. Lakin vergi orqanı 2023-cü ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması həyata keçirən zaman sadəcə həmin ay ərzində baş vermiş əməliyyatları deyil, əvvəlki təqvim illərinin müvafiq aylarında baş vermiş əməliyyatları əsas götürmüşdür. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması bəyannamə təqdim edildiyi tarixdən 30 iş günü ərzində həyata keçirilə bilər. Qeyd olunanlar onu göstərir ki, əvvəlki aylar üzrə ƏDV bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü ötdüyündən cavabdeh vergi orqanı həmin hesabat dövrləri üzrə əməliyyatları 2023-cü ilin sentyabr ayına aid edərək hesablama həyata keçirmişdir ki, bu da vergi qanunvericiliyinin kobud pozuntusu ilə nəticələnmişdir. Qeyd edir ki, cavabdeh vergi orqanı əvvəlki təqvim ayları üzrə vergi nəzarətini yalnız səyyar vergi yoxlaması qaydasında həyata keçirə bilərdi. Göründüyü kimi, mübahisələndirilən qərar vergi qanunvericiliyinin müddətlə bağlı tələbi kobud şəkildə pozularaq qəbul edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2023-cü ilin sentyabr ayına götə ƏDV bəyannaməsi üzrə 162.352 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Belə ki, araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903.155 manat ƏDV-ni ədv bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim edilmiş mallara görə 740.803,9 manat ƏDV hesablandığı müəyyən edilmişdir. Təqdim edilmiş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar müəyyən edilməmişdir. Vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilmiş mallarla idxal edilmiş və əvəzləşdirdiyi malların arasında yaranan 162.352,0 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 162.352,0 manat 2023-cü ilin sentyabr ayına 162.352,0 manat ƏDV hesablanmış və vergi ödəyicisinə vergi orqanının "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ## #### 2025-ci il tarixli **************** nömrəli qərarı göndərilmişdir. Göründüyü kimi, bu müddəaların heç birində vergi ödəyicisinin gömrük dəyəri ilə vergini əvəzləşdirməsi və invoys dəyəri ilə malların uçotunu aparması bildirilmir. Uçot invoys dəyəri ilə aparılırsa vergi əvəzləşməsi də ona uyğun olmalı, malların təqdim edilməsi və uçotu da invoys dəyəri ilə aparılmalıdır. Iddiaçı isə təqdim etdiyi ƏDV bəyannamələrində ƏDVni gömrük dəyəri ilə əvəzləşdirmiş, malların təqdim edilməsini isə invoys dəyəri ilə bəyan etmişdir. Bu səbəbdən şəxsi hesab vərəqəsində əsassız artıq ödəmə yaranmışdır. Yaranmış kənarlaşma kameral vergi yoxlaması ilə aradan qaldırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı mübahisələndirilir. Həmin qərarda hesabat dövrü 2023-cü ilin sentyabr ayı və hesabat növü ƏDV olaraq göstərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903.155 manat ƏDV-ni ədv bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə dövlət büdcəsinə 740.803,9 manat ƏDV hesabladığı müəyyən edilmişdir. Təqdim edilmiş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar müəyyən edilməmişdir. Vergi ödəyicisinin vergi orqanında aktiv təsərrüfat subyekti olmadığı üçün operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilmiş mallarla idxal edilmiş malların arasında yaranan 162.352 manat (ƏDV) fərqə görə əlavə hesablamanın aparılması nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin 2023-cü ilin sentyabr ayında hər hansı vergi tutulan əməliyyatı olmamışdır. Həmçinin vergi ödəyicisinin fəaliyyəti ##.##.2023-cü il tarixdən ##.##.2028-ci il tarixədək dayandırılmışdır. Bundan başqa vergi orqanı tərəfindən 2021-2023-cü illər ərzində olan dövr üzrə araşdırma aparılmışdır. Lakin hesablama 2023-cü ilin sentyabr ayı üzrə aparılmışdır. Yəni 2023-cü ilin sentyabr ayında hər hansı vergi tutulan əməliyyatı olmamasına baxmayraq həmin ay üzrə hesablama aparılmışdır. Qanunvericiliyin tələblərinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir və ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Hazırkı işdən göründüyü kimi 2023-cü ilin sentyabr ayınadək olan dövr üzrə aparılmış əməliyyatlara görə həyata keçirilmiş kameral vergi yoxlaması ilə əlavə ƏDV hesablanmışdır. Məhkəmə qeyd edir ki, kameral vergi yoxlaması qanunvericiliyə müvafiq olaraq müvafiq hesabat dövründə aparılan əməliyyatlar üzrə keçirilir. Kameral vergi yoxlaması zamanı müvafiq hesabat dövründən əvvəlki və ya sonrakı əməliyyatların nəzərə alınması yolverilməzdir. Məhkəmə hesablamanın mahiyyətinə gəldikdə isə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsini idxal edilmiş malların faktiki alış (invoys) dəyəri əsasında deyil, gömrük dəyəri əsasında hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, malların gömrük dəyəri vergilərin deyil, məhz gömrük rüsumlarının hesablanması məqsədilə müəyyən edilən göstəricidir. Hesab edirlər ki, məhkəmə heç bir araşdırma aparmadan və qanunvericiliyi yanlış təfsir edərək tətbiq edilməli olmayan “Gömrük tarifi haqqında” qanunun 1.1.5, 3.5, 4.1 və 12.1-ci maddələrini və Vergi Məcəlləsinin 139-cu maddəsini iş üzrə tətbiq etmiş, lakin tətbiq edilməli olan Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini isə iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə vergilərin hesablanmasını şübhə altına almaq üçün invoys dəyərini vergilərin hesablanması üçün əsas götürülməli olduğunu qeyd edərək hesablanmış vergilərin qanunsuzluğunu diqqətə çatdırmışdır. Halbuki Vergi Məcəlləsinin 143 və 162-ci maddələri vergilərin hesablanması məqsədilə idxal zamanı malların gömrük dəyərinin əsas götürülməsini müəyyən etmişdir ki, məhkəmə bu tənzimlənməni nəzərə almamışdır. Məhkəmə əsas niyyətdən kənara qaçış edərək gömrük dəyərinin xüsusi qanunda tənzimlənən mahiyyətini açıqlamağa cəhd etmişdir. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən ibarətdir. Məhkəmə yanlışlığa yol verərək gömrük qanunvericiliyinin mövcud mübahisənin həll edilməsini müəyyən edən müddəalarına da tam istinad etməmiş, yalnız işin birtərəfli yanlış həllinə rəvac verən müddəaları tətbiq etmişdir. Belə ki, Gömrük Məcəlləsinin 242.1-ci maddəsində qeyd edilmişdir ki, əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Lakin məhkəmə bu müddəanı görməzdən gəlmiş, əlavə dəyər vergisinin idxal edilmiş malların invoys dəyərinə əsasən hesablanmalı olduğunu əsaslandırmağa çalışmışdır. Məhkəmə isə iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək yanlış mövqe sərgiləmiş və nəticədə kameral yoxlamasının nəticələrini şübhə altın almağa cəhd etmişdir. Hesab edirlər ki, iş üzrə Vergi Məcəlləsinin 143 və 162-ci maddələri tətbiq edilməli və vergilərin hesablanması zamanı xərclər müəyyən edilərkən malların dəyəri olaraq da gömrük dəyəri götürülməlidir. Məhkəmə nəzərə almamışdır ki, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin normaları, yəni xüsusi normalar tətbiq edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları ... 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyəri Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix;... 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Maddə 177. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli 3-21- *-*/*-******/**** nömrəli qərarın ləğvinə yönəlmişdir. Həmin qərarda hesabat dövrü kimi 2023-cü ilin sentyabr ayı, hesabat növü kimi isə əlavə dəyər vergisi göstərilmişdir. Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, araşdırma zamanı vergi ödəyicisinin fəaliyyətə başladığı vaxtdan idxal etdiyi mallara görə 903.155 manat ƏDV-ni ƏDV bəyannamələrində əvəzləşdirdiyi, fəaliyyət göstərdiyi dövr ərzində təqdim etdiyi mallara görə isə 740.803,9 manat ƏDV hesabladığı müəyyən edilmiş, təqdim olunmuş gəlir və ƏDV bəyannamələrinə əsasən mal qalığı və debitor borclar aşkar edilməmiş, aktiv təsərrüfat subyekti olmadığından operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi mümkün olmamış və nəticədə təqdim edilmiş mallarla idxal edilmiş mallar arasında yaranmış 162.352 manat ƏDV fərqinə görə əlavə hesablamanın aparılması zəruri hesab edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının sahibkarlıq fəaliyyəti onun müraciəti əsasında ##.##.2023-cü il tarixdən dayandırılmış, 2023-cü ilin sentyabr ayında isə hər hansı vergi tutulan əməliyyat həyata keçirilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən aparılmış araşdırmanın 2021–2023-cü illəri əhatə etməsinə baxmayaraq, həmin araşdırmanın nəticələri 2023-cü ilin sentyabr ayı üzrə kameral vergi yoxlamasının nəticəsi kimi rəsmiləşdirilmiş və əlavə vergi hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 37.2, 177.2 və 178-ci maddələrinin məzmunundan göründüyü kimi, kameral vergi yoxlaması konkret hesabat dövrü üzrə təqdim edilmiş bəyannamə əsasında aparılır, ƏDV üzrə hesabat dövrü isə təqvim ayıdır. Bu səbəbdən kameral vergi yoxlaması zamanı həmin hesabat dövründə baş vermiş əməliyyatlar qiymətləndirilməli, əvvəlki və ya sonrakı hesabat dövrlərinə aid əməliyyatlar isə həmin yoxlamanın predmetini təşkil etməməlidir. Cavabdeh tərəfindən müxtəlif hesabat dövrlərinə aid əməliyyatların 2023-cü ilin sentyabr ayına aid edilməklə əlavə vergi hesablanması vergi qanunvericiliyinin qeyd olunan tələblərinə uyğun olmamışdır. Apellyasiya şikayətində məhkəmənin Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini, habelə Gömrük Məcəlləsinin 242.1-ci maddəsini tətbiq etmədiyi, malların gömrük dəyərinin əsas götürülməli olduğu göstərilsə də, kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, hazırkı mübahisədə qiymətləndirilməli olan məsələ idxal zamanı gömrük orqanı tərəfindən əlavə dəyər vergisinin hesablanmasının qanuniliyi deyil, vergi orqanının kameral vergi yoxlaması zamanı əlavə vergi hesablamasını qanunvericiliyin tələblərinə uyğun aparıbaparmamasıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, vergi orqanı iddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsini malların faktiki alış (invoys) dəyəri əsasında deyil, gömrük dəyəri əsasında müəyyən etmişdir. Halbuki, Vergi Məcəlləsinin 139.2 və 143-cü maddələrinin tələblərindən göründüyü kimi, əmtəə-material ehtiyatlarının uçotu malların istehsal xərcləri və ya satınalma qiymətləri əsasında aparılır, aktivlərin dəyərinə isə onların əldə edilməsi ilə bağlı çəkilmiş xərclər daxil edilir. Bu baxımdan malların faktiki əldə edilmə dəyəri vergi uçotu üçün əsas göstərici olmaqla, cavabdehin yalnız gömrük dəyərinə istinad etməklə əlavə vergi hesablaması aparması qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-1(118)-6586/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-733/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-733/2026
03.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver