Məhkəmə qərarları › İş №2-1(3-8)-734/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-734/2026

01.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-734/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “cavabdehin hərəkətlərini qanunsuz hesab edərək onun ##.##.1989-cu ildən ##.##.1989-cu il tarixə kimi Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında əmək fəaliyyətinin və əmək haqqının nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının məbləğinin Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı əmək haqqının 4 qat məbləğində yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1968-ci ildə anadan olmuş, bir sıra müəssisələrdə işləmiş, işlədiyi * saylı Trestin ** saylı Tikinti İdarəsinin göndərişi əsasında ##.##.1989-cu ildən ##.##.1989-cu il tarixə kimi 1986-cı ildə baş vermiş Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı bir qrup şəxslə birlikdə həmin zonaya ezam olunmuş və şüalanmaya məruz qalmış, 2-ci dərəcəli Çernobıl əlilidir. Həmin müddətdə bu zonada olmaqla işləmiş və əmək haqqı almışdır. Ona ##.##.1992-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyasının yenidən hesablanması aparılmış və hazırda o, 384,69 manat pensiya alır. Pensiyaya çıxanda Ukraynada işləməyi nəzərə alınmamış, nəticədə onun kimi şüalanmaya məruz qalanlar və hətta ondan sonra bu ərazidə olan şəxslərdən az pensiya alır, aldığı pensiya onun maddi ehtiyaclarını ödəmir. Aldığı bu pensiya nəinki dava-dərmana, heç yeməyə belə çatmır, ağır və acınacaqlı bir vəziyyətdə yaşayır. Bu səbəbdən də ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın ünvanladığı ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, onun pensiyasının Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak zamanı aldığı əmək haqqı məbləği əsasında hesablanması mümkün deyildir. Göründüyü kimi cavabdeh orqan şüalanmaya məruz qaldığı və sağlamlığını itirdiyi zonada əmək fəaliyyətini və aldığı əmək haqqını nəzərə almamış və pensiyasını artırmamışdır, özü də bunu verdiyi cavab məktubunda etiraf etmişdir, nəticədə ona qarşı haqsızlığa yol verilmişdir. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş «X3 haqqında» AR Qanununun 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını ilirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər penssiya almaq hüququna malikdirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Mərkəzi Filialın ## ###### 2025-ci il tarixli *-**-*/*-Ş-******/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, mövcud qanunvericiliyin tələbləri baxımından əmək pensiyalarının əməkhaqqının 4 misli əsasında yenidən hesablanması mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il ## ###### tarixli 577 nöməli qərarına əsasən əməkhaqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması “X3 haqqında Qanun’un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əməkhaqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əməkhaqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1993-cü il tarixli *** nömrəli qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi mümkün deyildir. ##.##.1992-ci il tarixindən ##.##.2006-cı il tarixinədək qüvvədə olmuş ‘X3 haqqında "Azərbaycan Respublikasının Qanununun 80-ci maddəsinə əsasən və ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə iddiaçı İddiaçı əmək pensiyanın ödənişi hazırda 384,69 manat olmaqla davam etdirilir. Sözügedən Qanunun ##.##.1995-ci il tarixinədək qüvvədə olan 83.2-ci maddəsinə əsasən 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən pensiya hesablana bilərdi. Lakin mövcud qanunvericiliyin tələbləri baxımından əmək pensiyalarının əməkhaqqının 4 misli əsasında yenidən hesablanması mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** saylı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar ilə ##.##.1992-ci il tarixdən əmək pensiyası təyin olunmuş İddiaçı yenidən hesablanmış pensiya məbləği 384 manat 69 qəpik hesablanmaqla yenidən hesablanmanın ödəniş tarixi ##.##.2025-ci il tarixdən müddətsiz müəyyən edilmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı ##.##.1991- ##.##.1992-ci illərin əmək haqqı əsasında pensiya təyin edilmişdir. 63,66 (orta aylıq əmək haqqı)-51=12,66*80%=10,13 manat. 51*80%=40,8+6+22-49 manat. Həmin 49 manat 01.01,2006-cı ildə 2 yerə bölünür. Baza hissə 25 manat+sığorta hissə 24 manat Sığorta hissənin 24 manatı 2007 və 2008-ci illərə indeksləşərək 30,33 manata çatdırılır və orta aylıq əmək haqqının 80% alnan 10,13 manatla toplanaraq 40,46 manat müəyyən edilir.40,46 manat 2006-cı ilə indeksləşərək 32,01 manat müəyyən edilir və həmin tarixdən baza hissə ilə birlikdə indeksləşərək ##.##.2025-ci ildən 384,69 manata çatdırılır. Vətəndaş pensiya işində bir uşağa görə ailə əlavəsi də hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq, orta aylıq əməkhaqqı əsasında əmək pensiyası təyin edilmiş və əmək pensiyasının əmək haqqının 4 misli məbləğində hesablanması barədə iddiaçı tərəfindən hesablamanın aparılması üçün tələb olunan sübutlar cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iddiaçının pensiya işində olan sənədlərdə də öz əksini tapmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “X3 haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 80. Pensiya almaq hüququ olan şəxslər İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin #####in ##-dən 1990-cı ilin ######ın ##-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə 83 (Azərbaycan Respublikasının ##.##.1995-ci il tarixli, **** nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyada). Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı əmək haqqının 4 qat məbləğində yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X3 haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Həmin Qanunun: 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə (##.##.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin birinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi həm “X3 haqqında” Qanunun sadalanan normalarında, həm də Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli, *** nömrəli qərarında Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanırdı. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla (əvvəlki 12 ayın əmək haqqından) əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriya şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya aşağıdakı kimi üç fərqli qaydada hesablana bilərdi:

1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən.

2. Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından.

3. minimum əmək haqqının beşqat məbləğindən. Göründüyü kimi, həm “X3 haqqında” Qanunun sadalanan normalarında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli, *** nömrəli qərarında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərə pensiya təyin edilərkən bir neçə alternativ hesablanma üsulu nəzərdə tutulmuşdur. Bu halda əsas meyar ondan ibarət olmuşdur ki, pensiya ya əvvəlki 12 ayın əmək haqqından, ya da müraciət edənin seçiminə əsasən qanunda nəzərdə tutulmuş digər əsaslardan biri üzrə hesablanmalı idi. Hazırkı iş üzrə iddiaçıya da qeyd edilən əsaslarla, yəni əvvəlki 12 ayın əmək haqqısı nəzərə alınmaqla əlilliyə görə pensiya təyin edilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən bu kateqoriyadan olan şəxslərin müraciəti zamanı onların arzusuna əsasən pensiya yuxarıda sadalanmış üç fərqli qaydada hesablanıla bilərdi. Bu isə o deməkdir ki, qanun müraciət edən şəxsə seçim hüququ vermişdir. İş materiallarından görünür ki, iddiaçıya ##.##.1992-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və sonrakı dövrlərdə həmin pensiyanın məbləği müvafiq indeksləşdirmələr, habelə minimum pensiya həddinə çatdırılma qaydaları tətbiq edilməklə artırılmışdır. Göründüyü kimi, iddiaçıya pensiya təyinatı aparılan zaman onun seçim etmək imkanı olmuş, lakin o, bu hüquqdan istifadə etməmişdir. İş materiallarında iddiaçının həmin vaxt pensiyanın məhz Çernobıl AES-də işə görə aldığı maaşın dördqat məbləğindən hesablanmasını tələb etməsi və ya bununla bağlı aidiyyəti orqana müraciət etməsi barədə hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya pensiya təyini aparılan zaman hər hansı açıq qanun pozuntusuna yol verildiyi müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, şəxsin sonradan pensiyanın yenidən hesablanması barədə müraciəti olduqda, həmin müraciətin əsaslı olub-olmaması və istinad edilən sənədlərin belə hesablamaya hüquqi və faktiki əsas verib-verməməsi yoxlanılmalıdır. İddiaçı pensiyanın yenidən hesablanması üçün Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı əmək haqqının 4 qat məbləğində yenidən hesablanmasının nəzərə alınmasını xahiş edir. Kollegiya qeyd edir ki, iş materiallarına iddiaçıya məxsus pensiya işinə dair sənədlər əlavə edilmişdir. Həmin sənədlər arasında mövcud olan arayışdan görünür ki, iddiaçının 1991-1992-ci illərdə aldığı əmək haqqı məbləğləri qeyd olunmuşdur (iş materialları, səhifə 68). Eləcə də cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərardan görünür ki, ##.##.1992-ci il tarixdən əmək pensiyası təyin olunmuş İddiaçı yenidən hesablanmış pensiya məbləği 384 manat 69 qəpik hesablanmaqla yenidən hesablanmanın ödəniş tarixi ##.##.2025-ci il tarixdən müddətsiz müəyyən edilmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı ##.##.1991-##.##.1992-ci illərin əmək haqqı əsasında pensiya təyin edilmişdir. 63,66 (orta aylıq əmək haqqı)- 51=12,66*80%=10,13 manat. 51*80%=40,8+6+22-49 manat. Həmin 49 manat 01.01,2006-cı ildə 2 yerə bölünür. Baza hissə 25 manat+sığorta hissə 24 manat Sığorta hissənin 24 manatı 2007 və 2008-ci illərə indeksləşərək 30,33 manata çatdırılır və orta aylıq əmək haqqının 80% alnan 10,13 manatla toplanaraq 40,46 manat müəyyən edilir.40,46 manat 2006-cı ilə indeksləşərək 32,01 manat müəyyən edilir və həmin tarixdən baza hissə ilə birlikdə indeksləşərək ##.##.2025-ci ildən 384,69 manata çatdırılır. Vətəndaş pensiya işində bir uşağa görə ailə əlavəsi də hesablanmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının Çernobıl AES-də işə görə aldığı maaş barədə pensiyanın məhz iddia edilən qaydada yenidən hesablanmasına imkan verən kifayət qədər dəqiq və mötəbər məlumatlar müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsini də nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar