Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-760/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və vəkili Vəkil/Nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanılması və keçmiş dövr üzrə yaranmış borcların ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçıya 1992-ci ildən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik, həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən ##.##.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. Iddiaçının əmək pensiyası cavabdeh tərəfindən bir neçə dəfə hesablanmaqla, sonuncu dəfə ##.##.2025-ci il tarixli, *-**-*/*-C-******/**** nömrəli qərara əsasən yenidən hesablanaraq 488,39 manat məbləğində müəyyən edilmişdir.
3. Iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək pensiya işində olan sənədlər əsasında əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 25 və 80-ci maddələrinə əsasən ##.##.1992-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin olunmuş, ##.##.2006-cı il tarixindən qüvvədə olan ‘‘Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Pensiya işinə daxil olan sənədlərə əsasən 1988-ci ilin VII və VIII ayları üzrə orta aylıq əməkhaqqı əsasında əmək pensiyanın məbləği yenidən hesablanaraq ##.##.2022-ci il tarixindən (Qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) 337,56 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2023-cü il tarixindən 406.29 manata, ##.##.2024-cü il tarixindən 451,79 manata, ##.##.2025-ci il tarixindən 488,39 manata çatdırılmışdır. Ötən dövr üçün (##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək) hesablanmış fərq məbləği pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəkdir.
5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli Çernobıl əlilliyini nəzərə almaqla ## #### 1988-ci ildən ## ###### 1988-ci il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılması zamanı aldığı əməkhaqqının dördqat 4 məbləği əsasında pensiyanın yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış borcların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1964-cü ildə anadan olmuş, bir sıra müəssisələrdə işləmiş, işlədiyi Sumqayıt Evtikmə Kombinatının göndərişi əsasında ## #### 1988-ci ildən ## ###### 1988-ci il tarixə kimi kombinatın Ukraynanın Slavuliç şəhərində inşa etdiyi binaların tikintisində işləmiş və əmək haqqı almışdır. Lakin, iddiaçı Çernobil AES qəzasının nəticələrinin aradan qaldırılması ilə həmin zonada olarkən şüalanmaya məruz qalmış, 2-ci dərəcəli Çernobil əlilidir. Iddiaçıya ##.##.1992-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın yenidən hesablanması aparılmış və hazırda 488,39 manat pensiya alır. Pensiya təyinatı zamanı Ukrayna şəhərində işləməyi nəzərə alınmamışdır. Pensiyası onunla eyni kateqoriyadan olan şəxslərin pensiyasından daha az təşkil edir. Pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, pensiyasının məbləği artırılmamışdır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azənaycan Respublikası Qanununun ##.##.1995-ci il tarixinədək qüvvədə olan 83-cü maddənin əvvəlki redaksiyasında Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların pensiyasının əməkhaqqı üzrə hesablanmasının iki qaydası nəzərdə tutulmuşdur: Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd-qat məbləğinə əsasən - bunun üçün müvafiq maaş barədə məlumatlar da tətbiq edilməlidir; Ya Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqına ya da minimum əmək haqqının beşqat məbləğinə əsasən. Sadalananlardan da aydın olduğu kimi pensiyanın hesablanması üçün nəzərdə tutulmuş üç vəsait əsası nəzərdə tutulmuşdur: orta aylıq əməkhaqqı, həmin ərazilərdə aldıqları maaşın dördqatı və minimum əməkhaqqının beşqatı. Göründüyü kimi beşqat hesablanma yalnız minimum əməkhaqqı əsasında mümkündür, iddiaçının tələbinin strukturundan və ifadə tərzindən də aydın olur ki, onun pensiyasının maaşın dördqatının və ya minimum əməkhaqqının beşqatının əsasında hesablanması mümkün deyildir. Maaş üzrə hesablanma zamanı şəxsin arayışında Slavutiç şəhərində keçirdiyi günlərin əsasında hesablama baş tutur, iddiaçının pensiyasının hesablanma qaydasından, təqdim etdiyi sübutlardan və tələbinin ifadə tərzindən də aydın olduğu kimi şəxsin aylar üzrə aldığı əməkhaqqı əsasında orta əməkhaqqı hesablanmış və pensiya təyin edilmişdir. Başqa sözlə, həmin kateqoriya şəxslərə təyin edilən pensiyanın hesablanmasının üç fərqli qaydasının fərqləndirilməsi təqdim edilən sənədlərdən asılıdır. Alınmış əməkhaqqının dördqat hesablana bilinməməsinin səbəbi iddiaçının bir neçə gün üzrə alınmış maaş üzrə hesablanma qaydasına düşən vətəndaşların sırasından olmamasından qaynaqlanır. Bununla belə ədalətlilik prinsipinin təmini məqsədilə qanunvericinin bu tipli maaşın dördqatı və ya minimum əməkhaqqının beşqatı kimi hesablanma qaydasının qoyma məqsədi pensiya məbləğlərinin orta hesabla eyniləşdirilməsidir. Çünki normalda pensiyanın əməkhaqqı əsasında hesablanması aylar üzrə baş tutur. Sadəcə olaraq Çernobılda baş vermiş qəza və orada işləmə şəraitinin normal iş şəraiti olmaması səbəbindən fərqli sənəd təqdimatına adekvat olaraq fərqli hesablama qaydaları nəzərdə tutulmuşdur. Bununla yanaşı, sosial-iqtisadi sahədəki dəyişikliklər və yeniliklər ölkənin büdcəsindən düz mütənasib asılıdır. Yəni hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulmuş hesablama qaydaları həmin dövr üçün qüvvədə olan məzənnə, büdcə planı və tələbə uyğun tərtib edilmişdi. Həmin dövr üçün əməkhaqqının nəzərə alınaraq pensiyanın hesablanması qəbul edilən idi. Lakin ##.##.2006-cı il tarixindən qüvvədə olan Qanun vasitəsilə əvvəldən pensiyası təyin edilmiş şəxslərin hüquqlarının məhdudlaşdırılmaması naminə bir sıra keçid müddəalar tətbiq edilərək fərq məbləğinin olmasının qarşısı alınmışdı. Belə ki, iddiaçıya təyin edilmiş pensiya məbləği bugünədək həm konvertasiya edilmiş, həm yenidən hesablanmış, həm də indeksasiya edilmişdir. Hüquqi əsas olmadan köhnə qanunvericiliyin tətbiq ediIərək hesablanmış məbləğin yenidən hesablanması pensiyanın yanlış şəkildə ikiqat hesablanmış olmasına gətirib çıxardığı kimi həm də bərabərlik prinsipini pozmuş olacaq. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə).
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq, orta aylıq əməkhaqqı əsasında əmək pensiyası təyin edilmiş və əmək pensiyasının əmək haqqının 4 misli məbləğində hesablanması barədə iddiaçı tərəfindən hesablamanın aparılması üçün tələb olunan sübutlar cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iddiaçının pensiya işində olan sənədlərdə də öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sübutlar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbində qeyd olunan pensiyanın yenidən hesablanaraq artırılması tələbi əsaslı sayıla bilməz.
10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarında əmək pensiyasının əməkhaqqının dördqat məbləği əsasında yenidən hesablanması üçün tələb olunan sübutların iddiaçı tərəfindən nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edildiyi göstərilmişdir. Lakin iddiaçı buna dair müvafiq arayışı DOST Agentliyindən əldə edərək məhkəməyə təqdim etmiş və həmin sənəd iş materiallarına əlavə edilmişdir. Iddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin eidlməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ:
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları:
6. Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Maddə 72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Maddə 99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə— növbəti ayın 1-dən; ...
20. Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin ## ###### 1990-cı il tarixli, *** nömrəli qərarı: Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərin sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan SSR Nazirlər Soveti qərara alır:
1. Çernobıl AES-də 1988-ci ildə qəza nəticələrini aradan qaldırmağın iştirakçılar güzəştlərdə 1986-1987-ci illərdə həmin işlərin iştirakçılarına bərabər tutulsunlar. ...
7. Çernobıl AES-də 1986-1987-ci illərdə qəza nəticələrini adan qaldırmaqda iştirak etmiş şəxslərə 30 kilometrlik zona (köçürülmə zonası) daxilində işləmək haqqı dördqat ödənilsin.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi:
Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
25. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq iş üçün əhəmiyyətli halların tam və hərtərəfli araşdırılması təmin edilməmiş, pensiya işində olan həlledici sübutlara qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
26. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
27. Hazırkı mübahisənin predmeti cavabdehin iddiaçının əlilliyə görə əmək pensiyasını ## #### 1988-ci ildən ## ###### 1988-ci il tarixədək Slavutiç şəhərində gördüyü işə görə aldığı əməkhaqqının, ona pensiya təyin edildiyi tarixdə qüvvədə olmuş xüsusi hesablama qaydasına uyğun olaraq dördqat məbləği əsas götürülməklə yenidən hesablanmasından imtinasının qanunauyğun olub-olmamasıdır.
28. Cavabdeh iddia ərizəsinə və apellyasiya şikayətinə etirazında əməkhaqqının dördqat məbləği əsasında pensiyanın yenidən hesablanmasının mümkün olmamasını iddiaçının həmin hesablama qaydasından istifadə etmək hüququ olan şəxslərin sırasına aid olmaması ilə əsaslandırmışdır.
29. Birinci instansiya məhkəməsi isə əmək pensiyasının əmək haqqının dördqat məbləğində hesablanması üçün iddiaçı tərəfindən müvafiq sübutların təqdim edilmədiyini əsas gətirərək iddianı rədd etmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, həmin məhkəmənin öz sorğusuna cavab olaraq DSMF-nin Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş pensiya işində iddiaçının Slavutiç şəhərində işləməsini, həmin işə görə əməkhaqqının dördqat məbləğində pul ödənişinin aparıldığını və pensiyanın hesablanması üçün əməkhaqqı barədə ayrıca sənədin mövcudluğunu təsdiqləyən sübutlar vardır. Birinci instansiya məhkəməsi isə həmin sübutların məzmununu və iddiaçının tələb etdiyi hesablama üsuluna hüquqi təsirini qiymətləndirməmişdir.
31. Belə ki, pensiya işində olan Sumqayıt Evtikmə Kombinatı tərəfindən iddiaçı barəsində verilmiş ##.##.1992-ci il tarixli, ***-**/**** nömrəli arayışdan müəyyən edilir ki, kombinatın suvaqçısı olan iddiaçı ## #### 1988-ci il tarixdən ## ###### 1988-ci il tarixədək Slavutiç şəhərində inşa edilən binanın tikintisində iştirak etmişdir. Həmin Kombinat tərəfindən 1992-ci ildə verilmiş digər arayışda iddiaçıya Slavutiç şəhərində işlədiyi dövrə görə qanunvericiliyin tələbinə uyğun olaraq 18.088 manat məbləğində əməkhaqqının dördqatı həcmində pul ödənişi verildiyi göstərilmişdir. Bundan əlavə, pensiya işində bilavasitə pensiyanın hesablanması üçün əməkhaqqı barədə arayış da mövcuddur. Bu sənədlər birlikdə iddiaçının xüsusi hesablama üsuluna aid faktiki şərtlərin araşdırılması üçün kifayət edən sübut bazası yaratdığı halda, birinci instansiya məhkəməsinin “tələb olunan sübutlar pensiya işində yoxdur” nəticəsi iş materialları ilə uzlaşmır.
32. Bundan başqa, məhkəmə kollegiyasının iddiaçının pensiyasının tərkibinin və hesablanma qaydasının aydınlaşdırılması məqsədilə cavabdehə ünvanladığı sorğuya verilmiş xidməti məktubdan müəyyən olunur ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi 2006-cı il tarixinə 1988-ci ilin VII və VIII ayları üzrə müəyyən edilmiş 97,90 manat orta aylıq əməkhaqqı əsas götürülməklə və həmin dövrdə tətbiq edilən 51 manat məhdudiyyət nəzərə alınmaqla 26,04 manat müəyyən edilmiş, ##.##.2008-ci il tarixindən həmin məhdudiyyət aradan qaldırıldıqdan sonra yenə 97,90 manat orta aylıq əməkhaqqı əsasında sığorta hissəsi 70,43 manat hesablanmış və sonrakı dövrlərdə bu məbləğ qanunvericiliyə uyğun olaraq konvertasiya və indeksasiya edilmişdir.
33. Cavabdehin təqdim etdiyi bu hesablama zəncirinin heç bir mərhələsində Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğinin pensiyanın hesablama bazası kimi nəzərə alındığı görünmür. Əksinə, həmin cavab iddiaçının mövcud pensiyasının 97,90 manat orta aylıq əməkhaqqı əsasında formalaşdırıldığını təsdiq edir.
34. Bu hal pensiya işində dördqat ödənişi təsdiq edən sənəd mövcud olsa da, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsində nəzərdə tutulan xüsusi əməkhaqqı bazasının iddiaçının pensiyasının hesablanmasında tətbiq edilmədiyini bir daha təsdiqləyir.
35. Nəzərə almaq lazımdır ki, iddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar 1988-ci ildə Slavutiç şəhərində işlədiyi dövr üçün aldığı əmək haqqının onun əmək pensiyasının hesablanmasında hansı qaydada nəzərə alınmalı olması onun pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliklə tənzimləndiyindən həmin dövr üçün qüvvədə olan hüquq normalarının məzmunu və onların iddiaçıya münasibətdə tətbiqi qiymətləndirilməlidir.
36. Qanunverici Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və nəticədə sağlamlığına zərər dəymiş şəxslərin pensiya hüquqlarının müəyyən edilməsində onların həmin ərazilərdəki əmək fəaliyyətinin xüsusi xarakterini nəzərə alaraq əmək haqqının hesablanmasının ümumi qaydasından fərqlənən xüsusi mexanizm müəyyən etmişdir.
37. Bu xüsusi tənzimləmə iddiaçıya pensiya təyin edildiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80, 81 və 83-cü maddələrində, həmçinin, Azərbaycan SSR Nazirlər Sovetinin ## ###### 1990-cı il tarixli, *** nömrəli “Çernobıl AES-də 30 kilometrlik zona (köçürülmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında” Qərarında təsbit edilmişdir.
38. Işin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən iş stajından asılı olmayaraq Çernobil qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər.
39. Həmin Qanunun: - 81-ci maddəsinin 1-ci abzasına görə bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. - 83-cü maddəsinə (##.##.1996-cı il tarixədək qüvvədə olan redaksiyası) müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: - 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; - 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən.
40. Azərbaycan SSR Nazirlər Sovetinin ## ###### 1990-cı il tarixli, *** nömrəli qərarı 1988-ci ildə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxsləri güzəştlər baxımından 1986–1987-ci illərin iştirakçılarına bərabər tutmuşdur. Lakin hazırkı işdə iddiaçının Slavutiç şəhərində gördüyü işə görə pensiyanın hansı əməkhaqqı bazasından hesablanmalı olması məsələsi birbaşa “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsinin tətbiqi ilə həll edilməlidir.
41. Qanunun 83-cü maddəsi 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslər üçün alternativ hesablama üsullarını müəyyən edərək, müraciət edənin arzusu ilə pensiyanın Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən hesablanmasına açıq şəkildə imkan vermişdir. Normanın mətnində bu imkanın iş günlərinin sayından, əməkhaqqının aylıq və ya günlük arayışla təsdiq edilməsindən, yaxud şəxsin yalnız bir neçə gün həmin ərazidə işləməsindən asılı olması barədə əlavə şərt nəzərdə tutulmamışdır.
42. Buna görə də cavabdehin dördqat hesablama üsulunun yalnız “bir neçə gün üzrə alınmış maaş” əsasında hesablanma aparılan şəxslərə aid olması barədə mövqeyi qanunun mətnindən irəli gəlmir. Qanunda nəzərdə tutulmayan belə əlavə meyar inzibati orqanın təfsiri ilə yaradılaraq şəxsin sosial təminat hüququnu məhdudlaşdıra bilməz.
43. Iddiaçının 1988-ci ilin iyul və avqust aylarında Sumqayıt Evtikmə Kombinatının tərkibində Slavutiç şəhərində işlədiyi və həmin işə görə ona əməkhaqqının dördqat məbləğində pul ödənişi aparıldığı iş materiallarında olan sənədlərlə təsdiq olunur.
44. Kollegiya, həmçinin qeyd edir ki, Qanunun 83-cü maddəsində dördqat hesablama üsulunun tətbiqi “müraciət edənin arzusu” ilə əlaqələndirilmişdir. Pensiya işində ilkin pensiya təyinatına yaxın tarixdə tərtib edilmiş və məhz pensiyanın hesablanması məqsədini daşıyan əməkhaqqı sənədlərinin, o cümlədən, dördqat ödənişi təsdiq edən arayışın saxlanılması, habelə cavabdehin iddiaçının həmin dövrdə başqa hesablama üsulunu seçdiyini təsdiq edən hər hansı sənəd təqdim etməməsi birlikdə qiymətləndirildikdə, xüsusi hesablama üsulunun tətbiqini istisna edən hal müəyyən edilmir. Əksinə, cavabdeh pensiya işindəki bu sənədlərə baxmayaraq orta aylıq əməkhaqqı üsulunun nə üçün tətbiq edildiyini hüquqi və faktiki cəhətdən əsaslandıra bilməmişdir.
45. Kollegiya hesab edir ki, hazırkı mübahisədə 1992-ci ildə qüvvədə olmuş normaya istinad edilməsi qüvvədən düşmüş qanunun yeni hüquq münasibətinə tətbiqi kimi qiymətləndirilə bilməz. Həmin norma iddiaçıya pensiya təyin edilərkən düzgün müəyyən edilməli olan ilkin hesablama bazasının hüquqi meyarını təşkil edir. Sonrakı qanunvericiliklə aparılmış konvertasiya, yenidən hesablama və indeksasiya ilkin baza yanlış müəyyən edilmişdirsə, həmin səhvi qanuniləşdirmir; düzgün ilkin baza müəyyən edildikdən sonra sonrakı dövrlərin qanunvericiliyinə uyğun çevrilmə və indeksasiya həmin baza üzərindən aparılmalıdır.
46. Hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əvvəllər təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadığının aşkar edildiyi halda yenidən hesablamaya imkan verir. Buna görə cavabdehin “köhnə qanunvericiliyin tətbiqi pensiyanın ikiqat hesablanmasına səbəb olar” dəlili qəbul edilə bilməz: iddiaçının tələbi eyni dövr üçün ikinci pensiya hesablanmasına deyil, ilkin hesablamada buraxılmış səhvin aradan qaldırılmasına və bundan sonrakı çevrilmə və indeksasiyaların düzgün baza üzərindən aparılmasına yönəlmişdir.
47. Bununla yanaşı, dördqat hesablamanın tətbiqi pensiya işində artıq dördqat qaydada müəyyən edilmiş əməkhaqqı məbləğinin yenidən dörd dəfə artırılması mənasına gəlmir. Cavabdeh pensiya işindəki ilkin əməkhaqqı göstəricilərini və dördqat ödənişi təsdiq edən sənədləri qarşılıqlı qiymətləndirərək Qanunun 83-cü maddəsində nəzərdə tutulan dördqat əməkhaqqı bazasını bir dəfə düzgün müəyyən etməli, sonra isə həmin məbləğə sonrakı dövrlər üçün qüvvədə olmuş çevrilmə və indeksasiya qaydalarını tətbiq etməlidir.
48. Iddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə ## ##### 2025-ci il tarixdə müraciət etdiyindən, keçmiş dövr üzrə ödənilməmiş fərq məbləğinin müəyyən edilməsində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi və Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 6.6-cı bəndi nəzərə alınmalıdır. Bu səbəbdən, ödənilməmiş pensiya fərqi müraciət tarixindən əvvəlki üç ildən artıq olmayan dövr üçün hesablanmalıdır.
49. Qeyd edilənlərə əsasən, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan həlledici sübutları nəzərə almadan və pensiyanın ilkin hesablanmasına tətbiq edilməli olan xüsusi maddi hüquq normasını düzgün şərh etmədən iddianı etmişdir. Buna görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı ## #### 1988-ci il tarixdən ## ###### 1988-ci il tarixədək Slavutiç şəhərində gördüyü işə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsinə uyğun olaraq aldığı maaşın dördqat məbləği əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması və pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi ## ##### 2025-ci il tarixdən əvvəlki üç il ərzində yaranmış ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.