Məhkəmə qərarları › İş №2-1(3-8)-767/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-767/2026

27.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-767/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçılar İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “üçüncü qrup “Vətən müharibəsi” əlili kimi İddiaçı mənzil uçotunun Saatlı Rayon İcra Hakimiyyətindən Abşeron Rayon İcra Hakimiyyətinə köçürülməsi üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İŞİN HALLARI Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli ** saylı sərəncamı ilə Saatlı rayon Fətəlikənd kəndində daimi qeydiyyatda olan İddiaçı 3-cü qrup müharibə əlili kimi ailə tərkibi 4 nəfər olmaqla (özü, atası, anası və bacısı) ##.##.2022-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliyi siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, iddiaçı İddiaçı, X7 və X12 ##.##.2025-ci il tarixdən Abşeron rayonu Xırdalan şəhəri T.İsmayılov küçəsi ev 40 ünvanda qeydiyyata alınmışlar. Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli imtina məktubu ilə iddiaçının 5 il ərzində Abşeron rayonu ərazisində pasport qeydiyyatında olmaması əsas göstərilməklə, onun mənzil uçotuna götürülməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “üçüncü qrup “Vətən müharibəsi” əlili kimi İddiaçı mənzil uçotunun Saatlı Rayon İcra Hakimiyyətindən Abşeron Rayon İcra Hakimiyyətinə köçürülməsi üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı işindən ayrılaraq, könüllü olaraq vətən uğrunda döyüşlərə yollanmışdır. Vətənin 20% torpaqlarının düşmən tərəfindən zəbt olunması ona çox pis təsir edirdi. Müharibə zamanı bir sıra döyüşlərdə fəal iştirak etmişdir. İddiaçı Müzəffər Ali Baş komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı, “Müharibə iştirakçısı” medalı ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı qəhramancasına vuruşmuşdur, xüsusi sücayət göstərərək torpaqların azad edilməsində əlindən gələni etmişdir. Vətəninə və dövlətinə olan sevgisini düşmənlərə qarşı qəhramancasına vuruşaraq sübut etmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə əsas məqsədi kirayə yaşadığı evin çox acınacaqlı olmasıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının İ X10 xanım Əliyevanın, yerli icra hakimiyyəti orqanlarının iddiaçı kimi Qazilərə daim dəstək göstərdiklərini hiss edir. Üçüncü qrup əlillik alandan sonra Saatlı və Xırdalan şəhərləri arasında qalmışdır. Anası iddiaçıya baxdığı üçün o da əziyyət çəkir. Hazırda elə bir şəraitsizlikdə Abşeron rayonu Xırdalan şəhəri T.İsmayılov küçəsi ev 40 ünvanda kirayə qalır. Düşdüyü çətin vəziyyətdən heç cür çıxa bilmir, kirayə pullarını ödəməkdə çox çətinlik çəkir. Daim çətin vəziyyətdə yaşadığını, şəraitsiz və qəzalı kirayə evdə yaşadığını, yaşadığı evin kirayə ödənişini verməkdə çətinlik çəkdiyini nəzərə alaraq, yaşayış yeri ilə təmin edilməsi məsələsində köməklik göstərilməsinə dair ərizə ilə müraciət etmişdir. Abşeron rayonu Xırdalan şəhəri Tofiq İsmayılov küçəsi ev 40-da qeydiyyatda olduğunu nəzərə alaraq, mənzilə ehtiyacı olan şəxs kimi növbəliyini qeydiyyatı üzrə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin, Abşeron rayon İcra Hakimiyyəti ##.##.2025-ci il tarixli *-**/*-A-***-***/**** saylı cavab məktubuna əsasən Abşeron rayonu üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “üçüncü qrup “Vətən müharibəsi” əlili kimi İddiaçı mənzil uçotunun Saatlı Rayon İcra Hakimiyyətindən Abşeron Rayon İcra Hakimiyyətinə köçürülməsi üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vətəndaşın mənzil növbəsində uçota alınması məhz onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında həmin orqan tərəfindən həyata keçirilir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyətinin ##.##.2022-ci il tarixli sərəncamından aydın olur ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəliliyi siyahısına daxil edilməsi qərara alınmışdır. Hazırda iddiaçı Abşeron rayonunda yaşaması faktına istinad edərək, Saatlı rayonunda qeydə alınmış mənzil uçotunun dəyişdirilərək Abşeron Rayonu üzrə mənzil uçotuna alınmasını tələb edir. Məhkəmə işin hallarına münasibətdə bildirir ki, iddiaçının daimi yaşadığı ünvan Saatlı rayonu olmuş, ##.##.2022-ci il tarixdən həmin rayonda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. ##.##.2025-ci il tarixdən iddiaçının Abşeron rayonu Xırdalan şəhəri Tofiq İsmayılov küçəsi ev 40 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınması isə tam formal xarakter daşıyır və yeganə məqsədi yaşayış yeri üzrə uçotun Abşeron rayonuna dəyişdirilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçının ## ##### 2025-ci il tarixdən iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsi, ev 40 ünvanına qeydiyyata alınması, onun daimi olaraq həmin ünvanda yaşaması anlamına gəlmir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi işə baxarkən ciddi araşdırma aparmamışdır. Belə ki, onun işlə bağlı təqdim etdiyi bir sıra sübutlar, arayışlar, Abşeron Rayon İcra Hakimiyyətinin analoji işlərlə bağlı verdiyi sərəncamlar nəzərə alınmamış, araşdırılmadan qərar qəbul edilmişdir. İmtinaya səbəb kimi göstərilmiş 5 il müddətlə bağlı təqdim etdiyi MKİS arayışı, qeydiyyatda olduğu əmlakın sahibinin arayışı, bir sıra sərəncamlar qərar verilərkən araşdırılmamışdır. Hazırda özünə məxsus heç bir yaşayış yeri yoxdur. Kirayə yaşayır. Sübut kimi 15-dən çox analoji işlərlə bağlı sərəncam və məhkəmə qətnaməsi, 2018-ci ildən bu günə kimi Abşeron rayonu ərazisində yaşadığına dair arayış məhkəmə iclasında təqdim etməsinə baxmayaraq heç biri nəzərə alınmamış, iş ümumiyyətlə araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı bərabərlik və çəkişmə prinsipi tam pozulmuşdur. Tərəflərin proses zamanı təqdim etdiyi sübutları nəzərə alması işin mahiyyəti üzrə həll olunması üçün vacibdir. Məhkəmənin gedişatından və məhkəmə araşdırmasından tam narazıdır. Məhkəmə kolegiyasının nəzərinə çatdırır ki, onun hal-hazırda yaşamağa yeri yoxdur. Abşeron rayonu Xırdalan şəhəri Tofiq İsmayılov küçəsi ev 40 ünvanda müvəqqəti məskunlaşaraq yaşayır. Vətən müharibəsi qazisi olaraq onun yaşayış yerinin olmadığı, kirayə haqqı ödəmək imkanının olmadığı, əmlak almaq imkanının olma ehtimalının sıfıra bərabər olması onu çox çarəsiz vəziyyətə salır. Qərardan da göründüyü kimi, məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır. Qərarın ləğv olunması üçün ən ciddi əsas odur ki, Sumqayıt İnzibati Məhkəməsi işə baxarkən ciddi araşdırma aparmayaraq möhtəbər sübutları nəzərə almamışdır. Məhkəmə baxışı zamanı şifahi bildirsə də ki, qanunvericiliyin tələbləri hər kəs üçün eynidir və Abşeron RİH tərəfindən verilmiş sərəncamlardan göründüyü kimi yanaşma fərqli ola bilməz, məhkəmə bunu heç cür nəzərə almamış və əleyhinə qərar qəbul etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən çıxarılmış qərarı ilə razı deyil. Məhkəmə qərarında bir çox nöqsanlar və ziddiyyətlər vardır. Belə ki, qərar verilərkən mühüm əhəmiyyət kəsb edən sübutlara dair heç bir araşdırma aparılmamış, nəzərdən keçirilməmişdir. Abbasov İltizam Müşür oğlunun ************* saylı ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. ##.##.2026-cı il tarixli *** saylı arayışda qeyd olunmuşdur ki, 2018-ci ildən ailəsi ilə birgə qeydiyyatsız Abşeron rayonu ərazisində yaşayır. Bu da imtinaya səbəb olmuş əsasları aradan qaldırmağa yetərli olsa da, möhkəmə bu sübutu da nəzərə almamışdır. Digər məsələ ondan ibarətdir ki, digər analoji işlərlə bağlı olan tərəfindən bir sıra məhkəmə qərarları və Abşeron RİH tərəfindən birbaşa daşınma ilə bağlı verilmiş sərəncamlar heç diqqətə alınmamışdır. Belə ki, qanunvericiliyin tələbləri eyni tətbiq olunmalı, verilmiş qərarlarda vahidlik prinsipi pozulmamalıdır. Belə ki, məhkəməyə təqdim etdiyi ##.##.2015-ci il tarixli Saatlı RİH Sərəncamının ##.##.2023-cü il ** saylı sərəncamla X11 növbəliyinin Bakı şəhəri Binəqədi rayonuna daşınmasına dair, ##.##.2021-ci il tarixli, ** saylı X4 Xəzər RİH tərəfindən verilmiş sərəncam, ##.##.2002-ci il tarixli Saatlı RİH sərəncamının X5 növbəliyinin ##.##.2022-ci il tarixli, *** saylı Sərəncama əsasən Abşeron RİH daşınmasına dair, ##.##.2002-ci il tarixli Saatlı RİH sərəncamının X13 növbəliyinin ##.##.2023-cü il tarixli, * saylı Sərəncama əsasən Abşeron RİH daşınmasına dair, ##.##.2024-cü il tarixli, *** saylı sərəncam ilə X1 Abşeron RİH tərəfindən birbaşa mənzil növbəliyinə götürülməsinə dair, X8 növbəliyinin 2-1(118)-3679/2025-ci il tarixli ##.##.2025-ci il tarixli məhkəmə qərarına əsasən növbəliyin daşınması öhdəliyi Abşeron RİH üzərinə qoyulması tələbi təmin edilmiş və ##.##.2025-ci il tarixli, *** saylı sərəncama əsasən Ağayeva Gülsüm evlə artıq təmin olunmuşdur. X3 növbəliyinin 2-1(118)-2681/2024-cü il tarixli, ##.##.2024-cü il tarixli məhkəmə qərarına əsasən növbəliyin daşınması öhdəliyi Abşeron RİH üzərinə qoyulması tələbi təmin edilmiş və ##.##.2024-cü il tarixli, *** saylı sərəncama əsasən evlə artıq təmin olunmuşdur. O ayrıca mənzil ilə təmin olunmadığı üçün hüquqları ciddi şəkildə pozulur. Onun da mənzil almaq haqqı vardır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, o, Abbasov İltizam Müşür oğluna məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Tofiq İsmayılov küçəsi ev 40 ünvanda kirayədə yaşayır. Saatlı rayonundakı mənzil növbəsini Abşeron rayonuna köçürmək məqsədilə Abbasov İltizam Müşür oğlunun evinə ##.##.2025-ci il tarixdə qeydiyyata düşmüşdür. Hesab edir ki, Abşeron rayonunda daha tez mənzillə təmin oluna bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. ... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ... ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2009-cu il tarixli *** nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə materiallarında olan sənədəri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı üçüncü dərəcəli Vətən müharibəsi əlili olmaqla, Saatlı Rayon İcra Hakimiyyətinin ##.##.2022-ci il tarixli sərəncamı ilə ##.##.2022ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna alınmış, sonradan ##.##.2025-ci il tarixdən Abşeron rayonuna qeydiyyata alınmasını və orada kirayədə yaşamasını əsas gətirərək, Saatlı Rayon İcra Hakimiyyətində olan mənzil uçotunun Abşeron Rayon İcra Hakimiyyətinə köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizə əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin norma və onun sistemli təhlili göstərir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçotu şəxsin faktiki və daimi yaşayış yeri ilə əlaqələndirilmiş hüquqi institutdur və yalnız yaşayış yerinin formal dəyişdirilməsi mənzil uçotunun avtomatik olaraq başqa inzibati ərazi üzrə aparılmasına əsas vermir. İş materialları ilə də müəyyən olunur ki, iddiaçı ##.##.2022-ci il tarixli sərəncam əsasında yaşayış yeri üzrə Saatlı rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna alınmışdır. Sonradan ##.##.2025-ci il tarixdə Abşeron rayonu üzrə qeydiyyata alınması isə, birinci instansiya məhkəməsinin də əsaslı olaraq qeyd etdiyi kimi, özlüyündə onun daimi yaşayış yerinin dəyişməsini təsdiq edən hal hesab edilə bilməz və iş üzrə mövcud sübutlar həmin qeydiyyatın mənzil uçotunun dəyişdirilməsi məqsədi daşıdığı qənaətinə gəlməyə əsas verir. Bunu iddiaçı özü də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında təsdiq edərək bildirmişdir ki, o, Abbasov İltizam Müşür oğluna məxsus olan Abşeron rayonu Xırdalan şəhəri Tofiq İsmayılov küçəsi ev 40 ünvanda kirayədə yaşayır. Saatlı rayonundakı mənzil növbəsini Abşeron rayonuna köçürmək məqsədilə Abbasov İltizam Müşür oğluna məxsus olan evə ##.##.2025-ci il tarixdə qeydiyyata düşmüşdür. Hesab edir ki, Abşeron rayonunda daha tez mənzillə təmin oluna bilər. Kollegiya nəzərə alır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda yaşayış yeri anlayışı şəxsin daimi və ya daha çox yaşadığı yer kimi müəyyən edilmiş, qeydiyyat isə həmin halın yeganə və mübahisəsiz sübutu kimi nəzərdə tutulmamışdır. Bu baxımdan yalnız qeydiyyat ünvanının dəyişdirilməsi şəxsin faktiki yaşayış yerinin dəyişməsi barədə birmənalı nəticəyə gəlməyə imkan vermir. Belə ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Mənzil Məcəlləsinin yaşayış sahəsinə uçota alınma ilə bağlı hazırkı qərarın 13-cü bəndində qeyd olunan normaların qarşılıqlı təhlilindən görünür ki, mənzil uçotuna alınmanın əsas prinsipi şəxsin məhz daimi yaşadığı yer üzrə aparılmalı olmasıdır. Belə ki, Mənzil Məcəlləsinin 51.3-cü maddəsində aydın şəkildə qeyd edilir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Bu, o deməkdir ki, vətəndaş yalnız daimi yaşayış yeri üzrə uçota durmaq hüququna malikdir. Bu qaydanın məqsədi şəxsin real olaraq harada yaşadığını və dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinə ehtiyacı olan əhali üzrə bölgüsünü düzgün planlaşdırmaqdır. Məhz bu səbəbdən, şəxsin yaşadığı ərazidə yaşayış sahəsinə ehtiyacı olduğu təsbit edildikdə, yerli icra hakimiyyəti orqanı tərəfindən bu məsələlər tənzimlənir. Hazırkı halda Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli ** saylı sərəncamı ilə iddiaçı daimi yaşayış yeri olan Saatlı rayon Fətəlikənd kəndi üzrə 3-cü qrup müharibə əlili kimi ailə tərkibi 4 nəfər olmaqla (özü, atası, anası və bacısı) ##.##.2022-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliyi siyahısına daxil edilmişdir. Yəni, onun hüquqları təmin edilərək növbəyə götürülmüşdür. Növbəlilik əsasında ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin ediləcəkdir. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində şəxsin yaşayış yeri və olduğu yer anlayışları verilmişdir. Belə ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Sadalanan qanunvericilik normalarını hazırkı işə tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kirayədə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri T.İsmayılov küçəsi ev 40 ünvanda ##.##.2025-ci il tarixdən qeydiyyata alınması onun daimi olaraq həmin ünvanda yaşaması anlamına gəlmir. Məhkəmə araşdırması nəticəsində əksinə müəyyən edildi ki, iddiaçının Abşeron rayonunda olan qeydiyyatı tam formal və məqsədli xarakter daşıyır. AZEMİS-də olan şəxsiyyət vəsiqəsi məlumatlarında iddiaçı İddiaçı Saatlı rayonu, Fətəlikənd ərazi dairəsinin Fətəlikənd kəndində daimi qeydiyyatda olması müəyyən edilir. (ş/v AA4897102, ##.##.2023, ASAN 5) Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı artıq Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmışdır və hazırkı mübahisə yeni uçota alınma deyil, mövcud mənzil uçotunun başqa inzibati ərazi vahidinə köçürülməsi ilə bağlıdır. İddiaçı isə mənzil uçotunun dəyişdirilməsini zəruri edən, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi və faktiki əsasların mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də cavabdehin imtinasında göstərilən 5 illik qeydiyyat müddətinə dair əsaslandırma düzgün olmasa belə, həmin hal iddia tələbinin təmin edilməsi üçün kifayət etmir və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair gəldiyi nəticənin mahiyyət etibarilə düzgünlüyünü aradan qaldırmır. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar