Məhkəmə qərarları › İş №2-1(3-8)-773/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-773/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-773/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ləğv edilmiş DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-587 A Kod ******** saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Quba rayon Aşağı- Atuc kəndi ərazisindən verilmiş 0,16 ha həyətyanı torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ## ##### 2006-cı il tarixli 4-Ə-***-*** №-li alqı-satqı müqavilələrinə əsasən, Quba rayonu, Aşağı-Atuc kəndi ərazisindən 0,16 ha həyətyanı torpaq sahəsi satın almış və qeyd edilən alqı-satqı müqavilələrinə əsasən, satın aldığı 0,16 ha torpağa ləğv edilmiş DT və XK -nın Quba rayon Şöbəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-587 A Kod ******** saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işləmiş və şəhadətnamənin verilməsinə əsas *-Ə-***-*** saylı alqı-satqı müqavilələri olmuşdur. Iddiaçı hesab edirki,qeyd edilənlər iddaanın təmini üçün əsasdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Iddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-587A KOD 30308018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun ## ##### 2006-cı il tarixli, *ə-***-*** saylı alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Aşağı Atuc kəndi ərazisindən 0,16 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Quba RIHB-nın Vladimirovka inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən hazırda Quba rayonu, Mirzəməmmədkənd kəndində qeydiyyatdadır və hal- hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, bildirilir ki, arxivə təhvil verilmiş 4Ə-***-*** reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. xxxx Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, JN-***A saylı (Kod 30308018) "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olan sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilməmişdir. xxxx Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq JN- ***A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti məhkəməyə təqdim edilmişdir. Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, GPS aləti vasitəsi ilə torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) götürülmüşdür. Faktiki olaraq həmin torpaq sahəsi dəmir tor ilə hasarlanmışdır. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi gediş-gəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddia olunan torpaq sahəsi 0,16 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-587A kod ******** nömrəli şəhadətnamə baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə qeyd olunmamışdır. Iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu Informasiya sisteminə (TEKUIS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. Əlavə olaraq bildirilir ki, TEKUlS-də açıqlama bölməsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi “Köçəri Mal-Qara düşərgəsinin torpağı” kimi qeyd olunmuşdur. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin qərb istiqamətində olan gediş-gəliş yolunun əks tərəfində yerləşən torpaq sahəsi üzərində ************ reyestr nömrəli çıxarışa əsasən, X1 mülkiyyət hüquqları tanınmışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir və başqa şəxslər barəsindədir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat: Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. c) kassasiya instansiya məhkəməsindəki icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI. a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, qeyd olunan torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ## ##### 2006-cı il tarixli, *-Ə-***-*** nömrəli alqısatqı müqaviləsinə əsasən əldə etmişdir. Torpağın mülkiyyət sənədinin Azərbaycan Respublikası DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən cavabdeh orqana təhvil verilməməsi, şəhadətnamədə göstərilən alqı-satqı müqaviləsinin arxivdə aşkar edilməməsi bir alıcı və torpaq mülkiyyətçisi kimi onun mülkiyyət hüququ əldə etməyinə mane ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı Quba rayon Aşağı-Atuc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edən çıxarışın verilməsini tələb edir. Iddiaçı hüquqmüəyyənedici sənəd kimi torpağın mülkiyyətə verilməsinə dair JN-587 A nömrəli (KOD 30308018) seriyalı şəhadətnaməyə əsaslanır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərin əsli təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir və başqa şəxslər barəsindədir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilib-edilməməsini də nəzərə almalıdır. Kollegiya iddiaçının təqdim etdiyi sənədin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədin məzmunu deyil, onun qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarında verilmiş göstərişlərin icrası məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli sorğuları ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən şəhadətnamədə göstərilən 4Ə-*** və 4Ə-*** reyestr nömrəli müqavilələrin təsdiq edilmiş surətləri, “xxxx” MMC-dən JN-587A (kod ********) nömrəli şəhadətnamənin arxiv nüsxəsi, DWG və TEKUIS məlumatları, torpaq sahəsinin kateqoriyası, təyinatı, bonitet balı və keyfiyyət qrupu, * saylı Xaçmaz Ərazi Idarəsindən isə ilkin torpaqayırma sənədləri, torpağın ilkin hüquq sahibinin adına rəsmiləşdirilməsi və qeydiyyatı, sahə üzərində əvvəl qeydiyyata alınmış hüquqlar, mülkiyyət növü, kateqoriyası, təyinatı və uqodiyası barədə məlumatlar tələb edilmişdir. Bundan başqa, məhkəmənin ## #### 2026-cı il tarixli sorğusu ilə torpaq sahəsinə naturada baxış keçirilməsi, onun ölçü və koordinatlarının müəyyən edilməsi və müvafiq rəyin təqdim olunması istənilmişdir. xxxx publik hüquqi şəxsin tabeliyində “xxxx” MMC-nin # #### 2026-cı il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubunda JN-587A (kod ********) nömrəli şəhadətnamənin arxiv nüsxəsinin aparılmış araşdırma zamanı aşkar edilmədiyi, mübahisəli sahənin TEKUIS məlumatlarında kənd təsərrüfatı təyinatlı, uqodiyası tikinti altında olan torpaqlar kimi göstərildiyi, DWG faylında isə torpaq kadastr göstəricilərinə dair məlumatların əks olunmadığı bildirilmişdir. xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin # #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə olunmuş müayinə aktından görünür ki, torpaq sahəsinə naturada baxış keçirilmiş, GPS vasitəsilə ölçü və koordinatlar götürülmüş və iddiaçının faktiki istifadəsində olan, dəmir torla hasarlanmış sahənin 0,16 ha təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı sahə ilə bağlı faktiki mübahisə qeydə alınmamış, onun gediş-gəliş yolu və qonşu torpaq sahələri ilə həmsərhəd olduğu göstərilmişdir. Müayinə aktında həmçinin JN-587A (kod ********) nömrəli şəhadətnamənin baza məlumatlarındakı xəritə materiallarında əks olunmadığı və həmin nömrənin DBF siyahısında qeyd edilmədiyi, mübahisəli sahənin TEKUIS-də kənd təsərrüfatı təyinatlı, uqodiyası tikinti altında olan torpaqlar və mülkiyyət növü dövlət mülkiyyəti kimi göstərildiyi, açıqlama bölməsində isə ərazinin “Köçəri Mal-Qara düşərgəsinin torpağı” kimi qeyd olunduğu bildirilmişdir. Eləcə də müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi baza məlumatlarındakı xəritə materiallarına əsasən hər hansı mülkiyyət sənədi ilə üst-üstə düşmür, mühafizə zolağında yerləşmir və həmin sahə üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Bununla belə, nə ilkin torpaqayırma sənədləri, nə torpağın ilkin mülkiyyətçisinin adına rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması barədə məlumatlar, nə də JN-587 A nömrəli (KOD 30308018) seriyalı şəhadətnamənin arxiv nüsxəsi aşkar edilmişdir. Məhkəmə kollegiyası iddiaçının torpaq sahəsini faktiki istifadə etməsini, onu hasara almasını, baxış zamanı başqa şəxslərlə faktiki mübahisənin və xəritə materialları üzrə hər hansı mülkiyyət sənədi ilə üst-üstə düşmənin müəyyən edilməməsini iş üzrə sübutlarla təsdiqlənən hallar kimi qiymətləndirir. Lakin həmin faktiki hallar özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə nəzərdə tutulmuş qaydada yarandığını təsdiq etmir və dövlət qeydiyyatı üçün zəruri olan hüquqmüəyyənedici sənədlərin mövcudluğunu əvəz etmir. Beləliklə, aparılmış əlavə araşdırma nəticəsində mübahisəli 0,16 ha torpaq sahəsi naturada müəyyən edilsə də, iddiaçının istinad etdiyi şəhadətnamənin arxiv və elektron kadastr məlumatlarında təsdiqini tapmadığı, torpaq sahəsinin TEKUISdə dövlət mülkiyyəti kimi göstərildiyi, onun iddiaçıya və ya əvvəlki hüquq sahibinə ayrılmasını və həmin hüququn dövlət qeydiyyatına alınmasını təsdiq edən ilkin sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Bu hallar təqdim olunmuş şəhadətnamənin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli və mötəbər hüquqi əsas olmadığını göstərir. Kollegiya xüsusilə qeyd edir ki, yuxarıda qeyd edilən hallar təqdim edilən sənədin hüquqi əsası və etibarlılığı ilə bağlı olan şübhələri daha da dərinləşdirir, onun saxtalaşdırma əlamətləri daşıdığını istisna etmir və nəticə etibarilə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin hüquqi etibarlılığına və qanuniliyinə ciddi xələl gətirir. Belə şəraitdə isə bu cür qeyri-müəyyən, hüquqi etibarlılığı təsdiqlənməmiş və qanunvericiliklə nəzərdə tutulmuş formada qeydə alınmamış sənədə əsasən hüququn dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3-cü maddəsində təsbit olunmuş hüquqi münasibətlərin sabitliyi və şəffaflığı, daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi prinsiplərini də pozmuş olar və bu baxımdan qeydiyyat orqanının çıxarış verməkdən imtina etməsi hüquqi baxımdan tam əsaslı və qanunauyğundur. Bütün bu halları nəzərə alan kollegiya bir daha vurğulayır ki, hüququ təsdiq edən sənədin yalnız kağız daşıyıcısında təqdim edilməsi və ya sadəcə surətinin mövcudluğu kifayət etmir. Belə sənədin qanunvericiliyə uyğun qaydada qeydiyyat orqanında rəsmiləşdirilməsi, müvafiq informasiya sistemində qeydiyyatının aparılması və aidiyyəti qurumlar tərəfindən tanınması zəruridir. Əks təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması prosesi öz funksional mahiyyətini itirərək, hüquqi qeyri-müəyyənlik və risklər doğura bilər. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsində nəzərdə tutulduğu qaydada, yəni hüquqların dövlət qeydiyyatı üçün təqdim olunan ərizənin və sənədlərin qəbul edilməsi, həmin sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunun yoxlanılması, hüquqlar arasında ziddiyyətlərin müəyyən edilməsi və qeydiyyatdan imtina və ya dayandırılma üçün əsasların olub-olmamasının araşdırılması nəticəsində cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş JN-587 A nömrəli (KOD 30308018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin müvafiq dövlət arxivlərində və kadastr orqanlarının arxiv fondlarında nüsxəsinin mövcud olmaması, elektron informasiya sistemlərində və vahid kadastr uçotu bazasında qeydiyyata alınmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası şəhadətnamədə hüququn yaranma əsası kimi göstərilən notariat müqaviləsinə dair arxiv məlumatlarını da qiymətləndirilməsini zəruri hesab edir. Bu məqsədlə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən Quba Rayon Dövlət Notariat Kontorunda 4Ə-*** və 4Ə-*** reyestr nömrələri ilə qeydə alınmış müqavilələrin təsdiq edilmiş surətləri tələb edilmiş, Arxivin # #### 2026-cı il tarixli, *-**-*- ***/*-******/**** nömrəli məktubu ilə həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Arxivin müşayiət məktubunda müqavilələrin ## ##### 2006-cı il tarixdə təsdiq edildiyi göstərilsə də, təqdim edilmiş müqavilələrin üzərindəki notariat təsdiq qeydlərindən 4Ə-*** və 4Ə-*** reyestr nömrəli müqavilələrin ## ######## 2006-cı il tarixdə rəsmiləşdirildiyi görünür. 4Ə-*** reyestr nömrəli müqavilə X4 ilə “xxxx” Kommersiya Bankı arasında Quba şəhəri, Natavan küçəsi ** nömrəli ünvanda yerləşən yaşayış evi və 0,0531 ha torpaq sahəsinin alqı-satqısına, 4Ə-*** reyestr nömrəli müqavilə isə X3 ilə X2 arasında yaşayış evinin bağışlanmasına dair bağlanmışdır. Göründüyü kimi şəhadətnamədə hüququn yaranma əsası kimi göstərilən ## ##### 2006-cı il tarixli *Ə-***-*** nömrəli alqı-satqı müqaviləsi ilə Dövlət Notariat Arxivindən təqdim olunan sənədlər arasında müqavilələrin tarixi, tərəfləri, predmeti və torpaq sahəsinin yerləşdiyi yer baxımından əsaslı uyğunsuzluq mövcuddur. Təqdim edilmiş müqavilələrin heç birinin tərəfi İddiaçı deyil və həmin sənədlər Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,16 ha torpaq sahəsinə aid deyildir. Buna görə də bu uyğunsuzluq sadə texniki səhv kimi qiymətləndirilə və həmin müqavilələr JN-***A nömrəli şəhadətnamənin hüquqi əsası hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsindən faktiki istifadə etməsi və həmin sahə ilə bağlı başqa şəxslərin qeydiyyata alınmış hüquqlarının müəyyən edilməməsi, hüququn yaranmasına əsas olan sənədlərin mövcudluğu təsdiqlənmədiyi halda, onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət etmir. Dövlət qeydiyyatı yeni mülkiyyət hüququ yaratmadığından, şəhadətnamədə göstərilən hüquqi əsasın rəsmi notariat sənədləri ilə təkzib olunduğu, ilkin torpaqayırma və qeydiyyat sənədlərinin isə aşkar edilmədiyi şəraitdə cavabdehin üzərinə mülkiyyət hüququnu qeydiyyata almaq və çıxarış vermək öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, aparılmış araşdırma nəticəsində mübahisəli 0,16 ha torpaq sahəsinin əvvəllər hər hansı fiziki və ya hüquqi şəxsə ayrılmasına, həmin şəxsə təhvil verilməsinə, onun adına hüquqmüəyyənedici sənəd rəsmiləşdirilməsinə, eləcə də torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnun dövlət qeydiyyatına alınmasına dair hər hansı mötəbər sənəd və məlumat aşkar edilməmişdir. Eyni zamanda, həmin torpaq sahəsinin alqı-satqı, bağışlama, dəyişdirmə, vərəsəlik və ya hüququn başqa şəxsə keçməsinə əsas verən digər hüquqi faktın predmeti olması, yaxud hər hansı şəxsdən iddiaçıya keçməsi də iş materialları ilə təsdiq olunmur. Əksinə, elektron kadastr və arxiv məlumatlarında mübahisəli sahə üzərində hər hansı şəxsin hüququnun qeydiyyata alınmadığı, iddiaçının istinad etdiyi JN-***A nömrəli şəhadətnamənin xəritə materiallarında və DBF siyahısında əksini tapmadığı, onun verilməsinə əsas kimi göstərilən 4Ə-*** və 4Ə-*** reyestr nömrəli müqavilələrin isə başqa şəxslərə və başqa daşınmaz əmlaklara aid olduğu müəyyən edilmişdir. Bu baxımdan, mübahisəli torpaq sahəsi üzərində əvvəlcədən mövcud olmuş və alqı-satqı yolu ilə iddiaçıya keçmiş hüququn olması barədə dəlil iş üzrə toplanmış sübutlarla təsdiqini tapmır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar