Məhkəmə qərarları › İş №2-1(3-8)-774/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-774/2026

21.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-774/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin prosessual hüquqi varisi “xxxx” publik hüquqi şəxsinə qarşı “ona ##.##.2024-cü il tarixdən “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı İddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”yə əsasən onun “orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdi ilə”, habelə barotravmanın nəticəsi kimi ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşidilməməsi, sağ qulaqda 0,5 metr məsafədən eşidilməsi və gərginlik tipli baş ağrısı” diaqnozlarının səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

2. Iddiaçı barəsində TSEK-ə göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixli, Z********DGJ nömrəli göndəriş tərtib edilmişdir.

3. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT- 10 F06.3 – əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv epizodlar və intihar cəhdi ilə; ağırlaşma F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu, II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində, depressiv daxilolmalar və intihar cəhdləri ilə; yanaşı xəstəliklər sırasında isə H90.6 – ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit və davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqin sol qulaqda eşitməsi, sağ qulaqda 0,5 metr məsafədən eşitməsi; B16 – kəskin B hepatiti, hepatit B virusu daşıyıcısı; G44.2 - – gərginlik tipli baş ağrısı göstərilmişdir.

4. Həmin göndəriş cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş, nəticədə, iddiaçıya “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmişdir.

5. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar ##.##.2025-ci il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərar qəbul edilmişdir.

6. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2024-cü il tarixdən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

7. Iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. ## ####### 2020-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə barotravma xəsarətini almış, nəticədə, uzunmüddətli müalicələr alsa da, səhhətində ciddi problemlər qalmaqdadır. Həkim psixiatr komissiyasının ## #### 2024-cü il tarixli, **** nömrəli rəyinə əsasən ona üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə F07.0 diaqnozu qoyulmuşdur. Iddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkir, xəstəliklər onun işləməyinə, normal həyat şəraitini davam etdirməyinə maneə törədir. O, əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sağlamlıq vəziyyəti əlilliyin təyin olunması üçün əsas yaradır və bu, tibbi sənədlərlə də təsdiq olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulağın zəif eşitməsindən, yuxusuzluq, əsəbilikdən, başağrılarından, sol tərəfdə qurumadan şikayətlənmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Özünə xəsarəti olmamışdır. Intihar fikirləri olduğunu, lakin nə etmək istədiyini unutduğunu söyləmişdir. Heç bir xəstəlik əlaməti, klinik məlumatlar verə bilməmişdir. Emosional labil izlənmişdir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğun olmuşdur. Ailəli, 2 yaş yarım və 4 yaşlarında iki övladının olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə, məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının aldığı xəsarətin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi nəzərə alınmaqla “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və ya 7.6.2.2-ci yarımbəndlərində göstərilmiş meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilərək əlillik təyinatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının aldığı travma “hərbi travma” kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmiş, bu barədə ona ##.##.2024-cü il tarixli *** nömrəli Şəhadətnamə verilmişdir. Bu səbəbdən əlillik təyinatı zamanı həmin hal nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və 7.6.2.2-ci bəndlərinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi 35-60 və ya 65-80, müddəti isə 2 il müəyyən edilməlidir. Iddiaçının diaqnozu qeyd olunan meyarlara uyğun olduğundan 7.6.1.3-cü bəndə əsasən müddətsiz əlillik təyin edilə bilməz və bu səbəbdən iddia qismən təmin olunmalıdır. Əlilliyin təyin edilməsi səlahiyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus olduğundan, iddiaçının əmək qabiliyyəti və davranışları qiymətləndirilməklə 7.6.2.1 və ya 7.6.2.2-ci bəndlərə uyğun orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilərək əlillik təyin edilməlidir.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTLƏRININ VƏ ONLARA QARŞI ETIRAZLARIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Cavabdehin apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi tam araşdırmadığını, sırf ekspert rəyində diaqnozun təsdiqlənməsinə əsaslandığını, halbuki diaqnozun mövcudluğunun avtomatik olaraq əlillik yaratmadığını, bunun üçün funksional ağırlaşmaların müəyyən edilməli olduğunu göstərmişdir. Cavabdeh, həmçinin əlilliyin tibbi-sosial ekspertiza qaydasında qiymətləndirilməsinin xüsusi tibbi bilik tələb etdiyini, məhkəmənin Agentliyin qiymətləndirmə və diskresion səlahiyyətini əvəz edə bilməyəcəyini bildirmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

b) Iddiaçının apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin nəticəsinin qeyrimüəyyən olduğunu, 7.6.2.1 və ya 7.6.2.2-ci yarımbəndlərdən hansının tətbiq edilməli olduğunu dəqiq müəyyən etmədiyini, belə alternativ göstərişin onun hüquqlarının yenidən pozulmasına səbəb ola biləcəyini bildirmişdir. Iddiaçıda F07.0 kodlu üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik təyininə əsas versə də, onda yanaşı xəstəliklərin ağırlaşmış forması mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsindən də aydın olur ki, ona ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı nеуrоsеnsоr ağır eşitmə, pıçıltı nitqin sol qulaqda eşitməsi, sağ qulaqda 0,5 metr məsafədən eşitməsi, Hepatit В virusu daşıyıcısı diaqnozu qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi bu xəstəliklə bağlı ekspertiza təyin etməmişdir. Bundan başqa, məhkəmə qərarı ilə əlilliyin təyin olunma tarixi müəyyən edilməmişdir. Iddiaçıya qoyulmuş diaqnozlarla - yanaşı xəstəliklərlə bağlı məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmamış, məhkəmə qərarı ilə əlilliyin təyin olunma tarixi müəyyən edilməmiş, qərarda inzibati orqanın üzərinə qoyulan öhdəlik dəqiq göstərilməmişdir. Iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, cavabdeh orqan tərəfindən İddiaçı ##.##.2024-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, məhkəmə qərarı dəyişdirilərək ona ##.##.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

c) Apellyasiya şikayətlərinə qarşı etirazlar

15. Cavabdeh əlavə etirazında iddiaçının imtina barədə SMS məlumatını aldığı tarixdən məhkəməyə müraciət üçün nəzərdə tutulan müddəti ötürdüyünü bildirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir.

d) Prosessual hüquqi varislik

16. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşmə formasında yenidən təşkil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 3.2-ci bəndinə görə yeni Agentlik həmin qurumların hüquqi varisidir. Buna görə hazırkı iş üzrə cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun prosessual hüquqi varisi olan “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili iddiaçının apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər.

TƏTBIQ EDILƏN HÜQUQ:

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları

6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; … 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə – “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. …

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.10-cu bənd. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11-ci bənd. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; … 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38. Iddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3. Inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. Inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. Iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.10. Məcburetmə haqqında iddia üzrə şikayət təmin edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarında, inzibati orqanın həmin qərar əsasında qəbul etdiyi inzibati akta qarşı şikayətin birbaşa həmin apellyasiya instansiyası məhkəməsinə verilməsi (hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti) göstərilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

24. Apellyasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və onlarda şikayətçilərin tələbləri göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətlər qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onların mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri qəbul edilə bilən hesab edilir.

25. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini və apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə tibbi sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

27. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

28. Işdən görünür ki, MN M HHK-nın ##.##.2024-cü il tarixli şəhadətnaməsinə əsasən iddiaçıda hərbi travma ilə səbəb əlaqəli psixi və eşitmə pozuntuları müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli göndəriş əsasında cavabdeh ##.##.2024-cü il tarixdə iddiaçıya “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə əlilliyin təyinindən imtina etmişdir. Bu imtinadan şikayət üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli imtina qərarından sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə ##.##.2024-cü il tarixdən müddətsiz əlillik təyin edilməsini tələb etmişdir. Mübahisə yuxarıda gösətrilən qaydada həll edilmişdir. a) Cavabdehin apellyasiya şikayətinə və iddianın mümkünlüyünə dair

29. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkünlüyünə dair əlavə etirazının və apellyasiya şikayətinin dəlillərinə qiymət verməyi zəruri hesab edir.

30. Iddiaçının tələbi cavabdehin üzərinə onun arzuladığı inzibati aktın – əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin qoyulmasına yönəldiyindən hazırkı iddia IPM-in 33.1 və 33.2-ci maddələri baxımından məcburetmə haqqında iddiadır. Buna görə iddia müddəti IPM-in 38.2 və 38.3-cü maddələri nəzərə alınmaqla yoxlanılmalıdır.

31. Iş materiallarından görünür ki, ##.##.2024-cü il tarixli imtina qərarından iddiaçı inzibati qaydada şikayət etmiş, həmin şikayətə baxılması ilə əlaqədar ##.##.2025-ci il tarixdə onun əyani müayinəsi keçirilmiş və ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarla “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə əlilliyin təyinindən imtina qərarı qüvvədə saxlanılmışdır. IPM-in 38.3-cü maddəsinə görə inzibati şikayət verildiyi halda məcburetmə iddiası üçün nəzərdə tutulan müddətin axımı şikayət üzrə qəbul edilmiş qərardan istifadə edilə bilən inzibati hüquqi müdafiə müddəti bitənədək dayandırılır.

32. Cavabdeh ##.##.2025-ci il tarixli şikayət üzrə qəbul edilmiş qərarın iddiaçıya təqdim edildiyini və ya həmin qərarın qəbulu barədə ona məlumat verildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli SMS məlumatından isə həmin SMS-in ##.##.2025-ci il tarixli şikayət üzrə qəbul edilmiş qərarla deyil, ##.##.2024cü il tarixli imtina qərarı ilə bağlı olduğu müəyyən edilir. Bu səbəbdən, həmin SMS iddiaçının ##.##.2025-ci il tarixli qərardan məlumatlandırılması kimi qiymətləndirilə bilməz və iddia müddətinin başlanğıcı hesab edilə bilməz. Odur ki, iddiaçının məhkəməyə müraciət müddətini ötürdüyü barədə cavabdehin dəlili əsassızdır.

33. Hazırkı iddia üzrə iddia müddəti ötürülmədiyindən mümkün iddiadır.

34. Cavabdehin apellyasiya şikayətinin isə əsas dəlili ondan ibarətdir ki, şəxsdə diaqnozun mövcudluğu özlüyündə əlilliyin müəyyən edilməsi üçün kifayət deyil və əlilliyə əsas verən funksional pozuntular ayrıca təsdiqlənməlidir. Kollegiya bu mülahizənin ümumi hüquqi yanaşma kimi doğru olduğunu, lakin hazırkı işin faktlarına tətbiq edildikdə iddianın rədd edilməsi nəticəsinə əsas vermədiyini qeyd edir.

35. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, *** nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçıda hərbi travma ilə səbəb əlaqəli psixi və eşitmə pozuntuları müəyyən edilmişdir.

36. Sumqayıt Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, Z********DGJ nömrəli göndərişinə əsasən cavabdeh ##.##.2024-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə əlilliyin müəyyən edilməsindən imtina etmişdir.

37. Lakin məhkəmə araşdırması zamanı göndərişdə göstərilən xəstəliklərin və onların funksional təzahürlərinin mövcudluğu xüsusi tibbi sənədlərlə təsdiqlənmişdir.

38. Hazırkı qərarın 2 və 3-cü bəndlərində qeyd edilən Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, Z********DGJ nömrəli göndərişdən göründüyü kimi, iddiaçının əsas diaqnozu F06.3 – əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv epizodlar və intihar cəhdi ilə; ağırlaşması F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində, depressiv daxilolmalar və intihar cəhdləri ilə; yanaşı xəstəlikləri sırasında isə H90.6 - ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit və davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməsi, sağ qulaqda 0,5 metr məsafədən eşitməsi göstərilmişdir.

39. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, müayinə nəticəsində iddiaçıda hazırda “üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə” (F07.0) müəyyən edilmişdir. Ekspert bu nəticəni anamnestik məlumatlarla (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonu ərazisində ##.##.2020-ci il tarixdə partlayış nəticəsində huşunu itirməklə xəsarət alması, bununla əlaqədar stasionar müalicə alması, tərxis edildikdən sonra aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, yuxu pozuntusunun olması, * nömrəli Klinik Psixiatriya Xəstəxanasında ##.##.2023-cü il tarixdə müayinə olunarkən “Baş beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi partlayış travması) nəticəsində şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla” diaqnozunun müəyyən edilməsi, SN xxxxnda stasionar qaydada müalicələrdə olması, xxxxnın nəzdində Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olduğu zaman onda “Baş beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi, partlayış travması) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalarla” diaqnozunun müəyyən edilməsi, hazırda ev şəraitində təyin olunmuş müalicələri qəbul etməsi, həmçinin, hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, nitqinin tempinin ləngiməsi, təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və s.) izah etmişdir.

40. Bundan başqa, işdən görünür ki, iddiaçı “xxxx” publik hüquqi şəxsində də dəfələrlə əyani müayinədə olmuş, müayinə zamanı ona “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu qoyulmuş və bununla bağlı ##.##.2023cü il tarixli, ** nömrəli, ##.##.2023-cü il tarixli, **** nömrəli rəylər verilmişdir.

41. Beləliklə, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, Z********DGJ nömrəli göndəriş, məhkəmə-psixiatrik ekspertizasının rəyi və ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən verilmiş rəylərin qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıda göndərişdə ağırlaşma kimi göstərilmiş F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu, II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində, depressiv daxilolmalar və intihar cəhdləri ilə” xəstəlik mövcuddur.

42. Həmin xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1 və 7.6.2.2-ci yarımbəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin müəyyən edilməsinə əsas verən xəstəliklərə aiddir.

43. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir.

44. Məhkəmə-psixiatrik ekspertizasının rəyində iddiaçıda nitqin tempinin ləngiməsi, təfəkkürün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik və eyni fikir üzərində fiksasiya, əhvali-ruhiyyənin enməsi, qıcıqlara həssaslığın yüksəlməsi, koqnitiv funksiyaların zəifləməsi, depressiv daxilolmalar və intihar cəhdləri müəyyən edilmişdir. Bu hallar digər psixiatrik rəylər və təkrar stasionar müalicələr barədə sənədlərlə də təsdiqlənir.

45. Ekspert rəyində konkret faiz göstəricisi müəyyən edilməsə də, tibbi faktların qanunvericilikdə təsbit edilmiş meyarla əlaqələndirilməsi məhkəmənin hüquqi qiymətləndirməsinə aiddir. Psixi pozuntunun 2023-cü ildən etibarən təkrar stasionar müalicələrə baxmayaraq davam etməsi, depressiv daxilolmalar və intihar cəhdləri ilə müşayiət olunması, habelə ekspertiza zamanı nitqin ləngiməsi, təfəkkürün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik və koqnitiv funksiyaların zəifləməsinin müəyyən edilməsi məcmu halda F07.0 kodlu xəstəliyin 7.6.2.2-ci yarımbənddə təsvir olunan funksional pozuntu səviyyəsinə uyğun olduğunu göstərir. Buna görə həmin xəstəlik orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir.

46. Bu baxımdan, cavabdehin iddiaçıda əlilliyə əsas verən funksional pozuntuların mövcud olmaması barədə dəlili iş üzrə toplanmış sübutların məcmusuna uyğun deyil.

47. Cavabdehin məhkəmənin inzibati orqanın qiymətləndirmə səlahiyyətinə müdaxilə etməsi barədə dəlili də qəbul edilə bilməz. Hazırkı halda məhkəmə 65-80 faiz intervalı daxilində konkret göstəricini və yekun faizi özü müəyyən etmir; bu qiymətləndirmə cavabdehin səlahiyyətində saxlanılır. Məhkəmə yalnız iş üzrə müəyyən edilmiş tibbi faktların tətbiq edilməli normativ meyarlara uyğunluğunu və həmin meyarlardan irəli gələn hüquqi nəticəni müəyyən edir. Bu yanaşma IPM-in 73.2-ci maddəsinə uyğundur.

48. Beləliklə, cavabdehin həm iddianın mümkünlüyünə, həm də əsaslılığına dair apellyasiya dəlilləri birinci instansiya məhkəməsinin iddiaçıda əlilliyə əsas verən funksional pozuntunun mövcudluğu barədə nəticəsini təkzib etmir. Buna görə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. b) Iddiaçının apellyasiya şikayətinə dair

49. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və 7.6.2.2-ci yarımbəndlərindən konkret olaraq hansının tətbiq edilməli olduğunu göstərmədiyini, onun eşitmə xəstəliyini ayrıca qiymətləndirmədiyini və əlilliyin başlanğıc tarixini müəyyən etmədiyini bildirmişdir.

50. Kollegiya şikayətin bu dəlillərini əsaslı sayır. Birinci instansiya məhkəməsi iddiaçıda F07.0 kodlu üzvi mənşəli şəxsiyyət pozuntusunun mövcudluğunu və həmin xəstəliyin hərbi travma ilə səbəb əlaqəsini düzgün müəyyən etsə də, 7.6.2.1 və 7.6.2.2-ci yarımbəndləri alternativ göstərməklə tətbiq edilməli konkret meyarı müəyyənləşdirməmiş, göndərişdə göstərilmiş H90.6 kodlu ikitərəfli ağır eşitmə pozuntusunu isə əlillik meyarları baxımından ayrıca qiymətləndirməmişdir.

51. Halbuki, göndərişdə əsas diaqnoz kimi F06.3, onun ağırlaşması kimi F07.0, yanaşı xəstəlik kimi isə H90.6 göstərilmişdir. F06.3 və F07.0 eyni üzvi psixi patologiyanın klinik çərçivəsini təşkil etdiyindən Qaydanın 1.11-ci bəndinin tətbiqi məqsədilə iki ayrıca hal kimi deyil, 7.6.2.2-ci yarımbənd üzrə bir psixi funksional pozuntu kimi qiymətləndirilməlidir. H90.6 kodlu ikitərəfli ağır eşitmə isə ayrıca hissiyyat funksiyasının pozuntusudur.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.11-ci bəndi əlilliyə əsas verən bir neçə funksional pozuntu halının hər birinin ayrıca qiymətləndirilməsini tələb edir. Belə ki, həmin normaya görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

53. Buna görə cavabdehin və birinci instansiya məhkəməsinin qiymətləndirməni əsasən psixi pozuntu üzərində qurması və H90.6 kodlu eşitmə pozuntusuna ayrıca meyar tətbiq etməməsi Qaydanın 1.11-ci bəndinin tələbinə uyğun olmamışdır.

54. Eşitmə pozuntusuna münasibətdə isə iş materialları göstərir ki, bu patologiya sonradan yaranmış yeni xəstəlik deyil.

55. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli şəhadətnaməsində barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit və ikitərəfli davamlı neyrosensor ağıreşitmə təsbit edilmiş, pıçıltı nitqinin sol qulaqda eşidilmədiyi, sağ qulaqda isə yalnız 0,5 metr məsafədən eşidildiyi göstərilmiş və həmin xəstəliyin də səbəb əlaqəsi hərbi travma kimi müəyyən edilmişdir.

56. Işdən görünür ki, iddiaçı ##.##.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X4 müayinə edilmiş, aparılmış BERA testi nəticəsində onda sağ qulaqda III-IV dərəcə, sol qulaqda IV dərəcə neyrosensor tip ağıreşitmə müəyyən edilmişdir.

57. Həmçinin, işdə olan “Fonus” Eşitmə Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli müayinə nəticəsində iddiaçıda ikitərəfli orta ağır (III dərəcəli) sensonevral tip eşitmə azlığı aşkar edilmişdir.

58. Apellyasiya icraatı zamanı da iddiaçı məhkəmənin sorğusu əsasında Azərbaycan Tibb Universitetinin X4 yenidən əyani müayinə edilmiş, müayinə nəticəsində verilmiş ##.##.2026-cı il tarixli LOR rəyindən görünür ki, sol qulaqda IV dərəcə qarışıq tip, sağ qulaqda IV dərəcə neyrosensor tip ağıreşitmə obyektiv instrumental müayinə ilə təsdiqlənmişdir.

59. Kollegiya qeyd edir ki, iddiaçının əlillik vəziyyəti işdə olan digər audioloji və klinik məlumatlarla birlikdə qiymətləndirilir. Belə ki, ##.##.2022-ci il tarixli BERA müayinəsi, ##.##.2024-cü il tarixli hərbi-həkim şəhadətnaməsi, və ##.##.2026-cı il tarixli LOR rəyi iddiaçıda xroniki ikitərəfli ağır eşitmə pozuntusunun mövcudluğunu təsdiq edir. Buna görə ##.##.2024-cü il tarixli nəticə xroniki ikitərəfli ağır eşitmə patologiyasının mövcudluğunu və sonrakı instrumental müayinədə təsdiqlənmiş IV dərəcəli funksional pozuntunu istisna edən qəti sübut kimi qiymətləndirilə bilməz.

60. Kollegiya ##.##.2026-cı il tarixli rəyi iddiaçıda yeni yaranmış xəstəliyin sübutu kimi deyil, əvvəlki illərdən tibbi sənədlərlə davamlı şəkildə təsdiq edilən xroniki ikitərəfli eşitmə pozuntusunun funksional ağırlığını dəqiqləşdirən əlavə sübut kimi qiymətləndirir. Həmin rəy apellyasiya icraatı zamanı məhkəmənin sorğusu əsasında iddiaçının yenidən əyani müayinəsi nəticəsində verildiyindən mübahisənin düzgün həlli üçün nəzərə alınmalıdır.

61. H90.6 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”nın 9-cu “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” bölməsinin 9.1.1-9.1.6-cı bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.

62. “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4-cü bəndinə əsasən həmin xəstəlik eşitmə zəifliyi IV dərəcə, ikitərəfli olduğu halda orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsinə əsas verir.

63. Hazırkı halda da iddiaçıda ikitərəfli IV dərəcə eşitmə zəifliyinin mövcudluğu təsdiq olunduğundan həmin hal “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4-cü yarımbəndinə düşür və orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyə əsas verir.

64. Bu nəticə iş üzrə əlilliyin müddətinin müəyyən edilməsi baxımından həlledicidir. Çünki Qaydanın 1.11-ci bəndinin imperativ tələbinə görə əlilliyə əsas verən bir neçə haldan hər hansı biri müddətsiz əlilliyə əsas verdikdə yekun əlillik də müddətsiz müəyyən edilməlidir. Buna görə F07.0 üzrə 7.6.2.2-ci yarımbənddə 2 illik müddətin nəzərdə tutulması iddiaçının yekun əlilliyinin də 2 il müəyyən edilməsini tələb etmir; H90.6 üzrə 9.1.4-cü yarımbənd müddətsizliyi təmin etdiyindən yekun müddət də müddətsiz olmalıdır.

65. Yekun faiz göstəricisinə gəldikdə, psixi pozuntu üzrə 7.6.2.2-ci yarımbənd 65-80 faiz intervalı müəyyən edir, eşitmə üzrə isə 9.1.4-cü yarımbənd konkret 50 faiz nəzərdə tutur. Qaydanın 1.10-cu bəndi faiz göstəricilərinin 5 faiz addımla müəyyən edilməsini, 1.11-ci bəndi isə fərqli faizli bir neçə hal olduqda ən yüksək göstəricinin 10 faiz artırılmasını tələb edir.

66. Psixi pozuntu üzrə 65-80 faiz intervalı daxilində konkret faizin seçilməsi tibbifunksional qiymətləndirmə tələb etdiyindən bu hissədə cavabdehin qiymətləndirmə səlahiyyəti saxlanılır.

67. Lakin cavabdeh 7.6.2.2 və 9.1.4-cü yarımbəndlər üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmalı, psixi pozuntu üzrə 65-80 faiz intervalında müəyyən etdiyi konkret göstəricini Qaydanın 1.11-ci bəndinə uyğun 10 faiz artırmaqla yekun faiz göstəricisini müəyyən etməlidir.

68. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçıya əlilliyin müəyyən edilməsinin başlanğıc tarixini qərarda göstərməmişdir.

69. Əlilliyin başlanğıc tarixinə münasibətdə kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış icmal məktubda qeyd edilənlərə istinad edərək bildirir ki, əvvəlki imtinalar mübahisələndirilmədiyi və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyi hallarda əlilliyin başlanğıc tarixi də əvvəlki göndərişlərə görə deyil, sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.

70. Iddiaçıya əlillik müəyyən edilməməsi barədə ilkin imtina ##.##.2024-cü il tarixdə göndərilsə də, iddiaçı həmin imtinanı məhkəmə qaydasında mübahisələndirməmişdir. Bundan sonra onun barəsində ##.##.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş üzrə ##.##.2024-cü il tarixdə imtina qərarı qəbul edilmişdir. Hazırkı mübahisənin predmetini sonuncu göndəriş üzrə qəbul edilmiş imtina təşkil etdiyindən iddiaçının əlilliyinin başlanğıc tarixi ##.##.2024-cü il kimi müəyyən edilməlidir.

71. Beləliklə, qeyd olunanlardan göründüyü kimi cavabdehin apellyasiya şikayəti əsaslı deyil. Iddiaçının apellyasiya şikayəti isə əsaslıdır. Buna görə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Iddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsin üzərinə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2 və 9.1.4-cü yarımbəndləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndinin tələbləri nəzərə alınmaqla, orqanizmin funksiyalarının pozulmasının yekun faiz göstəricisi müəyyən edilərək müddətsiz əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar