Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-80/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin dövlət qeydiyyata alınması, hüquqmüəyyənedici sənədin mövcud olmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 0431, KOD 30115018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar Rayon Məhkəməsinin 15 may 2006-cı il tarixli, 2-381a saylı qətnaməsi ilə X3 7,11 ha torpaq sahəsi verilmişdir. 16 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Akt Quba Rayon İcra Hakimiyyəti başçısının Aparatının hüquq şöbəsinin müdiri, Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsinin müdirinin iştirakı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-431 KOD 30115018 saylı Dövlət Aktında “X5” səhvi aşkar edilmiş, təsdiq edilmişdir ki, Dövlət Aktında texniki səhvə yol verilmiş və mülkiyyətçinin həqiqi adı “İddiaçı” oğlu kimi olmalıdır. 29 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Qusar rayon Qalacuq kənd icra nümayəndəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin müdirinin iştirakları ilə akt tərtib edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-0431 KOD 30115018 dövlət aktında səhv olaraq X5 qeyd olunmuş, komissiya təsdiq etmişdir ki, doğru adı İddiaçıdur. Qusar Rayon İcra Hakimiyyəti başçısının Qalacuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 noyabr 2022-ci il tarixli, 421 nömrəli arayışından görünür ki, Qusar rayonu, Qalacuq kəndində yerləşən 7,11 ha torpaq sahəsi üçün verilmiş JN 431, KOD 30115018 olan Dövlət Aktında göstərilmiş X5, soyadı, adı, atasının adı səhv qeyd edilmişdir. Əslində isə şəxsiyyət vəsiqələrinə əsasən (AZE ********) X2 əvəzinə İddiaçı oxunulmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29 may 2024-cü il tarixli, 3-21-3-34/2-5819/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 6,1807 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-0431 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bundan əlavə, JN-0431 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”nın JN nömrəsi elektron məlumat bazasında öz əksini tapmamışdır. Qusar Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, G(029)-388/2024 nömrəli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-381a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri mümkündür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN 0431, 30115018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçının mülkiyyətinə verilmiş Qusar rayonu, Qalacıq kəndi ərazisində yerləşən 6,1807 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu, Qalacıq kəndi ərazisində yerləşən 6.1807 ha torpaq sahəsi JN 0431, 30115018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə onun mülkiyyətinə verilmişdir. Həmin “Dövlət Aktı” iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi onada, digər nüsxəsi isə DT və XK Qusar rayon şöbəsində saxlanılmış, dövlət aktı qeydiyyat kitabında 79a nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün iş üzrə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sözügedən dövlət aktı ləğv edilmiş DT və XK-nin Quba rayon föbəsi tərəfindən DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil erilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş, JN-0431 nömrəli dövlət aktının JN nömrəsi elektron məlumat bazasında öz əksini tapmamışdır. Cavabdeh tərəfindən verilmiş imtina tamamilə əsassız və qanunsuzdur. Belə ki, sözügedən torpaq uzun illərdir ki, mübahisəsiz olaraq faktiki mülkiyyətində və istifadəsindədir. Torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Cayabdehin imtinasında qeyd etdiyi hallar ilə razı deyil. Belə ki, cavabdeh qeyd edir ki, həmin dövlət aktı idarələrinə təhvil verilməmiş və ya qeydiyyatdan keçməmişdir. Bu vətəndaş olaraq onun məsuliyyəti deyildir. Həmçinin sözügedən dövlət aktı arxivdə də vardır və iddia ərizəsinə əlavə edilir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafıq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafıq qaydada qəbul edilibedilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsini Qusar Rayon Məhkəməsinin 15 may 2006-cı il tarixli, 2-381a saylı qətnaməsi ilə verilmiş JN 0431, KOD 30115018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən faktiki istifadə və sahiblik edir. Cavabdeh tərəfindən təqdim edilən məlumata əsasən müəyyən edilir ki, həmin aktın arxiv nüsxəsi mövcud deyildir, ümumiyyətlə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş, elektron məlumat bazasında da öz əksini tapmamışdır. 36. Bundan əlavə, məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Qusar Rayon Məhkəməsinin verdiyi məlumat ilə aşkar edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-381a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən də, cavabdeh orqanın imtina dəlillərini əsaslı hesab edilərək bildirilir ki, həqiqətən də hazırkı iddia tələbinin əsasında dayanan JN 0431, KOD 30115018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın, həmçinin aktın verilməsinə əsas olmuş Qusar Rayon Məhkəməsinin 15 may 2006-cı il tarixli, 2-381a saylı qətnaməsinin mövcudluğu arxiv materiallarında və müvafiq orqanların qeydiyyatdan keçmiş sənədlərə dair məlumatlarında öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qeyd olunan qərarı ilə razılaşmır. Qeyd olunan torpaq sahəsini Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən əldə etmişdir. Torpağın mülkiyyət sənədinin Azərbaycan Respublikası DT və XK-nin rayon Şöbəsi tərəfindən cavabdeh orqana təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi, bir alıcı və torpaq mülkiyyətçisi kimi onun mülkiyyət hüququ əldə etməyinə mane ola bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının adına tərtib edilmiş müvafiq Dövlət Aktı qeydiyyatdan keçməməsi, electron məlumat bazasında öz əksini tapmaması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının adına Qusar Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında verilmiş və onun əsasında JN-431 nömrəli Dövlət Aktı tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən məhkəmə qətnaməsinin aid olduğu iş məhkəmənin arxivində və statistic kartoçkalarının qeydiyyatında mövcud olmamışdır. İndiki halda iddiaçı tələbin əsası kimi sözügedən torpaq sahəsinin müvafiq məhkəmə qətnaməsi və Dövlət Aktı əsasında onun mülkiyyətinə verilməsi, faktiki olaraq onun istifadəsində və mülkiyyətində olması, həmin sənədlərin mövcud olmamasının onun təqsiri və məsuliyyti ilə bağlı olmaması hallarına istinad edərək, hazıki iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasında mülkiyyət hüququnun yaranması əasları, habelə yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş hallar müəyyən edilmişdir. Qeyd edilən normanın tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün müstəqil əsas kimi qeyd edilmişdir. İndiki halda isə iddiaçıya sözügedən torpaq sahəsinin məhkəmə qətnaməsi əsasında verilməsi və onun əsasında Dövlət Aktı tərtib edilsə də, mülkiyyət hüququnun yaranması əsası kimi çıxış edən məhkəmə qətnaməsinin aid olduğu iş mövcud olmamış, nəticə etibarilə mülkiyyət hüququnun yaranması əsasını təşkil edən hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Halbuki, yalnız həmin sənədlərin mövcduluğunun müəyyən edilməsi halı mülkiyyət hüququnun yaranması və bu hüququnun qeydiyyata alınması üçün əsas ola bilərdi. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları (torpaq sahəsinin mülkiyyətə verilməsinin əsasını təşkil edən məhkəmə qətnaməsinin mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlı olmamış, cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, indiki halda iddianın əsaslılığını təkzib edən hal kimi Dövlət Aktının qeydiyyatdan keçməməsi halı deyil, onun tərtib edilməsinə əsas olmuş sənədin mövcud olmaması halı çıxış edir. Eyni zamanda qeyd edilməlidir ki, iddianın əsaslılığını təkzib edən hal sənədlərin arxivləşdirilməsi ilə bağlı olmamaqla, ümumiyyətlə mülkiyyət hüququnun yaranmasına əsas olan məhkəmə qətnaməsinin aid olduğun işin mövcud olmaması halı olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı tələbin və şikayətin əsası kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, torpaq sahəsinin qanuni əsas olmadan iddiaçının faktiki sahibliyində olması halı əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası kimi çıxış etmədiyindən, iddiaçı əmlakın onun istifadəsində olması ilə bağlı hallara istinad etməkdə də haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları iddianının və şikayətin dəlillərinin əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdehin imtina və etirazının dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1643/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-80/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-80/2026
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver