Məhkəmə qərarları › İş №2-1(3-8)-807/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-807/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-807/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN-193 KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, həmin şəhadətnamə Quba rayon Dövlət Notariat Kontorunun ## #### 2006-cı il tarixli, *-ə-*** saylı alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,0465 ha torpaq sahəsinə dair Rəcəbov Namik Şafi oğluna verilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı imtina məktubunda bildirmişdir ki, Quba şəhəri ərazisində yerləşən 0,0465 ha torpaq sahəsi üzərində mülkyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə daxil olmuş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 0,0465 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qeydiyyatı Cavabdehn * saylı Xaçmaz Ərazi idarəsində aşkar edilməmişdir. Bildirilir ki, JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçctu informasiya sistemində öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 2- ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2006-cı il tarixdə və ##.##.2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Həmin müqavilələrin surətləri məlumat üçün göndərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, JN-*** saylı, Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı JN-193 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin İddiaçı adına tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, Quba şəhəri ərazisində yerləşən torpaq sahəsi naturada 0,0465 ha təşkil edir. DTvə XK tərəfindən verilmiş JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKIUS) öz əksini tapmamışdır. Iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən, yaşayış məntəqəli torpaqları kateqoriyalı olub, uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üstüstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsində S=213kv m olan fərdi yaşayış evi mövcuddur. Qonşu torpaq sahələrinə reyestr nömrələri 303013157999 və 303013151842-10301 olan çıxarışlarla DƏDRX tərəfindən mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyd: JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə DWJ baza məlumatlarında və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKIUS) öz əksini tapmadığından X3 X7 Komissiyasının # ###### 2001-ci il tarixli ** saylı protokol qərarından çıxarışda göstərilən torpaq sahəsi ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdı. Quba bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, İddiaçı adına olan JN-193 KOD ******** saylı şəhadətnamədə göstərilən 0,0465 ha fərdi yaşayış evi üçün torpaq sahəsi X3 Təsərüffatının AIK-nın ## ###### 2001-ci il tarixli ** saylı protokol qərarı ilə köhnə ferma ərazisində yerləşən Labaz binasının yerləşdiyi torpaq sahəsi və onun sxemi ilə eyni yerdə (Quba şəhəri 31-ci məhəllə) ünvanında yerləşir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən torpaqların uçotu və kadastrı kitabında 3948 nömrə ilə ## ### 2006-cı il tarixdə qeydiyyata alınıb verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-193 Kod ******** saylı Şəhadətnaməyə əsasən, 0,0465 ha torpaq sahəsin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli *-ə-*** saylı reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri ərazisində fərdi yaşayış evi tikintisi üçün əldə etdiyi 0,0465 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən torpaqların uçotu və kadastrı kitabında 3948 nömrə ilə ## ### 2006-cı il tarixdə qeydiyyata alınaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-193 Kod ******** saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi JN193 Kod ******** saylı şəhadətnamədə qeyd olunan 0,0465 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ##.##.2025-ci il tarixli məktubu ilə imtina etmiş, JN-193 Kod ******** saylı Şəhadətnamənin ləğv edilmiş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsinə, həmçinin elektron məlumat bazasında (DWG) öz əksini tapmamasına istinad etmişdir. Iddiaçı hesab edir ki, həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb Çıxarışın verilməsindən imtina olunması “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.3 və 13.4-cü maddələrinin tələblərində qeyd olunan səlahiyyətli inzibati orqanların qərarlarına fiziki və ya hüquqi şəxslərin etimadının qorunması ilə bağlı müddəalara ziddir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ şəhadətnamənin verilməsi dövlət tərəfindən tanınan və qorunan hüquq olaraq həmin vaxtı torpaqlar üzərində dövlət qeydiyyatını (reyestrini) aparan dövlət orqanı olan Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən qeydiyyata alınmışdır və halhazıradək də qüvvədədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs Zakir oğlunun üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, arxivə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilənin ##.##.2006-cı il tarixdə və ##.##.2006-cı il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Hazırki iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir və başqa şəxslər barəsindədir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququna dair JN-193 Kod ******** saylı şəhadətnamənin verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin tərəfi olan, yəni torpaq sahəsini ona satmış Üçüncü şəxs üçünücü şəxs qismində məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini satdığını təsdiqləmiş və həmin torpaq sahəsinə İddiaçı adına çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüququna dair JN-193 Kod ******** saylı Şəhadətnamə Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən torpaqların uçotu və kadastrı kitabında 3948 nömrə ilə ## ### 2006-cı il tarixdə qeydiyyata alınmış, (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələri) ləğv edilməmişdir, hal-hazırda da qüvvədə olmaqla torpaq sahəsinə dair hüquqların reyestr məzmununu əks etdirən sənəddir. Dövlət Notariat orqanının vəzifəli şəxsinin eyni reyestr nömrəsi altında müxtəlif tarixlərdə müqavilə rəsmiləşdirməsi həmin orqanın və ona nəzarət etməli olan müvafiq qurumların nöqsanı, saxtakarlığıdır. Buna görə o, vətəndaş olaraq mülkiyyət hüquqlarının məhdudlaşması ilə üzləşə bilməz, belə bir nəticəyə gəlinmə açıq-aşkar ədalətsizlikdir və dövlətin möhürü ilə təsdiqlənmiş sənədlərə etimadsızlıqdır. Torpaq sahəsinin yerləşdiyi yer, ünvanı əlavə sənədlərlə də, təsdiqlənmişdir. Heç bir mübahisə, mühafizə zolağı, təyinat pozuntusu və s. mülkiyyət hüququnun qeydiyyatına mane olan hallar mövcud deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərar mövcud məhkəmə təcrübəsinin vahidliyi prinsiplərinə də zidd olmaqla yanaşı, vətəndaşa dövlət adından qeydiyyata alınıb verilmiş sənədə etimadsızlıq göstərilə bilməməsi prinsipini də pozmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Gashi Xorvatiyaya qarşı iş üzrə 2007- ci il 13 dekabr tarixli və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qəbul etdiyi qərar onun dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarına ziddir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-193 Kod ******** saylı şəhadətnamədə göstərilən 0,0465 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, iddiaçının müraciəti üzrə təqdim edilmiş sənədlərin araşdırılması və daşınmaz əmlaka dair aparılmış müayinə zamanı müəyyən edilmişdir ki, ərizəyə əlavə edilmiş JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində aşkar edilməmişdir. Bu səbəbdən həmin sənəd torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün yetərli hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilməmiş və nəticədə mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsası kimi Quba rayon Dövlət Notariat Kontorunun ## #### 2006-cı il tarixli, 4-Ə- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə və həmin müqavilə əsasında verilmiş JN-193 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə istinad etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## ###### 2026-cı il tarixli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçının adına rəsmiləşdirildiyi iddia olunan həmin alqı-satqı müqaviləsi, eyni zamanda 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı (iddiaçının) adına rəsmiləşdirilmiş müqavilə aşkar edilmımişdir. Bundan başqa Dövlət Notariat Arxivi tərəfindən müəyyən olunmuşdur ki, istinad edilən 4-Ə-*** reyestr nömrəsi üzrə digər şəxslər barəsində ## #### 2006-cı il və ## ###### 2006-cı il tarixlərdə müqavilələr rəsmiləşdirilmişdir. Həmin müqavilələr məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki, 4Ə-*** reyestr nömrəli bir müqavilə ## #### 2006-cl il tarixdə X1 və X2 arasında Quba rayonu ll Nügədi kəndində yerləşən 1.24 ha torpaq sahəsinə dair, digəri isə ##.##.2006-cı il tarixdə X8 və X4 və X6 arasında Quba rayonu Pirvahid kəndində yerləşən 0.146 ha torpaq sahəsinə dair bağlanmışdır. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi iddiaçının qaynı Üçüncü şəxs Zakir oğluna aqrar iskahat zamanı ayrılmış və iddiaçı həmin torpaq sahəsini qaynından almışdır. Üçüncü şəxs Zakir oğlu məhkəmə tərəfindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin şəxs həqiqətən də torpaq sahəsinin ona ayrıldığını və onun tərəfindən iddiaçıya satıldığını bildirmişdir. Lakin torpaq sahəsi üzərində Üçüncü şəxs mülkiyyət hüququnun qeydə alınması və sonra onun tərəfindən iddiaçıya özgəninkiləşdirilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Iş materiallarına X3 X7 Komissiyası tərəfindən təsdiq edilmiş akt və ##.##.2001-ci il tarixli protokoldan çıxarış təqdim edilmişdir ki, onların məzmunundan X3 Təsərrüfatının balansında olan köhnə ferma ərazisində yerləşən 1982-ci ildə tikilmiş Labaz binasının 6.0 m enində və 15.0 m uzunluğunda hissəsinin, 423.0 kv m həyətyanı sahəsinin Üçüncü şəxs Zakir oğluna verilməsi görünür. Həmin qərara əlavə edilmiş torpaq sahəsinin sxeminin üzərində H.Həbibov göstərilən həyətyanı torpaq sahəsinin “qohumum Namiqə bağışlayıram” sözləri qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilən sənədlər torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Bundan başqa, sözügedən torpaq sahəsinə dair tərtib olunmuş müayinə aktı ilə torpaq sahəsinin naturada mövcudluğu, iddiaçının həmin torpaq sahəsindən faktiki istifadə etməsi və üzərində yaşayış evinin yerləşməsi müəyyən olunsa da, JN-193 kodlu şəhadətnamənin dövlət torpaq uçotu bazalarında və torpaqların elektron kadastr uçotu informasiya sistemində mövcud olmaması, eləcə də həmin sənədin əsaslandığı hüquqyaradan sənədin təsdiq edilməməsi səbəbindən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasın mövcud olmadığı müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması yalnız qanunda nəzərdə tutulmuş hüquqyaradan sənədlər əsasında həyata keçirilə bilər. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dair notariat işinin mövcud olmaması, habelə həmin sənədin dövlət arxiv materialları ilə təsdiq edilməməsi nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan hüquqi əsasın mövcud olmadığı qənaətinə gəlinmişdir. Bu baxımdan, cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1.1-ci maddəsinin tələblərinə uyğun olmuş, birinci instansiya məhkəməsi də həmin hallara düzgün hüquqi qiymət verməklə iddianın təmin edilməsindən imtina etmişdir. Belə olan halda cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatından imtina edilməsi qanunun tələblərinə uyğun olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar