Məhkəmə qərarları › İş №2-1(3-8)-812/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-812/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-812/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “tibb müəssisəsinin E********QHD saylı ##.##.2025-ci il tarixli tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair qərarını ləğv etməklə ona Azərbaycan Respublikasının suverenliyinin, Konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə orqanizmin funksiyasının pozulması faizinə uyğun əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “tibb müəssisəsinin E********QHD saylı ##.##.2025-ci il tarixli tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair qərarını ləğv etməklə ona Azərbaycan Respublikasının suverenliyinin, Konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə orqanizmin funksiyasının pozulması faizinə uyğun əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1994-cü ildə anadan olmuş və 44 günlük Vətən müharibəsində iştirak etmiş, ##.##.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Cəbrayıl rayonunda düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində partlayış zədələnməsi, kəllə-beyin travması xəsarətini almış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Ekspert Komissiyasının ##.##.2022-ci il tarixli ***** saylı Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən «sülh dövründə hərbi xidmətə yararsız və Müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilmişdir. ##.##.2022-ci il tarixli S********TML saylı tibbi göndəriş əsasında cavabdeh tərəfindən ona qoyulmuş diaqnoz «fəlakət keçirdikdən sonra davranış dəyişikliyi,üzvi mənşəli şəxsiyyət pozuntusu, eşitmənin ikitərəfli itirilməsi və hipermetropiya» əsasında ona 35 faiz orqanizmin sağlamlıq funksiyasının pozulması ilə 2 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddəti başa çatdıqdan sonra o bu 2 il ərzində əziyyət çəkdiyi xəstəliyin ağırlaşmalarını təsdiqləyən tibbi sənədlər əsasında tibb müəssisəsinə müraciət etmiş və ona təyin edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı E********QHD saylı ##.##.2025-ci il tarixli tibbi göndəriş cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh 2025-ci ilin aprel ayında iddiaçını əyani müayinəyə dəvət etmiş və ona müayinənin nəticəsi barədə məlumat verməmiş, yalnız ##.##.2025-ci ildə cavabdeh orqana müraciət etdikdən sonra ona altsistem arayışı təqdim edilmişdir və həmin arayışdan da göründüyü kimi cavabdeh orqan “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Həmin altsistem arayışında diaqnoz «üzvi (2-ci Qarabağ müharibəsi zamanı) barotravma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri, koqnitiv funksiyaların enməsi ilə keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, postravmatik ensefolopatiya,iki tərəfli neyrosensor ağıreşitmə» kimi qeyd olunmuşdur. Iddiaçı bu müddət ərzində dəfələrlə stasionar və ambulator müalicələr almış, Respublika Psixiatriya Xəstəxanasının həkim-Psixiatr Komissiyası tərəfindən rəylər verilmiş ##.##.2023cü ildə professor Fuad Ismayılov tərəfindən ona «üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış şəxsiyyət pozuntusu,intihar cəhtləri (F 07.00) və ##.##.2024-cü il tarixdə «üzvi (2-ci Qarabağ müharibəsi zamanı) barotravma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar,intihar cəhtləri,koqnitiv funksiyaların enməsi ilə (F 07.0) diaqnozu qeyd olunmuşdur. Aldığı travmanın ağırlaşması halı olaraq görmə qabiliyyəti zəifləmiş və səhhətində ciddi problemlər baş qaldırmışdır. Lakin cavabdeh buna baxmayaraq əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş emosional davamsız şəxsiyyət pozuntusu, yaddaş enməsi ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş- beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün xarici çəpliyi, görmə itiliyi 1,0 olmaqla. Prostat vəzinin kistası. Xroniki qastrit, natamam remissiya mərhələsində. Ikincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, səbəbsiz aqressiv olmasından, öz-özünə tutulmaların olmasından və bu səbəbdən evdən çıxmamasından, özünə qapanmadan şikayətlənmişdir. Dərmanlardan Depakin, Navarin, Kavinton qəbul etdiyini əyani göstərmişdir. Xarici görünüşü səliqəli və çox baxımlı olmuş, danışdığı şikyətlər ilə uyğunsuz olmuşdur. Nitqi çoxsözlü olmuş, danışdıqlarını ətraflı izah etməyə çalışmış, özündən əmin tərzdə danışmışdır. Düşüncəsi aydın olmuş. Emosional iradi sferası stabil olmuş, patoloji affekt izlənilməmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuş, tənqidi bütün istiqamətlərdə qorunmuşdur. Hər iki saiddə tək-tək səthi kəsik izləri göstərmişdir. Ev növbəsində olduğunu demiş, lakin bununla maraqlanmadığını demonstrativ tərzdə vurğulamışdır. DMA tərəfindən Sosial işçi kimi iş təklif edilmiş, həmin işi özünə yaraşdırmayaraq imtina etmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (QKBT) şəxsiyyət pozuntusu. Kompensasiya” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022- ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən görünür ki, iddiaçıya ##.##.2022-ci il tarixdə 2 il müddətinə əlillik təyin edilmişdir. Əlllik müddəti bitdikdən sonra iddiaçıya Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2025-ci il tarixli, E********QHD nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə”, yanaşı xəstəliklər isə T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, Posttravmatik ensefalopatiya, G44.3 Xroniki posttravmatik baş ağrısı, Xroniki posttravmatik kranialgiya, H52.0 Hipermetropiya, Zəif dərəcəli hipermetropiya, H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağırlaşma, I86.1 Xayalıq venalarının varikoz genişlənməsi, Sol tərəfli varikosel, H81.1 Xoşxassəli paroksizmal başgicəllənmə, Pozision başgicəllənmə” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya ##.## 2025-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iş materiallarına əlavə olunmuş ***** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”-dən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş emosional davamsız şəxsiyyət pozuntusu, yaddaş enməsi ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş- beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün xarici çəpliyi, görmə itiliyi 1,0 olmaqla. Prostat vəzinin kistası. Xroniki qastrit, natamam remissiya mərhələsində. Ikincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Həkim Psixiatr Komissiyasının # ### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0” ## ###### 2021-ci il tarixli “Travma haqqında arayış”dan görünür ki, İddiaçı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış zədələnməsi, qapalı kəllə beyin travması." xəsarətini almışdır. Təxirəsalınmaz yardım göstərildikdən sonra dərhal sanitar avtomobillə həkim müşayiəti altında N nömrəli hərbi hissəyə təxliyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin 2## ######## 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli **** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Yoxlanılan şəxs İddiaçı hal-hazırda *Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)* müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə II Qarabağ uğrunda gedən döyüşlər zamanı Cəbrayıl rayonu ərazisində mərmi partlaması nəticəsində barotravma xəsarətini almasını, ilkin tibbi yardım aldıqdan sonra Füzuli hospitalında müayinə və müalicədə olması, sonradan yenidən döyüş mövqeyində qayıdaraq gedən döyüşlərdə təkrarən Qubadlı rayonu ərazisində mərmi partlaması nəticəsində barotravma və qəlpə yaraları almasını, təxris edildikdən sonra döyüşlər zamanı aldığı travmalardan sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, aqressivlik, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusudan əziyyət çəkdiyini, müharibə zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsini, yuxuda müharibə səhnələrini görərək oyanmasını, narahatlıq halları keçirməsi, gün ərzində əhval-ruhiyyəsinin pozulmasını, göstərilənlərlə əlaqədar AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, ##.##.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinə göndərilərək Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə Idarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunaraq onda “Üzvi mənşəli (hərbi əməliyyatlar zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər ilə F07.0” diaqnozu təyin olunması, hazırki müayinə zamanı sağlamlığı ilə bağlı şikayətləri (ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, aldığı müalicələrə baxmayaraq onda yaranmış psixi pozuntularla əlaqədar onda əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivliyin yaranması, gün ərzində əhvalruhiyyəsinin aşağı olması, yuxusunun pozulması, yuxuda müharibə səhnələri görərək həyəcanlı halda oyanması, vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək intihar haqqında fikirlər beyninə gəldiyi günlərin olması, psixi vəziyyəti ilə əlaqədar iş qabiliyyətini itirməsi, vəziyyətinin onda daxili sıxıntılar və ümidsizlik yaşatdığını bildirməsi), yoxlanılan şəxslə aparılan sorğu gedişatında tez yorulması, astenizasiya olunması, onda əhval-ruhiyyənin aşkar enməsi biruzə verməsi və s.) sübut edir. İddiaçı hal-hazırda *Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliyin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış ##.##.2025-ci il tarixli, E********QHD nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəliyin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəlik ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliyin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, IPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır.Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni ##.##.2025-ci il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar