Məhkəmə qərarları › İş №2-1(3-8)-824/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-824/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-824/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi İddiaçı Paşayev İlqar Cəmaləddin oğlunun iştirakı ilə, İddiaçı Paşayev İlqar Cəmaləddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Publik Hüquqi Şəxsə qarşı Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən faktiki istifadəsində və sahibliyində olan köşk üzərində onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Siyəzən rayon İcra Hakimiyyəti başçısının *** saylı, ## #### 1998-ci il tarixli sərəncamının surətindən görünür ki, Paşayev İlqar Cəmaləddin oğluna shaibkalıq fəaliyyəti ilə məşğul olmağa və kəndin daxilində köşk qoymağa icazə verilmişdir. Sərəncama əlavə edilmiş sxemdən görünür ki, köşkün ölçüləri 12 kv m göstərilmişdir. Cavabdehn * saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-31/2- ****/**** nömrəli imtina məktubunun surətindən görünür ki, torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən, müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Daşınmaz əmlaka dair ##.##.2025-ci il tarixli müayinə aktının surətindən görünür ki, vətəndaşın göstərdiyi torpaq sahəsinin koordinatlarına əsasən tərtib edilmiş torpaq sahəsi üzərində tikinti sahəsi 15.3 kv m olan (daşınar əmlak) metal konstruksiyadan quraşdırılmış köşk yerləşir və faktiki istifadə edilmir. Cavabdehn * saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə sözügedən torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. X1 filialının ##.##.2026-cı il tarixli məktubu ilə Siyəzən rayon İcra Hakimiyyəti başçısının *** saylı, ## #### 1998-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəmsinə müraciət edərək, Siyəzən rayonu Yenikənd kəndindi ərazisində yerləşən faktiki istifadəsində və sahibliyində olan köşk üzərində onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKRin struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla bağlı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tanınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının *** saylı ## #### 1998-ci il tairxli sərəncamı ilə “Sahibkarlıq fəaliyyəti haqqında “ Azərbaycan Respublikası qanununa uyğun olaraq Yenikənd kəndində qeydiyyatda olan iddiaçı Paşayev İlqar Cəmaiəddin oğluna sahibkarlıq fəaliyyətinin kommersiya növü ilə məşğul olmağa və kəndin daxilində köşk qoymağa icazə verilməsi qərara alınmışdır. Sözügedən köşk bu günə qədər iddiaçının istifadəsində və sahibliyindədir. Lakin bu günə qədər sözügedən köşkün özəlləşdirilməsi mümkün olmamışdır. Köşkün iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsək də, müraciətinə müsbət cavab verilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazın dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində iddiaçı Paşayev İlqar Cəmaləddin oğluna reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə köməklik göstərilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət 1425018238 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı olaraq bildirilir ki, müraciətə torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının *** saylı, ## #### 1998-ci il tarixli sərəncamının mövcudluğu işin mübahisəsiz halıdır. Lakin icra hakimiyyəti tərəfindən iddiaçıya müvafiq sərəncam təqdim edilsə də, həmin sərəncamda iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hər hansı göstəriş yoxdur. Sərəncam sadəcə köşk qoyulmasına icazə verilməsindən ibarətdir. İddiaçı köşk üzərində mülkiyyət hüuqunun qeydə alınmasını tələb etsə də, həmin köşkün yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilməmişdir. Bu səbədən də məhkəmə hesab edir ki, qeyd olunan əmlak üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümükün deyil. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən tətbiq edilən inzibati icraat qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli sərəncamı ilə ona kənd daxilində köşk qoymağa icazə verilmiş və köşkün qoyulduğu torpaq sahəsinin ölçüsünü təsdiq edən sxem sərəncama əlavə edilmişdir. Həmin sxem Siyəzən rayon İcra Hakimiyyətinin təqsirindən möhürlə təsdiq edilməmişdir. Lakin sxemin mövcudluğunu *** saylı sərəncam təsdiq edir. Sərəncamda qeyd edilmişdir ki, sxem sərəncama əlavə edilir. Bundan başqa həmin sxemdə köşkün yerləşdiyi ərazi, ətrafdakı tikililər göstərilmiş və köşkün ərazisi S-12 kv m kimi əks olunmuşdur. Nəzərə almaq lazımdır ki, “S” hərfi həndəsədə sahə ölçüsü ifadəsini əks etdirir. Sxemin möhürlə təsdiq edilməməsində günahkar Siyəzən İcra Hakimiyyətidir. Burada iddiaçının heç bir günahı yoxdur. İddiaçı 25 ildən artıqdır ki, köşkdən istifadə edir və ona sahiblik edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Paşayev İlqar Cəmaləddin oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 1 . Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; (...) Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair:[35] 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi Siyəzən rayonu Yenikənd kəndindi ərazisində yerləşən faktiki istifadəsində və sahibliyində olan köşk üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, köşkün qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyi üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona dövlət reyestrindən çıxarışın verilməsini tələb etmiş, cavabdeh inzibati orqan isə təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsini əsas gətirməklə həmin tələbin təmin edilməsindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı formal xarakter daşımayıb, yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud olduqda və həmin sənədlər əsasında daşınmaz əmlakın hüquqi statusu, yerləşməsi, habelə hüququn yaranma əsası birmənalı müəyyən edildikdə həyata keçirilə bilər. Dövlət qeydiyyatını həyata keçirən orqan təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq, hüquqlar arasında ziddiyyətlərin olubolmamasını müəyyən etmək və yalnız bunun nəticəsində hüququ dövlət qeydiyyatına almaq səlahiyyətinə malikdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüquqlarının əsası kimi Siyəzən rayon İcra Hakimiyyəti başçısının ## #### 1998-ci il tarixli *** nömrəli sərəncamına istinad etmişdir. Lakin həmin sərəncamın məzmunundan görünür ki, sənədlə iddiaçıya torpaq sahəsinin ayrılması və ya həmin torpaq sahəsi üzərində hər hansı əşya hüququnun verilməsi nəzərdə tutulmamış, yalnız müəyyən ərazidə köşk yerləşdirilməsinə icazə verilmişdir. Başqa sözlə, qeyd olunan sərəncam daşınmaz əmlak və ya torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bununla yanaşı, iddiaçı nə mübahisəli köşkün yerləşdiyi torpaq sahəsi üzərində hüququnu təsdiq edən, nə də həmin əmlakın qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradıldığını və hüquqi əsaslarla əldə edildiyini təsdiqləyən hər hansı digər hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Burada nəzərə alınmalıdır ki, mübahisə obyektini hər hansı daşınmaz əmlak deyil, metal konstrukisyadan ibarət olan köşk təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə görə isə daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Başqa sözlə iddiaçının iddia etdiyi obyekt ümumiyyətlə, daşınmaz əmlak anlayışına uyğun gəlmədiyindən onun üzərində hər hansı hüququn daşınmaz əmlakın dövlət reyestirndə qeydə alınmasından söhbət gedə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələrinin tələblərinə əsasən qeydiyyat orqanı təqdim olunmuş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində mövcud məlumatlara uyğunluğunu, hüquqların dövlət qeydiyyatı üçün zəruri hüquqi əsasların mövcudluğunu və təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə cavab verməsini yoxlamağa borcludur. Hüquqmüəyyənedici sənədlərin olmaması və ya onların qanunvericiliyin tələblərinə cavab verməməsi isə hüquqların dövlət qeydiyyatından imtina üçün müstəqil hüquqi əsas təşkil edir. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılarkən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmış, təqdim olunmuş sənədlər hüquqi qiymətləndirilmiş və daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün zəruri hüquqi əsaslar müəyyən edilmədiyindən dövlət qeydiyyatından imtina edilməsi barədə qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq edən, habelə cavabdeh inzibati orqanın imtinasının qanunsuzluğunu göstərən hər hansı yeni və mötəbər sübutlarla təsdiq edilməmişdir. Şikayətdə irəli sürülən arqumentlər mahiyyət etibarilə birinci instansiya məhkəməsində araşdırılmış və həmin məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmiş halların təkrarından ibarətdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar