Məhkəmə qərarları › İş №2-1(3-8)-828/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-828/2026

28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-828/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ona torpaq sahəsinin ayrılması barədə ərizə ilə ##.##.2006-cı il tarixdə Xaçmaz rayonu Uzunoba bələdiyyəsinə müraciət etmiş, bununla əlaqədar onun tərəfindən bələdiyyənin bank hesabına torpaq sahəsinin dəyəri ödənilmişdir.

2. DTXK-nin Xaçmaz rayon şöbəsinin ##.##.2006-cı il tarixli, **** nömrəli rəyinə əsasən fərdi mənzil tikintisi məqsədilə iddiaçıya satılması nəzərdə tutulan 1000 kv.m. torpaq sahəsi Uzunoba bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir, Ağaşirinoba bələdiyyəsinin perspektiv inkişaf üçün saxlanılan torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir.

3. Həmçinin, Xaçmaz Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Işləri şöbəsi də müvafiq rəyi ilə satılması nəzərdə tutulan torpaq sahəsinin Uzunoba bələdiyyəsinin perspektiv inkişafında saxlanılan torpaqlara aid olduğunu qeyd etmiş və torpaq sahəsinin tikinti işləri aparılması məqsədilə ayrılmasını məqsədəuyğun hesab etmişdir.

4. Müraciəti nəzərə alınaraq, Xaçmaz rayonu Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ehtiyat fondundan 1000 kv.m. torpaq sahəsi ayrılmışdır.

5. Uzunoba bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqısatqısına dair” akt imzalanmış, həmçinin, ##.##.2006-cı il tarixdə ayrılan 1000 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Uzunoba bələdiyyəsinin 1:10.000 miqyasında yerquruluşu planından çıxarışda göstərilmiş, həmin sənəd Xaçmaz Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti işləri şöbəsi tərəfindən təsdiqlənmişdir.

6. Həmçinin, Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 1000 kv.m. torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən onun adına A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və həmin sənəd X2 kitabında ##.##.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Iddiaçı ərizə ilə cavabdeh1 müraciət edərək, Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən ona satılmış 1000 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

8. Cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,10 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyənin ehtiyat fondundan ayrılmış torpaq sahəsidir. Bundan əlavə, Xaçmaz rayonu Uzunoba bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Şərifoba kəndinin yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçüləri göstərilməmişdir.

9. Bundan sonra iddiaçı həmin tələblə yenidən * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, inzibati orqan ##.##.2025-ci il tarixli, *-**-*-**/*-Ş-****/**** nömrəli məktubu ilə müraciətə eyniməzmunlu imtina cavabı vermişdir.

10. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Şərifoba kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

11. Iddiaçı tələbini hazırkı qərarın 1-8-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir. Hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinası qanunsuz və əsassızdır.

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

13. Iddiaçının ərizəsi və “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmri nəzərə alınaraq, * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

14. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iş üzrə icraata zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Xaçmaz rayonu Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Qəşəm Məmmədli).

16. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrıldığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən müsbət rəy verilmiş, torpaq sahəsi bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti kimi qiymətləndirilmişdir. Bu yanaşmanın əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Cavabdehin imtina səbəblərindən biri kimi yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçülərinin göstərilməməsi göstərilsə də, yerquruluşu və mərzçəkmə işlərinin aparılması inzibati orqanın vəzifəsidir. Buna görə də həmin sənəddə ölçülərin göstərilməməsi iddiaçının təqsirindən irəli gəlmədiyindən, bu halın mülkiyyət hüququnun qeydiyyatına maneə kimi qiymətləndirilməsi etimadın qorunması prinsipinə ziddir. Bundan başqa, imtina məktubunda göstərilməyən, lakin məhkəməyə təqdim olunmuş müayinə aktında TEKUIS-də istifadəçi kimi X4 qeyd olunduğu göstərilmişdir. Lakin, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilmiş X4 iddia tələbinə etiraz etməmişdir. Eyni zamanda, müayinə aktına əlavə edilmiş ortofoto görüntüsündə adı qeyd olunan X3 da ##.##.2026-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudur, torpaq sahələri yanaşı yerləşir. Öz torpaq sahəsini hasara almamışdır. Üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ...

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ...

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

25. “Inzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ...

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

27. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

28. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş, formal tələblərə uyğun tərtib edilmiş və şikayətçinin tələbi göstərilmişdir. Buna görə apellyasiya şikayəti mümkün hesab edilir.

29. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, həmin qərarın qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla tam yoxlanılır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

30. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Hazırkı mübahisənin predmetini Xaçmaz rayonu Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.

32. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: 1) Torpaq sahəsinin TEKUIS-də bələdiyyənin ehtiyat fondundan ayrılmış torpaq sahəsi olması; 2) Uzunoba bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Şərifoba kəndinin yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçülərinin göstərilməməsi.

33. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir.

34. Məhkəmə kollegiyası şikayətin birinci dəlilinə münasibətdə qeyd edir ki, Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun istinad olunan normaları bələdiyyənin ehtiyat fonduna aid bütün torpaqların xüsusi mülkiyyətə verilməsini qadağan etmir.

35. Həmin normanın tələbindən göründüyü kimi yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Deməli, torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid olması özlüyündə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinin qanunazidd olması nəticəsini doğurmur. Belə hallarda həlledici hüquqi əhəmiyyət kəsb edən məsələ torpaq sahəsinin ehtiyat fondunun qanunla xüsusi mülkiyyətə verilməsinə yol verilən kateqoriyasına aid olub-olmamasının müəyyən edilməsidir.

36. Hazırkı işin materiallarından görünür ki, Xaçmaz rayonu Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixli, **** nömrəli rəy verilmiş, qeyd olunan rəydə həmin torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf üçün saxlanılan torpaqlarına aid olduğu və fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasının qanunvericiliyə uyğun hesab edildiyi göstərilmiş, həmçinin, Xaçmaz Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Işləri şöbəsinin müvafiq rəyində də torpaq sahəsinin məhz perspektiv inkişaf üçün saxlanılan torpaqlara aid olduğu təsdiq edilmişdir.

37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir.

38. Bununla da müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy verilmiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan sahə kimi qiymətləndirmişdir.

39. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir.

40. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz.

41. Odur ki, kollegiya hesab edir ki, cavabdehin yalnız torpağın elektron kadastr uçotu informasiya sistemində bələdiyyənin ehtiyat fondu torpağı kimi göstərilməsinə istinad etməklə qeydiyyatdan imtina etməsi, torpaq sahəsinin perspektiv inkişaf üçün saxlanılan və qanunvericiliyə əsasən xüsusi mülkiyyətə verilə bilən torpaq kateqoriyasına aid olması ilə bağlı iş materiallarında mövcud sübutları nəzərə almaması baxımından əsaslı hesab edilə bilməz.

42. Kollegiya şikayətin bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçülərinin göstərilməməsinə dair digər dəlilini də aşağıdakılara əsasən əsassız sayır.

43. Belə ki, əvvəla, cavabdehin bildirdiyinin əksinə olaraq iş materiallarında olan yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha olaraq göstərilmiş, eləcə də, sahənin cizgisi və döngə nöqtələrinin koordinatları təsbit edilmiş, həmin sənəd bələdiyyənin və Xaçmaz Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti Işləri şöbəsinin möhürü ilə təsdiq edilmişdir.

44. Bundan əlavə, mübahisəli torpaq sahəsinə DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən plan və ölçü sənədi verildiyindən və həmin sənəddə sahənin ölçüsü 1000 kv.m. olaraq göstərilmişdir.

45. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halların torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də, bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına maneə törətdiyini göstərməlidir.

46. Belə imtinada mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.

47. Hazırkı işdə cavabdeh tərəfindən belə hallara istinad olunmamışdır.

48. Kollegiya bir məqamı da diqqətə çatdırmağı zəruri hesab edir ki, müraciətin icrasından imtina məktubunda, eləcə də, apellyasiya şikayətinin dəlillərində qeyd edilməsə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən müayinə aktında torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının qonşu torpaqların koordinatları ilə üstüstə düşmədiyi, lakin, torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUIS) istifadəçi olaraq Babazadə (Qanbayeva) Mətanət Neytulla qızının olduğunu göstərilmişdir.

49. Qeyd olunan dəlillə bağlı apellyasiya məhkəməsində icraat zamanı həmin müayinə aktını tərtib edən mühəndis Salman Abbasov videokonfrans əlaqə sistemi vasitəsilə izahat verərək iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının onun adına DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarla üst-üstə düşdüyünü, lakin, uçot xəritələrində yol verilmiş texniki yanlışlıq nəticəsində TEKUIS-də həmin sahənin istifadəçisi olaraq başqa şəxsin (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) göstərildiyini bildirmişdir.

50. Həmçinin, müayinə aktında da iddiaçının adına verilmiş bələdiyyə sxemində işarə olunmuş yerlə DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların faktiki naturada istifadə vəziyyətinə uyğun olduğu qeyd edilmişdir.

51. Məhkəmə araşdırması zamanı əlavə olaraq müəyyən edilmişdir ki, cavabdeh orqanla İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında bələdiyyə qərarı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair hazırda davam edən inzibati mübahisə var. Qeyd olunan iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, həmin qərar apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Iş hazırda cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır.

52. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs da məhkəmə iclasında izahatında qeyd olunan faktı təsdiqləyərək, iddiaçı ilə qonşu olduqlarını, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış hazırda iddia olunan torpaq sahəsi ilə ona ayrılmış sahənin yanaşı sahələr olduğunu və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

53. Göründüyü kimi torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədlərdə əks olunan yerləşmə mövqeyi arasında hər hansı uyğunsuzluq mövcud deyildir. TEKUIS-də torpaq sahəsinin istifadəçisi barədə məlumatın başqa şəxsin adına qeyd olunması isə torpaq sahəsinin naturada yerləşməsi və ya tərəflər arasında hər hansı mübahisədən deyil, elektron kadastr uçot sisteminə məlumatların daxil edilməsi zamanı yol verilmiş texniki yanlışlıqdan irəli gəlmişdir.

54. Belə olan halda, inzibati orqanın informasiya sistemində buraxılmış texniki səhvin mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması yolverilməzdir. Çünki iddiaçı torpaq sahəsini səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə uyğun qəbul etmiş, həmin sənəddə göstərilən koordinatlar üzrə istifadə etmiş və onun bu yanlışlığın yaranmasına hər hansı təsiri və ya təqsiri müəyyən edilməmişdir. Inzibati orqanın uçot sistemində mövcud olan texniki uyğunsuzluq iddiaçının hüquqlarının məhdudlaşdırılması və ya müraciətinin təmin edilməsindən imtina üçün müstəqil hüquqi əsas hesab oluna bilməz. Əks yanaşma hüquqi müəyyənlik, qanuni gözlənti və şəxsin dövlət orqanlarının qanuni fəaliyyətinə etimadı prinsipləri ilə uzlaşmır.

55. Iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Xaçmaz rayonu, Uzunoba bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

56. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

57. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

58. Göründüyü kimi həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

59. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3 və 3.4cü maddələrinə görə insan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməli, Konstitusiyada və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

60. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8-ci maddəsi ilə mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət normayaratma fəaliyyətinin əsas prinsipləri sırasında müəyyən olunmuşdur.

61. Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin tərkib hissəsi kimi mütənasiblik prinsipi hüququn məhdudlaşdırılma dərəcəsinin yalnız qanuni məqsəd üçün zəruri və ağlabatan həddə olmasını tələb edir. Bu təməl prinsip məhdudlaşdırmanın tətbiqi zamanı dövlətin və ya cəmiyyətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmasını şərtləndirdiyindən, belə tarazlığın qorunmaması və ya şəxsin həddən artıq məhrumiyyətə məruz qalması mütənasibliyin pozulması ilə nəticələnə bilər.

62. Işin yuxarıda qeyd olunan hallarına istinadən kollegiya hesab edir ki, iddiaçının hazırkı hüququnun realizəsi ilə bağlı cavabdeh tərəfindən müəyyən edilmiş məhdudiyyət mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmir.

63. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar