Məhkəmə qərarları › İş №2-1(3-8)-829/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-829/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-829/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Hökməli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli ** nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz olunmasını xahiş etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli Bələdiyyə torpaqlarından iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 0,05 ha torpaq sahəsi ayrılmış və torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini X5 Bankının Abşeron rayon filialındakı *********** saylı xüsusi hesabına iddiaçı tərəfindən ** saylı mədaxil qəbzi ilə 500 manat pul ödənilmişdir. Abşeron rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin ## ##### 2008-ci il tarixli ayrınc aktına əsasən Hökməli bələdiyyəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra iddiaçıya, fərdi yaşayış evinin tikilməsi üçün 0,05 ha torpaq sahəsi ayrılaraq təhvil verilmiş və həmin tarixli Abşeron rayon Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarış verilmişdir. Abşeron rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin ## ##### 2008-ci il tarixli ayrınc Aktına əsasən Hökməli bələdiyyəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra torpaq sahəsinin yerləşmə və cizgi planına əsasən həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınmış və bugünədək onun istifadəsindədir. Hazırda Abşeron rayonu, Hökməli bələdiyyəsinin qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarış alınmasına zərurət yaranmışdır. Abşeron rayonu, Hökməli Bələdiyyəsinin qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli bələdiyyə torpaqlarından iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi barədə müvafiq sənədləri ərizəyə əlavə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin xxxx tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli imtina ərizəsində göstərilir ki, aparılmış araşdırma zamanı Abşeron raon Hökməli Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** saylı qərarı ilə 0,05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. İddiaçı hesab edir ki, cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli imtinası əsassız və qanunsuzdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Abşeron rayon Hökməli bələdiyyəsinin ** nömrəli, ##.##.2008-ci il tarixli qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli Bələdiyyə torpaqlarından iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla Dövlət reyestrindən çıxarış verilməsi üçün iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsi qanunsuz və əsassız olaraq imtina cavabı verilmişdir. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakının dövlət reyestrində mülkiyyət hüququ ilə ərizəçinin adına rəsmiləşdirilməsi üçün əsaslar mövcuddur. Lakin cavabdeh idarə qanunsuz və əsassız olaraq iddiaçıya məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Hökməli Bələdiyyəsi tərəfindən ## ##### 2008-ci il tarixli, ** saylı qərarı ilə 0.05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, alqı-satqı aktının və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmadığı, Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon Hökməli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçıya 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. ##.##.2008-ci il tarixli ** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Hökməli bələdiyyəsinin bank hesabına 500 manat məbləğində ödəniş edilmişdir. Abşeron rayon Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin ölçüləri və yerləşmə vəziyyəti göstərilmişdir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli, **** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 2003-cü ildən uşaqları ilə birlikdə Hökməli qəsəbəsi, Nübar y/m-də yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Hökməli bələdiyyəsi tərəfindən ## ##### 2008-ci il tarixli, ** saylı qərarı ilə 0,05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, alqı-satqı aktının və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmadığı, Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olubolmamasını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto görüntüsü, baş planın surəti və qonşuluqlara dair məlumatlar təqdim edilir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, bələdiyyələrin torpaqayırma sənədlərinin qanunvericiliyə uyğun olaraq 5 ildən bir Dövlət Arxiv İdarəsinə təhvil verilməsi həyata keçirilir. Odur ki, qeyd olunan bələdiyyə tərəfindən ## ##### 2008-ci il tarixli, ** saylı qərarla ayrılmış torpaq sahəsinin torpaqayırma sənədləri Abşeron rayon Dövlət Arxivinə təhvil verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba Abşeron rayon Hökməli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli qərarının və digər sənədlərin təsdiq edilmiş surəti əlavə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya Xidməti tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.1982-ci il təvəllüdlü İddiaçı ##.##.2005-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki 0,11 ha ölçüdədir. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsində 1 ev, 1 yüngül konstruksiyalı istixana mövcuddur. Torpaq sahəsinin qərb tərəfindən 13.2m- 13.6m məsafədən 220 KVT YGEX, şərq tərəfindən 4.6m-6.2m məsafədən 220 KVT YGEX keçir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunub. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu Hökməli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulmşdur. (hakim Qəşəm Məmmədli). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müayinə edildikdən sonra torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, torpaq sahəsinin 220 KVt elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: İddiaçıya bələdiyyənin ## ###### 2007-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılarkən qüvvədə olan redaksiya: Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (## ####### 2007-ci il tarixli 466- III QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddiaçının hüquqi marağı Abşeron rayonu Hökməli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrıldığı göstərilən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan dövlət qeydiyyatından imtina edərkən mübahisəli torpaq sahəsinin bələdiyyənin həmin sahə üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan və açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən bilavasitə iddiaçıya verildiyini, alqı-satqı aktının təqdim edilmədiyini, yerquruluşu planından çıxarışın qanunvericiliyin tələblərinə uyğun təsdiq olunmadığını, döngə nöqtələrinin koordinatlarının göstərilmədiyini və ilkin mərhələdə texniki baxışın keçirilməsinə şərait yaradılmadığını əsas kimi göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının istinad etdiyi bələdiyyə qərarının qəbul edildiyi tarixdə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsinə dair qüvvədə olmuş hüquqi tənzimləmə müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı yalnız hüquqmüəyyənedici sənədin formal mövcudluğu kifayət etmir. Həmin sənədin daşınmaz əmlak üzərində hüququn yaranması üçün onun qəbul edildiyi tarixdə qüvvədə olmuş maddi və prosessual hüquq normalarına uyğun olması da tələb edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə və istifadəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normada işlədilmiş “qanunla müəyyən edilmiş qaydada” ifadəsi hər bir bələdiyyə qərarının yalnız bələdiyyə tərəfindən qəbul edilməsi səbəbindən bibaşa dövlət qeydiyyatı üçün hüquqi əsas yaratmadığını göstərir. Bələdiyyə qərarının qeydiyyata əsas olması üçün həm qərarı qəbul edən orqanın mübahisəli torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyətinə malik olması, həm də torpağın özgəninkiləşdirilməsi zamanı qanunla müəyyən edilmiş qaydaya əməl edilməsi zəruridir. Məhkəmə kollegiyası bələdiyyə torpaqlarının verilməsinin hüquqi tənzimlənməsində müxtəlif dövrlərdə fərqli qaydaların mövcud olduğunu nəzərə alır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ilkin redaksiyasında bələdiyyə torpaqlarının birbaşa satılması qanunvericiliklə mümkün olmuşdur. Qanunun 9.6-cı maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasında “bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri” ifadəsinin işlədilməsi də bələdiyyə torpaqlarının müəyyən hallarda hərrac keçirilmədən birbaşa satılmasının qanunvericiliklə nəzərdə tutulduğunu təsdiq etmişdir. Lakin ## ####### 2007-ci il tarixli, ***-IIIQD nömrəli Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyi müəyyən edilmişdir. Eyni Qanunla 9.6-cı maddənin əvvəlki redaksiyasında mövcud olan “bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri” ifadəsi də çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəyişikliklə qanunverici bələdiyyə torpaqlarının birbaşa satılması imkanını aradan qaldırmış və bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsinin yeganə üsulu kimi torpaq hərracını və ya müsabiqəni müəyyən etmişdir. Qanunda işlədilmiş “yalnız” ifadəsi normanın imperativ xarakter daşıdığını göstərmiş və bələdiyyəyə həmin qaydadan kənara çıxmaq səlahiyyəti verməmişdir. Bu hüquqi rejimin qüvvədə olduğu dövrdə torpaq sahəsinin hansı məqsədlə, o cümlədən fərdi yaşayış evinin tikintisi üçün ayrılmasından asılı olmayaraq, bələdiyyə torpağı üzərində hüquq yalnız hərrac və ya müsabiqə vasitəsilə əldə edilə bilərdi. Həmin dövrdə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq ayrılmasına dair hər hansı istisna qanunvericilikdə nəzərdə tutulmamışdı. Sonradan ## ####### 2008-ci il tarixli, ***-IIIQD nömrəli Qanunla bələdiyyə torpaqlarının verilməsinə dair hüquqi tənzimləmə yenidən dəyişdirilmişdir. Həmin Qanun “Azərbaycan” qəzetinin ## ###### 2008-ci il tarixli buraxılışında dərc edilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir. Bu dəyişikliklə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması hərrac və ya müsabiqə qaydasından istisna edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin istisnanın tətbiqi üçün şəxsin torpağı ayıran bələdiyyənin ərazisində daimi yaşaması və eyni zamanda həmin ərazidə ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması tələb olunurdu. Beləliklə, ## ###### 2008ci ildən etibarən yalnız qanunda nəzərdə tutulmuş bu şərtlərə cavab verən şəxslərə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən verilməsi mümkün olmuşdur. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi Hökməli bələdiyyəsinin qərarı isə ## ##### 2008-ci il tarixdə qəbul edilmişdir. Deməli, həmin qərar ## ####### 2007-ci il tarixli dəyişiklikdən sonra, lakin fərdi yaşayış evinin tikintisi üçün istisnanın qüvvəyə mindiyi ## ###### 2008-ci il tarixdən əvvəl qəbul olunmuşdur. Buna görə də hazırkı mübahisə bələdiyyə torpaqlarının istisnasız olaraq yalnız torpaq hərracı və ya müsabiqəsi vasitəsilə verilə bildiyi hüquqi dövrə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, sonradan qüvvəyə minmiş istisna normanın hazırkı hüquq münasibətlərinə tətbiq edilməsi mümkün deyildir. Maddi hüquq normasının geriyə qüvvəsi qanunda birbaşa nəzərdə tutulmadığından, fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılmasına dair sonradan müəyyən edilmiş istisna həmin istisnanın qüvvəyə minməsindən əvvəl qəbul olunmuş bələdiyyə qərarına şamil edilə bilməz. Bu səbəbdən iddiaçının mübahisəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına istinad etməsi onun ## ##### 2008-ci il tarixli bələdiyyə qərarı əsasında hərracsız mülkiyyət hüququ əldə etməsi nəticəsini doğurmur. Torpaq sahəsinin ayrıldığı tarixdə qüvvədə olmuş hüquqi rejimdə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq ayrılmasına dair istisna mövcud olmadığından, mübahisəli torpaq sahəsi də yalnız torpaq hərracı və ya müsabiqəsi vasitəsilə verilə bilərdi. İş materiallarından görünür ki, Hökməli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi bilavasitə ayrılmış, iddiaçı tərəfindən həmin tarixli ** nömrəli mədaxil qəbzinə əsasən bələdiyyənin hesabına 500 manat ödənilmiş, yerquruluşu planından çıxarış və torpaqayırma sənədləri tərtib edilmişdir. Lakin iş materiallarında həmin torpaq sahəsinin açıq torpaq hərracına və ya müsabiqəyə çıxarıldığını təsdiq edən elan, hərracın təşkili barədə sənəd, iştirakçıların siyahısı, hərracın və ya müsabiqənin nəticələrinə dair protokol, yaxud iddiaçının həmin prosedurun qalibi elan edildiyini təsdiq edən hər hansı başqa sübut mövcud deyildir. Əksinə, bələdiyyə qərarının və ona əsaslanan sənədlərin məzmunundan torpaq sahəsinin iddiaçıya bilavasitə verildiyi müəyyən olunur. Bu isə torpağın ayrıldığı tarixdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bələdiyyənin hesabına 500 manat ödəməsi də hüquqi nəticəni dəyişmir. Ödəniş qəbzi yalnız müəyyən məbləğin bələdiyyənin hesabına ödənildiyini təsdiq edir. Həmin sənəd torpaq hərracının və ya müsabiqənin keçirildiyini, iddiaçının həmin prosedurun qalibi olduğunu və torpaq sahəsinin qanunla nəzərdə tutulmuş üsulla özgəninkiləşdirildiyini göstərmir. Kollegiya qeyd edir ki, qanuni hüquqi əsas olmadan ödənişin qəbul edilməsi qanunun tələb etdiyi hərrac və ya müsabiqə prosedurunu əvəz etmir. Bələdiyyənin qanunda nəzərdə tutulmayan qaydada ödəniş qəbul etməsi də şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etməsi üçün müstəqil hüquqi əsas yaratmır. Kollegiysa onu da qeyd edir ki, torpaq sahəsinin iddiaçıya naturada göstərilməsi, təhvil verilməsi, hasara alınması və uzun müddət onun faktiki istifadəsində saxlanılması da mülkiyyət hüququnun qanunla müəyyən edilmiş qaydada yarandığını təsdiq etmir. Həmin hallar yalnız faktiki istifadə vəziyyətini göstərir və məcburi hərrac və ya müsabiqə prosedurunu əvəz edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin mənasına görə dövlət qeydiyyatı daşınmaz əmlak üzərində hüququ yaradan ilkin hüquqi əsas deyil, qanunla müəyyən edilmiş qaydada yaranmış hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Buna görə də qeydiyyat orqanı qanunla müəyyən edilmiş qaydada yaranmamış hüququ yalnız bələdiyyə qərarının, ödəniş qəbzinin və faktiki istifadənin mövcudluğuna əsaslanaraq qeydə ala bilməz. Məhkəmə kollegiyası bələdiyyə qərarının ayrıca qaydada ləğv edilməməsinin də hazırkı mübahisənin nəticəsini dəyişmədiyini qeyd edir. İnzibati aktın formal olaraq qüvvədə qalması ilə həmin aktın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün yararlı hüquqmüəyyənedici sənəd olması eyni hüquqi məsələ deyildir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə məhkəmə bələdiyyə qərarının etibarsız hesab edilməsi barədə tələbə baxmır. Bununla belə, cavabdehin üzərinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması tələb edildiyindən, məhkəmə həmin qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan mənada qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş akt olub-olmadığını qiymətləndirməlidir. Belə ki, bələdiyyə qərarının formal mövcudluğu və sonradan ayrıca aktla ləğv edilməməsi onun qəbul edildiyi tarixdə yol verilmiş maddi hüquq pozuntusunu aradan qaldırmır və həmin qərarı dövlət qeydiyyatı üçün qanuni əsasa çevirmir. Məhkəmə kollegiyası etimadın qorunması prinsipinin də hazırkı mübahisənin nəticəsini dəyişmədiyini hesab edir. İnzibati orqanın fəaliyyətinə etimadın qorunması qanuna uyğun əsasda formalaşmış legitim gözləntilərə aiddir. Bu prinsip imperativ hüquq normasının pozulması ilə verilmiş torpaq sahəsinə sonradan mülkiyyət hüququnun tanınması vasitəsi kimi tətbiq edilə bilməz. Əks yanaşma qanunvericinin bələdiyyə torpaqlarının verilməsində aşkarlığın, bərabər imkanların və rəqabətin təmin olunması məqsədilə müəyyən etdiyi məcburi hərrac və ya müsabiqə qaydasını faktiki olaraq mənasız edərdi. Buna görə bələdiyyənin iddiaçıya torpaq sahəsi ayırması, ödəniş qəbul etməsi və sahəni naturada təhvil verməsi iddiaçıda müəyyən faktiki gözlənti yaratsa da, bu gözlənti qanunun açıq və imperativ tələbinə zidd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaratmır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iş materiallarında bələdiyyənin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpağın özgəninkiləşdirilməsindən əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq edən sənəd mövcud deyildir. Torpaq sahəsinin özgəninkiləşdirilməsinin notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi ilə rəsmiləşdirildiyi də müəyyən olunmur. Kollegiya qeyd edir ki, iş materiallarına bələdiyyə qərarı, torpaqayırma aktı, yerquruluşu planından çıxarış və ödəniş qəbzi əlavə edilmişdir. Lakin həmin sənədlər birlikdə qiymətləndirildikdə də torpaq sahəsinin qanunda nəzərdə tutulan hərrac və ya müsabiqə qaydasında əldə olunmasını təsdiq etmir. Buna görə təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin mənasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün kifayət edən hüquqmüəyyənedici əsas hesab oluna bilməz. Məhkəmə kollegiyası texniki baxışla bağlı imtina əsasına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı ## ####### 2025-ci il tarixdə müayinə aparılmışdır. Müayinə aktında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin 0,05 ha, faktiki istifadədə isə 0,11 ha olduğu, sahədə bir ev və bir yüngül konstruksiyalı istixananın yerləşdiyi, torpaq sahəsinin daş hasarın daxilində olduğu və onun yaxınlığından 220 kV-luq yüksək gərginlikli elektrik verilişi xətlərinin keçdiyi göstərilmişdir. Beləliklə, texniki baxışın keçirilməsinə ilkin mərhələdə şərait yaradılmaması ilə bağlı imtina əsası sonradan aradan qalxmışdır. Bununla yanaşı, müayinə zamanı torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüləri arasında ciddi fərqin mövcud olduğu müəyyən edilmişdir. Hər halda texniki baxışın sonradan keçirilməsi və torpaq sahəsinin naturada mövcudluğunun təsdiqlənməsi torpağın hərrac və ya müsabiqə keçirilmədən verilməsinə dair əsas hüquqi nöqsanı aradan qaldırmır. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisəli torpaq sahəsinin ayrıldığı tarixdə elektron kadastr məlumatlarında hansı kateqoriya və məqsədli təyinat üzrə uçota alındığının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara sorğu göndərmişdir. cavabdeh1 publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradılmadığı bildirilmişdir. Bununla yanaşı, cavabdeh1 publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “xxxx” MMC-nin # #### 2026-cı il tarixli cavab məktubunda təqdim olunmuş koordinatlarda yerləşən torpaq sahəsinin X2 Uçotu İnformasiya Sisteminin məlumatlarına və Abşeron rayonu Hökməli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, torpaq sahəsinin bonitet balının 38, keyfiyyət qrupunun isə IV olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız onların məqsədli təyinatı dəyişdirildikdən sonra yol verilə bilər. Həmin Qanunun 3.0.1-ci maddəsi də torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsini bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biri kimi müəyyən edir. Mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi uçota alındığı halda onun fərdi yaşayış evinin tikintisi üçün ayrılması həmin torpaq sahəsinin məqsədli təyinatının qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilib-dəyişdirilməsinin araşdırılmasını tələb edirdi. Lakin iş materiallarında torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının kənd təsərrüfatı təyinatlı torpaqdan fərdi yaşayış tikintisinə uyğun başqa təyinata dəyişdirilməsini təsdiq edən səlahiyyətli orqanın qərarı və ya digər sənəd mövcud deyildir. Bu səbəbdən apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutlar mübahisəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasının torpağın həmin vaxt mövcud olmuş kateqoriyası və hüquqi rejimi ilə də uzlaşmadığını göstərir. Məhkəmə kollegiyası bununla yanaşı vurğulayır ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması hazırkı iddianın təmin edilməməsi üçün yeganə və əsas səbəb deyildir. Həlledici hüquqi hal torpaq sahəsinin ## ##### 2008-ci ildə qüvvədə olmuş qanunvericiliyin tələb etdiyi torpaq hərracı və ya müsabiqəsi keçirilmədən bilavasitə bələdiyyə qərarı ilə iddiaçıya verilməsidir. Kollegiya onu da qeyd edir ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və təyinatın dəyişdirilməsinə dair sənədin mövcud olmaması isə bələdiyyə qərarının dövlət qeydiyyatı üçün yararlı hüquqi əsas təşkil etmədiyini əlavə olaraq təsdiq etsə də, yuxarıda qeyd edilən əsaslar müəyyən edildiyindən məhkəmə tərəfindən bununla bağlı əlavə araşdırma aparılmasına (müvafiq sorğular verilməsinə) zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının istinad etdiyi ## ##### 2008ci il tarixli bələdiyyə qərarı bələdiyyə torpaqlarının istisnasız olaraq yalnız torpaq hərracı və ya müsabiqəsi vasitəsilə verilə bildiyi dövrdə qəbul edilmiş, iş materiallarında hərracın və ya müsabiqənin keçirildiyini təsdiq edən hər hansı sübut təqdim olunmamış, sonradan qüvvəyə minmiş fərdi yaşayış evinin tikintisi üçün torpağın bilavasitə ayrılmasına dair istisna isə əvvəl yaranmış hüquq münasibətlərinə tətbiq edilə bilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən ödənişin edilməsi, torpağın naturada təhvil verilməsi, hasarlanması və faktiki istifadədə saxlanılması məcburi hərrac prosedurunu əvəz etməmiş, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması və onun məqsədli təyinatının dəyişdirilməsinə dair sənədin mövcud olmaması isə həmin bələdiyyə qərarının dövlət qeydiyyatı üçün kifayət edən hüquqi əsas olmadığını əlavə olaraq göstərmişdir. Bu hallara əsasən, Hökməli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, ** nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin mənasında qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət edən hüquqmüəyyənedici akt hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bələdiyyə qərarının formal mövcudluğunu, ödənişin həyata keçirilməsini və torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasını əsas götürmüş, lakin torpağın ayrıldığı tarixdə qüvvədə olmuş hərrac və ya müsabiqə tələbinə, sonradan müəyyən edilmiş istisnanın hazırkı işə tətbiq olunmamasına və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına lazımi hüquqi qiymət verməmişdir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Kollegiya, həmçinin qeyd edir ki, hazırkı mübahisənin həlli zamanı əsas götürülən hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqe ilə uzlaşır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar