Məhkəmə qərarları › İş №2-1(3-8)-835/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-835/2026

28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-835/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “qərarın dəyişdirilməsi, qərarın icrası ilə əlaqədar ödənilmiş vəsait və cərimələrin qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2021-2024-cü illər üzrə ümumilikdə, 459.315,13 manat məbləğində (mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində tutulan vergi və əmlak vergisi) əlavə vergi hesablanmış və 239.143,02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Iddiaçı həmin qərardan yuxarı inzibati orqana şikayətlə müraciət etmiş, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, **************** nömrəli “Inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş, vergi orqanının ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Dövlət Vergi Xidmətinin həmin qərarı qəbul etməsindən bir gün sonra – ##.##.2025-ci ildə iddiaçı həm ##.##.2025-ci il tarixli, **************** nömrəli qərardan, həm də ##.##.2025ci il tarixli “Inzibati şikayətin təmin edilməməsi haqqında” qərardan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermişdir. Apellyasiya Şurasının ##.##.2026-cı il tarixli, * nömrəli qərarı ilə şikayət təmin edilməmiş, və qeyd olunan qərarlar dəyişdirilmədən saxlanılmışdır.

4. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı ildə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin idarənin ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarının dəyişdirilməsini, 454.298,40 manat verginin hesablanmasına və həmin məbləğə görə 227.149,20 manat maliyyə sanksiyasının tətbiqinə dair müddəaların qərardan çıxarılmasını, habelə qərarın icrası ilə əlaqədar iddiaçı tərəfindən Dövlət Xəzinədarlığına ödənilmiş 681.447,60 manat vəsaitin və cərimələrin qaytarılmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarla hesablanmış məbləğlər iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş, lakin həmin qərardan əvvəl Dövlət Vergi Xidmətinə, sonra isə Apellyasiya Şurasına verilmiş şikayətlər təmin edilməmişdir. Iddiaçı hesab edir ki, səyyar vergi yoxlaması zamanı kampaniya çərçivəsində güzəştlə və ya əvəzsiz təqdim edilmiş mallar nəzərə alınmadan satış əlavəsi süni şəkildə artırılmış və vergiyə cəlb olunan gəlir əsassız olaraq şişirdilmişdir. Bildirilmişdir ki, müəssisənin gəlirləri əsasən tədarükçülər tərəfindən verilən endirimlər, bonuslar və satış həcminə görə mükafatlardan formalaşmış, bu əməliyyatların hamısı elektron qaimələrdə əks olunmuşdur. Iddiaçı yoxlama zamanı malların hərəkət cədvəllərini təqdim etdiyini, lakin yoxlayıcıların həmin sənədləri nəzərə almadan aktda onların təqdim edilmədiyini göstərdiklərini qeyd etmişdir. Bundan əlavə, yoxlama zamanı ticarət əlavələrinin hesablanmasında və malların alış dəyərinin müəyyən edilməsində müəssisənin təqdim etdiyi məlumatların təhrif olunduğu, nəticədə mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgün hesablanmadığı iddia edilmişdir. Iddiaçıya görə, vergi orqanı müəssisənin faktiki ticarət əlavələrini deyil, səhv hesablanmış göstəriciləri əsas götürməklə vergiyə cəlb olunan gəliri süni şəkildə artırmışdır. Həmçinin, anbar qalıqları hesablanarkən kampaniya və bonus çərçivəsində əvəzsiz və ya güzəştlə verilmiş mallar nəzərə alınmadığından əsassız mal əskikliyi formalaşdırılmış və həmin məbləğdən əlavə vergi hesablanmışdır. Iddiaçı hesab edir ki, vergi orqanının apardığı hesablamalar müəssisənin elektron qaimələri və mal hərəkəti cədvəlləri ilə təsdiqlənən faktiki göstəricilərə uyğun gəlmir. Bu əsaslarla mübahisələndirilən qərarın müvafiq hissədə dəyişdirilməsini və onun icrası nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, bütün hesablamalar vergi ödəyicisinin təqdim etdiyi elektron qaimələr, mühasibat sənədləri və digər uçot məlumatları əsasında aparılmışdır. Cavabdehin mövqeyinə görə ƏDV üzrə müəssisə tərəfindən bəzi hallarda Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmaqla qanunsuz ƏDV əvəzləşdirmələri aparılmış, əvəzsiz təqdim edilmiş mallar və inventarizasiya zamanı aşkar olunmuş mal əskikliyi üzrə əlavə dövriyyə formalaşdırılmış, nəticədə 281.346,73 manat əlavə ƏDV və müvafiq maliyyə sanksiyası hesablanmışdır. Mənfəət vergisi üzrə cavabdeh qeyd etmişdir ki, iddiaçı malların mədaxil-məxaricinə dair məlumatları tam təqdim etməmiş, təqdim edilən göstəricilər isə vergi bəyannamələri ilə uyğun gəlməmişdir. Buna görə də malların alış dəyəri elektron qaimələr və ticarət əlavələri əsasında müəyyən edilmiş, 2021–2023-cü illər üzrə gəlir və xərclər yenidən hesablanaraq, ümumilikdə, 172.968,40 manat əlavə mənfəət vergisi hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə cavabdeh göstərmişdir ki, müəssisə ##.##.2024-cü il tarixdə təsisçiyə ödənilmiş 100.000 manat dividenddən Vergi Məcəlləsinin 125.1-ci maddəsinə uyğun olaraq tutulmalı olan 5 faiz vergi məbləğini hesablamadığından əlavə 5.000 manat vergi və müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi üzrə isə yoxlama zamanı əsas vəsaitlərin orta illik qalıq dəyərinin düzgün hesablanmadığı müəyyən edilmiş, nəticədə iddiaçının bu vergi üzrə 1.320,87 manat məbləğində vergini artıq hesabladığı aşkar edilmişdir. Cavabdeh vurğulamışdır ki, yoxlama zamanı təqdim edilmiş bütün mühasibat sənədləri və məlumatlar təhlil edilmiş, mənfəət vergisi, ƏDV və ödəmə mənbəyində tutulan vergi üzrə vergidən yayınma halları müəyyən edilmiş, hesablamalar isə yoxlama dövründə qüvvədə olan Vergi Məcəlləsinin normalarına uyğun aparılmışdır. Buna görə də mübahisələndirilən qərarın qanuni və əsaslı olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə).

8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin ##.##.2025-ci il tarixli qərarını mübahisələndirmiş, hazırkı iddia ilə isə məhkəməyə ##.##.2026-cı ildə müraciət etməklə 30 günlük iddia müddətini ötürmüşdür. Məhkəmənin sorğusuna verilmiş cavabla mübahisələndirilən qərarın iddiaçıya ##.##.2025-ci ildə göndərildiyi və həmin tarixdə oxunduğu müəyyən edilmişdir. Iddiaçının nümayəndəsi müddətin bərpası barədə ərizə təqdim etsə də, məhkəmə ərizədə göstərilən halları ##.##.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına əsas hesab etməmişdir.

9. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılaraq işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin təklifi ilə müddətin bərpası barədə ərizə təqdim etsə də, əslində iddia müddətini ötürməmişdir. Belə ki, ##.##.2025-ci il tarixli, **************** nömrəli qərardan ##.##.2025-ci ildə Dövlət Vergi Xidmətinə şikayət verilmiş, həmin şikayət Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan dərhal sonra ##.##.2025-ci ildə həm ilkin qərardan, həm də inzibati şikayət üzrə qəbul edilmiş qərardan Iqtisadiyyat Nazirliyinin yanında Apellyasiya Şurasına şikayət verilmişdir. Apellyasiya Şurasının ##.##.2026-cı il tarixli qərarı iddiaçıya poçt vasitəsilə ##.##.2026-cı ildə təqdim edilmiş, hazırkı iddia isə ##.##.2026-cı ildə qaldırılmışdır. Iddiaçı bu tarixlərin poçt sənədləri və iş materialları ilə təsdiq olunduğunu, buna görə iddia müddətinin ötürülmədiyini bildirmişdir. Iddiaçı, ilk növbədə, müddətin ötürülmədiyinin qəbul edilməsini, əks nəticəyə gəlinəcəyi halda isə buraxılmış müddətin bərpasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı mübahisələndirilən qərardan məhkəməyə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Belə ki, həmin qərar **************** nömrəli sənədlə ##.##.2025-ci ildə saat 12:36-da iddiaçıya göndərilmiş və eyni tarixdə iddiaçı tərəfindən oxunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək yazılı etirazında göstərdiyi əsaslarla şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ OLUNAN HÜQUQ:

14. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 71. Inzibati aktdan şikayət vermək hüququ Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. ... Maddə 73. Inzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. Inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 62. Şikayət verilməsi qaydası ... 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. ...

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. ... 38.3. Inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

17. “Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ####### 2009-cu il tarixli, *** nömrəli Fərmanı: .. 2.1-2. həmin Məcəllənin 38.3-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuraları nəzərdə tutulur; ...

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

18. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Iş materiallarından görünür ki, cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçıya 2021–2024-cü illər üzrə ümumilikdə 459.315,13 manat əlavə vergi (mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi və əmlak vergisi) hesablanmış və 239.143,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

22. Iddiaçı həmin qərarın 454.298,40 manat əlavə verginin hesablanmasına və 227.149,20 manat maliyyə sanksiyasının tətbiqinə dair hissələrinin qərardan çıxarılmasını, həmçinin, qərarın icrası ilə əlaqədar ödədiyi 681.447,60 manatın qaytarılmasını tələb edir. Buna görə tələb IPM-in 32.1-ci maddəsi baxımından inzibati aktın qismən dəyişdirilməsinə yönəlmiş mübahisələndirmə haqqında iddia və həmin aktın icrası nəticələrinin aradan qaldırılması barədə əlavə tələb kimi qiymətləndirilməlidir.

23. Birinci instansiya məhkəməsi iddia müddətinin mübahisələndirilən ilkin qərarın iddiaçıya təqdim edildiyi ##.##.2025-ci il tarixdən hesablanmalı olduğu qənaətinə gəlmiş, bu baxımdan, iddia müddətinin ötürülməsi səbəbindən ##.##.2026-cı il tarixdə verilmiş iddianı mümkün saymamışdır.

24. Kollegiya bu nəticə ilə razılaşmayaraq bildirir ki, işə baxan məhkəmə iddiaçının əvvəlcə Dövlət Vergi Xidmətinə, daha sonra isə Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verməsini və həmin müraciətlərin iddia müddətinin hesablanmasına təsirini nəzərə almamışdır.

25. IPM-in 38.1-ci maddəsinin mənasına görə inzibati aktın mübahisələndirilməsi üçün ümumi iddia müddəti həmin aktın maraqlı şəxsə təqdim edildiyi gündən 30 gündür. Lakin, qanunverici inzibati aktdan əvvəl inzibati qaydada şikayət verildiyi halları ayrıca tənzimləyərək müəyyən edir ki, belə hallarda iddia müddəti ilkin inzibati aktın deyil, şikayət üzrə qəbul edilmiş yekun inzibati aktın təqdim edildiyi gündən hesablanır.

26. Belə ki, IPM-in 38.3-cü maddəsinə əsasən "Inzibati icraat haqqında" Qanunun 73.1 və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına verilmiş şikayət iddia müddətinin axımını dayandırır. Başqa sözlə, şikayətə baxıldığı müddət iddia müddətinə daxil edilmir və həmin müddətin hesablanması yalnız apellyasiya şurasının qərarı və ya yazılı cavabı şikayətçiyə təqdim edildikdən sonra davam edir.

27. Bu tənzimləmə inzibati mübahisənin əvvəlcə inzibati qaydada həllinə imkan yaratmaqla şəxsin məhkəməyə müraciət hüququnun iddia müddətinin keçməsi səbəbindən məhdudlaşmasının qarşısını almağa xidmət edir.

28. "Inzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsi inzibati şikayətin verilməsi üçün ümumi olaraq 30 günlük müddət müəyyən etmişdir. Bu müddətə riayət edilməklə verilmiş şikayət inzibati icraatın davamı hesab edilir və IPM-in 38.3-cü maddəsinin tətbiqi üçün hüquqi əsas yaradır.

29. Nəzərə almaq lazımdır ki, inzibati şikayət institutunun ümumi qaydası "Inzibati icraat haqqında" Qanunla müəyyən edilsə də, vergi mübahisələrində həmin institutun xüsusi tənzimlənməsi Vergi Məcəlləsində nəzərdə tutulmuşdur.

30. Məcəllənin 62.2-ci maddəsi vergi qərarından yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verilməsini nəzərdə tutur. 62.3-cü maddəyə görə yuxarı vergi orqanına şikayət hüququn pozulduğunun bilindiyi gündən üç ay ərzində verilə bilər.

31. Vergi orqanının qərarından qanunla müəyyən edilmiş qaydada verilmiş inzibati şikayət mahiyyət etibarilə "Inzibati icraat haqqında" Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayət hesab olunur.

32. Işin hallarından görünür ki, ilkin qərar iddiaçıya ##.##.2025-ci il tarixdə təqdim edilmiş, Dövlət Vergi Xidmətinə şikayət isə ##.##.2025-ci il tarixdə verilmişdir. Beləliklə, ilk şikayətin vaxtında verilməsi mübahisə doğurmur.

33. Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarı ilə həmin şikayət təmin edilməmiş, növbəti gün – ##.##.2025-ci il tarixdə iddiaçı həm ilkin vergi qərarından, həm də şikayət instansiyasının qərarından Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir.

34. IPM-in 38.3-cü maddəsinə əsasən inzibati aktla bağlı şikayət “Inzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildikdə, IPM-in 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin axımı həmin qurumun qərarı və ya yazılı cavabı şikayətçiyə təqdim edilənədək dayandırılır.

35. Azərbaycan Respublikası Prezidentinin ## ####### 2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.1-2-ci bəndinə görə, IPM-in 38.3-cü maddəsində işlədilən “qurum” anlayışına mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətə məxsus hüquqi şəxslərin apellyasiya şuraları daxildir. Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası da bu mənada həmin normanın əhatə etdiyi qurumdur.

36. Birinci instansiya məhkəməsi isə iddiaçının Apellyasiya Şurasına müraciətinə qərardan verilmiş şikayət anlamında qiymət vermədən müddətin buraxılması qənaətinə gəlmişdir.

37. Halbuki, iddiaçının qərarla bağlı yuxarı inzibati orqanın Apellyasiya Şurasına müraciəti, məzmun baxımından həmin qərarın yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş üzrə materiallara əlavə olunmuş (1ci cild, səhifə 5) mübahisələndirilən qərarla bağlı Apellyasiya Şurasına ##.##.2025-ci il tarixli müraciəti və həmin müraciətlə bağlı qərara etiraz edərək bildirdikləri, xüsusilə də iddiaçının müraciətində və şuranın yekun qərarında əks olunmuş iradə ifadəsi şikayət instansiyasına şikayət kimi qiymətləndirilməlidir. Həmçinin, şikayətə mahiyyəti üzrə baxılması və həm ilkin vergi qərarının, həm də Dövlət Vergi Xidmətinin qərarının dəyişdirilmədən saxlanılması Apellyasiya Şurasının inzibati şikayət mexanizminin davamı kimi çıxış etdiyini göstərir.

39. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2018-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası” haqqında Əsasnamənin tələblərinə əsasən IN-nin Apellyasiya Şurası sahibkarlıq subyektlərinin Nazirliyin sisteminə daxil olan qurumların qərarlarından verdikləri şikayətlərə baxan kollegial qurumdur. Struktur qurumun qərarından şikayətə Apellyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə əvvəlcə həmin sistemdəki yuxarı orqan və ya vəzifəli şəxs baxmış olsun.

40. Hazırkı işdə də iddiaçı vergi orqanının ilkin qərarından əvvəlcə Dövlət Vergi Xidmətinə, onun qərarından dərhal sonra isə Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayətlərlə müraciət etmişdir.

41. Odur ki, ##.##.2025-ci ildə Apellyasiya Şurasına şikayət verildiyi andan IPM-in 38.1ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin axımı IPM-in 38.3-cü maddəsinə əsasən dayandırılmış və bu vəziyyət Apellyasiya Şurasının qərarı iddiaçıya təqdim edilənədək davam etmişdir.

42. Kollegiya xüsusi olaraq qeyd edir ki, IPM-in 38.3-cü maddəsi iddia müddətinin yenidən başlanmasını deyil, onun axımının dayandırılmasını nəzərdə tutur. Buna görə Apellyasiya Şurasının qərarı təqdim edildikdən sonra iddia müddəti yenidən hesablanmır, şikayət verilənədək keçmiş hissə nəzərə alınmaqla qalan hissənin axımı davam edir.

43. Iş materiallarında olan X2 Şöbəsi tərəfindən verilmiş D*************** nömrəli çatdırılma vərəqəsinə (1-ci cild, səhifə 57) əsasən, SS983120405AZ ştrixkod nömrəli poçt göndərişi – Apellyasiya Şurasının qərarı İddiaçı MMC-yə ##.##.2026-cı il tarixdə təhvil verilmişdir.

44. Iddiaçı hazırkı iddia ərizəsini ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etmişdir.

45. Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarının iddiaçıya elə həmin gün təqdim edildiyi fərz olunsa belə, ##.##.2025-ci ildə Apellyasiya Şurasına şikayət verilənədək iddia müddəti ən çoxu bir gün keçmiş hesab edilə bilər.

46. Apellyasiya Şurasının qərarının təqdim olunduğu ##.##.2026-cı il tarixdən sonra müddətin axımı növbəti gündən davam etmiş və iddianın verildiyi ##.##.2026-cı il tarixədək 28 gün keçmişdir.

47. Bu qaydada hesablama tətbiq edildikdə belə, iddia müddətinin keçmiş hissəsi ümumilikdə, 29 gündən çox olmamışdır. Deməli, IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülməmişdir.

48. Birinci instansiya məhkəməsi Apellyasiya Şurasına verilmiş şikayətin məzmununu, şikayətin verilmə tarixini, Apellyasiya Şurasının qərarının iddiaçıya təqdim edilməsinə dair sübutu və həmin Şuranın IPM-in 38.3-cü maddəsi baxımından hüquqi statusunu qiymətləndirmədən iddianın mümkün sayılmaması nəticəsinə gəlmişdir. Bu yanaşma IPM-in 12-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz.

49. Beləliklə, qeyd olunanlara əsasən, iddiaçı mübahisələndirmə haqqında iddianın müddətinə dair mümkünlük şərtinə əməl etmişdir və iddianın bu əsasla mümkün sayılmaması üçün hüquqi əsas yoxdur. Bu baxımdan, şikayət təmin edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “qərarın dəyişdirilməsi, qərarın icrası ilə əlaqədar ödənilmiş vəsait və cərimələrin qaytarılması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar