Məhkəmə qərarları › İş №2-1(3-8)-84/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-84/2026

28.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-84/2026 28.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Qusar rayon Samur Bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən sahibkarlıq məqsədləri üçün ona ayrılmış 0,30 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,27 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ona torpaq sahəsinin satılması barədə ərizə ilə ##.##.2004-cü il tarixdə Qusar rayon Samur bələdiyyəsinə müraciət etmiş, bununla əlaqədar onun tərəfindən bələdiyyənin bank hesabına torpaq sahəsinin dəyəri ödənilmişdir.

2. 3. DTXK-nin Qusar rayon şöbəsinin ##.##.2014-cü il tarixli, **** nömrəli rəyinə əsasən bələdiyyə fondundan iddiaçıya 0,30 ha torpaq sahəsinin satılması qanuna müvafiq sayılmış, həmçinin Qusar Rayon Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinin ##.##.2015-ci il tarixli, ** nömrəli rəyi ilə satılması nəzərdə tutulan 0,30 ha torpaq sahəsinin iddiaçıya satılması məqsədəuyğun hesab edilmişdir.

3. Müraciəti nəzərə alınaraq, Qusar rayon Samur Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya Samur bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı boş torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədilə 0,30 ha torpaq sahəsi satılmışdır.

4. Həmin qərarın icrası ilə əlaqədar tərəflər arasında ##.##.2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmiş, alqı-satqı aktı ##.##.2009-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmış və torpaq sahəsi iddiaçıya naturada təhkim edilmişdir.

5. Hər iki torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilmişdir.

6. Iddiaçıya satılmış 0,30 ha torpaq sahəsinin hər biri 0,15 ha olmaqla iki hissəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən ##.##.2009-cu il tarixli AN-540013, ************** nömrəli və AN-540014, ************** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir.

7. Iddiaçı ##.##.2024-cü il tarixli, 2824037725 və ********** qeydiyyat nömrəli ərizələrlə cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək sözügedən 0,15 ha və 0,15 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanmasını xahiş etmişdir.

8. Cavabdeh ##.##.2024-cü il tarixli, 3-21-3-34/2-12812/2024 və *-**-*-**/*-*****/**** nömrəli məktublarla müraciətlərin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, ##.##.2009-cu il tarixdə qeydiyyata alınmış alqı-satqı aktının və 30102018000211, ************** nömrəli plan və ölçü sənədlərinin qeydiyyatı Ərazi Idarəsinin arxivində və elektron məlumat bazasında aşkar edilməmiş, elektron kadastr uçotu məlumatlarında isə 0,15 ha torpaq sahəsinin bir hissəsi dövlət mülkiyyətinə, digər hissəsi yaşayış məntəqələrinin üzərinə düşür. Həmin torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUIS) ümumi istifadədə olan dövlət torpağı (infrastruktur) kimi göstərilir, həmçinin, 0,15 ha torpaq sahəsi azalaraq 0,12 ha ölçüdə öz əksini tapmışdır.

9. Imtina məktubunda digər 0,15 ha torpaq sahəsinə münasibətdə qeyd edilir ki, TEKUIS-də sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,15 ha torpaq sahəsi “dövlət mülkiyyəti”, kateqoriyası “sənaye, nəqliyyat, tikinti”, uqodiyası isə “infrastruktur” kimi qeyd edilmişdir. Bundan əlavə, həmin sahə ümumi istifadədə yerləşir, digər şəxsə məxsus torpaq sahəsinə və qeyri-yaşayış binasına giriş həmin torpaq sahəsindən keçir.

10. Iddiaçı həmin imtinalarla razılaşmayaraq cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon Samur Bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən sahibkarlıq məqsədləri üçün ona ayrılmış 0,30 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,27 ha hissəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

12. Iddiaçı tələbini hazırkı qərarın 1-10-cu bəndlərində göstərilən hallarla əsasən eyni məzmunda əsaslandırmış, əlavə olaraq bələdiyyə qərarının qüvvədə olduğunu, torpaq sahəsinin uzun müddətdir onun faktiki istifadəsində olduğunu, hüquqmüəyyənedici və texniki sənədlərin səlahiyyətli orqanlar tərəfindən tərtib edildiyini, sənədlərin sonradan yaradılmış elektron bazada aşkar edilməməsinin onların hüquqi qüvvəsini aradan qaldırmadığını bildirmiş və cavabdehin imtina məktublarını qanunsuz və əsassız hesab etmişdir.

13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək imtina məktublarında göstərilən hallara istinad etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayon Samur Bələdiyyəsinin ## #### 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən sahibkarlıq məqsədləri üçün iddiaçıya ayrılmış 0,30 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,27 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Rahim Həsənov).

15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd edildiyi kimi, rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün birbaşa hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və yekun inzibati aktın qəbul edilməsinə xidmət edir. Belə rəylərin alınmaması və razılaşdırmaların aparılmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir, çünki “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsində inzibati aktın yararsız hesab edilməsinin əsasları dəqiq müəyyən edilmiş və bu hallar sırasında həmin rəylərin alınmaması nəzərdə tutulmamışdır. Iş üzrə cavabdehin təqdim etdiyi mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin bir hissəsi TEKUIS-də yaşayış məntəqələri torpaqları kimi göstərilsə də, iddiaçıya qonşu torpaq sahələrinin bəziləri sahibkarlıq və kommersiya məqsədləri üçün dövlət qeydiyyatına alınmışdır. Bu hal, cavabdeh tərəfindən həmin torpaqların kənd təsərrüfatı təyinatlı olmasının nəzərə alınmaması ilə yanaşı, iddiaçıya münasibətdə “Inzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və qanunçuluq prinsiplərinin pozulduğunu göstərir. Buna görə də, mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən imtina qanunsuz hesab edilmişdir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri:

17. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq tərəfindən məhkəməyə verilmiş müayinə aktına istinad edərək qeyd etmişdir ki, torpaq sahəsi naturada şərti sərhədlərlə ayrılaraq faktiki 0,27 hektar ölçüdə təşkil edir, torpaq sahəsinin faktiki koordinatlarını TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0,207 hektar hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar torpaq sahələrinə aid olmaqla uqodiyası infrastruktur (Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolu) olmaqla, dövlət mülkiyyəti kimi uçota alınmışdır, digər 0,063 hektar hissəsi isə yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla ümumi istifadədə olan bələdiyyə mülkiyyəti kimi uçota alınmışdır. Bundan əlavə, torpaq sahəsi naturada bütövlükdə ümumi istifadədə yerləşir, torpaq sahəsinə verilmiş 30102018000211 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasında öz əksini tapmamışdır, digər kommunikasiya xətləri aşkar olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Iddiaçı apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini 22 il əvvəl (2004-cü ildə) bələdiyyədən alqı-satqı müqaviləsi ilə əldə etmiş, 2004–2019-cu illər ərzində həmin ərazidə avtovağzal və avtomobil dayanacağı kimi kommersiya fəaliyyəti göstərmiş, vergi və digər dövlət ödənişlərini müntəzəm ödəmişdir. 2004-cü ildə 0,30 ha olan torpaq sahəsinin ölçüsü qonşularla razılaşdırılaraq 0,27 ha-a qədər azaldılmışdır. Ərazinin çıxarışı və özəlləşdirmə sənədləri mövcuddur. Məhkəmənin AAYDA-ya göndərdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi Bakı- Quba-Rusiya yolunun) qorunma (mühafizə) zolağından kənarda yerləşir. Cavabdeh qurumun torpağın dövlət mülkiyyəti kimi uçota alınması barədə dəlilləri əsassızdır. Çünki Idarənin istinad etdiyi TEKUIS və AZCAD modelləri yalnız 2020-ci ildən tətbiq olunmağa başlanılmışdır və 16-20 il sonra irəli sürülən bu iddialar hüquqi əsasdan məhrumdur. Mübahisələndirilən piyada zolağı (tretuar) magistral yolla tənzimlənən beton səddin arxasında yerləşir və iddiaçının kommersiya obyekti ilə birbaşa əlaqəsi yoxdur (ümumi istifadədədir).

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Prosessual hüquqi varislik

21. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmri nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ...

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. (##.##.2004-cü il tarixdə qüvvədə olmuş redaksiya) Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. ... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. ...

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

25. “Inzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ...

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

27. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

28. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş, formal tələblərə uyğun tərtib edilmiş və şikayətçinin tələbi göstərilmişdir. Buna görə apellyasiya şikayəti mümkün hesab edilir.

29. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, həmin qərarın qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla tam yoxlanılır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

30. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Hazırkı mübahisənin predmetini Qusar rayon Samur Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya satılmış 0,30 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,27 ha hissəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina təşkil edir. Iddiaçının hüquqi marağı həmin 0,27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.

32. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi 0,30 ha torpaq sahəsinin 0,15 ha və 0,15 ha hissələrinə dair ayrı-ayrı iki plan-ölçü sənədi tərtib edilmişdir.

33. Bu baxımdan, iddiaçı hər iki torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün ayrı-ayrı ərizələrlə cavabdehə müraciət etmişdir. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri üç hissədən ibarətdir: 1) alqı-satqı aktının və plan-ölçü sənədlərinin qeydiyyatının Ərazi Idarəsinin arxivində və elektron məlumat bazasında aşkar edilməməsi; 2) torpaq sahələrinin TEKUIS-də bir hissəsinin dövlət mülkiyyətində və ümumi istifadədə olan torpaqlar, bir hissəsinin yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilməsi, habelə, həmin sahələrdən digər şəxslərə məxsus torpaq sahəsinə və qeyri-yaşayış binasına giriş-çıxışın təmin edilməsi; 3) iddia olunan torpaq sahəsinin naturada şərti sərhədlərlə ayrılaraq faktiki 0,27 ha təşkil etməsi.

34. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir.

35. Məhkəmə kollegiyası şikayətin birinci dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının qəbul edilməsi, torpaqların alqı-satqısına dair aktın və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin mövcudluğu birlikdə qiymətləndirildikdə, dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlər zəncirinin mövcud olduğu müəyyən edilir. Həmin sənədlərin həqiqətə uyğun olmadığı isə işdən müəyyən edilməmişdir.

36. Qusar rayon Samur Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışı ilə həmin bələdiyyənin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarının qüvvədə olduğu təsdiq edilmişdir. Qusar Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arayışında isə Samur bələdiyyəsinin 2004-2006-cı illərə aid iclas protokollarından, qərarlardan və torpaqların alqısatqısı aktlarından ibarət sənəd qovluqlarının Qusar Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsinin əməkdaşları tərəfindən götürüldüyü, buna görə ** nömrəli qərarın və onunla əlaqəli sənədlərin arxiv surətlərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir.

37. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmununa görə təqdim edilmiş sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur.

38. Həmçinin, həmin Qanunun 64.2-ci maddəsinin tələbinə müvafiq olaraq torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi, geri çağırılmadığı, dəyişdirilmədiyi və ya etibarsız hesab olunmadığı halda, həmin qərarın qəbuluna qədərki torpaqayırma icraatında yol verilmiş mümkün prosedur çatışmazlıqlarının mövcudluğu və sənədlərin cavabdehin arxivində və məlumat bazalarında aşkar edilməməsi iddiaçının təqsiri hesab edilə bilməz və təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda dövlət qeydiyyatından imtina üçün müstəqil əsas kimi qəbul oluna bilməz. Bununla belə, qüvvədə olan aktın mövcudluğu qeydiyyatın avtomatik aparılması demək deyildir; qeydiyyat orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş konkret imtina əsasının faktiki şərtlərini müəyyən etməlidir.

39. Bundan başqa, kollegiya nəzərə alır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə (##.##.2004-cü il tarixdə) qüvvədə olmuş redaksiyasına əsasən torpaq sahəsinin verilməsi zamanı müvafiq icra hakimiyyəti orqanlarının razılığının alınması tələb olunurdu. Iş materiallarında belə razılığın ##.##.2004-cü il tarixli bələdiyyə qərarından əvvəl alındığını təsdiq edən ayrıca sənəd yoxdur. DTXK-nin Qusar rayon şöbəsinin ##.##.2014-cü il tarixli, **** nömrəli rəyi və Qusar Rayon Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinin ##.##.2015-ci il tarixli, ** nömrəli rəyi sonrakı tarixlərdə verildiyindən, 2004-cü ildə əvvəlcədən alınmalı olan razılığı əvəz edən sənədlər kimi qiymətləndirilə bilməz. Həmin rəylər yalnız səlahiyyətli orqanların sonradan eyni torpaq sahəsinin satılmasını qanunamüvafiq və məqsədəuyğun hesab etdiklərini göstərən əlavə sübutlar kimi digər iş materialları ilə birlikdə nəzərə alına bilər.

40. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, torpaqayırma icraatında iştirak xarakterli rəy və razılaşdırma sənədlərinin olmaması yekun inzibati aktın hüquqi qüvvəsini öz-özünə aradan qaldırmır; belə akt qüvvədə olduğu müddətdə qeydiyyat orqanı imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş konkret əsasını müəyyən etməlidir. Bu səbəbdən, işdə əvvəlcədən verilmiş razılıq sənədinin aşkar edilməməsi, ** nömrəli bələdiyyə qərarının qanunla müəyyən edilmiş qaydada qüvvədən düşmədiyi şəraitdə, şikayətin birinci dəlilini əsaslı etmir.

41. Cavabdehin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə və ümumi istifadəyə aid olması barədə ikinci dəlilinin yoxlanılması məqsədilə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya baxışı zamanı müvafiq araşdırma aparılmışdır.

42. Əvvəla, cavabdeh orqan birinci instansiya məhkəməsində icraat zamanı verdiyi mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının TEKUIS-də 0,207 ha hissəsinin sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmaqla, uqodiyasının infrastruktur (Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolu) olmaqla dövlət mülkiyyəti kimi uçota alındığı, torpaq sahəsinin bütövlükdə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun (Ipək yolu) mühafizə zonasında yerləşməsi ehtimalı olduğu göstərilsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəmə sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Samur qəsəbəsi ərazisində yaşayış məntəqəsi hüdudları daxilində yerləşir və bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilən koordinat nöqtələri avtomobil yolunun qorunma (mühafizə) zolağından kənardadır.

43. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin bir hissəsi hazırda TEKUIS-də dövlət mülkiyyəti kimi göstərilsə də, torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrıldığı dövrə aid yerquruluşu məlumatları həmin sahəni bələdiyyə mülkiyyəti ilə əlaqələndirir.

44. Kollegiyanın sorğusuna cavab olaraq cavabdehin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ortofoto xəritəsində mübahisəli sahə ilə yanaşı ətrafda dövlət reyestrində hüquqları qeydə alınmış yeddi torpaq sahəsi - 301011004799, 301011005170, 301011004908-06301, 301013152192-12301, 301013152193-06301, 301013007704- 06301 və ************ reyestr nömrəli çıxarışlarla göstərilmişdir. Məhkəmənin həmin sahələr üzrə tələb etdiyi hüquqmüəyyənedici sənədlərdən ətraf torpaq sahələrinin bir qisminin xüsusi, digər qisminin bələdiyyə mülkiyyətində olduğu və onların torpaq kateqoriyası baxımından yaşayış məntəqələrinin torpaqlarına aid edildiyi müəyyən olunur.

45. Samur bələdiyyəsi kollegiyanın müvafiq sorğusuna cavab olaraq iddia olunan torpaq sahəsinin 1998-ci ildə tərtib edilmiş yerquruluşu xəritəsinə əsasən Samur bələdiyyəsinin hüdudları daxilində yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olduğunu bildirmişdir.

46. “xxxx” MMC də məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavabında təqdim edilmiş koordinatlarla müəyyən olunan mübahisəli 0,27 ha torpaq sahəsinin Qusar rayonu Samur bələdiyyəsinin mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətinə aid olduğunu təsdiq etmişdir.

47. Kollegiya hesab edir ki, bələdiyyənin və “xxxx” MMC-nin qeyd olunan cavabları, habelə ətraf torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər cavabdehin TEKUIS-dəki cari qeydə əsaslanan “dövlət mülkiyyəti” dəlilini təkzib edən və ərazinin hüquqi statusunun müəyyən edilməsində mühüm sübutlardır.

48. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabında mübahisəli sahənin Samur qəsəbəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi göstərilmişdir.

49. Torpaq Məcəlləsinin 18.1-ci maddəsinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

50. Bu baxımdan, TEKUIS-də mübahisəli sahənin 0,207 ha hissəsinin ayrıca “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasında göstərilməsi iş üzrə digər rəsmi məlumatlarla uzlaşmır. Yaşayış məntəqəsi hüdudlarında yerləşmə özlüyündə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını istisna etməsə də, Torpaq Məcəlləsinin 46.1ci maddəsi baxımından həmin sahənin infrastruktur torpağı kimi dövlət mülkiyyətinə aid edilməsini əsaslandıran konkret hal müəyyən edilməlidir.

51. Hazırkı işdə isə sahənin avtomobil yolunun qorunma (mühafizə) zolağından kənarda yerləşməsi, yerquruluşu planı üzrə bələdiyyə mülkiyyətinə aid olması və bilavasitə ətrafdakı torpaqların xüsusi və bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kimi dövlət reyestrində qeydiyyata alınması cavabdehin yalnız TEKUIS qeydindən çıxış edən “dövlət mülkiyyəti” dəlilini təsdiq etmir.

52. Bununla yanaşı, iddiaçının hüququnun yaranmasına əsas olan ##.##.2004-cü il tarixli, ** nömrəli qərarda torpaq sahəsi Samur bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsi kimi göstərilmişdir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsi bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqlarının özəlləşdirilə bilməsini nəzərdə tutur.

53. Cavabdehin ümumi istifadədə olan torpaqların xüsusi mülkiyyətə verilə bilməməsinə dair “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə istinadı özlüyündə düzgün hüquqi müddəaya əsaslansa da, həmin normanın hazırkı işə tətbiqi üçün mübahisəli torpaq sahəsinin məhz 2004-cü ildə hüquqi status etibarilə ümumi istifadədə olan torpaq olduğunu təsdiq edən mötəbər sübut mövcud olmalıdır.

54. Iş materiallarında belə sübut yoxdur.

55. Əksinə, bələdiyyə qərarında sahə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq kimi göstərilmiş, apellyasiya baxışı zamanı isə məhkəməyə təqdim edilmiş koordinatlar üzrə sahənin Samur bələdiyyəsinin mülkiyyətinə aid olduğu yerquruluşu planı əsasında təsdiqlənmişdir. Cavabdeh bu sənədləri təkzib edən həmin dövrə aid hüquqmüəyyənedici, yerquruluşu və ya kadastr sənədi təqdim etməmişdir.

56. Torpaq sahəsindən hazırda digər şəxsə məxsus əmlaka giriş üçün istifadə edilməsi barədə dəlil də fərqli nəticəyə gəlmək üçün kifayət deyildir. Torpaq sahəsindən faktiki keçid kimi istifadə olunması həmin ərazinin hüquqi rejimini öz-özünə ümumi istifadədə olan torpaq rejiminə çevirmir. Bunun üçün belə statusun qanunla müəyyən edilmiş qaydada mövcudluğunu göstərən hüquqi və ya kadastr sənədi olmalıdır.

57. Şikayətin üçüncü dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənədləri 0,30 ha torpaq sahəsinə aid olsa da, cavabdehin apardığı naturada müayinə və təqdim etdiyi ortofoto materialı həmin sahənin iki hissədən - 0,15 ha və 0,12 ha sahələrdən - ibarət olmaqla faktiki 0,27 ha təşkil etdiyini göstərir. Iddiaçı da tələbini həmin faktiki sahə ilə məhdudlaşdırmışdır.

58. Iş materiallarında tələb olunan 0,27 ha sahənin 2004-cü il tarixli, ** nömrəli qərarla satılmış və 30102018000211, ************** nömrəli plan-ölçü sənədlərində göstərilmiş 0,30 ha torpaq sahəsindən kənarda yerləşdiyini, yaxud üçüncü şəxslərin dövlət qeydiyyatına alınmış hüquqları ilə üst-üstə düşdüyünü təsdiq edən sübut yoxdur. Əksinə, cavabdehin müayinə və xəritə materiallarında faktiki 0,27 ha sahə məhz həmin iki plan-ölçü sənədi üzrə təqdim edilmiş koordinatlarla əlaqələndirilmişdir. Buna görə tələbin 0,27 ha ilə məhdudlaşdırılması yeni və ya fərqli torpaq sahəsinin qeydiyyatını tələb etmə kimi qiymətləndirilə bilməz.

59. Qeyd olunanlardan göründüyü kimi iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqi əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Qusar rayon Samur Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

60. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

61. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

62. Göründüyü kimi həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu hal cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi üzrə yoxlama aparmaq vəzifəsini istisna etmir. Lakin hazırkı işdə sahənin bələdiyyə mülkiyyətinə aid olduğu rəsmi yerquruluşu məlumatları ilə təsdiq edildiyindən, bələdiyyənin həmin sahə barədə sərəncam vermək səlahiyyətinin olmadığını göstərən 15.1.5-ci maddə üzrə əsas müəyyən edilməmişdir.

63. Bu yanaşma, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe ilə də uzlaşır. Həmin hüquqi mövqeyə görə torpaqayırma icraatında iştirak xarakterli rəylərin və razılaşdırmaların olmaması yekun inzibati aktın hüquqi qüvvəsini öz-özünə aradan qaldırmır; həmin akt qüvvədə olduğu müddətdə qeydiyyat orqanı imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş konkret əsasını müəyyən etməlidir.

64. Qeydiyyatdan imtina üçün Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş digər əsasların mövcudluğu da iş materialları ilə müəyyən olunmur: təqdim edilmiş sənədlərin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmadığı, ərizənin səlahiyyətsiz şəxs tərəfindən verildiyi, bələdiyyə qərarının etibarsız hesab olunduğu və ya qeydiyyatın dayandırılmasına səbəb olan halların aradan qaldırılmadığı sübuta yetirilməmişdir.

65. Alqı-satqı aktının və plan-ölçü sənədlərinin cavabdehin arxivində və elektron məlumat bazasında aşkar edilməməsi Qanunun 15.1-ci maddəsində ayrıca imtina əsası kimi nəzərdə tutulmamışdır və həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda onların mötəbərliyini aradan qaldırmır.

66. Beləliklə, apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutlar birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edir.

67. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar