Məhkəmə qərarları › İş №2-1(3-8)-845/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-845/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-845/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Cabbarova Gülnar İnqilab qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı 1974-1979-cu illərdə X6 təhsil almış, ##.##.1976-##.##.1978-ci il dövrləri arasında hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ##.##.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, ##.##.1981-ci il tarixdən ##.##.1981-ci il tarixədək Quba rayonu N.Nərimamov adına sovxozun * nömrəli birqadasında fəhlə, ##.##.1982-ci il tarixdən ##.##.1992-ci il tarixədək X9 üzrə Quba layihə axtarış stansiyasında baş torpaqşünas-aqrokimyaçı, ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək “Quba tikinti materialları” kooperativində təchizatçı, ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək Quba şəhər *** nömrəli texniki peşə məktəbində yataqxana gözətçisi, ##.##.2011-ci il tarixdən ##.##.2013-cü il tarixədək Quba rayonu Qımıl kənd tam orta məktəbində dalandar, ##.##.2017-ci il tarixdın ##.##.2022-ci il tarixədək Quba rayonu Qımıl kənd tam orta məktəbində bina və qurğulara xidmət edən fəhlə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçanızın əsli və məktubun 3-cü bəndində qeyd edilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddətiniz barədə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinizə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışı tərəfinizdən Mərkəzi filiala təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarına əsasən təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən üvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə gzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının güzəştli iş stajının 10 ildən çox olmasını nəzərə alaraq, yaşa görə əmək pensiyasının buna uyğun hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul etmənizi xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildə X6 təhsil almış və oxuduğu müddətdə 2 il hərbi xidmətdə olduqdan sonra 1979-cu ildə texnikumu bitirmişdir. 1981-ci il tarixdə N.Nərimanov sovxozunda manqa başçısı kimi işə daxil olmuş, 1982-ci ildə X9 üzrə Quba layihə axtarış stansiyasında işə qəbul edilmişdir. 1992-ci ilə kimi həmin işdə işləmiş, 1992- 1994-cü illərdə Quba "Tikinti materialları" kooperativində, 1994-2001-ci illərdə X3, 2011 -2022-ci illərdə isə müxtəlif fasilələrlə Qımıl kənd tam orta məktəbində işləmişdir. İddiaçının işlədiyi müddət əmək kitabçasında qeyd olunmuş və bu müddətlər ərzində o işlədiyi müəssisələrdən əmək haqqı almışdır. Hazırda ona 311,36 manat əmək pensiyası təyin edilmişdir. Halbuki, bu zaman X9 üzrə Quba layihə axtarış stansiyasında ağır şərtlərdə işləməyimə baxmayaraq bu hal nəzərə alınmadan sadə hesablama aparılaraq pensiya hesablanmışdır. Həmin işdə işləməyi nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı idi. İddiaçı güzəştli iş stajının 10 ildən çox olmasını (## ###### 1982-ci il tarixdən ## ###### 1992-ci il) nəzərə alaraq, yaşa görə əmək pensiyasının buna uyğun hesablanmasını cavabdeh organdan xahiş etmişdir. Oradan ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri, işəgötürəndən arayış və pensiya təyin olunması barədə ərizə təqdim olunmalıdır. Filiala qeyd olunan sənədlərin notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etsə də, yenə də iddiaçıya eyni məzmunlu cavablar təqdim olunmuşdur. Həmçinin, bildirirlər ki, bu barədə işəgötürəndən arayışını ərizəsinə əlavə etməlidir. İddiaçı onlara dəfələrlə bildirsə də ki, hazırda həmin iş yeri (təşkilat) və arayışı verəcək məsul şəxs mövcud deyil, heç bir nəticəsi olmamışdır və təkrar sənədlər iddiaçıya geri qaytarılmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1957-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli 260- IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş 1 NQ-Iİ siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, həmin maddənin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 NQ-Iİ siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı islər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan islər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən hazırlanmış arayışa əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı iddia ərizəsində ##.##.1982-ci il tarixindən ##.##.1992ci il tarixinədək X9 üzrə Quba Layihə Axtarış Stansiyasında ağır işlərdə işlədiyini qeyd edir. Lakin nə hansı peşədə işlədiyini, nə həmin peşənin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıdakı hansı koda və vəzifəyə uyğun olduğunu qeyd edir, nə də güzəştli iş stajını təsdiq edən arayış təqdim edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il ## ###### tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Analoji iş üzrə Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli Qərarında qeyd edilir ki, iddiaçının əsaslandığı-işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar və iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə (vəzifədə) çalışması faktının özünü təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq edilmir. İş materiallarından da göründüyü kimi, iddiaçı Mərkəzi Filiala güzəştli iş stajını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi dövlərdə işlədiyi torpaqşünas - aqrokimyaçı peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli *** nömrəli qərarına əsasən Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavə edilməsini, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı Qərarı ilə təsdiq olunan * nömrəli Siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin Siyahısına uyğun olduğunu əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsini xahiş etmişdir Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi ##.##.2006-ci il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilərin 50 yaşına çatması və azı 20 il iş stajı olması, bu müddətin azı 10 ilini həmin işlərdə çalışması tələbi qoyulmuşdur. Hazırda iddiaçının iddia etdiyi torpaqşünas - aqrokimyaçı peşəsi isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ## #### 1993-cü il tarixli Qərarla təsdiq olunan * nömrəli Siyahıda göstərilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin dövrə dair güzəşli arayış da təqdim edilməmişdir. Beləliklə, iddiaçının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli “Qərarının * nömrəli siyahı ilə pensiya təyin edilməsi üçün əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mövcud deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##.1993-cü il tarixli *** saylı Qərarı ləğv edilmişdir. İkincisi Nazirlər Kabinetinin həm ləğv olunmuş qərarında, həm də mövcud ##.##.2007-ci il tarixli ** nömrəli Qərarında kənd təsərrüfatında aqrokimya xidməti barədə bəndlər mövcuddur. Məhkəmənin heç bir mütəxəssis rəyi almadan hansı formada belə bir qənaətə gəldiyi aydın deyildir. O, 1982-ci ildən 1992-ci ilə kimi X9 üzrə Quba layihə axtarış stansiyasında əmək şəraiti zərərli olan şəraitdə fəaliyyət göstərmişdir. Hətta işlədiyi yerdə zərərli maddələrlə əlaqədar onlara həftədə 3 dəfə süd verilirdi ki, onu qəbul etsinlər. Həmin labarotoriyaya girdikdə işçilərdə tez-tez baş ağrıları və ürəkbulanma halları mövcud olurdu. Məhkəmə bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə sorğu verərək aşağıdakı halları müəyyən edə bilərdi: - X9 üzrə Quba layihə axtarış stansiyasında torpaqşünas-aqrokimyaçı peşəsi hansı növ (zərərli, ağır və s.) peşə sahəsi hesab edilirdi? - Hazırda qeyd olunan müəssisənin arxiv sənədləri mövcuddurmu? - Hazırda nazirlikdə sözügedən peşəyə bərabər (ekvivalent) vəzifə mövcuddurmu, mövcuddursa bu vəzifə hansı növ (zərərli, ağır və s.) peşə sahəsi hesab edilir? - Əvvəllər eyni vəzifədə işləyən işçilərə hansı formada pensiya təyin edilmişdir və s. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən həmin dövrə dair güzəştli arayış təqdim edilməmişdir. Məhkəməyə bununla əlaqədar bildirmişdir ki, qeyd olunan müəssisə hazırda mövcud deyildir. Mövcud olmayan bir yerdən hansı formada arayış əldə etmək olar? Göründüyü kimi məhkəmə iddianın müsbət həlli üçün heç bir addım atmamış, əksinə onun rədd edilməsi üçün maksimum səy göstərmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə qarşı etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına nəzər yetirdikdə aydın olur ki, ##.##.1982-ci il tarixindən ##.##.1992-ci il tarixinədək torpaqşünas vəzifəsində çalışmışdır. İddiaçının işlədiyi X9 aqrokimyaçı üzrə Quba Layihə Axtarış Stansiyası isə istehsalat profilinə görə * nömrəli Siyahının XXX bölməsində nəzərdə tutulmuş “kənd təsərrüfatına aqrokimya xidməti” - Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi (23500000) bölməsinə uyğun gəlir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı * nömrəli Siyahıya uyğun işdə işlədiyini iddia etsə də, müəssisənin istehsalat profili * nömrəli Siyahıya uyğundur. Belə olan halda iddiaçı ona "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə əsasən deyil, "b" bəndinə əsasən ona pensiya təyin edilməsini tələb edə bilər. Lakin iş materiallarından da göründüyü kimi iddiaçının nə ümumi iş stajı 25 ilə tamamlanır, nə də güzəştli iş stajı 12 il 6 ay təşkil edir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, iddiaçının işlədiyi peşə nə * nömrəli Siyahıda, nə də * nömrəli Siyahıda nəzərdə tutulmamışdır. İddiaçının mübahisələndirilməyən ümumi iş stajı 24 il 11 ay 16 gün (##.##.2006-cı ilədək 19 il 4 16 gün (##.##.1976-##.##.1978-ci il, ##.##.1981-##.##.1981-ci il, ##.##.1982 ##.##.1992-ci il, ##.##.1994-##.##.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 7 ay) təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi MT-1 ******* nömrəli əmək kitabçasında onun ##.##.1992-##.##.1994-cü il tarixləri arasındakı dövr ərzində "Quba Tikinti Materialları" Kooperativində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı həmin dövr üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq sözügedən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də, həmin dövr ərzində sözügedən müəssisənin və iddiaçının işləməyinə dair əsaslı şübhələr yaranmışdır. Digər tərəfdən sözügedən dövrlərə dair əmək kitabçasındakı qeydlərə baxış keçirərkən Əmək kitabçasının doldurulma qaydalarının pozulduğu da müəyyən olunur. Belə ki, ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək qeydlər latın qrafikalı əlifba ilə deyil, kiril grafikalı əlifba ilə edilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı Mərkəzi Filiala güzəştli iş stajını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Bu səbəblə də, güzəştli iş stajı yoxdur. Eyni zamanda ümumi iş stajı qanunvericiliklə tələb edilən sosial sığorta stajından az təşkil edir. Sumqayıt İnzibati Məhkəməsi ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarında haqlı olaraq qeyd edir ki, "...Hazırda iddiaçının iddia etdiyi torpaqşünas aqrokimyaçı peşəsi isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ## #### 1993-cü il tarixli Qərarla təsdiq olunan * nömrəli siyahısında göstərilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin dövrə dair güzəşli arayış da təqdim edilməmişdir. Beləliklə, iddiaçının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli "Qərarının * nömrəli siyahı ilə pensiya təyin edilməsi üçün əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mövcud deyil. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur". Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna eden faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

23. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən isə ## ###### 2025-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlər üzrə qanunvericiliyin tələblərinə uyğun təsdiq olunmuş güzəştli iş stajının mövcud olmaması göstərilmişdir. İddiaçı hesab edir ki, onun ## ###### 1982-ci il tarixdən ## ###### 1992-ci il tarixədək X9 üzrə Quba Layihə-Axtarış Stansiyasında torpaqşünas-aqrokimyaçı vəzifəsində işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalı və həmin müddət əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ümumi qaydada pensiya hüququndan fərqli olaraq yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi şərtlərin məcmu halda mövcud olduğu təqdirdə yaranan hüquqdur. Bu hüququn yaranması üçün şəxsin müəyyən yaş həddinə çatması və ümumi əmək stajına malik olması ilə yanaşı, onun əmək fəaliyyətinin qanunvericilikdə dəqiq müəyyən edilmiş peşələr, vəzifələr və istehsalat sahələri üzrə, habelə qanunla nəzərdə tutulan müddətdə həyata keçirilməsi zəruridir. Göstərilən şərtlərdən hər hansı birinin mövcud olmaması güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını istisna edir. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etmiş, güzəştli pensiya hüququnun yaranması ilə bağlı müxtəlif dövrlərdə qüvvədə olmuş hüquqi tənzimləməni, o cümlədən "Vətəndaşların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarını, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli və ## ###### 2007-ci il tarixli ** nömrəli qərarlarını sistemli şəkildə təhlil etmiş və düzgün nəticəyə gəlmişdir ki, iddiaçının əmək fəaliyyətinə münasibətdə tətbiq edilməli olan hüquqi qiymətləndirmə onun işlədiyi dövrdə qüvvədə olmuş normativ hüquqi aktlar əsasında aparılmalıdır. Qanunvericilikdən irəli gələn hüquqi müəyyənlik və normativ hüquqi aktların zaman baxımından qüvvəsi prinsiplərinə əsasən, şəxsin güzəştli pensiya hüququnun mövcudluğu həmin əmək fəaliyyətinin həyata keçirildiyi dövrdə qüvvədə olmuş hüquqi tənzimləmə əsasında qiymətləndirilməlidir. Sonradan qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən peşə və vəzifələrin güzəştli siyahıya daxil edilməsi həmin aktların qüvvəyə minməsindən əvvəl yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz və bu hal öz-özlüyündə əvvəllər mövcud olmayan pensiya hüququ yaratmır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının istinad etdiyi torpaqşünas-aqrokimyaçı vəzifəsi onun işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən * nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin vəzifədə işlənilmiş müddətin yalnız əmək kitabçasındakı qeydlərə əsasən güzəştli iş stajı kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, həmin Siyahıda ümumiyyətlə aqrokimya sahəsi nəzərdə tutulmamışdır. Həmin qərarla təsdiq edilmiş * nömrəli Siyahıda və ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda isə “Kənd təsərrüfatına aqrokimya xidməti. Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi” sahəsi nəzərdə tutulmuşdur. Həmin sahəyə aid peşələr torpaqla bağlı deyil, yalnız heyvan cəsədlərinin toplanması və pestisidlərin saxlanılması (fəhlə, sürücü, anbardar, yükləyici, kran maşinisti və s.) ilə bağlıdır ki, iddiaçının işlədiyi peşə hənmn sahəyə uyğun deyildir. Bundan başqa iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən dövr cəmi 10 il təşkil edir ki, bu müddət * nömrəli və ya ##.##.2007-ci il tarixli qərarla təsdiq edilmiş Siyahı əsasında pensyanın təyin olunması üçün yetərli deyildir. Həmin siyahılar əsasında güzəştli şərtlərlə yaş görə pensiyanın təyin edilməsi üçün şəxs ən azı 12 il 6 ay güzəştli staja maik olmalıdır. Beləliklə, iş materiallarında iddiaçının əmək fəaliyyətinin həqiqətən də qanunvericiliklə nəzərdə tutulmuş zərərli və ya xüsusilə zərərli əmək şəraitində həyata keçirildiyini təsdiq edən, səlahiyyətli orqan tərəfindən verilmiş güzəştli arayış və ya digər mötəbər sübutlar mövcud deyildir. Halbuki, güzəştli iş stajının müəyyən edilməsi yalnız şəxsin tutduğu vəzifənin adına deyil, həmin vəzifənin qanunvericiliklə müəyyən edilmiş siyahılara uyğunluğunun və əmək fəaliyyətinin müvafiq sənədlərlə təsdiq edilməsinin müəyyən olunmasını tələb edir. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi 2008-ci ildə edilmiş dəyişikliklər onun hüquqi vəziyyətinə təsir göstərmir. Belə ki, həmin dəyişikliklər normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması prinsipini aradan qaldırmır və iddiaçının 1982–1992-ci illərdə həyata keçirdiyi əmək fəaliyyətinə münasibətdə tətbiq edilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutlar məcmu halda qiymətləndirildikdə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi əmək fəaliyyəti dövrünün güzəştli iş stajı kimi nəzərə alınması üçün qanunla müəyyən edilmiş zəruri hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Bu səbəbdən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla hüquqların pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar