Məhkəmə qərarları › İş №2-1(3-8)-848/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-848/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-848/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ### 2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ## ### 2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının özünün saat kolleksiyası vardır. İddiaçı özü üçün müxtəlif saatlar alır, sahibkarlıq fəaliyyəti məqsədləri üçün saat almır. İddiaçı özü üçün aldığı saatı sonradan sata da bilər. Əgər o özü üçün saat alıbsa və sonradan satırsa həmin saatı ucuz satmış olacaq. Çünki, istifadə edilmiş saat alış qiymətindən baha satıla bilməz. Bu halda isə heç bir vergidən söhbət gedə bilməz. Cavabdeh inzibati akt qəbul edərkən aktda iddiaçının sahibkarlıq fəaliyyəti məqsədləri ilə saat alıb satdığını əsaslandırmalı idi. Ancaq həmin halları əsaslandıra bilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınan iddiaçının gəlir vergisi üzrə 2022-ci ildə 543 manat, 2023-cü il üzrə 17.084,05 manat, 2024-cü il üzrə 63.160,6 manat olmaqla, ümumilikdə 80.787,60 manat məbləğində analoji qaydada kameral vergi yoxlaması əsasında vergi məbləği hesablamışdır. Aparılmış araşdırma zamanı tərəfinizdən müvafiq əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu ortaya çıxır. Belə ki, aparılmış araşdırma zamanı 2022-2024-cü illər ərzində tərəfindən 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyalarının əldə edildiyi, açıq mənbələrə əsasən iddiaçıya məxsus olan 994502221622 mobil nömrəsi ilə www.tap.az saytında 107.000 manat dəyərindən 4 ədəd “Rolex” markalı saat satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Təqdim edilmiş izahatında www.handwatch.az websaytı ilə əlaqəsinin olmaması bildirilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı qeyd olunan saytın domeninin iddiaçı tərəfindən alındığı və həmin sayt üzərindən saatların təqdim edildiyi müəyyən edilmişdir. Bu da tərəfindən aparılmış əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu deməyə əsas verir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş izahatda Brüssel şəhərində 3 ədəd restorandan gəlirlərin əldə edilməsinin bildirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının rezidenti olaraq həmin gəlirlər ilə bağlı vergi bəyannamələrinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ### 2025-ci il tarixli, *-**-*- */*******/**** nömrəli qərarından görünür ki, İddiaçı 2024-cü il hesabat dövrü üzrə gəlir vergisi bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı və qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 63.160,6 manat olaraq müəyyən edilmişdir. Qeyd edilmişdir ki, 2022-2024-cü illər ərzində tərəfindən 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyalarının əldə edildiyi, açıq mənbələrə əsasən ona məxsus olan 994502221622 mobil nömrəsi ilə www.tap.az saytında 107.000 manat dəyərindən 4 ədəd “Rolex” markalı saat satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Təqdim edilmiş izahatında www.handwatch.az web saytı ilə əlaqəsinin olmaması bildirilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı qeyd olunan saytın domeninin tərəfindən alındığı və həmin sayt üzərindən saatların təqdim edildiyi müəyyən edilmişdir. Bu da tərəfindən aparılmış əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu deməyə əsas verir. Bəyannamənin (hesabatın) dövrü: 2024-cü il. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ### 2025-ci il tarixli, *-**-*- */*******/**** nömrəli qərarından görünür ki, İddiaçı 2023-cü il hesabat dövrü üzrə gəlir vergisi bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı və qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 17.084,05 manat olaraq müəyyən edilmişdir. Qeyd edilmişdir ki, 2022-2024cü illər ərzində tərəfindən 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyalarının əldə edildiyi, açıq mənbələrə əsasən ona məxsus olan 994502221622 mobil nömrəsi ilə www.tap.az saytında 107.000 manat dəyərindən 4 ədəd “Rolex” markalı saat satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Təqdim edilmiş izahatında www.handwatch.az web saytı ilə əlaqəsinin olmaması bildirilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı qeyd olunan saytın domeninin tərəfindən alındığı və həmin sayt üzərindən saatların təqdim edildiyi müəyyən edilmişdir. Bu da tərəfindən aparılmış əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu deməyə əsas verir. Bəyannamənin (hesabatın) dövrü: 2023-cü il. İddiaçı dair ## #### 2025-ci il tarixli “vergilər vərəqəsi üçün faiz hesablamasının açıqlaması”. Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin ## ### 2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılmış araşdırma zamanı tərəfindən müvafiq əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu ehtimal olunmuşdur. Belə ki, aparılmış araşdırma zamanı 2022-2024-cü illər ərzində tərəfində 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyalarının əldə edildiyi, açıq mənbələrə əsasən ona məxsus olan 994502221622 mobil nömrəsi ilə www.tap.az saytında 107.000 manat dəyərindən 4 ədəd Rolex markalı saat satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Təqdim edilmiş izahatında www.handwatch.az web saytı ilə əlaqəsinin olmaması bildirilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı qeyd olunan saytın domeninin tərəfindən alındığı və həmin sayt üzərindən saatların təqdim edildiyi müəyyən edilmişdir. Bu da tərəfindən aparılmış əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu deməyə əsas verir. Həmçinin tərəfindən təqdim edilmiş izahatlarında Brüssel şəhərində 3 ədəd restorandan gəlirlərin əldə edilməsi bildirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının rezidenti olaraq həmin gəlirlər ilə bağlı vergi bəyannamələrinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən təqdim edilən bəyannamə, hesabat və ya arayış üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ### 2025-ci il tarixli, *-**-*- */*******/**** nömrəli qərarından görünür ki, İddiaçı 2022-ci il hesabat dövrü üzrə gəlir vergisi bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 0 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik -90.143,64 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı tərəfindən müvafiq əməliyyatların aparıldığı və həmin əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu ehtimal olunmuşdur. Belə ki, aparılmış araşdırma zamanı 2022-2024-cü illər ərzində tərəfindən 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyalarının əldə edildiyi, açıq mənbələrə əsasən ona məxsus olan 994502221622 mobil nömrəsi ilə www.tap.az saytında 107.000 manat dəyərindən 4 ədəd “Rolex” markalı saat satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin # ###### 2025-ci il tarixli, *-**-*-*/*-*******/**** nömrəli məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı uçotbaza məlumatlarına əsasən ## ###### 2016-cı il tarixdən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “Saatların pərakəndə satışı” olduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, aparılmış araşdırma zamanı 2022-2024-cü illər ərzində İddiaçı tərəfindən 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyalarının əldə edildiyi, açıq mənbələrə əsasən vergi ödəyicisinə məxsus olan +************ mobil nömrəsi ilə “www.tap.az” internet səhifəsində 107.000 manat dəyərindən 4 ədəd “Rolex” markalı saat satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahatda “www.handwatch.az” websaytı ilə əlaqəsinin olmaması bildirilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı qeyd olunan saytın domeninin tərəfindən alındığı və həmin sayt üzərindən saatların təqdim edildiyi müəyyən edilmişdir ki, bu da aparılmış əməliyyatların sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsinə əsas yaratmışdır. Həmçinin təqdim edilmiş izahatlarında Brüssel şəhərində 3 ədəd restorandan gəlirlərin əldə edilməsi bildirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının rezidenti olaraq həmin gəlirlər ilə bağlı vergi bəyannamələrinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə 2023 və 2024-cü illər üçün gəlir vergisi bəyannamələri üzrə hesablama aparılması üçün ## ### 2025-ci il tarixli, 250212********** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli Qərarını əsas götürməklə 2023-cü il üzrə gəlir vergisi bəyannaməsi üzrə 17.084,05 manat (427.101,34/5*20%) və 2024-cü il üzrə gəlir vergisi bəyannaməsində VM-in 67.3-1-ci maddəsi əsas götürülməklə 63.160,60 manat (((631.607,07/2)*3-631.607,07)*20%)) məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ## ### 2025-ci il tarixli, 2502120116795300 və **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, vergi ödəyicisi barədə vergi orqanında qeyd olunan inzibati işdən əlavə hər hansı inzibati, cinayət və s. məhkəmə və ya inzibati iş yoxdur. İddiaçı ## ###### 2025-ci il tarixli izahatı. İddiaçı 2022-ci il hesabat dövrü üzrə “Gəlir vergisinin bəyannaməsi” və *-* nömrəli əlavələri. İddiaçı 2023-cü il hesabat dövrü üzrə “Gəlir vergisinin bəyannaməsi” və *-* nömrəli əlavələri. İddiaçı 2024-cü il hesabat dövrü üzrə “Gəlir vergisinin bəyannaməsi” və *-* nömrəli əlavələri. İddiaçı dair 1.073.257,06 manat məbləğinə “Xarici lyuks mağazalarda alışlar barədə” cədvəl. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ### 2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli və ## ### 2025-ci il tarixli, ***-*-*/*-******/**** nömrəli qərarları ləğv edilmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın öz araşdırması yalnız ehtimala əsaslanır, lakin ehtimalın əsası kimi konkret formada hər hansı bir mötəbər sübut(lar) təqdim olunmamışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Şikayətə görə, iddiaçı vergi ödəyicisi kimi uçota alınmış şəxsdir və onun barəsində gəlir vergisi üzrə 2022-ci il üzrə 543 manat, 2023-cü il üzrə 17.084,05 manat, 2024-cü il üzrə 63.160,60 manat olmaqla, ümumilikdə 80.787,60 manat məbləğində vergi kameral qaydada hesablanmışdır. Vergi orqanı VM-in 23.1.1-ci maddəsinə əsasən vergi ödəyicilərində kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti keçirmək, VM-in 23.1.2-ci maddəsinə əsasən isə bütün maliyyə sənədlərini, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və vergi hesablanması üçün zəruri olan digər məlumatları tələb etmək hüququna malikdir. Qeyd etmişdir ki, aparılmış araşdırma zamanı 2022-2024-cü illər ərzində iddiaçı tərəfindən 1.072.257,06 manat dəyərində Çexiya Respublikasında lyuks zərgərlik və saat satışı mağazalarından əşyaların əldə edildiyi, açıq mənbələrə əsasən iddiaçıya məxsus mobil nömrə ilə www.tap.az saytında 107.000 manat dəyərində 4 ədəd “Rolex” markalı saatın satışına dair elan yerləşdirildiyi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı “www.handwatch.az” veb-saytı ilə əlaqəsinin olmadığını bildirsə də, cavabdehin araşdırmasına görə həmin saytın domeni iddiaçı tərəfindən alınmış və həmin sayt üzərindən saatlar təqdim edilmişdir. Cavabdehin qənaətinə görə, bu hallar iddiaçı tərəfindən aparılmış əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq edir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı Brüssel şəhərində 3 ədəd restorandan gəlir əldə etdiyini bildirsə də, Azərbaycan Respublikasının rezidenti kimi həmin gəlirlərlə bağlı vergi bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Cavabdeh hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə, VM-in 13.2.4, 16.1.3, 16.1.6, 16.1.7, 33.3, 33.5, 37.1, 37.3, 37.4, 67.1, 67.1.3, 67.1.6, 67.1.9 və digər maddələrinə əsasən vergi ödəyicisi gəlirlərinin və xərclərinin uçotunu aparmalı, gəlir əldə etdiyi halda bəyannamə təqdim etməli, zəruri sənədləri saxlamalı və vergi orqanına təqdim etməlidir. Həmçinin bildirir ki, yaranmış kənarlaşma barədə 2023 və 2024-cü illər üçün gəlir vergisi bəyannamələri üzrə hesablama aparılması üçün iddiaçıya ## ### 2025-ci il tarixli, 250212********** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi məktubda göstərilən müddətdə uyğunsuzluğun səbəblərinə dair əsaslandırılmış izahatı, əməliyyatlar və hesablaşmalar üzrə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Bu səbəbdən VM-in 37, 67, 83 və 166.1-ci maddələri, habelə Nazirlər Kabinetinin ** nömrəli qərarı əsas götürülməklə 2023-cü il üzrə 17.084,05 manat, 2024-cü il üzrə isə 63.160,60 manat əlavə vergi hesablanmışdır. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, təqdim edilmiş sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Hesab edir ki, məhkəmə iddiaçının saatları ölkə ərazisinə gətirib-gətirmədiyi, həmin saatların satışının həyata keçirilib-keçirilmədiyi, “www.handwatch.az” saytı və digər açıq mənbələrdə yerləşdirilən elanların məzmunu, iddiaçının vergi uçotunda fəaliyyət növü və Brüssel şəhərində restoran gəlirləri barədə məlumatları lazımi qaydada araşdırmamışdır. Apellyasiya şikayətində Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin məhkəmə qərarlarının əsaslandırılması, sübutların hərtərəfli qiymətləndirilməsi və tərəflərin dəlillərinə münasibət bildirilməsi ilə bağlı mövqelərinə istinad edilmişdir. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, təqdim edilmiş sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Hsab edir ki, məhkəmə iddiaçının saatları ölkə ərazisinə gətirib-gətirmədiyi, həmin saatların satışının həyata keçirilibkeçirilmədiyi, “www.handwatch.az” saytı və digər açıq mənbələrdə yerləşdirilən elanların məzmunu, iddiaçının vergi uçotunda fəaliyyət növü və Brüssel şəhərində restoran gəlirləri barədə məlumatları lazımi qaydada araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 16.1.3. Vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsi vardır; 16.1.6. Vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri təqdim etməlidir; 16.1.7. Vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidir; 23.1.1. Vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər; 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.[306] Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (-). 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (-). 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi (-). 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə mübahisənin mahiyyəti cavabdehin iddiaçı barəsində 2023 və 2024cü illər üzrə gəlir vergisinin hesablanmasına dair ## ### 2025-ci il tarixli qərarlarının qanuniliyinin yoxlanılması ilə bağlıdır. Həmin qərarların faktiki əsasını iddiaçının 2022- 2024-cü illər ərzində xarici ölkədə lyuks zərgərlik və saat satışı mağazalarından əşyalar alması, tap.az saytında 4 ədəd “Rolex” markalı saatın satışına dair elan yerləşdirilməsi, handwatch.az saytının iddiaçı ilə əlaqələndirilməsi və Brüssel şəhərində restoran gəlirləri barədə izahat təşkil etmişdir. Kollegiya qeyd edir ki, gəlir vergisinin hesablanması üçün vergi orqanı ilk növbədə vergi tutulan gəlirin mövcudluğunu, həmin gəlirin mənbəyini, məbləğini və vergi ödəyicisinin həmin gəliri sahibkarlıq fəaliyyəti çərçivəsində əldə etdiyini müəyyən etməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsi vergi tutma obyektinin dəqiq müəyyən edilməsi mümkün olmadıqda əlaqəli məlumatlardan istifadə etməklə vergi hesablamaq imkanı yaratsa da, bu norma vergi orqanını vergi tutulan obyektin mövcudluğunu əsaslandırmaq və hesablamanın məntiqi, iqtisadi və hüquqi əlaqəsini göstərmək öhdəliyindən azad etmir. Kollegiya onu da qeyd edir ki, iddiaçının 2022-2024-cü illər ərzində xarici ölkədə 1.072.257,06 manat dəyərində lyuks zərgərlik və saat satışı mağazalarından əşyalar əldə etməsi barədə məlumatlar, özlüyündə, həmin əşyaların Azərbaycan Respublikasında və ya başqa yerdə satıldığını, satışdan gəlir əldə edildiyini və həmin gəlirin sahibkarlıq fəaliyyəti nəticəsində yarandığını təsdiq etmir. Alış əməliyyatı xərci və ya aktiv əldə edilməsini göstərə bilər, lakin gəlir vergisinin hesablanması üçün yalnız xərclərin mövcudluğu kifayət deyil. Bu xərclərin vergi tutulan gəlirlə əlaqəsi, satış faktı, satış qiyməti, əldə edilmiş gəlirin məbləği, həmçinin mümkün olduqda əldə etmə dəyəri ilə satış qiyməti arasındakı fərq müəyyən edilməlidir. Cavabdehin tap.az saytında 107.000 manat dəyərində 4 ədəd “Rolex” markalı saatın satışına dair elan yerləşdirilməsi barədə dəlili də mübahisələndirilən qərarların qanuniliyini təsdiqləmir. Belə ki, elanın mövcudluğu, hətta iddiaçıya aid olduğu qəbul edilsə belə, həmin saatların satıldığını, satıldığı halda hansı məbləğdə satıldığını, ödənişin alındığını və əldə edilmiş gəlirin vergi tutulan gəlir olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarında alıcılarla bağlanmış müqavilələr, ödəniş sənədləri, bank hesabına daxilolmalar, nağd pul qəbzləri, təhvil-təslim sənədləri və ya həmin elanlar üzrə satışın faktiki baş verdiyini göstərən digər mötəbər sübut yoxdur. Kollegiya qeyd edir ki, yuxarıdakı eyni yanaşma “www.handwatch.az” veb-saytı ilə bağlı dəlilə də aiddir. Belə ki, cavabdeh həmin saytın domeninin iddiaçı tərəfindən alınmasını və sayt üzərindən saatların təqdim edilməsini bildirsə də, iş materiallarında bu sayt vasitəsilə konkret hansı saatların, hansı tarixdə, hansı şəxsə, hansı qiymətə satıldığı, ödənişin iddiaçı tərəfindən alındığı və həmin əməliyyatların 2023 və 2024-cü illərin mübahisələndirilən vergi hesablamalarına necə təsir etdiyi barədə konkret, yoxlanıla bilən və mənbəyi müəyyən sübutlar mövcud deyildir. Saytın və ya domenin iddiaçı ilə əlaqələndirilməsi sahibkarlıq fəaliyyətinin ehtimal edilməsinə əsas verə bilər, lakin əlavə vergi öhdəliyinin yaradılması üçün ehtimal deyil, sübut edilmiş faktlar tələb olunur. Kollegiya cavabdehin iddiaçının ## ###### 2016-cı il tarixdən vergi ödəyicisi kimi uçota alınması və əsas fəaliyyət növünün “saatların pərakəndə satışı” kimi göstərilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, bu hal özlüyündə mübahisələndirilən inzibati aktların qanuniliyini təsdiq edən həlledici sübut kimi qiymətləndirilə bilməz. Belə ki, vergi uçotunda müəyyən fəaliyyət növünün qeyd olunması vergi ödəyicisinin həmin sahədə fəaliyyət göstərmək imkanını ifadə etsə də, konkret hesabat dövrü üzrə əlavə vergi hesablanması üçün həmin fəaliyyət nəticəsində faktiki gəlirin əldə edildiyi, həmin gəlirin məbləği, gəlirin mənbəyi və onun vergi tutulan obyekt kimi formalaşdığı mötəbər sübutlarla müəyyən edilməlidir. Başqa sözlə, vergi ödəyicisinin uçot məlumatları konkret vergi öhdəliyinin yaranmasını təsdiq edən faktiki halları əvəz etmir. Kollegiya cavabdehin iddiaçının Brüssel şəhərində yerləşən restoranlardan gəlir əldə etməsi barədə dəlilinə münasibətdə də qeyd edir ki, həmin dəlil mübahisələndirilən inzibati aktların qanuniliyini təsdiq edən müstəqil və yetərli əsas kimi çıxış edə bilməz. Əgər vergi orqanı iddiaçının xaricdə gəlir əldə etməsi barədə məlumatlara malik olmuşdursa, həmin gəlirlərin mənbəyi, məbləği, əldə edilmə tarixi, Azərbaycan Respublikasının rezidenti kimi bəyan edilməli olub-olmaması, habelə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı hallar inzibati icraat zamanı ayrıca, konkret və yoxlanıla bilən qaydada araşdırılmalı idi. Lakin iş materiallarından görünür ki, mübahisələndirilən qərarlarda və cavabdehin təqdim etdiyi inzibati icraat materiallarında restoran gəlirləri üzrə ayrıca müəyyən edilmiş məbləğ, həmin gəlirlərin real əldə olunmasını təsdiq edən mötəbər sübutlar, eləcə də bu gəlirlərin 2023-cü il üzrə hesablanmış 17.084,05 manat və 2024-cü il üzrə hesablanmış 63.160,60 manat vergi məbləğləri ilə əlaqəsi göstərilməmişdir. Kollegiya cavabdehin vergi ödəyicisinə ## ### 2025-ci il tarixli məktubla sənəd və izahat təqdim edilməsi tələbinin göndərilməsi, iddiaçının isə tələb olunan sənədləri təqdim etməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, vergi ödəyicisinin sənəd və izahat təqdim etməməsi Vergi Məcəlləsinin 37 və 67-ci maddələri əsasında vergi orqanına əlaqəli məlumatlardan istifadə etməklə hesablamanın aparılması imkanını yarada bilər. Lakin bu imkan vergi orqanına vergi məbləğini ehtimallara əsaslanmaqla, hər hansı yoxlanıla bilən faktiki əsas olmadan müəyyən etmək səlahiyyəti vermir. Vergi orqanı tərəfindən istifadə edilən əlaqəli məlumatlar mənbəyi bəlli, yoxlanıla bilən və vergi tutulan obyektlə birbaşa əlaqəli olmalı, hesablamanın aparılma qaydası, tətbiq olunan göstəricilər və həmin göstəricilərin konkret işin hallarına uyğunluğu inzibati aktda aydın və əsaslandırılmış şəkildə göstərilməlidir. Hazırkı iş üzrə cavabdeh 2023-cü il üzrə vergi hesablamasını 427.101,34 manat göstəricisini 5-ə bölərək 20 faiz dərəcəsini tətbiq etməklə, 2024-cü il üzrə isə 631.607,07 manat göstəricisinə münasibətdə Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə istinad etməklə aparmışdır. Lakin həmin göstəricilərin məhz vergi tutulan gəlir kimi qəbul edilməsinin faktiki əsası, iddiaçının çəkdiyi xərclərin hansı hissəsinin satış gəlirinə çevrildiyi, hansı konkret əməliyyatların sahibkarlıq fəaliyyəti çərçivəsində aparıldığı, habelə hesablamada istifadə edilən nisbətlərin konkret işin hallarına uyğunluğu mübahisələndirilən qərarlarda və inzibati icraat materiallarında lazımi qaydada əsaslandırılmamışdır. Halbuki verginin iqtisadi cəhətdən əsaslandırılması prinsipi vergi öhdəliyi ilə faktiki gəlir arasında aydın, məntiqli və sübutlara əsaslanan əlaqənin mövcudluğunu tələb edir. Kollegiya apellyasiya şikayətində birinci instansiya məhkəməsinin İPM-in 12.1-ci maddəsinin tələblərinə riayət etməməsi, işin hallarını tam araşdırmaması barədə dəlilə münasibətdə qeyd edir ki, həmin dəlil iş materialları ilə təsdiq olunmur. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Lakin qeyd edilən norma inzibati orqanın qəbul etdiyi inzibati aktın qanuniliyini əsaslandırmaq və həmin aktın faktiki əsaslarını sübut etmək vəzifəsini aradan qaldırmır. Mübahisələndirmə haqqında iddia üzrə məhkəmə nəzarətinin predmeti inzibati orqanın qəbul etdiyi aktın qanuniliyinin yoxlanılmasından ibarətdir. Bu baxımdan məhkəmə inzibati orqanın yerinə keçərək yeni inzibati icraat aparmalı, inzibati aktın sonradan əsaslandırılması üçün əlavə sübutlar toplamalı və ya cavabdehin inzibati icraat zamanı müəyyən etmədiyi halları onun əvəzinə müəyyən etməli deyildir. İnzibati aktın qanuniliyi, bir qayda olaraq, həmin akt qəbul edilərkən inzibati orqan tərəfindən müəyyən edilmiş faktiki hallar və istinad olunmuş hüquqi əsaslar baxımından qiymətləndirilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi məktubları, vergi hesablanmasına dair qərarları, vergi ödəyicisinin bəyannamələrini, izahatını, xarici lyuks mağazalarda alışlar barədə cədvəli və digər sənədləri araşdırmış, həmin sübutların məzmununa hüquqi qiymət vermişdir. Məhkəmə həmin sübutları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, təqdim olunmuş sənədlər iddiaçının mübahisələndirilən hesabat dövrlərində vergi tutulan gəlir əldə etdiyini və cavabdeh tərəfindən hesablanmış vergi məbləğlərinin əsaslı olduğunu təsdiq etmək üçün yetərli deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu qənaəti sübutların nəzərə alınmaması kimi deyil, əksinə, onların məzmununun, sübutetmə əhəmiyyətinin və mübahisələndirilən inzibati aktların qanuniliyini əsaslandırmaq üçün yetərli olubolmamasının qiymətləndirilməsi kimi qəbul edilməlidir. Bu səbəbdən apellyasiya şikayətinin məhkəmə tərəfindən işin hallarının tam araşdırılmaması barədə dəlili əsaslı hesab edilmir. Kollegiya daha sonra qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar - iddiaçının bahalı mallar alması, internet səhifələrində saat satışına dair elanların yerləşdirilməsi, domen adının iddiaçı ilə əlaqələndirilməsi və xaricdə restoran gəlirləri barədə izahatın mövcudluğu vergi orqanı tərəfindən araşdırılması mümkün olan ilkin məlumatlar kimi qiymətləndirilə bilər. Lakin həmin məlumatlar özlüyündə iddiaçının 2023 və 2024-cü illər üzrə mübahisələndirilən məbləğlərdə vergi tutulan gəlir əldə etdiyini, həmin gəlirin sahibkarlıq fəaliyyəti nəticəsində formalaşdığını və cavabdeh tərəfindən aparılmış hesablamaların düzgün olduğunu təsdiq etmir. Buna görə də həmin hallar mübahisələndirilən inzibati aktların qanuniliyini əsaslandıran mötəbər və yetərli sübutlar kimi qəbul edilə bilməz. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarları qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçının vergi tutulan gəlir əldə etdiyini, həmin gəlirin məbləğini və hesablanmış vergi öhdəliyinin qanuni əsaslarını mötəbər sübutlarla təsdiq etməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarlar əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar