Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-86/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in “Əlillik” altsisteminə daxil etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)-5295/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin F00196406JVA nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və 2.6.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 60% pozulması nəzərə alınmaqla ona 1 il müddətinə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında əlavə əyani tibbi müayinə aparılmış, mövcud vəziyyətinin tibbi sənədlərdə qeyd olunan diaqnozlarla — əvvəllər keçirilmiş miokard infarktı, aşağı ətraf arteriyalarının aterosklerozu, aşağı ətrafların İİİ–İV dərəcəli obliterasiyaedici aterosklerozu, periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, aşağı ətrafların İİİ–İV dərəcəli işemiyası, aortokoronar şunt transplantatının olması, ÜİX, AKŞ x4-dən sonrakı vəziyyət (2020) — uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Nəticədə 2.6.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 65% pozulması nəzərə alınaraq iddiaçıya 2 il müddətinə əlillik təyin olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in “Əlillik” altsisteminə daxil etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə səhhətində yaranan ciddi problemlər nəticəsində açıq ürək əməliyyatı keçirib. Bundan bir il sonra 2021-ci ildə isə ayağına protez damar qoyulması əməliyyatı keçirib və 2023-cü ilə qədər yataq xəstəsi kimi müalicələr qəbul edib. Nəticə etibari ilə 2020-ci ildə düçar olduğu xəstəlik nəticəsində 18 iyun 2024-cü ildən orqanizm funksiyalarının 31-60 faiz pozulmasına görə əliliyi müəyyən edilib və həmin tarixdən ona 150 (yüz əlli) manat məbləğində sosial müavinət təyin edilib. Sonradan isə iddiaçının sözügedən əliliyi etibarsız hesab edilib və orqanizm funksiyalarının 61-80 fazi pozulması müəyyən edilib və ona proaktiv qaydada 13 sentyabr 2024-cü ildən əlilliyə görə 220 (iki yüz iyimi) manat sosial müavinət təyin edilib. Hazırda o, həmin müavinəti alır. Həm ilkin, həm də ikinci əlillik təyinatının məlumatları Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sona MEİS adlandırılacaq) “Əlillik” altsistemində öz əksini tapıb. İddiaçı 21 yanvar 2025-ci ildə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət edərək, ona əlilliyin təyin olunmasının 2020-ci ildə düçar olduğu ürək xəstəliyi və onun səhhətində yaratdığı fəsadlarla bağlı olduğunu, lakin ayaqlarında yaranan problemlərə görə hərəkət qabiliyyətini itirdiyi və Agentliyə gedə bilmədiyi üçün əlilliyin vaxtında təyin olumadığını bildirib, əlillik müavinəti almaq hüququnun 2020-ci ilin noyabrından yarandığını, buna görə də 2020-ci ilin noyabrından 2024-cü ilin iyun ayına kimi ona əlillik müavinətinin hesablanaraq ödənilməsini xahiş edib. Mərkəzi filaldan iddiaçıya göndərilmiş 13 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilib ki, “MEİS-in “Əlillik” altsistemində ərizənizdə qeyd etdiyiniz dövr üzrə (xx.xx.2020-xx.xx.2024) əlilliyiniz barədə məlumat əks olunmadığından sizə həmin dövr üzrə əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki sözügedən dövr üzrə əlilliyinizin olması haqqında məlumatların MEİS-in “Əlillik” sisteminə daxil edilməsi üçün Agentliyə müraciət etməyiniz tövsiyə olunur”.Cavabda 2020-ci ilin noyabrından 2024-cü ilin iyun ayı daxil olmaqla olan dövr üçün əlilliyin olması barədə məlumatların MEİS-in "Əlillik" altsisteminə daxil edildikdən sonra iddiaçının həmin dövr üçün əlilliyə görə sosial müavinət hüququna təkrar müraciəti əsasında yenidən baxıla biləcəyi vurğulanıb.İddiaçı bu cavaba uyğun olaraq 21 fevral 2025-ci ildə cavabdehə yazılı müraciət edib, qurumdan xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in "Əlillik" altsisteminə daxil etməyi xahiş edib. Cavabdeh qurumun iddiaçıya göndərilmiş 13 mart 2025-ci il tarixli cavab məktubunu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sumqayıt, 15ci məhəllə, 17A ünvanında qeydiyyatda olan İddiaçı (FİNxxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin F00196406JVA nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və 2.6.1.1 bəndinə əsasən orqanizmin funksiyalarının 60% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin F00196406JVA nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında 2.6.1.1 bəndinə əsasən orqanizmin funksiyalarının 60% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı əsaslı olaraq aparılmışdır. Əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilmiş miokard infarktı Ətraf arteriyalarının aterosklerozu, Aşağı ətrafların İİİ-İV dərəcəli obliterasiyaedici oterosklerozu. Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, aşağı ətrafların İİİİV dərəcəli işemiyası. Aortokoronar şuntlu transplantatın olması, ÜİX AKŞx4- dan sonrakı vəziyyət.(2020)) diaqnozun uyğunluq təşkil etməsi və 2.6.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 65% pozulmasına görə 2 il müddətinə əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.6.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 65% pozulmasına görə 2 il müddətinə əlillik təyinatına əsas var. Qeyd olunan qərar iddiaçıya xx.xx.2024-cü il tarixdə SMS bildiriş vasitəsilə elan edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)-5295/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müraciət etdiyi tarixədək əlilliyi olan şəxs olmamış, həmin tarixədək tibb müəssisəsinin göndərişini cavabdehə təqdim edilmədiyindən onun bu statusu olmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Cavabdeh apellyasiya şikayətinə etirazını iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq ona əlilliyin xəsdıliyinin yarandığı xx.xx.2020-ci il tarixindən təyin olunmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hazırda iddiaçı onun xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in “Əlillik” altsisteminə daxil etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının cavabdehə müraciət etdiyi tarixədək əlilliyi olan şəxs olmamasını, həmin tarixdək tibb müəssisəsinin göndərişini cavabdehə təqdim edilmədiyindən onun bu statusda olmamasını qeyd edərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlamadan iddia tələbinin əsaslığına hüquqi qiymət verməli deyildi. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Kollegiya qeyd edir ki, hazırki halda iddiaçının hüquqi marağı ona əlilliyin xx.xx.2020ci il tarixindən müəyyən edilməsinə nail olmaqdır. Belə ki, hüquqi maraq yalnız o halda mövcud hesab edilə bilər ki, iddiaçının hüquqi müdafiə vasitəsindən istifadə etməsi onun konkret və aktual hüquq və ya qanunla qorunan marağının pozulması ilə bağlı olsun və həmin müdafiə vasitəsi ilə arzu edilən nəticəyə çatmaq mümkün olsun. İş materiallarından aydın olur ki, iddiaçının əsas məqsədi ona xx.xx.2024-cü ildə təyin edilmiş əlilliklə bağlı qərarın nəticələrini dəyişdirməklə əlilliyin xx.xx.2020-ci il tarixindən müəyyən edilməsinə nail olmaq və buna dair məlumatların MEİS-in “Əlillik” altsisteminə daxil etməsindən ibarətdir. Kollegiya qeyd edir ki, hazırkı iddia formal olaraq cavabdehin üzərinə MEİS-in “Əlillik” altsisteminə müəyyən məlumatların daxil edilməsi öhdəliyinin qoyulmasına yönəlsə də, mahiyyət etibarilə inzibati orqanın konkret bir inzibati aktla müəyyən etdiyi hüquqi vəziyyətin dəyişdirilməsinə yönəlmişdir. Belə ki, iddiaçıya münasibətdə əlilliyin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati akt mövcuddur və həmin akt əsasında iddiaçının hüquqi statusu formalaşmış, ona sosial müavinət təyin edilmiş və bu qərar hazırkı vaxta qədər hüquqi qüvvəsini saxlamışdır. Həmin inzibati akt Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirilməmiş, onun qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət edilməmişdir. Bu baxımdan, sözügedən inzibati akt qüvvədə olan və hüquqi nəticələr doğuran akt kimi qiymətləndirilməlidir və onun nəticələrinin dolayısı yolla dəyişdirilməsinə yönəlmiş tələblər inzibati məhkəmə icraatı baxımından yolverilən hesab edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının cavabdehin üzərinə MEİS-in “Əlillik” altsisteminə xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyin mövcudluğu barədə məlumatların daxil edilməsi öhdəliyinin qoyulması tələbi qüvvədə olan xx.xx.2024cü il tarixli inzibati aktın nəticələrinin dəyişdirilməsinə, əlilliyin müəyyən edildiyi tarixin geriyə çəkilməsinə və nəticə etibarilə həmin inzibati aktın dolayısı ilə ləğv edilməsinə və ya dəyişdirilməsinə yönəlmişdir. Bu isə inzibati məhkəmə icraatında hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. Çünki qüvvədə olan inzibati akt mübahisələndirilmədiyi halda, onun nəticələrinin fərqli hüquqi mexanizmlər vasitəsilə dəyişdirilməsinə yol verilməsi inzibati icraatın prinsiplərinə ziddir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsi həmin aktın təqdim edildiyi (elan olunduğu) tarixdən etibarən 30 gün müddətində mümkündür. İş materiallarından aydın olur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin F00196406JVA nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və 2.6.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 60% pozulması nəzərə alınmaqla ona 1 il müddətinə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında əlavə əyani tibbi müayinə aparılmış, mövcud vəziyyətinin tibbi sənədlərdə qeyd olunan diaqnozlarla — əvvəllər keçirilmiş miokard infarktı, aşağı ətraf arteriyalarının aterosklerozu, aşağı ətrafların İİİ–İV dərəcəli obliterasiyaedici aterosklerozu, periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, aşağı ətrafların İİİ–İV dərəcəli işemiyası, aortokoronar şunt transplantatının olması, ÜİX, AKŞ x4-dən sonrakı vəziyyət (2020) — uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Nəticədə 2.6.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 65% pozulması nəzərə alınaraq iddiaçıya 2 il müddətinə əlillik təyin olunmuşdur. Bir sözlə, iddiaçıya münasibətdə əlilliyin müəyyən edilməsi barədə qərar xx.xx.2024cü il tarixdə qəbul edilmişdir. Həmçinin bu barədə ona xx.xx.2024-cü il tarixdə SMS bildirişi vasitəsilə məlumat verilmişdir. Bununla belə, iddiaçı tərəfindən həmin qərardan şikayət edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində iddia qaldırılmamışdır (inzibati aktın qəbul edildiyi tarixdən etibarən 1 il 6 aydan artıq müddət ötmüşdür). Bu baxımdan, kollegiya qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin üzrlü səbəb olmadan ötürülməsi şəraitində iddia tələbinə dəqiqləşmə alınması ilə bağlı hüquqi yardım göstərilməsinə lüzum görmür. Nəticə etibarilə, iddiaçı tərəfindən seçilmiş hüquqi müdafiə vasitəsi onun çatmaq istədiyi məqsədə uyğun olmadığından və qaldırılmış iddianın uğurlu olması ilə arzulanan nəticəyə nail olmaq mümkün hesab edilmədiyindən, iddia tələbi inzibati məhkəmə icraatında iddianın mümkünlüyü üçün zəruri olan hüquqi maraq şərtinə cavab vermir və bu səbəbdən iş üzrə iddia mümkün sayılmamalıdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(118)-5295/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in “Əlillik” altsisteminə daxil etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-86/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-86/2026
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver