Məhkəmə qərarları › İş №2-1(3-8)-863/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-863/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-863/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X3rşı “X4 əlilliyinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxx tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətində işləmiş X4 2002-ci ildə istehsalat zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Daha sonra Ə.Babayev barəsində əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə Cavabdeh tərəfindən inzibati icraat başlanılmış, nəticədə ona əlillik təyin edilməsi haqqında qərar ##.##.2023-cü il tarixdən ləğv edilmişdir.

3. “xxxx” Açıq Səhmdar Cəmiyyəti Ə.Babayevə əlillik təyinatının qanunsuz olduğunu hesab etdiyindən onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı Agentliyə müraciət etmiş, Agentlik müraciətə cavab olaraq Ə.Babayevin əlilliyinin ləğv edildiyini bildirmişdir.

4. Daha sonra Ə.Babayev cavabdeh xxxxnə qarşı müddətsiz əlilliyinin bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək Ə.Babayevə əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında ##.##.2023-cü il tarixli qərar ləğv edilmiş və ##.##.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ə.Babayevin əlilliyinin ləğv edilməsi barədə inzibati icraatın yenilənməsi və qanuni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ə.Babayev 1980-1983-cü illərdə iddiaçı “xxxx” ASC-də işləmiş, sonradan öz ərizəsi əsasında işdən azad olunmuşdur. O, 2022-ci ildə cəmiyyətə müraciət edərək iş yerində xəsarət aldığını, bu səbəbdən ona III qrup əlillik təyin edildiyini bildirərək əlavə aylıq ödənişin verilməsini tələb etmişdir. Iddiaçı tərəfindən aparılmış araşdırma zamanı müxtəlif tibb müəssisələrinin və aidiyyəti dövlət orqanlarının təqdim etdiyi məlumatlardan müəyyən edilmişdir ki, Ə.Babayevin kəllə-beyin travması ilə bağlı müalicə və ya müraciət faktı qeydə alınmamış, əlilliyin təyin edilməsinə əsas olmuş tibbi sənədlər, o cümlədən forma 88 mövcud olmamış, həmçinin pensiya işində əmək zədəsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bununla əlaqədar iddiaçının müraciəti əsasında Agentlik tərəfindən araşdırma aparılmış və # ###### 2023-cü il tarixli qərarla Ə.Babayevə əlilliyin qanunsuz təyin edildiyi müəyyən edilərək əlillik ləğv edilmişdir. Sonradan Ə.Babayev həmin qərardan məhkəməyə şikayət vermiş, məhkəmə qərarı ilə onun müddətsiz üçüncü dərəcə əlilliyi bərpa edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Qəşəm Məmmədli).

8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, X4 cavabdeh Cavabdeh X3rşı müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək X4 əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında ##.##.2023-cü il tarixli qərar ləğv edilmiş və ##.##.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Eyni zamanda, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən “xxxx” ASC həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC Ələnur Babayevə təyin edilmiş əlilliyin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

9. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı dəfələrlə cavabdehə müraciət edərək Ələnur Babayevə təyin edilmiş əlilliyin ləğv edilməsini tələb etmiş, həmin müraciətlərə cavab olaraq iddiaçıya analoji iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti əlavə edilməklə müvafiq izah verilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

14. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Hazırkı mübahisənin predmetini iddiaçı “xxxx” ASC-nin əvvəllər həmin cəmiyyətdə işləmiş X8 münasibətdə əlilliyin ləğv edilməsi ilə bağlı inzibati icraatın yenilənməsi və nəticədə yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təşkil edir.

19. Iddiaçı hesab edir ki, Ə.Babayevə istehsalat zədəsi ilə əlaqədar əlilliyin qanunsuz təyin edilməsi nəticəsində cəmiyyət üzərinə əlavə aylıq ödəniş öhdəliyi yarandığından, həmin əlillik məsələsinin yenidən araşdırılmasında hüquqi müdafiə marağı mövcuddur.

20. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün zəruri subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlmişdir. Kollegiya həmin nəticəni əsasən düzgün hesab edir. Bununla belə, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsi məqsədilə subyektiv hüquq və qanunla qorunan maraq məsələsi aşağıdakı əsaslarla izah edilməlidir.

21. IPM-in 35.1-ci maddəsinin məzmununa görə, iddianın mümkünlüyü üçün iddiaçı inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində öz hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Qanunla qorunan maraq hər hansı faktiki və ya dolayı iqtisadi maraqla eyniləşdirilə bilməz. Belə maraq yalnız o halda mövcud olur ki, iddiaçının istinad etdiyi hüquq normasının qoruma məqsədi həmin şəxsin və ya müəyyən edilə bilən şəxslər dairəsinin maraqlarını əhatə etsin.

22. Bu baxımdan, iddia qaldırmaq səlahiyyətinin müəyyən edilməsi zamanı ilk növbədə hazırkı mübahisədə tətbiq edilən hüquq normalarının hansı şəxslərin hüquq və maraqlarını qorumağa yönəldiyi müəyyən edilməlidir. Əgər hüquq normasının məqsədi konkret şəxsin və ya müəyyən edilə bilən şəxslər dairəsinin maraqlarını qorumaq deyilsə, həmin normadan həmin şəxs üçün nə subyektiv publik hüquq, nə də qanunla qorunan maraq yaranır.

23. Hazırkı mübahisədə iddiaçının istinad etdiyi hüquqi əsas əlilliyin müəyyən edilməsi, yenidən qiymətləndirilməsi və ləğv edilməsini tənzimləyən hüquq normalarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın məzmunundan görünür ki, bu normalar əlilliyi qiymətləndirilən şəxsin sağlamlıq vəziyyətinin obyektiv müəyyən edilməsi, onun sosial müdafiə hüquqlarının təmin edilməsi və dövlətin bu sahədə publik funksiyasının həyata keçirilməsi məqsədinə xidmət edir.

24. Həmin Qaydanın 3.4-cü bəndində əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayətin inzibati qaydada və ya məhkəməyə verilməsi nəzərdə tutulmuş, 3.5-ci və 3.6-cı bəndlərdə belə şikayətlərə baxılması qaydası müəyyən edilmişdir. Qaydanın 3.7-ci bəndində isə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi, müayinənin nəticələrinə əsasən qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməsi nəzərdə tutulmuşdur.

25. Göründüyü kimi, qeyd edilən normalar əlilliyi qiymətləndirilən şəxsin hüquqi vəziyyətinin müəyyən edilməsinə, onun sosial müdafiə hüquqlarının həyata keçirilməsinə və bu sahədə inzibati qərarların qanuniliyinin dövlət nəzarəti qaydasında yoxlanılmasına yönəlmişdir. Həmin normalar keçmiş işəgötürənin iqtisadi və ya digər maraqlarının qorunmasını nəzərdə tutmur və ona başqa şəxsin əlilliyinin ləğv edilməsi barədə inzibati icraatın başlanılmasını tələb etmək hüququ vermir.

26. Buna görə də iddiaçının Ə.Babayevə münasibətdə əlilliyin yenidən qiymətləndirilməsi və ya ləğv edilməsi ilə bağlı Qaydada nəzərdə tutulmuş normalara istinad etməsi onun xeyrinə subyektiv publik hüquq və ya qanunla qorunan maraq yaratmır. Çünki həmin normaların qoruma məqsədi iddiaçının deyil, əlilliyi qiymətləndirilən şəxsin sosialhüquqi statusunun və dövlətin bu sahədə publik nəzarət funksiyasının təmin edilməsinə yönəlmişdir.

27. Iddiaçı hüquqi marağını onunla əsaslandırır ki, Ə.Babayev istehsalat zədəsi ilə əlaqədar əlilliyə istinad etməklə cəmiyyətdən əlavə aylıq ödəniş tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddiaçının əmlak mənafelərinə təsir göstərə bilər. Lakin həmin maraq əlilliyin müəyyən edilməsi, yenidən qiymətləndirilməsi və ləğv edilməsini tənzimləyən hüquq normalarının qoruma məqsədi ilə əhatə olunmadığından IPM-in 35.1-ci maddəsinin mənasında qanunla qorunan maraq hesab edilə bilməz.

28. Əgər Ə.Babayev iddiaçıdan əlavə ödəniş tələb edirsə, həmin tələbin hüquqi əsası, istehsalat zədəsi ilə əlaqəsi, ödənişin həcmi və digər şərtlər həmin hüquq münasibəti çərçivəsində ayrıca qiymətləndirilə bilər. Bu isə iddiaçıya başqa şəxsin əlillik statusunun inzibati qaydada yenidən qiymətləndirilməsini və ya ləğv edilməsini tələb etmək səlahiyyəti vermir.

29. Cavabdeh Agentliyin qanunvericiliklə müəyyən edilmiş hallarda əlillik təyinatını yenidən qiymətləndirmək, dəyişdirmək və ya ləğv etmək səlahiyyətinə malik olması da bu nəticəni dəyişmir. Həmin səlahiyyət dövlətə həvalə edilmiş publik funksiyanın həyata keçirilməsinə və əlilliyi qiymətləndirilən şəxsin sosial müdafiə hüquqlarının qanunauyğun təmin edilməsinə xidmət edir. Qanunvericilik həmin səlahiyyəti keçmiş işəgötürənin əmlak maraqlarının müdafiəsi məqsədilə nəzərdə tutmadığından, iddiaçı həmin normalara istinad etməklə məhkəmə müdafiəsi tələb edə bilməz.

30. Bundan başqa, iş materiallarından görünür ki, Ə.Babayevin əlilliyinin ləğv edilməsinə dair ## ###### 2023-cü il tarixli qərar onun müraciəti əsasında məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Hazırkı iddiaçı həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirak etmişdir.

31. Bu halda hazırkı iddia mahiyyət etibarilə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hüquqi vəziyyətin yeni inzibati icraat vasitəsilə yenidən mübahisələndirilməsinə yönəlmişdir. Belə yanaşma hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır.

32. Hazırkı iş üzrə qeyd edilənlər birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının istinad etdiyi maraq Ə.Babayevin əlillik statusundan irəli gələn mümkün əmlak nəticələri ilə bağlıdır. Bu maraq əlilliyin müəyyən edilməsi, yenidən qiymətləndirilməsi və ləğv edilməsini tənzimləyən hüquq normalarının qoruma məqsədi ilə əhatə olunmadığından qanunla qorunan maraq hesab edilə bilməz.

33. Beləliklə, hazırkı mübahisədə iddiaçının istinad etdiyi hüquq normaları onun hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsinə xidmət etmədiyindən, həmin normalardan iddiaçı üçün nə subyektiv publik hüquq, nə də qanunla qorunan maraq irəli gəlir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün IPM-in 35.1-ci maddəsinin tələb etdiyi iddia qaldırmaq səlahiyyəti mövcud olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün saymamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar