Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-864/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı ##.##.1959-cu il tarixdə anadan olmuşdur.
2. Iddiaçıya ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Pensiya təyin edildikdən sonra da iddiaçı işləməyə davam etmiş, bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarına əsasən yenidən hesablanaraq ##.##.2023-cü il tarixdən 671,83 manat məbləğində müəyyən edilmişdir.
4. Sonradan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində inzibati icraat başlanılmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı mülahizələrinin öyrənilməsi üçün cavabdeh orqana gəlməsi barədə ##.##.2026-cı il tarixli məktub ünvanlanmışdır.
5. Iddiaçı inzibati icraatda iştirak etmiş, qeyd olunan məsələ ilə bağlı onun mülahizələri dinlənilmiş, bununla bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2026-cı il tarixli akt tərtib edilmişdir.
6. Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilərək, iddiaçının 807,58 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 574,24 manat məbləğinə endirilmişdir.
7. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 52 yaşdan təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi və iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1959-cu ildə anadan olmuş və zərərli işlərdə işləmiş, ona 52 yaşından güzəştli əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçının bu yaşa qədər xüsusilə zərərli hesab olunan * saylı Siyahı üzrə ümumi əmək stajının 20 ildən artıq olması və onun da 10 ildən artıq hissəsinin zərərli iş sahəsinə aid olması (1977-ci ildən əmək fəaliyyətinə başlamışdır) nəzərə alınmışdır. Iddiaçı pensiyaya çıxdıqdan sonra da işləməyə davam etmiş, sonradan pensiyası yenidən hesablanaraq artırılmış və müvafiq indeksləşdirmələr aparılmışdır. Lakin cavabdeh orqan öz təşəbbüsü ilə ona təyin edilmiş pensiya ilə bağlı ##.##.2025-ci ildə inzibati icraata başlamış və pensiyanın yenidən hesablanmasını aparmaqla fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını 120 aya bölərək pensiyanı 574,24 manat məbləğində müəyyən etmiş, bununla da əvvəlki pensiya məbləğini qanunsuz olaraq azaltmışdır. Iddiaçının mövqeyinə görə, cavabdehin bu hərəkəti qanunsuz olmaqla etimad prinsipinə də ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar ləğv edilmiş, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Qəşəm Məmmədli).
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən “yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında” sözlərindən istifadə edilmişdir. Sığorta və yığım hissələrinə görə hesablanma isə yenidən hesablanmanı da əhatə edir. Həmçinin həmin normanın qüvvədən düşməsinə dair ***-VIQD nömrəli Qanunun keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıqaydın qeyd edilmişdir. Cavabdeh inzibati orqan keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalı 72 aya bölünərək, indeksləşdirmələr də nəzərə alınmaqla iddiaçıya pensiya hesablanmışdır. Lakin sonradan cavabdeh inzibati orqan iddiaçının pensiya məbləğini yenidən hesablayaraq pensiya kapitalını 120 aya bölmüşdür. Məhkəmənin qənaətinə görə, cavabdehin mübahisələndirilən qərarı əsassız və qanunsuz olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydalarına uyğun olaraq (üç ulduz) fərqləndirmə nişanı verilən *-*(***)-****/**** nömrəli qərarda qeyd edilmişdir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyat keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Sözügedən qərarda inzibati orqanların bu səlahiyyəti “inzibati icraat haqqında” qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddətlə məhdudlaşdırılsa da, həmin müddətin başlanğıc vaxtının aktın ləğv edilməsini şərtləndirən halların məlum olduğu andan hesablanması göstərilmişdir. Beləliklə hazırki işdə iddiaçıya münasibətdə Mərkəzi Filialın qərarının ləğv edilməsini şərtləndirən hallar inzibati orqana ##.##.2025-ci il tarixindən bəlli olmuş və nəticə olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq “inzibati icraat haqqında” qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddət ötürülmədən Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsindəki dəlillərlə eyni məzmunda izahat vermiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər
9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.
17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunu 2.2. Bu Qanunun 1.11-ci maddəsi Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
19. “Inzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli, **/**** nömrəli qərardadı:
1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.
3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti mümkün hesab edilir.
23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı mübahisə cavabdehin ## ######## 2025-ci il tarixli qərarla iddiaçının əvvəllər hesablanmış əmək pensiyasına münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq etməsinin və bunun nəticəsində pensiya məbləğini azaltmasının qanuniliyinə aiddir.
23. Mübahisəyə hüquqi qiymət verilməzdən əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli, **/**** nömrəli qərardadı ilə formalaşdırılmış yeni hüquqi mövqenin hazırkı işə tətbiqinin mümkün olub-olmaması müəyyən edilməlidir.
24. Həmin qərardadla “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ ## #### 2022-ci il tarixindən əvvəl yaranmış şəxslərin əmək pensiyasının yenidən hesablanması zamanı da Qanunun 45-ci maddəsinin # #### 2017-ci ildən ## #### 2022-ci ilədək qüvvədə olmuş ikinci cümləsinin tətbiq edilməli olduğuna dair yeni hüquqi mövqe müəyyən edilmişdir.
25. Bununla yanaşı, həmin qərardadda hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin olunması məqsədilə yeni hüquqi mövqenin zamana görə tətbiq dairəsi də müəyyən edilmişdir. Buna görə yeni hüquqi mövqe qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilmiş iddialara, habelə həmin tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı hələ yekunlaşdırılmamış işlərə tətbiq edilməlidir.
26. Hazırkı iş üzrə iddia ## ####### 2025-ci ildə qaldırılmış, birinci instansiya məhkəməsi isə mübahisəni # #### 2026-cı il tarixli qərarı ilə yekunlaşdırmışdır. Beləliklə, **/**** nömrəli qərardadın qəbul edildiyi ## ##### 2026-cı il tarixdə hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraat artıq başa çatmışdı.
27. Buna görə **/**** nömrəli qərardadla müəyyən edilmiş yeni hüquqi mövqe hazırkı mübahisənin həllinə tətbiq edilə bilməz. Mübahisələndirilən inzibati aktın qanuniliyi və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü hazırkı işə tətbiq edilməli olan qanunvericilik və həmin dövrədək formalaşmış hüquqi yanaşma əsasında qiymətləndirilməlidir.
28. Bu çərçivədə işin hallarından görünür ki, iddiaçıya ## ######## 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı pensiya təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirmişdir. Onun bu dövrdə topladığı sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyası cavabdehin ## ##### 2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən # #### 2023-cü il tarixdən yenidən hesablanmışdır.
29. Həmin yenidən hesablama zamanı Qanunun 45-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməmişdir. Sonradan isə cavabdeh həmin yanaşmanı səhv hesab edərək inzibati icraat aparmış və ## ######## 2025-ci il tarixli qərarla sözügedən normanı tətbiq etməklə iddiaçının pensiyasını yenidən hesablamış, nəticədə onun pensiya məbləğini 807,58 manatdan 574,24 manata endirmişdir.
30. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin əvvəlki inzibati aktla müəyyən edilmiş hüquqi vəziyyəti iddiaçının əleyhinə dəyişdirmək səlahiyyəti “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən edilmiş şərt və məhdudiyyətlərə tabedir. Həmin məhdudiyyətlərdən biri Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş birillik müddətdir.
31. Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə də, inzibati orqanın özünün əvvəllər qəbul etdiyi əlverişli inzibati aktın səhv və ya qanunsuz olduğunu sonradan müəyyən etməsi ona həmin aktı vaxt məhdudiyyəti olmadan dəyişdirmək imkanı vermir. Inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən hallar inzibati orqana məlum olduğu, yaxud məlum olmalı olduğu gündən bir il keçdikdən sonra, qanunda nəzərdə tutulmuş istisnalar olmadıqda, həmin aktın şəxsin vəziyyətini pisləşdirən qaydada dəyişdirilməsinə yol verilmir.
32. Müddətin başlanğıcının müəyyən edilməsi üçün əsas olan məsələ inzibati orqanın əvvəlki aktın dəyişdirilməsini şərtləndirən halları nə vaxt bildiyi və ya bilməli olduğudur. Bu baxımdan, inzibati orqanın həmin halları hansı tarixdə daxili qaydada yenidən aşkar etdiyini bildirməsi özlüyündə həlledici sayıla bilməz.
33. Hazırkı işdə cavabdehin 2023-cü ildə apardığı yenidən hesablamanın sonradan səhv hesab edilməsinə səbəb olan hallar yeni meydana çıxmış faktiki hallar deyildir. Iddiaçının güzəştli şərtlərlə pensiya alması, onun pensiya hüququnun yarandığı tarix, yaşı, əmək pensiyasının təyin edildiyi tarix, pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablamanın aparılması üçün əhəmiyyətli digər məlumatlar ## ##### 2023-cü il tarixli qərar qəbul edilərkən cavabdehin sərəncamında olmuşdur.
34. Cavabdehin sonradan istinad etdiyi məsələ də məhz həmin məlumatlar əsasında 2023-cü ildə aparılmış hesablamada Qanunun 45-ci maddəsinin əvvəlki redaksiyasının ikinci cümləsinin tətbiq edilməməsinin düzgün olub-olmamasından ibarətdir. Başqa sözlə, 2025-ci ildə meydana çıxmış yeni faktiki hal deyil, əvvəldən məlum olan faktlara sonradan verilmiş fərqli hüquqi qiymət mövcuddur.
35. Buna görə cavabdehin həmin halın ona yalnız ## ######## 2025-ci ildə məlum olduğunu bildirməsi 67.12-ci maddədə nəzərdə tutulmuş müddətin həmin tarixdən hesablanması üçün yetərli deyildir. Əvvəlki hesablamanın əsasını təşkil edən bütün məlumatlar cavabdehin özündə olduğundan, həmin hesablamada Qanunun 45-ci maddəsinin tətbiq edilməli olub-olmaması məsələsi də ən geci ## ##### 2023-cü il tarixli qərar qəbul edilərkən cavabdehə məlum olmalı idi.
36. Mübahisələndirilən qərar isə ## ######## 2025-ci ildə, yəni həmin vaxtdan bir ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Buna görə “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində müəyyən edilmiş müddətə riayət olunmamışdır.
37. Kollegiya xüsusi olaraq vurğulayır ki, bu nəticə **/**** nömrəli qərardadla sonradan formalaşdırılmış yeni hüquqi mövqedən asılı deyildir. Hətta həmin yeni mövqedən çıxış etməklə 2023-cü ildə aparılmış hesablamanın hüquqi baxımdan düzgün olmadığı qəbul edilsə belə, bu hal cavabdehin qanunla müəyyən edilmiş birillik müddət keçdikdən sonra əvvəlki əlverişli inzibati aktla müəyyən edilmiş hüquqi vəziyyəti iddiaçının zərərinə dəyişdirmək səlahiyyətini bərpa etmir.
38. Sonradan formalaşdırılmış hüquqi mövqe artıq keçmiş birillik müddətin yenidən başlanmasına və ya inzibati orqanın vaxt baxımından itirdiyi ləğvetmə və dəyişdirmə səlahiyyətinin yenidən yaranmasına hüquqi əsas təşkil edə bilməz. Bu səbəbdən, mübahisələndirilən qərar artıq Qanunun 67.12-ci maddəsinin tələblərinə əməl olunmaması baxımından qanunsuzdur.
39. Bununla yanaşı, kollegiya hesab edir ki, mübahisələndirilən qərar maddi hüquqi əsasına görə də qanuna uyğun deyildir.
40. Hazırkı işə tətbiq edilməli olan və **/**** nömrəli qərardaddan əvvəl formalaşmış hüquqi yanaşmaya görə, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı gözlənilən pensiya ödənişi müddətinin müəyyən edilməsini tənzimləyirdi.
41. Pensiya təyin edildikdən sonra işləməyə davam edən əmək pensiyaçısının həmin dövrdə topladığı sığorta kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması isə ayrıca olaraq Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənirdi. Beləliklə, pensiyanın ilkin təyin edilməsi ilə artıq təyin edilmiş pensiyanın sonradan yenidən hesablanması müxtəlif hüquqi faktlara əsaslanan və ayrı-ayrı hüquq normaları ilə tənzimlənən münasibətlərdir.
42. Buna görə 45-ci maddənin əvvəlki redaksiyasının ikinci cümləsinin qüvvədə olduğu dövrdə həmin norma pensiyanın Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qaydasını tənzimləmədiyindən, onun qüvvədən düşməsindən sonra keçid müddəaları vasitəsilə normanın əvvəldən əhatə etmədiyi münasibətlərə tətbiq edilməsi mümkün deyildir.
43. ***-VIQD nömrəli Qanunun keçid müddəaları ləğv edilmiş normanın müəyyən münasibətlərə münasibətdə qüvvəsinin davam etməsini nəzərdə tuta bilər, lakin həmin normanın ilkin tənzimləmə predmetini genişləndirərək onun əvvəllər əhatə etmədiyi hüquq münasibətlərinə şamil olunmasına əsas yaratmır.
44. Bu nəticə # ###### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunla 45-ci maddəyə edilmiş sonrakı dəyişikliklə də uzlaşır. Həmin dəyişiklikdə qanunverici müəyyən kateqoriya şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin artırılmasını artıq bilavasitə Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının “yenidən hesablanması” halı ilə əlaqələndirmişdir. Bu isə əvvəlki redaksiyanın mətnində həmin hüquqi əlaqənin nəzərdə tutulmadığını göstərən sistemli təfsir arqumentidir.
45. Beləliklə, hazırkı işə tətbiq edilməli olan hüquqi yanaşmaya görə, cavabdeh iddiaçının Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasını yenidən hesablayarkən Qanunun 45-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq etməkdə haqlı olmamışdır.
46. Cavabdehin apellyasiya şikayətində Ali Məhkəmənin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli qərarına istinadı da fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin hüquqi mövqe inzibati orqanın özünün əvvəlki qanunsuz inzibati aktını prinsip etibarilə dəyişdirmək və ya ləğv etmək imkanını tanısa da, bu səlahiyyəti şərtsiz və müddətsiz səlahiyyət kimi müəyyən etmir.
47. Əksinə, həmin hüquqi mövqedə əvvəlki əlverişli inzibati aktın dəyişdirilməsi zamanı “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində, o cümlədən 67.12-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmasının zəruriliyi xüsusi vurğulanmışdır. Odur ki, cavabdehin istinad etdiyi həmin qərar hazırkı halda onun mövqeyini gücləndirmir.
48. Nəticə etibarilə, cavabdehin ## ######## 2025-ci il tarixli qərarı iki müstəqil hüquqi əsasdan qanunsuzdur. Birincisi, əvvəlki əlverişli inzibati aktla müəyyən edilmiş hüquqi vəziyyət “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş birillik müddət keçdikdən sonra iddiaçının zərərinə dəyişdirilmişdir. Ikincisi, hazırkı işə tətbiq edilməli olan hüquqi yanaşmaya görə, Qanunun 45-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsi Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasına tətbiq edilə bilməzdi.
49. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.