Məhkəmə qərarları › İş №2-1(3-8)-871/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-871/2026

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-871/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin pensiya təyinindən imtinası barədə ## ######## 2025-ci il tarixli, 3-17-1/2-M******/2025 nömrəli məktubunun əsassız hesab edilməsi, İddiaçı ## #### 2025-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1986-cı ildən Təmir-tikinti idarəsində iş icraçısı kimi başlamış, 1994-cü ilin sentyabr ayının 1-dən “xxxx” QSC-də Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1995-ci il tarixədək həmin vəzifədə çalışdıqdan sonra ##.##.1998-ci ilədək yenə ağır əmək şəraiti ilə eskalator maşinisti peşəsində fəaliyyət göstərmişdir. Daha sonra, vəzifədə yüksələrək ##.##.1998-ci ildən ##.##.2018-ci il tarixədək Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır və zərərli yeraltı əmək şəraiti ilə usta və böyük usta vəzifələrində işləməklə “xxxx” QSC-də 23 il 07 ay 02 gün iş stajı toplamışdır. ##.##.2018-ci ildə Azərsu ASC-də (indiki ADSEA) təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin peşədə işləyir. 2025ci ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-a müraciət edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, habelə, ağır və zərərli yeraltı əmək şəraitində iş stajının 23 il 07 ay 02 gün təşkil etməsi barədə Azərbaycan Respublikası “xxxx” QSC tərəfindən tərtib edilmiş müvafiq məlumatı da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF XŞTÜMF-ə təqdim etmişəm. Cavabdeh inzibati orqan isə güzəştli iş stajımın olmamasını əsas gətirib mənə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və bu barədə rəsmi məktub göndərmişdir. ## ######## 2025-ci il tarixli, *- ***/*-M-******/**** nömrəli cavab məktubunda göstərilmişdir ki: “... sizin güzəştli iş stajınız yoxdur.”. İddiaçı hesab edir ki, cavabdeh DSMF-nin XŞTMF tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən imtina etməsi qanunsuz və əsassız olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunmalıdır ki, ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir. Qeyd olunduğu kimi güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər), rəhbərlər və mütəxəssislər yarımbəndində (b) isə tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələri nəzərdə tutulmuşdur. Bildirilir ki, iddiaçının təqdim etdiyi “xxxx” QSC-nin ## #### 2025ci il tarixli, A/*** nömrəli arayışında ##.##.1994-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Elektromexanika xidmətinin Eskalator distansiyasında elektrik çilingəri, ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində eskalator maşinisti, ##.##.1998-##.##.2014-cü il və ##.##.2014-##.##.2018-ci il tarixləri arasındakı dövrlər ərzində usta və böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda Siyahıda qeyd edilən sahəyə aid deyil. Bundan başqa, həmin arayışda elektrik çilingəri vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində nəzərdə tutulan sahələrdə avadanlığın təmiri üzrə, usta və böyük usta vəzifələrində işlədiyi müddətdə isə həmin sahələrdə tikinti və quraşdırma işləri üzrə işləyib-işləməməsi barədə də hər hansı məlumat qeyd olunmamış, eskalator maşinisti vəzifəsi isə həmin bənddə nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 40 il 3 ay 17 gün (##.##.2006-cı il tarixinədək 21 il 10 ay 17 gün (##.##.1983-##.##.1985-ci il, 12.01.198626.03.1992-ci il, ##.##.1992-##.##.1994-cü il, ##.##.1994-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 5 ay) təşkil edir. Məhz bu səbəblərə görə də, İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışa əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ##.##.1995- ##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi eskalator maşinisti vəzifəsi Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə nəyə istinad edərək həmin vəzifəni də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab etdiyini əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə sadəcə işəgötürənin iddiaçıya münasibətdə verdiyi arayışa əsaslanmaqla həmin arayışın əsasını təşkil edən vəzifə təlimatları və ya əlavə məlumatları tələb etmədən iddiaçının işlədiyi vəzifələrin ağır əmək şəraitli olduğu qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, “məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2- 1(102)- 1410/2021, 2-1(102)-131/2022, 2-1(102)- ****/**** №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir. Qeyd olunduğu kimi güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə nəzərə almamışdır ki, hər ağır və ya zərərli əmək şəraitli, artımlar (əmsallar) müəyyən edilmiş iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir. Həmin Qanunun 9.1ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Yuxarıda qeyd olunan hallara birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı İddiaçı həqiqətən güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir):

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı ##.##.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılmaqla), ##.##.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (## #### 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). ##.##.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; ##.##.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); ##.##.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (bundan sonra * nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, 60 yaşı ##.##.2025-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə iddiaçının tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olunmuşdur. Kollegiya xüsusi iş stajı məsələsi ilə bağlı ilk növbədə qeyd edir ki, iş materiallarında olan “xxxx” QSC-nin ## #### 2025-ci il tarixli, A/*** nömrəli arayışında iddiaçının ## ######## 1994-cü ildən ## ####### 1995-ci ilədək Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri, ## ####### 1995-ci ildən ## ###### 1998-ci ilədək ağır əmək şəraiti ilə eskalator maşinisti, ## ###### 1998-ci ildən ## #### 2014-cü ilədək ağır əmək şəraiti ilə usta və böyük usta, ## #### 2014-cü ildən ## ##### 2018-ci ilədək isə həmin distansiyada 12 faiz zərərli və yeraltı əmək şəraiti ilə usta vəzifəsində işlədiyi göstərilmişdir. Həmin arayışda iddiaçının ağır və zərərli əmək şəraitində iş stajının ümumilikdə 23 il 7 ay 2 gün təşkil etdiyi ayrıca və birmənalı şəkildə təsdiq edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21-ci “Nəqliyyat” bölməsinin 21.5-ci “Metropolitenlər” bəndinin 21.5.1-ci yarımbəndində tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışanlar sırasında “bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)” və “eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri” nəzərdə tutulmuşdur. Buna görə iddiaçının elektrik çilingəri, usta və böyük usta vəzifələrinin adı Siyahıda birbaşa təsbit edilmiş vəzifə və peşələrlə uyğunluq təşkil edir. Bu dövrlərin güzəştli iş stajına aidiyyəti yalnız peşə adlarının oxşarlığına deyil, həm də işin yerinə yetirildiyi sahəyə və əmək funksiyasının məzmununa əsaslanır. Bununla yanaşı, apellyasiya baxışı zamanı məhkəmənin ## #### 2026-cı il tarixli sorğusuna cavab olaraq “xxxx” QSC-nin təqdim etdiyi ## #### 2026-cı il tarixli, **-*-*/*- ****/**** nömrəli məktubla əvvəlki arayışdakı hüquqi təsnifat dəqiqləşdirilmişdir. Məktubda iddiaçının ## ####### 1995-ci ildən ## ###### 1998-ci ilədək işlədiyi eskalator maşinisti peşəsinin Siyahının 21.5.1-ci yarımbəndində göstərilən “eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri” peşəsinə aid edilməsinin məqsədəuyğun olduğu, hər iki peşənin əmək şəraitinin, xarakteristikasının və funksiyalarının eynilik təşkil etdiyi bildirilmişdir. Həmçinin ## #### 2025-ci il tarixli, A/*** nömrəli arayışda iddiaçının peşələrinin Siyahının 29-cu bölməsinə aid edilməsinin texniki yanlışlıq olduğu açıq şəkildə göstərilmişdir. Beləliklə, eyni işəgötürənin sonrakı rəsmi məlumatı ilə əvvəlki arayışdakı ziddiyyət aradan qaldırılmış və mübahisəli işlərin düzgün hüquqi aidiyyəti müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə uyğun olaraq apellyasiya baxışında nəzərə alınmalı olan bu məktub yeni hüquq və ya yeni iş dövrü yaratmır, əvvəlki dövrdə faktiki yerinə yetirilmiş işlərin xarakterini və arayışdakı texniki yanlışlığın səbəbini açıqlayır. Məhkəmə kollegiyası həmin açıqlamanın iş materiallarına əlavə olunmuş vəzifə təlimatları ilə də təsdiqləndiyini qeyd edir. Belə ki, “Eskalator maşinisti və maşinist köməkçisinin Təlimatı”nın 1.2-ci bəndində eskalator qovşaqlarının təmiri, təftişi və cari xidməti üzrə texnoloji proseslərin, eskalatorlara texniki qulluq qaydalarının və elektrik qurğularının texniki istismarı qaydalarının bilinməsi tələb olunur. Təlimatın 1.14-1.16-cı bəndlərinə əsasən maşinist eskalatorların fasiləsiz və texniki cəhətdən saz işini təmin edir, ehtiyat eskalatorun texniki yoxlanılmasını aparır, təmir üçün eskalatoru hazırlayır, təmir heyətini işə buraxır, işlərin gedişinə nəzarət edir və görülmüş işləri qəbul edir. Həmin Təlimatın 2.1-ci, 3.1-3.3-cü bəndlərində də avadanlığın işə salınmazdan əvvəl texniki yoxlanılması, nasazlığın səbəbinin müəyyən edilərək aradan qaldırılması və eskalatorun normal iş rejiminin bərpası maşinistin vəzifələrinə aid edilmişdir. “Eskalatorlara xidmət üzrə elektrik çilingərinin vəzifə təlimatı”nın 1.5-ci bəndində maşinist köməkçisinin bütün vəzifələrinin elektrik çilingərinə də şamil olunduğu, 3.1 və 3.2-ci bəndlərində isə eskalatorların fasiləsiz və qəzasız işinin, düzgün texniki qulluğunun təmin edilməsi, onun ayrı-ayrı hissə və qovşaqlarına baxış keçirilməsi və nasazlıqların aradan qaldırılmasında bilavasitə iştirak edilməsi nəzərdə tutulmuşdur. Bu müddəaların müqayisəsi eskalator maşinisti ilə eskalatora xidmət və təmir üzrə elektrik çilingərinin əmək funksiyalarının mahiyyət etibarilə eyni texniki prosesə aid olduğunu göstərir. Kollegiya nəzərə alır ki, iddiaçının usta və böyük usta vəzifələrində işlədiyi dövrlərin də Siyahının 21.5.1-ci yarımbəndinə aidliyi təqdim edilmiş vəzifə təlimatlarının məzmunundan görünür. Eskalator distansiyası ustasının vəzifə təlimatının 3.1, 3.3, 3.5, 3.8-3.11 və 3.15-ci bəndlərinə əsasən usta eskalator və travolatorların fasiləsiz və düzgün texniki istismarını təmin edir, avadanlıqları saz vəziyyətdə saxlayır, təmirarası qulluğu və vaxtında, keyfiyyətli təmiri təşkil edir, yeni və təmirdən çıxmış avadanlıqların sınaq və sazlama işlərində iştirak edir, nasazlıq və qəza səbəblərinin araşdırılmasını, quraşdırma işlərinin keyfiyyətinə nəzarəti həyata keçirir və xidmət heyətinə rəhbərlik edir. Böyük ustanın vəzifə təlimatının 3.1, 3.5 və 3.8-3.11-ci bəndləri də eyni məzmunda eskalator avadanlıqlarının istismarı, texniki qulluğu, təmiri, sınağı, sazlanması və nasazlıqların qarşısının alınması ilə bağlı funksiyalar müəyyən edir. Deməli, usta və böyük usta vəzifələri yalnız ümumi inzibati rəhbərliklə məhdudlaşmamış, bilavasitə eskalator avadanlıqlarının texniki istismarı və təmirinin təşkili və icrasına xidmət etmişdir. Üstəlik, Siyahının 21.5.1-ci yarımbəndində “bütün adlarda ustalar”, o cümlədən böyük ustalar ayrıca göstərilmişdir. Kollegiya həmçinin qeyd edir ki, eskalator maşinisti və maşinist köməkçisinin Təlimatının 1.7, 1.9 və 2.5-ci bəndləri işin növbəli rejimdə təşkilini, növbənin qəbulu və təhvilini, habelə gecə fasiləsindən sonra eskalatorların işə salınması qaydasını tənzimləyir. Bu göstərişlər, A/*** nömrəli arayışda əmək şəraitinin ağır və zərərli, müvafiq dövr üzrə isə yeraltı kimi göstərilməsi və işəgötürənin sonrakı məktubunda müqayisə edilən peşələrin əmək şəraitinin eyni olduğunun təsdiqlənməsi ilə birlikdə qiymətləndirildikdə, iddiaçının əmək fəaliyyətinin Siyahının 21.5.1-ci yarımbəndində nəzərdə tutulan metropoliten eskalatorlarına xidmət və təmir işlərinə aid olduğu nəticəsinə gəlməyə əsas verir. Bu baxımdan, əvvəlki arayışda Siyahının 29-cu bölməsinə edilmiş yanlış istinad işin faktiki xarakterini dəyişmir və işəgötürənin əsaslandırılmış qaydada verdiyi sonrakı izahat nəzərə alınmadan iddiaçının əleyhinə şərh oluna bilməz. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndi xüsusi iş müddətinin əmək fəaliyyətini təsdiq edən sənədlər və işəgötürənin güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışı əsasında müəyyən edilməsini nəzərdə tutur. Hazırkı işdə məhkəmə yalnız A/*** nömrəli arayışdakı yekun qeydlə kifayətlənməmiş, işəgötürəndən əlavə izahat və müvafiq vəzifə təlimatlarını tələb etmiş, arayışda göstərilən peşə və vəzifələrin Siyahıdakı işlərlə funksional uyğunluğunu həmin sənədlər əsasında yoxlamışdır. Buna görə də apellyasiya şikayətində istinad olunan məhkəmə təcrübəsinin tələbləri hazırkı iş üzrə yerinə yetirilmiş, işəgötürənin arayışı formal şəkildə qəbul edilməmiş, onun əsası olan iş şəraiti və əmək funksiyaları ayrıca araşdırılmışdır. Təqdim olunmuş rəsmi sənədlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası baxımından da həmin sənədlərdəki məlumatların nəzərə alınmaması üçün hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, A/*** nömrəli arayışda iddiaçının ağır və zərərli əmək şəraitində iş stajı 23 il 7 ay 2 gün kimi hesablanmışdır. Hətta cavabdehin mübahisələndirdiyi ## ####### 1995-ci ildən ## ###### 1998-ci ilədək eskalator maşinisti işlədiyi 2 il 3 ay 3 günlük dövr bütövlükdə həmin hesablamadan çıxarılsa belə, iddiaçının ## ######## 1994-cü ildən ## ####### 1995-ci ilədək elektrik çilingəri, ## ###### 1998-ci ildən ## ##### 2018-ci ilədək isə usta və böyük usta vəzifələrində qalan xüsusi iş stajı 21 il 3 ay 29 gün təşkil edir. Bu müddət kişilər üçün qanunla tələb olunan 12 il 6 aylıq xüsusi iş stajından 8 il 9 ay 29 gün artıqdır. Odur ki, eskalator maşinisti vəzifəsinin funksional eyniliyi barədə dəlil ayrıca qəbul edilmədiyi halda belə, həmin dövrün hesablamadan çıxarılması iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan xüsusi iş stajının mövcudluğuna təsir etmir. Bütün bunlara əsasən, iddiaçının xüsusi iş stajının olmadığına və mübahisəli peşə və vəzifələrin Siyahıya aid edilmədiyinə dair apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Eyni zamanda ## #### 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün artıq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu dəyişiklik əvvəlki qaydalarda pensiya hüququnun təyin edilməsi üçün tələb olunan pensiya kapitalının müəyyən bir həddə çatması şərtini aradan qaldırır. Beləliklə, iddiaçının pensiya hüququnun təmin olunmasında əlavə bir maneə yoxdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşına çatması, 25 ildən artıq ümumi iş stajına malik olması və iş materialları ilə təsdiq edilən mübahisəli dövrlər də nəzərə alınmaqla 12 il 6 aydan az olmayan xüsusi iş stajının mövcudluğu təsdiq olunur. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan şərtlər mövcuddur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar