Məhkəmə qərarları › İş №2-1(3-8)-89/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-89/2026

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-89/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 2959/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçıya aid əmək kitabçasından görünür ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də, xx.xx.2009-cu il tarixdən hazıradək 6 saylı Xüsusiləşdirilmiş Vərəm xəstəxanasında işləyir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Bakı Baş Səhiyyə Mərkəzi” X6 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasının 2 aprel 2024-cü il tarixli, 18-1-1-69/3-3/2024 nömrəli arayışından görünür ki, İddiaçı əmək fəaliyyətinə 3 yanvar 1991-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə kimi başlamış, 10 noyabr 2003-cü il tarixdə işdən azad olunmuşdur. İddiaçı 1 may 2009-cu il tarixdən 6 nömrəli X5 Dispanserinə xadimə vəzifəsinə qəbul olunmuşdur. 24 avqust 2015-ci il tarixdə tutduğu vəzifəsinin adı dəyişdirilərək sanitar qadın adlandırılmışdır. İddiaçı müəssisədə işlədiyi müddət ərzində tam iş günü zərərli əmək şəraitində çalışmışdır. Bu da ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifəiərin, göstəricilərin siyahısının 19 “a” bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 14 il 11 ay təşkil edir. Qeyd edilmişdir ki, 6 saylı X5 Dispanserinin adı Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 4 oktyabr 2010-cü il tarixli, 33 nömrəli əmrinə əsasən dəyişdirilərək 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası adlandırılmışdır. 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının adı “TƏBİB” PHŞ-nin 1-K/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli əmrinə uyğun olaraq 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanası adlandırılmışdır. Ucar Rayon Dövlət Arxivinin 10 iyun 2024-cü il tarixli, 5-80-27/2-39/2024 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu Yuxarı-Şilyan kənd “Moskva” sonradan “M.F. Axundov” adına olmuş kolxoza aid kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən Məmmədova (Mustafayeva) Rəsmiyyənin kolxozda 1983-1995-ci illər üzrə əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 avqust 2024-cü il tarixli, 3-17-1/2-H-202810/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” iddiaçıya göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 3 aprel 2019-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında və “Bakı Baş Səhiyyə Mərkəzi” X6 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasının 2 aprel 2024-cü il tarixli, 18-1-1-69/3-3/2024 nömrəli arayışında 3 yanvar 1991-ci il – 10 noyabr 2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin Ucar rayon Dövlət Arxivində saxlanılan əmr və əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi bildirilmişdir. Bu fakt “X7 filialı tərəfindən 1 may 2024-cü il tarixli akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də ümumi iş stajı 25 ildən az (19 il 9 ay 11 gün (4 il 11 ay 11 gün kolxoz dövrü və 2009-2024-cü illər üzrə 14 il 10 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.030,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Bakı Baş Səhiyyə Mərkəzi” X6nin 29 sentyabr 2025-ci il tarixli, 18-1- 1/2-M-1867-1-1560/2025 nömrəli arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 6 nömrəli Vərəm Xəstəxanasında sanitar qadın vəzifəsində 4 oktyabr 2010-cu il – 28 yanvar 2025-ci il tarixləri arasında işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək stajı): 24 il 3 ay 24 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 19-cu bəndinin (Tibb və sosial təminat müəssisələri) “a” yarımbəndinə (vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində) və (və ya) kiçik tibb heyəti vəzifə koduna (işlədiyi müddətdə bilavasitə xəstələrə xidmət etmişdir) uyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən “Fərdi şəxsi hesab haqqında arayış”dan görünür ki, İddiaçı pensiya kapitalı 20.285,25 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 fevral 2025-ci il tarixli, 3-21-2-1/2-2371/2025 nömrəli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 11 avqust 2000-ci il tarixdə 7/02 nömrə ilə dövlət qeydiyyatından keçməsi və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. 11 avqust 2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Cəmiyyət 6 aprel 1998-ci il tarixdə D-2598 nömrə ilə dövlət qeydiyyatından keçmiş "xxxx" X8 Cəmiyyətinin hüquqi varisidir. Həmçinin bildirilmişdir ki, mövcud məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 yanvar 2002-ci il tarixdən hazırkı dövrədək fəaliyyətinin olması barədə məlumat mövcuddur. Qeyd edilmişdir ki, muzdlu işçilərin əmək haqqı və ondan hesablanmış vergi məbləğləri barədə məlumatın vergi orqanı tərəfindən yalnız 1 yanvar 2019-cu il tarixdən sonrakı dövrlər üzrə təqdim edilməsi mümkündür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 7 mart 2025ci il tarixli, 3-17-1/2-56641/2025 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 il 6 ay 11 gün (4 il 11 ay 11 gün kolxozda işlədiyi dövr və 2009-2024-cü illər üzrə 15 il 7 ay), güzəştli iş stajı isə 15 il 7 ay (1 iyun 2009-cu il – 31 dekabr 2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. Ucar rayon Dövlət Arxivinin 2 aprel 2025-ci il tarixli, 5-80-27/2-18/2025 nömrəli məktubu ilə İddiaçı Ucar rayonu Yuxarı-Şilyan kənd “Moskva” sonradan “M.F.Axundov” adına olmuş kolxoza aid kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair arxiv arayışı və həmin cədvəllərin təsdiq olunmuş surətləri qoşma şəklində göndərilmişdir. Qeyd edilmişdir ki, "xxxx" ASC-yə aid əmək haqqı cədvəlləri və əmr kitabları təhvil verilmədiyi üçün Ucar rayon Dövlət Arxivində saxlanılmır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X2” X6n 9 sentyabr 2025-ci il tarixli, 18-1- 93/3-2609/2025 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Uşaq vərəm xəstəxanasının 1-ci vərəm şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyir. Həmin vəzifə üzrə stajı 7 ay 9 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “Vərəm və infeksion kabinetlərdə xəstələrlə birbaşa təmasda olur və xəstələrə qulluqdan ibarətdir, İddiaçı müəyyən olunmuş əmək haqqına 25% zərərli işə görə əlavə ödəniş aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrinə 6 təqvim günü əmək məzuniyyəti ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə (bölmə 19) tətbiq edilə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 59 yaşının tamam olduğu 28 sentyabr 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1965-ci il təvəllüdlüdür. 3 yanvar 1991-ci il tarixdən 10 yanvar 2003-cü il tarixədək "xxxx" ASC-də fəhlə vəzifəsində, 1983-cü il tarixdən 1995-ci il tarixədək kolxozda işləmiş, 1 may 2009-cu il tarixdə 01 (köhnə 06 nömrəli) nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına xadimə vəzifəsinə qəbul olmuşdur. Hazırda da həmin xəstəxanada işləyir. Ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10 7, 9.1, 45ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, prosessual hüquqi əsası kimi İPM-in 12.1, 13, 14.3, 34.1, 58.7-ci maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2959/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 20 il 6 ay 11 gün (4 il 11 ay 11 gün kolxozda işlədiyi dövr və 2009-2024-cü illər üzrə 15 il 7 ay), güzəştli iş stajı isə 15 il 7 ay (1 iyun 2009-cu il – 31 dekabr 2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə olan əmək stajı qanunvericiliklə tələb olan müddəti ödəmişdir. Hazırda isə cavabdeh tərəfindən "xxxx" ASC-də olan 3 yanvar 1991ci il tarixdən 10 noyabr 2003-cü il tarixədək olan dövr mübahisələndirilir. Məhkəmə tərəfindən qeyd edilən ziddiyət araşdırılaraq müəyən edilmişdir ki, iddiaçının "xxxx" ASC-də olan əmək fəaliyyəti barədə məlumat Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Bakı Baş Səhiyyə Mərkəzi” X6 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanası tərəfindən verilmişdir. Cavabdeh orqanın müvafiq araşdırması nəticəsində sözügedən müəssisənin Ucar rayon Dövlət Arxivində saxlanılan əmr və əmək haqqı cədvəllərində iddiaçıya dair hər hansı məlumatın mövcud olmadığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə arayışı vermiş xəstəxanaya müvafiq sorğu göndərmiş, təqdim edilən cavab məktubunda iddiaçının "xxxx" ASC-də fəhlə kimi işlədiyinə dair məlumat qeyd edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqdim edilmiş arayışda iddiaçının əmək dövrü 4 oktyabr 2010-cu il – 28 yanvar 2025-ci il, sığorta stajı isə 24 il 3 ay 24 gün, yəni ikiqat ölçüdə olaraq göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Məhkəmə vərəm xəstəxanasında olan fəaliyyətinin qeyd edilən maddənin əhatə dairəsinə aid olmadığından, təqdim edilmiş arayışda göstərilən ümumi sığorta stajına dair məlumatı mötəbər sübut qismində qəbul etmir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında izahat verərək, təqdim edilən arayışının şübhəli olduğunu inkar etməyərək etiraf etmişdir ki, “arayış ola bilsin şübhəlidir, həyat yoldaşının adında olub, arayış həyat yoldaşına verilib ki, orada işləyibdir. Onu da öz iş yerimə vermişəm”, yəni əri tərəfindən müəssisəyə müraciəti əsasında iddiaçının işləmədiyi halda onun adına verilmiş arayışının xəstəxanaya təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 3 yanvar 1991ci il tarixdən 10 noyabr 2003-cü il tarixədək dövr üzrə əmək fəaliyyəti barədə məlumatlar öz təsdiqini tapmamış, həmin dövrdə qeyd edilən müəssisədə işlədiyi sübuta yetirilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır, Tələbin apellyasiya qaydasında baxılmasını və qiymət verilməsini istəyir. Sübutlar məhkəmə iclasına təqdim ediləcəkdir. İPM-nin 12.1, 13, 14.3, 58.7-ci maddələrinə istinad edərək, göstərilənləri nəzərə alınaraq Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2959/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etiraza və birinci instansiya məhkəməsinin qərarına istinad edərək əsaslandırmışdır.Qeyd edilənlərə əsasən, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini,Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2959/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 59 yaşının tamam olduğu 28 sentyabr 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, iddiaçının 3 yanvar 1991-ci il – 10 noyabr 2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də fəhlə vəzifəsində iş stajına aid Ucar Rayon Dövlət Arxivində saxlanılan əmr və əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyi bildirilmiş, ümumi iş stajının 25 ildən az olması, bundan əlavə pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.030,76 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda iddiaçıya münasibətdə 59 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir a) 59 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İddiaçı xx.xx.1965-ci təvəllüdlü olmaqla, onun pensiya yaşına - 59 yaşına çatması və azı 12 il 6 ay güzəştlii stajına malik olması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı qanunvericiliklə tələb olunan ümumi iş stajının (25 il) olubolmaması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də 3 yanvar 1991-ci il tarixdən 10 noyabr 2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrü mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarından müəyyən etmişdir ki, iddiaçının "xxxx" ASC-də əmək fəaliyyəti barədə məlumat Respublika “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 və “Bakı Baş Səhiyyə Mərkəzi” X6 1 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanası tərəfindən təqdim edilmişdir. Eyni zamanda, cavabdeh orqanın aparmış olduğu müvafiq araşdırma nəticəsində, Ucar rayon Dövlət Arxivində saxlanılan əmr və əmək haqqı cədvəllərində iddiaçının adı və fəaliyyəti ilə bağlı məlumatın olmadığı müəyyən edilmişdir. Məhkəmə arayışı təqdim etmiş xəstəxanaya əlavə sorğu göndərmiş və təqdim olunan cavab məktubunda iddiaçının "xxxx" ASC-də fəhlə kimi çalışdığı barədə məlumat yer almamışdır. Bundan əlavə iddiaçı həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində əslində "xxxx" ASC-də işləmədiyini, həyat yoldaşının vaxtilə həmin müəssisədə işlədiyini və onun adını yazdırdığını bildirmişdir. Bütün yuxarıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının 3 yanvar 1991-ci il tarixdən 10 noyabr 2003-cü il tarixədək həmin müəssisədə əmək fəaliyyəti sübuta yetirilməmiş və toplanan sübutlarla həmin hal öz təsdiqni tapmamışdır. Kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyəti mövcud olmamış, yalnız formal qaydada əmək kitabçasında qeyd aparıldığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bundan başqa iddiaçının sübut kimi təqdim etdiyi onun Ucar rayonu Yuxarı Şilyan kənd “Moskva”, sonradan “M.F.Axundov” kolxozunda işləməsi barədə Ucar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışı tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, həmin kolxozda 1983-cü ildə 109 adam günü, 1984-cü ildə 60 adam günü, 1985-ci ildə 85 adam günü, 1986-cı ildə 240 adam günü, 1987-ci ildə 32 adam günü, 1988-ci ildə 15 adam günü, 1989-cu ildə 20 adam günü, 1994-cü ildə 126 adam günü və 1995-ci ildə 91 adam günü işləmiş, 191-ci ilin yanvar-fevral və iyul-avqust ayları üçün uşaq pulu almışdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh göstərilən tələblərə əsasən hesablama aparmış və iddiaçının kolxozda işlədiyi dövrü adam günü hesabı ilə hesablamaqla 4 il 11 ay 11 günü onun sosial sığorta stajına daxil etmişdir. Nəticə etibarilə, iddiaçının 59 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 illik ümumi sığorta stajı şərti ödənilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2959/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar