Məhkəmə qərarları › İş №2-1(3-8)-906/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-906/2026

07.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-906/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1964-cü ildə anadan olmuş, hazırda 61 yaşı vardır. O, ##.##.1983-cü ildən ##.##.1985-ci il tarixə kimi ##.##.1986-##.##.1987-ci il tarixə kimi Abşeron rayon *** saylı orta Texniki Peşə Məktəbində təhsil almış və elektrik qaz qaynaqçısı ixtisasına yiyələnmişdir. İddiaçı ##.##.1987-ci ildə «xxxx» ASC-də əmək fəaliyyətinə başlamış və ##.##.2001-ci il tarixə kimi bu müəssisədə işləmişdir. O, 14 il 2 ay fasiləsiz olaraq bu müəssisədə qaynaqçı vəzifəsində işləmiş, bu da qapalı şəraitdə əl ilə işləyən qaynaqçı peşələrinə uyğun olmaqla ona AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş * saylı siyahıya uyğun olaraq güzəştli əsaslarla pensiya təyin edilməsinə əsas verir. Bundan başqa iddiaçı ##.##.2017-ci ildən hal-hazırki vaxtadək «İnter DBK» MMC şirkətində qaynaqçı vəzifəsində işləyir ki, həmin müddət də (8 il 2 ay 10 gün) güzəştli əsaslarla pensiya təyinatına əsas verən iş sahələri hesab olunur. İddiaçı müvafiq sənədləri də toplamaqla 60 yaşının olmasını, 25 ildən artıq ümumi əmək stajının və onun da 12,5 ildən çox hissəsinin zərərli iş sahəsi olmasını (2-ci Siyahı üzrə) nəzərə alaraq ona hüququnun yarandığı vaxtdan - 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh orqan ünvanladığı ##.##.2025ci il tarixli imtina məktubunda onun xahişini təmin etməmiş və göstərmişdir ki, onun ümumi əmək stajı 25 ildən az (12 il 6 ay 16 gün) olduğu üçün və kapital yetərincə olmadığı üçün ona güzəştli əmək pensiyanın təyin edilməsi mümkün deyildir. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, onun güzəştli əsaslarla pensiya təyinatına əsas verən əmək stajı iddiaçıya məxsus olan əmək kitabçasında qeyd edilmiş və həmin kitabçadan da göründüyü kimi onun ümumi əmək stajı 25 ildən artıq olmaqla onun da 12,5 ili zərərli iş sahələridir. Bununla bağlı müvafiq iş sahələri tərəfindən arayışlar da verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala ##.##.2025-ci il tarixdə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli 3-17-1/2-Q- ******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı İddiaçı 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair arayışında ##.##.1987-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən arayışda aparılmış qeydlərin müəssisənin əmək haqqı cədvəlləri, əmr kitablarına və şəxsi işi əsasında yazılmadığı, iş stajını təsdiq edən heç bir sənədin tapılmadığı və həmin arayışın ## #### 1987-ci il tarixli ИТI-******* nömrəli əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin ## ###### 2025-ci il tarixli birgə Aktı ilə təsdiqlənmişdir. Buna görə də qeyd olunan dövrü iddiaçı İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də iddiaçı İddiaçı ümumi iş stajı 25 ildən az (12 il 6 ay 16 gün (##.##.1983-##.##.1985-ci il, ##.##.1986-##.##.1987-ci il tarixləri arasındakı dövrlər və # ###### 2006-cı il tarixindən sonra 9 il 6 ay 16 gün)) təşkil edir. Eyni zamanda, onun ## #### 1987-ci il tarixli ИТ-*- ******* nömrəli əmək kitabçasında və "İnter DBK" MMC-nin ona dair arayışında ## ######## 2017-ci il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı olmağı barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə də onun güzəştli stajını müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11986,19 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ## #### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, “xxxx” ASC ##.##.2001-ci il tarixdə 0202-A143 nömrə ilə və “İnter” DBK MMC ##.##.2012ci il tarixdə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. İş mateiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron Rayon Dövlət Arxivi tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, “xxxx” ASC-nin sənədləri fond olaraq saxlanması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin # #### 2001-ci il tarixli ** nömrəli sərəncamı ilə Azərsutikinti Dövlət Konserni "xxxx" trestinin 3 müəssisəsinin bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi # ####### 2001-ci il tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Nəzərə çatdırılır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “İnter” DBK MMC-yə dair hər hansı bir məlumat aşkar olunmadı. İş materiallarında olan “xxxx” ASC tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, məlumatlar cəmiyyətin arxivində mövcud olmadığından təqdim etmək mümkün deyildir. Bununla bağlı qeyd edilir ki, iş materiallarında mövcud olan sənədlər və daxil olmuş rəsmi sorğuya cavablar birbaşa təsdiq edir ki, iddiaçının mübahisələndirdiyi əmək fəaliyyəti dövrü etibarlı sübutlarla təsdiq olunmadığından həmin müddətin əmək stajına daxil edilməsi və bu əsasla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Buna baxmayaraq məhkəmə iş üzrə mövcud ziddiyyətləri, sübut çatışmazlığını və sorğulara cavabları lazımi qaydada qiymətləndirmədən iddianı təmin etmişdir ki, həmin qərar qanunsuz və əsassız hesab edilməlidir. Bundan əlavə, Abşeron Rayon Dövlət Arxivinin cavab məktubunda açıq şəkildə qeyd edilmişdir ki, “xxxx” ASC-nin sənədləri fond kimi dövlət arxivinə təhvil verilməmişdir. Bu isə o deməkdir ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən ilkin uçot sənədləri — əmrlər, şəxsi işlər, əməkhaqqı cədvəlləri, tabel və digər sənədlər dövlət arxivində mövcud deyil. Belə olan halda əmək stajının müəyyən edilməsi yalnız dolayı və qeyri-kafi sübutlarla həyata keçirilə bilməz. İş materiallarında daha mühüm hal ondan ibarətdir ki, “xxxx” ASC-nin özünün təqdim etdiyi ##.##.2026-cı il tarixli cavab məktubunda müəssisənin arxivində məlumatların olmadığı birbaşa göstərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı müəssisənin əməkhaqqı cədvəllərində, əmr kitablarında və şəxsi iş arxivində iddiaçıya dair heç bir məlumat aşkarlanmamışdır. Bu isə iddiaçının həmin dövrdə müəssisədə faktiki işləməsinin rəsmi sənədlərlə təsdiq olunmadığını göstərir. Bundan əlavə, birgə aktda xüsusi olaraq vurğulanmışdır ki, iddiaçının iş stajına dair məlumatlar yalnız ## #### 1987-ci il tarixli əmək kitabçasına əsasən tərtib edilmişdir. Yəni mövcud məlumatların yeganə əsası əmək kitabçasındakı qeydlərdir. Halbuki əmək kitabçasındakı qeydlər ilkin sənədlərlə təsdiq olunmadıqda onların mötəbər sübut qüvvəsi şübhə altına düşür. Əmək kitabçasındakı qeydlərin doğruluğu əmrlər, əməkhaqqı sənədləri və digər ilkin uçot sənədləri ilə təsdiqlənməlidir. Belə təsdiqedici sənədlər isə mövcud deyildir. Bundan başqa, iş materiallarında qeyd olunmuşdur ki, “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli birgə aktı ilə həmin fakt təsdiqlənmiş və nəticə etibarilə mübahisəli dövrün iddiaçının iş stajına daxil edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Yəni inzibati orqan tərəfindən qəbul edilmiş qərar subyektiv mülahizəyə deyil, rəsmi araşdırma nəticəsində əldə olunmuş obyektiv məlumatlara əsaslanmışdır. Məhkəmə qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı ## #### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Bununla bağlı bildirilir ki, iddiaçı İddiaçı təvəllüdü ##.##.1965-ci ildir. Onun 60 yaşı məhkəmə qərarında qeyd olunduğu kimi ##.##.2024-cü il tarixdə deyil, ##.##.2025-ci il tarixdə tamamlanacaqdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında əlavə olaraq qeyd etmişdir ki, mübahisəli dövrlər iddiaçının “xxxx” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlərdir. Həmin dövrləri həm ümumi, həm də güzəştli iş stajında nəzərə almırlar. “İnter” DBK Məhdud Məsuliyyətli Cəmiyyətinin sorğuya cavab məktubunda qeyd olunan illər isə iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmışdır. Beləliklə iddiaçının 9 il 1 ay 29 gün güzəştli iş stajı var. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ## #### 1965-ci il təvəllüdlü olmaqla, 60 yaşı ## #### 2025-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin iddiaçıya dair arayışında ##.##.1987-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən arayışda aparılmış qeydlərin müəssisənin əmək haqqı cədvəlləri, əmr kitablarına və şəxsi işi əsasında yazılmadığı, iş stajını təsdiq edən heç bir sənədin tapılmadığı və həmin arayışın ## #### 1987-ci il tarixli ИТI-******* nömrəli əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir. Bu fakt "xxxx" ASCnin ## ###### 2025-ci il tarixli birgə Aktı ilə təsdiqlənmişdir. Buna görə də qeyd olunan dövrü iddiaçı İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də iddiaçı İddiaçı ümumi iş stajı 25 ildən az (12 il 6 ay 16 gün (##.##.1983-##.##.1985-ci il, ##.##.1986-##.##.1987-ci il tarixləri arasındakı dövrlər və # ###### 2006-cı il tarixindən sonra 9 il 6 ay 16 gün)) təşkil edir. Eyni zamanda, onun ## #### 1987-ci il tarixli ИТ-*- ******* nömrəli əmək kitabçasında və "İnter DBK" MMC-nin ona dair arayışında ## ######## 2017-ci il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı olmağı barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə də onun güzəştli stajını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının həm ümumi, həm də güzəştli iş stajı mübahisələndirilmişdir. Kollegiya cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş IT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında iddiaçının mübahisələndirilən dövrlərdə çalışmasına dair müvafiq qeydlər mövcuddur. Eləcə də "İnter DBK" MMC-nin iddiaçıya dair arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.2017-ci il tarixli əmək müqaviləsi əsasında qapalı şəraitdə əl ilə işləyən qaynaqçı vəzifəsində hal-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 2 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və 7212002100 vəzifə koduna uyğundur. “xxxx” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı “qaynaqçı” vəzifəsində işləmiş, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 14 il 2 ay (##.##.1987-ci il tarixdən ##.##.2001-ci il tarixədək) təşkil etmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri “Qapalı şəraitdə əl ilə işləyən qaynaqçı” olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və 7212002100 vəzifə koduna uyğundur. Abşeron rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” ASC-nin sənədləri fond olaraq saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Dövlət Arxivinin Sumqayıt filialının ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Apellyasiya instansiyasında icraat zamanı işin hallarının hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə müvafiq sorğular edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur: "İnter DBK" MMC-nin ## #### 2026-cı il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.2017-ci il tarixli əmək müqaviləsi əsasında qapalı şəraitdə əl ilə işləyən qaynaqçı vəzifəsində hal-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 9 il 2 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və 7212002100 vəzifə koduna uyğundur. Eləcə də iddiaçının əmək müqavilələrinin surəti və “qaynaqçı” vəzifəsinə dair vəzifə təlimatı da məhkəməyə təqdim edilmişdir. “xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, Cəmiyyət tərəfindən İddiaçı təqdim edilmiş arayış onun əmək kitabçasında əks olunan məlumatlar əsasında verilmişdir. Bununla belə, məhkəmənin sorğusunda qeyd olunan ##.##.1987-ci ildən ##.##.2001-ci ilədək “qapalı şəraitdə əl ilə işləyən qaynaqçı” vəzifəsində çalışmasını təsdiq edən ilkin sənədlər, o cümlədən həmin vəzifəyə dair vəzifə təlimatının təsdiq edilmiş surəti, iş şəraitini və peşənin müvafiq güzəştli pensiya siyahısına aidliyini müəyyən etməyə imkan verən digər sənədlər müəssisənin hazırda mövcud olan arxiv materialları arasında aşkar edilməmişdir. Qeyd olunan sənədlərin tələb edilən dövrün 1987-2001-ci illəri əhatə etməsi, yəni uzun müddət əvvəl baş vermiş əmək münasibətlərinə aid olması nəzərə alınmaqla, müəssisənin hazırda sərəncamında həmin dövr üzrə bütün ilkin kadr və istehsalat sənədlərinin tam komplektinin olmaması müəyyən edilmişdir. Bu səbəbdən müəssisə tərəfindən mövcud olmayan sənədlərin surətinin təqdim edilməsi, həmin sənədlərin məzmununun ehtimal əsasında bərpa edilməsi və ya ilkin sənədlərlə təsdiqlənməyən məlumatların təsdiq edilməsi mümkün deyildir. Cəmiyyətin sərəncamında müvafiq ilkin sənədlər olmadığı halda, İddiaçı qeyd olunan vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının konkret bəndinə və ya koduna uyğunluğu barədə müəssisə tərəfindən əlavə təsdiqedici məlumat verilməsi mümkün deyildir. Bundan sonra məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli dövrlər iddiaçının “xxxx” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlərdir. Həmin dövrləri həm ümumi, həm də güzəştli iş stajında nəzərə almırlar. “İnter” DBK Məhdud Məsuliyyətli Cəmiyyətinin sorğuya cavab məktubunda qeyd olunan illər isə iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmışdır. Beləliklə iddiaçının 9 il 1 ay 29 gün güzəştli iş stajı var. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən əvvəlcə iddiaçının həm "xxxx" ASC-də, həm də "İnter DBK" MMC-də çalışdığı dövrlər mübahisələndirilmişdir. Lakin məhkəmə icraatı gedişatında "İnter DBK" MMC tərəfindən verilmiş güzəştli arayış nəzərə alınmaqla iddiaçının 9 il 1 ay 29 gün güzəştli iş stajının mövcud olması qəbul edilmişdir. Beləliklə də hazırda mübahisəli dövrlər iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.2001-ci il tarixədək “xxxx” ASC-də çalışdığı müddəti əhatə edir. Məhkəmə kollegiyası qeyd olunan dövrlərə münasibətdə cavabdeh inzibati orqanın dəlilləri ilə razılaşmamaqla aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının əmək fəaliyyətinin baş verdiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin müddəalarına əsasən də əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və yalnız əmək kitabçası olmadıqda və ya bu kitabçada müvafiq qeydlər olmadıqda digər sənədlərdən istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”na əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il ######ın #-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Kollegiya hesab edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, kollegiya qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də, əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Normativ hüquqi aktların sistemli təhlilindən görünür ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olmaqla həmin sənəddə aparılmış qeydlər iş stajının müəyyən edilməsi üçün əsas sübut hesab edilir. Kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığını göstərən hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən həmin sənəddə göstərilən məlumatlar mötəbər sübut kimi qəbul edilməli və iddiaçının sosial sığorta stajı müəyyən edilərkən nəzərə alınmalıdır. Beləliklə də, iddiaçının iş fəaliyyətini təsdiq edən IT-İ seriyalı, ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətini təsdiq edən ilkin uçot sənədlərinin dövlət arxivində mövcud olmamasına istinad olunmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi və ya qorunub saxlanılması iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə ki, sözügedən sənədlərin arxivə təhvil verilməsi səlahiyyətli inzibati orqanların məsuliyyət daşıdığı məsələdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan dəlillər iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Beləliklə də, iddiaçının "xxxx" ASC-də çalışdığı ##.##.1987-ci ildən ##.##.2001-ci ilədək olan dövr və "İnter DBK" MMC-də ##.##.2017-ci ildən hal-hazırki tarixədək olan dövrlər nəzərə alındıqda iddiaçının həm ümumi, həm də güzəştli iş stajı tamamlanmış olur. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı həm "xxxx" ASC-də, həm də "İnter DBK" MMC-də eyni vəzifədə - qaynaqçı vəzifəsində çalışdığından, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasında verdiyi izahatdan da göründüyü kimi "İnter DBK" MMC-də qaynaqçı vəzifəsində çalışdığı müddət onun güzəştli iş stajı olaraq qəbul edildiyindən "xxxx" ASC-də çalışdığı dövrlər də həm ümumi, həm də güzəştli iş stajına daxil edilməlidir. Belə ki, iddiaçının “xxxx” ASC-də və “İnter DBK” MMC-də eyni vəzifədə – qaynaqçı vəzifəsində çalışması iş materialları ilə təsdiq olunur. Yuxarıda da istinad olunduğu kimi hər iki müəssisə tərəfindən müvafiq güzəştli arayışlar təqdim edilmiş, əlavə olaraq qaynaqçı vəzifəsinə dair vəzifə təlimatı da iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərdə çalışdığı vəzifələrə dair işəgötürən tərəfindən ətraflı arayışlar təqdim edilmişdir. Sözügedən arayışların məzmunundan da iddiaçının mübahisələndirilən dövrlərdə çalışmış olduğu vəzifənin xüsusi zərərli əmək şəraitinə daxil olduğu aydın olur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi arayışların mötəbərliyini, həmin arayışlarda göstərilən vəzifələrdə faktiki olaraq işləməsini və ya həmin vəzifələrin xüsusi zərərli əmək şəraitinə aid olmasını konkret sübutlarla təkzib etməmişdir. Bu baxımdan, müvafiq qanunvericilik normaları və iş üzrə toplanmış sübutlar birlikdə qiymətləndirildikdə, iddiaçının mübahisələndirilən iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğun olduğu və güzəştli iş stajına daxil edilməli olduğu nəticəsinə gəlinir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı ## #### 1965-ci il təvəllüdlü olduğundan 60 yaşı ## #### 2025-ci il tarixdə tamam olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçıya ## #### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərara gəlmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ## #### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 60 yaşının tamam olduğu ## #### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı 60 yaşının tamam olduğu ## #### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar