Məhkəmə qərarları › İş №2-1(3-8)-907/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-907/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-907/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum haqqında akt qeydində ata adının dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “doğum akt qeydindən dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-**/**** nömrəli imtina məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci, 161.2-ci maddələrinə və AR Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1 -ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Hazırkı halda ərizənizə əlavə olunan sənədlərdə, uyğunsuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində ananın ata adının “Əbil dən Şükük-ə” dəyişiklik (düzəliş) edilməsinə kifayət qədər əsaslar olmadığına görə və Şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizənizin təmin edilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “X4 ##.##.1955-ci il tarixdə tərtib edilmiş ** nömrəli doğum haqqında akt qeydinin 9-cu bəndinin “anası” qrafasında ananın ata adının “Əbil”-dən “Şükür”-ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh ##.##.2025-ci il tarixli qərarı ilə onun mərhum X4 ##.##.1955-ci il tarixdə tərtib edilmiş ** nömrəli doğum haqqında akt qeydinin 9-cu bəndinin "Anası" qrafasında ananın ata adının "Əbil"dən "Şükür"ə dəyişiklik edilməsi barədə müraciətini təmin etməmişdir. X4 ##.##.2024-cü il tarixində vəfat etmişdir. * saylı Sumqayıt "Asan Xidmət" Mərkəzində notariat ofisinə mərhum X4 qardaş və bacılarının, övladlarının mirasdan mərhumun arvadı onun xeyrinə imtina etmələri barədə ərizələri, o cümlədən mərhumun valideynlərinin ölüm haqqında şəhadətnamələri təqdim edilmişdir. Buna baxmayarq həmin notariat ofisi mərhum X4 mirasını tam qəbul etməsi barədə şəhadətnamə verməkdən imtina edir və bunu onunla əsaslandırır ki, mərhumun anasının ata adı onun üçün verilmiş Ölüm haqqında şəhadətnamədə "Şükür" kimi qeyd edildiyi halda X4 doğum haqqında akt qeydində onun anasının ata adı "Əbil" kimi qeyd edilmişdir. Qasım Qasımovun valideynləri vəfat etsə də qardaş və bacıları həyatdadır. Onların qohumları, qonşuları, həmkəndliləri onların ailəsini, valideynlərini tanıyırlar. Aşkar faktdır ki, X4 doğum haqqında akt qeydində texniki səhv olmuş, onun anasının ata adı səhvən "Əbil" kimi yazılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X4 adına ##.##.1955-ci il tarixli, ** saylı doğum haqqında akt qeydinin 9-cu bəndinin “Anası” qrafasında “X1” qeyd edilmişdir. Iş materiallarında olan ölüm haqqında şəhadətnamədə ananın adı, soyadı və ata adı X2. Iddiaçı mərhumun adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Qeydiyyat şöbəsinə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Iş materiallarında olan iddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçı uzun illərdir ki, müvafiq kimliyi daşımış və ona məlum olan akt qeydindəki yanlışlığı başqa qaydada düzəldə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə qeyd edir ki, doğum haqqında akt qeydində ananın ata adının “Əbil”-dın “Şükür”-ə dəyişikişlik edilməsinə kifayət qədər əsas mövcud deyildir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyildir Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaları”

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda;vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mərhum ərinə məxsus olan doğum haqqında akt qeydində “ana” qrafasında ananın ata adının dəyişdirilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan ərizənizə əlavə olunan sənədlərdə uyğunsuzluqların aradan qaldırılması məqsədilə doğum haqqında akt qeydində ananın ata adının “Əbil dən Şükür”ə dəyişiklik (düzəliş) edilməsinə kifayət qədər əsaslar olmadığına, şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmaması halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianının mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, X4 iddiaçının əri olmaqla, ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum şəxsə məxsus olan doğum haqqında şəhadətnamənin “ata” qrafasında X5, “ana” qrafasında X3 valideynləri kimi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, X2 ##.##.2021-ci il tarixdə vəfat etmiş, ölüm haqqında şəhadətnamənin məzmununda “ata adı” kimi “Şükür” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş doğum akt qeydinə aid arxiv nüsxə məlumatlarından görünür ki, iddiaçının mərhum ərinin doğum akt qeydində “ana” qrafasında X1 (doğum haqqında şəhadətnamədə X3) kimi qeydiyyat aparılmış, məlumatların düzgünlüyü məlumatı verən şəxs tərəfindən təsdiq edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum ərinin bacı-qardaşı kimi təqdim etdiyi şəxslərə məxsus doğum haqqında şəhadətnamələrin məzmununda “ana” qrafasında X6 qeyd edilmişdir. Indiki halda iddiaçı mərhum ərinin vəfat etdiyini, onun adına vərəslik işinin açıldığını, onun doğum akt qeydinə ana qrafasında “anasının ata adı” ilə bağlı hissədə əks olunmuş məlumatla (Əbil yazılmışdır) anasının ölüm haqqında şəhadətnamədə “ata adı” hissəsində əks olunmuş məlumat (Şükür yazılmışdır) uyğunsuzluq olduğundan, miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi ala bilmədiklərini əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın əsaslılığı baxımından cavabdehin imtina ilə bağlı hərəkətlərinin qanunauyğun olub-olmaması aydınlaşdırılmalıdır. Bununla bağlı, kollegiya qeyd edir ki, doğum akt qeydində əks olunmuş məlumatlarda dəyişiklik aparılmasının hansı əsaslar olduğu halda mümkünlüyü dəqiq və imperativ norma şəklində müəyyən edilmişdir. Indiki halda iddiaçının mərhum ərinin adına aparılmış doğum akt qeydən ana qrafasında anasının ata adı hissəsində “Əbil” kimi qeyd edilmiş, məlumatı verən şəxs öz imzası ilə həmin məlumatın düzgünlüyünü təsdiq etmişdir. Cavabdeh inzibati orqan məhz həmin qeyddə əks olunmuş məlumatlar əsasında qeydiyyat apararaq, şəhadətnamə vermişdir. Nəticə etbarilə iddiaçının mərhum ərinə münasibətdə doğum akt qeydində əks olunmuş məlumatın cavabdehin təqsirli hərəkətləri nəticəsində düzgün yazılmaması, texniki yanlışlığa yol verilməsi nəticəsində yazılması halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının mərhum ərinə münasibətdə doğum akt qeydində düzəliş edilməsinə dair qanunla müəyyən edilmiş başqa əsasların da mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, hazırki inzibati icraat çərçivəsində iddiaçının mərhum ərinə aid doğum akt qeydində ana qrafasında əks olunmuş şəxslə (“Hüseynova (Alyarova) Əsli Əbil qızı”) ölüm haqqında şəhadətnamədə əks olunmuş şəxsin (“X2”) eyni şəxs olması halının və ya ölüm haqqında şəhadətnamənin məhz iddiaçının mərhum ərinə aid doğum akt qeydində əks olunmuş şəxsə məxsus olması halının iş materiallarında olan sübutar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bu hal da özlüyündə iddianın əsaslılığının müəyyən edilməsinə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki icraat çərçivəsində iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Bundan əlavə, kollegiya hazırki işin faktiki və hüquqi hallarını nəzərə alaraq, iddiaçının diqqətinə onu çatdırmağı zəruri hesab edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 6-cı bəndinə əsasən MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Bu baxımından kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı mərhum ərinə münasibətdə “hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsinə” dair mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürməklə, mümkün hüquqi müdafiə vasitəsindən istifadə edə bilər. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxaıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən,birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar