Məhkəmə qərarları › İş №2-1(3-8)-909/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-909/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-909/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması”na dair ## ###### 2025-ci il tarixli 3-17-1/3-3- ****/**** nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin hərəkətlərini qanunsuz hesab edərək “Əmək pensiyasının yenidən hesablanması”na dair ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, ““Əmək pensiyasının yenidən hesablanması”na dair ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1952-ci il təvəllüdlü olmaqla 1970-ci ildən Boruyayma zavodunda əmək fəaliyyətinə başlamış, 2 il hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra da əmək fəaliyyətini davam etdirmişdir. ##.##.2022-ci ilədək işləmiş və ümumi əmək stajı 52 il təşkil etmişdir. Iddiaçıya 25 ildən artıq əmək stajının və onun da 12 il 6 aydan artıq hissəsinin zərərli işlərdə olması nəzərə alınaraq 2009-cu ilin iyul ayından, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və sonradan işlədiyi dövrlər üzrə (2009- 2022) 13 illik əmək stajı əsasında iddiaçıya 2018-ci ildə sığorta kapitalında olan vəsait üzrə əmək pensiyasının yenidən hesablanması aparılmış və pensiyaya əlavə olunmuşdur. Lakin cavabdeh təşkilat iddiaçıya ##.##.2023- cü il tarixdə bir məktub ünvanlayaraq həmin məktubda iddiaçının pensiyasına əlavənin düzgün hesablanmadığını və sığorta kapitalının 4174,56 manat olduğu halda 8198,64 manat sığorta kapitalı əsasında hesablamanın aparıldığını və nəticədə təyin edilmiş pensiya (193,94) üzərinə 57,98 manat əlavə olunmaqla və ##.##.2022-ci il tarixə indeksləşdirilməklə 348.50 manat ödənilməli olduğu halda, iddiaçının pensiyasına 113,87 manat əlavə edildiyini və həmin ümumi məbləğ-307,81 manat ##.##.2022-ci il tarixə indeksləşdirilməklə 428,50 manat olduğunu və iddiaçıya ödənildiyini, son 3 il üçün guya artıq 2676,56 manat pulun ödənilməsini bildirməklə ondan 46,92 manat əmək pensiyasından tutulmanın aparılmasına başlamış və bundan başqa ##.##.2022-ci ildən işdən çıxmağı ilə bağlı həmin dövrə kimi toplanan 3163,68 manat sığorta kapitalı nəzərə alınmaqla ##.##.2022-ci ildən pensiyası yenidən hesablanmış və 392,44 manat olmuş və ##.##.2023-cü ildən indeksləşdirmə ilə əlaqədar pensiya məbləği 469,24 manat olmuşdur. Iddiaçı bundan sonra inzibati məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi qismən təmin olunmuş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarı ləğv edilmiş və əvvəlki əmək pensiyasının bərpa edilməsi ilə dair müraciətinə baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh orqan yenə də iddiaçının pensiyasını düzgün hesablamamışdır, belə ki, iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan da göründüyü kimi cavabdeh orqan ##.##.2024-cü il tarixə iddiaçıya ödənilməli olan pensiya məbləğinin 623,50 manat təşkil etdiyini qeyd etsə də, sonradan həmin pensiya məbləğini indeksləşdirməklə ##.##.2025-ci ildən 564,05 manat məbləğində təyin etmişdir. Iddiaçıya ünvanlanan cavabdan belə aydın olur ki, inzibati orqan ##.##.2025-ci ildə «təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati icraat keçirmiş və iddiaçını da dəvət etmiş, lakin iddiaçı aktı imzalamamış və nəticədə pensiya məbləğində azalma olmuşdur. Belə hesab edir ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini yenidən düzgün hesablamamışdır və buna görə də pensiyanın yenidən hesablanması barədə qərar ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən ##.##.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı, iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4174.56 manat sığorta kapitalına uyğun ##.##.2018-ci il tarixindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 4174.56 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (4174,56/72=57,98 manat) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilərək (193,94+57,98=251,92 manat (##.##.2022-ci il tarixinə indeksləşdirilməklə 348,50 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 8198.64 manat sığorta kapitalı 72 aya bölünərək (8798,64/72=113,87 manat) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilməklə (193,94+113,87=307,81 manat (##.##.2022-ci il tarixinə indeksləşdirilməklə 428,50 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlarla bağlı, Mərkəzi Filial tərəfindən ##.##.2023-cü il tarixli *-**-*/*-*- ****/**** nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərək iddiaçının əmək pensiyası 428,24 manat məbləğdən 409,10 manat məbləğə azaldılmışdır. Bundan sonra iddiaçı İddiaçı Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarın ləğv edilməsini əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edərək Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, cavabdeh Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı əvvəlki əmək pensiyasının bərpa edilməsi" barədə məhkəmə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla (inzibati icraatla bağlı tələblərə riayət etməklə) baxılması öhdəliyi cavabdeh Mərkəzi Filialın üzərinə qoyulmuşdur. Qərardan şikayət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2024-cü il tarixli *- *(***)-***/**** nömrəli qərarının icrası məqsədilə Mərkəzi Filial tərəfindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əvvəlki məbləğə bərpa edilərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2022-ci il tarixindən yenidən hesablanaraq 428.24 manatdan 472,18 manata artırılaraq (Qanunun 26.4cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2024-cü il tarixinə 623,50 manat) məhkəmə qərarının icrası başa çatdırılmışdır. Həmçinin iddiaçıya ötən dövr üzrə ödənilməli olan 3386,80 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə cari ilin yanvar ayından etibarən hissə-hissə (hər ay 141,11 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Həmçinin, aparılan araşdırma ilə əlaqədar vaxtilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı “Inzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona # ###### 2025-ci il tarixində məktub göndərilməklə ## ###### 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Iddiaçı mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2025ci il tarixində gəlmişdir. Lakin tərtib edilmiş akt tərəfindən imzalanmamışdır. Buna dair isə aktın aşağı hissəsində qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Eyni zamanda bildirirlər ki, müvafiq məhkəmə qərarına əsasən 3386,80 manat fərq məbləğinin 705,60 manat hissəsi ##.##.2025-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ödənilmiş, qalan 2681,20 manat pul vəsaitinin isə cari iyun ayından etibarən hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Həmin fərq məbləğinin ona ödənilməsi başa çatdırıldıqdan sonra artıqödəmə 5141,07 manat təşkil edəcəkdir. Əlavə olaraq bildirirlər ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar ##.##.2025-ci il tarixindən pensiya məbləği 564,05 manat təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması”na dair ## ###### 2025-ci il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərarı ləğv edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya ##.##.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iş materiallarından görünür ki, Mərkəzi Filial tərəfindən ##.##.2023-cü il tarixli 3-17- 1/3-3- ****/**** nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilərək iddiaçının əmək pensiyası 428,24 manat məbləğdən 409,10 manat məbləğə azaldılmış, bundan sonra iddiaçı Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın ləğv edilməsini əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edərək Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, cavabdeh Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı əvvəlki əmək pensiyasının bərpa edilməsi" barədə məhkəmə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla (inzibati icraatla bağlı tələblərə riayət etməklə) baxılması öhdəliyi cavabdeh Mərkəzi Filialın üzərinə qoyulmuşdur. Qərardan şikayət verilməmişdir. Cavabdehin mövqeyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 0# ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının icrası məqsədilə Mərkəzi Filial tərəfindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əvvəlki məbləğə bərpa edilərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2022-ci il tarixindən yenidən hesablanaraq 428.24 manatdan 472,18 manata artırılaraq (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2024-cü il tarixinə 623,50 manat) məhkəmə qərarının icrası başa çatdırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən ## ###### 2025-ci il tarixli qərar qəbul edilməklə iddiaçının əmək pensiyası yenidən hesablanmaqla azaldılmışdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli *-**- */*-*-****/**** nömrəli qərardan görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın hazırki məbləği 623,50 manat, yenidən hesablanmış pensiya məbləği isə 564,05 manat olaraq qeyd edilmişdir. Sözügedən qərarın “yenidən hesablamanın səbəbi” adlanan 9-cu bəndində isə “Inzibati icraatın yekunlaşmasına əsasən” qeyd olunmuşdur. Hazırda iddiaçı cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, eyni zamanda əvvəlki pensiya məbləğinin bərpa edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmaqla qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının pensiyasının azaldılması ilə bağlı qərarları onların 2018-ci ildə səhv hesablama apardıqlarına istinad etmələri ilə bağlıdır. Kollegiya hesab edir ki, cavabdeh inibati orqanın yeni inzibati icraat başlamaq üçün əsasları mövcud olmamış, bununla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. ##.##.2025-ci il tarixli 3-17-1/3-3-3488/2025 nömrəli qərarın qəbul edilməsi ilə nəticələnən inzibati icraat zamanı cavabdeh tərəfindən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı tələblərə də riayət edilməmişdir. Belə ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Iş materiallarından görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2009-cu ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, imtina ərizəsində, iddiaya etirazında və şikayətində hansı hallara görə ##.##.2009-cu il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz mübahisələndirilən qərarları qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının əmək pensiyasına münasibətdə istinad etdiyi yanlışlığı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Beləliklə, cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar