Məhkəmə qərarları › İş №2-1(3-8)-925/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-925/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-925/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsinə qarşı “Qusar bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, №**/*-19 saylı qərarına əsasən Qusar şəhəri, Yeni yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 800.0 kv m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Qusar bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, №**/*- 19 saylı qərarına əsasən Qusar şəhəri, Yeni yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 800.0 kv m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar bələdiyyəsinin ## ###### 2004-cü il tarixli,№ **/*-19 saylı qərarı ilə Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün Yeni yaşayış massivindən 800.0 kv m torpaq sahəsini satın almışdır. Həmin qərara əsasən fərdi yaşayış evinin tikintisinin layihəsinin Qusar rayon Icra Hakimiyyəti Başçısının Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmışdır. Fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinin planından çıxarışı Qusar Bələdiyyəsinin sədri və Qusar Bələdiyyəsinin Tikinti və Memarlıq şöbəsinin müdiri tərəfindən imzalanmış və Qusar Bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Bundan əlavə AR Milli Arxiv Idarəsinin Quba rayon Dövlət Arxivindən verilən ##.##.2019-cu il tarixli, № **** saylı arxiv arayışında Qusar Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, 11№-li protokolunun **/*-** saylı qərarına əsasən Qusar şəhəri, Yeni yaşayış massivindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 800.0 kv metr torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Yuxarıda qeyd etdiyi ərazidə yerləşən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması məqsədilə cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə rəsmi qaydada müraciət etmişdir. cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, № *-21-3-34/2-O-0041-8/2024 saylı, Qusar rayon Prokurorluğunun ##.##.2024-cü il tarixli, 2-2-435/2- ******/**** saylı və Xaçmaz Regional Ədliyyə Idarəsinin ##.##.2024-cü il tarixli, No *-**-**/*-*-*** saylı cavab məktublarında mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 9.1.1 bəndlərinə, prosessual hüquq norması kimi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 2.2,2.2.1-2.2.4-cü və 35.1-ci bəndlərinə istinad olunmuşdur. Qeyd edilənlərə əsasın iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva). Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində digər şəxslərin (X2 və X1) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hal-hazırda onlara məxsus hüquqmüəyyənedici sənədlər qüvvədə olması müəyyən edilmişdir. Belə olan halda yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən, ilkin olaraq X2 və X1 adına tərtib edilmiş ************ və ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi və ya yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki: -Qusar Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **/*-** nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 800 kv m torpaq sahəsi ayrılmışdır; -Torpaq sahəsinin planı müvafiq qaydada hazırlanmış, aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş və bələdiyyə möhürü ilə təsdiqlənmişdir; -Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Quba rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, **** nömrəli arxiv arayışı ilə həmin qərarın mövcudluğu və ona 800 kv m torpaq sahəsinin ayrılması təsdiq edilmişdir; -Qusar Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ***-M nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2004-cü il tarixli **/*-** nömrəli qərar hazırki vaxtadək qüvvədədir və ləğv edilməmişdir; -Qusar şəhərinin baş planından çıxarışda və aidiyyəti qurumlar tərəfindən təsdiq olunmuş plansxemdə mənə məxsus torpaq sahəsi ayrıca göstərilmişdir. Bundan əlavə cavabdeh1 * saylı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda torpaq sahəsinin digər şəxslərə verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşdüyü bildirilmişdir. Lakin bu hal ona verilmiş torpaq sahəsinə dair hüquqyaradıcı sənədlərin etibarsızlığını təsdiq etmir və həmin sənədlərin hüquqi qüvvəsini aradan qaldırmır. ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və əlavə sübutlar məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən həmin sənədlərə lazımi hüquqi qiymət verilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədən, iştirakı təmin edilmədən ##.##.2026-cı il tarixli qərardad qəbul edilmişdir. Bu hal tərəflərin bərabərliyi, çəkişmə prinsipi və şəxsin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Qusar bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, №**/*-19 saylı qərarına əsasən Qusar şəhəri, Yeni yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 800.0 kv m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Iş materiallarının araşdırılmasından müəyyən edilir ki, Qusar bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **/*-** nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə 800 kv m torpaq sahəsi ayrılmış, sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin plandan çıxarış sənədi tərtib edilmişdir. Qusar bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ***-M nömrəli məktubuna əsasən, Qusar Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **/*-** nömrəli qərarı bu günədək qüvvədədir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir. “Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi naturada şərti sərhədlərlə ayrılaraq iddiaçı tərəfindən istifadə olunmur, torpaq sahəsinin naturada iddia elədiyi torpaq sahəsinin faktiki koordinatlarını TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə “yaşayış məntəqələrinin torpaqları”na aid, “xüsusi” mülkiyyəti olmaqla, uqodiyası “tikinti altında olan torpaqlar” kimi uçota alınmışdır. Torpaq sahəsinin faktiki koordinatlarını elektron xəritə məlumatlarında dəqiqləşdirildikdə, 0.05 hektar hissəsi X2 məxsus olmaqla ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi, 0.03 ha hissəsi isə X1 məxsus olmaqla ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi işlənib verilmişdir.” Məhkəmə kollegiysıa hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində artıq başqa şəxsə məxsus hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda, iddiaçının birbaşa həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması və ya torpaq sahəsinin ona məxsus hesab edilməsi barədə tələb irəli sürməsi hüquqi baxımdan mümkün deyildir. Iddiaçı ilkin olaraq ************ və ************ reyestr nömrəli çıxarış və çıxarışların verilməsi üçün əsas olmuş qərarın etibarsız hesab edilməsi barədə müstəqil iddia qaldırmalı idi. Yalnız bu tələb məhkəmə tərəfindən təmin edildiyi halda, torpaq sahəsi ilə bağlı sonrakı hüquqi tələblərin irəli sürülməsi mümkün ola bilərdi. Mövcud hüquqi vəziyyət dəyişdirilmədən iddiaçının tələblərinin təmin edilməsi obyektiv olaraq mümkünsüzdür. Odur ki, iddiaçının hazırkı iddia tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar