Məhkəmə qərarları › İş №2-1(3-8)-926/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-926/2026

10.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-926/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X2 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “Quba rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1999- cu il tarixli *** saylı qərarı ilə JN-1126F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx”sinə əsasən Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair xxxx”yə əsasən Quba rayonu Zərdabi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il *** saylı qərarı ilə Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. Torpaq sahəsinə dair JN-1126F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx” tərtib edilmişdir. Iddiaçı hazırki tarixədək torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, JN-****F nömrəli (KOD 30316018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə təhvil verilmiş xxxxlərin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubda Quba rayonu Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, *** saylı Qərarı, eləcə də Quba rayonu, Zərdabi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair mövcud subyektlərin siyahısında iddiaçı İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. Işdə olan, cavabdeh təşkilatdan daxil olmuş ##.##.2025-ci il tarixli, 3-21-3-34/2- *****/**** nömrəli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin ərazi idarəsinin elektron baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmaması səbəbindən torpaq sahəsinin köhnə və yeni xəritədəki vəziyyəti, habelə baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olubolmamasının müəyyən edilə bilinmədiyi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş ## #### 2026-cı il tarixli, 3- 21- *-**/*-****/**** nömrəli məktubda JN-****F nömrəli KOD 30316018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx”nin verilməsinə əsas olmuş ilkin sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Imran Burcayev). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.0.5-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları (o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən xxxxlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddənin müəyyən etdiyi normadan göründüyü kimi “xxxx” torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün təkbaşına yetərli sənəddir. Cavabdehə və məhkəməyə təqdim etdiyim JN-****F nömrəli KOD 30316018seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsivə Dövlət Yerquruluşu Layihə Institutu tərəfindən imza və möhürlə rəsmiləşdirilmiş dövlət sənədidir. Işin halından da görünür ki, nə cavabdeh nə də məhkəmə sənədin rəsmiləşdirilməsinin (imza və möhür) mötəbərliyinə dair hər hansı dəlil ortaya qoya bilməmiş, hətta bu məsələni mübahisələndirməmişdir. Ali məhkəmənin də eyni hal üzrə işə yanaşmasından da aydın olur ki, birinci Sumqayıt Inzibati Məhkəməsinin“daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı” əsaslandırması həm hüquqi, həm məntiqi cəhətdən yanlışdır. Ali məhkəmənin də qeyd etdiyi kimi, JN-****F nömrəli KOD30316018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx” ilə torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2002-ci ildə qeydiyyata alınmışdır. Ona torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən xxxx verilərkən, həmin sənəd 2 (iki) rəsmi dövlət qurumu tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Sənədin saxta şəkildə imzalanaraq möhür vurulduğuna dair ekspert rəyi olmadığı təqdirdə, xxxxnin verilməsi zamanı onun qeydiyyat yeri, aqrar islahat prosesləri, kitabda qeydiyyatı və ya xəritəsinin yerləşməsi və s. məsələlər müzakirə predmeti olmamalıdır. Çünki ona məxsus rəsmi sənəd var və bu sənədi o tərtib etməmişdir. Əgər bu sənəd hal-hazırda ona məxsusdursa və o sənədin mötəbər halını qoruyaraq məhkəməyə təqdim etmişdirsə, deməli vaxtilə dövlət orqanları həmin sənədi iddiaçıya verərkən qanunun tələblərini yerinə yetirmişdilər və ya yetirməli idilər. Məhkəmə daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığını əsas gətirsə də, bunu heç bir şəkildə sübut edə bilməmişdir. Ali Məhkəmənin yuxarıda qeyd olunan Qərarında da qeyd edildiyi kimi, xxxxnin varlığı artıq torpaq üzərində mülkiyyətlə bağlı “dövlət tərəfindən tanınmış bir hüquqdur.” b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, xxxxlər və qeydiyyat vəsiqələridir. Iddiaçı da tələbinin əsası kimi “JN-1126F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” xxxxyə istinad edir. Həmin xxxxdə isə mübahisəli torpaq sahəsinin Quba rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli *** saylı qərarına əsasən verildiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmin xxxxnin arxiv nüsxəsinin əldə edilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastrı və Yerquruluşu Layihə-X1 Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilmiş, lakin sonuncudan daxil olmuş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubda Quba rayonu Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli, *** saylı Qərarı, eləcə də Quba rayonu, Zərdabi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair mövcud subyektlərin siyahısında iddiaçı İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. Daha sonra JN-1126F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx”nin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin əldə edilməsi üçün sorğu göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastrı və Yerquruluşu Layihə-X1 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubda JN-****F nömrəli KOD 30316018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx”nin verilməsinə əsas olmuş ilkin sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri qiymətləndirərək hesab edir ki, İddiaçı adına tərtib edilmiş xxxxdə istinad olunan səlahiyyətli orqanın müvafiq qərarının mövcudluğu müəyyən edilməmişdir. Həmin qərar nə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarında, nə də arxiv materiallarında mövcud olmuş, həmçinin onun qəbul edilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi xxxxdə qeyd olunan olunan Quba rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1999cu il tarixli *** saylı qərarının mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Hazırkı iş üzrə ilk növbədə müəyyən edilməli olan əsas məsələ JN-****F nömrəli, KOD 30316018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx”də hüquqi əsas kimi göstərilmiş Quba rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli *** nömrəli qərarının həqiqətən mövcud olub-olmamasıdır. Məhkəmə araşdırması zamanı həmin qərarın mövcudluğu müəyyən edilməmiş, belə bir qərar iş materiallarına təqdim olunmamış, eləcə də onun mövcudluğu digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən, təkcə xxxxnin mövcudluğu, uzun müddət hüquqi dövriyyədə olması həmin xxxxnin qanuni hüquqi əsasa söykəndiyini və ya onda istinad olunan *** nömrəli qərarın mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa cavabdeh inzibati orqan qeyd edir ki, JN-****F nömrəli (KOD 30316018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair xxxx” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə təhvil verilmiş xxxxlərin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Eyni zamanda işdə olan, cavabdeh orqandan daxil olmuş ##.##.2025-ci il tarixli, 3-21-3-34/2- *****/**** nömrəli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin ərazi idarəsinin elektron baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmaması səbəbindən torpaq sahəsinin köhnə və yeni xəritədəki vəziyyəti, habelə baza məlumatlarına əsasən qonşu torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olubolmamasının müəyyən edilə bilinmədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus müvafiq “xxxx” olsada, dövlətin rəsmi səlahiyyətli qurumlarında həmin xxxx barədə məlumat olmamışdır. Belə olan halda, mübahisəli xxxxnin qanuni hüquqi əsasla verildiyi qənaətinə gəlmək mümkün deyildir. Bu səbəbdən də iddiaçının istinad etdiyi müvafiq xxxx məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranma əsası mövcud deyil. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası inzibati akta etimadın qorunması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən etibarsız inzibati aktın uzun müddət dövriyyədə qalması və onun əsasında sonrakı hüquqi əməliyyatların aparılması həmin aktın hüquqi qüvvə qazanmasına səbəb ola bilməz. Belə olan halda, xxxxnin verilməsi üçün qanunla nəzərdə tutulmuş maddi və prosessual əsasların mövcud olub-olmamasının araşdırılması məhkəmənin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar