Məhkəmə qərarları › İş №2-1(3-8)-93/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-93/2026

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-93/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2- 1(118)-4911/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Qusar Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavadova (Xankişiyeva) Aynur Zaiddin qızı və İddiaçı4 Qusar şəhəri, Hil kəndindən 3,25 ha (“153” nömrəli planşet üzrə 9588.23 kv.m., “153C” nömrəli planşet üzrə 16772.45 kv.m., “153W” nömrəli planşet üzrə 6106.63 kv.m.) torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən onların adına 14 dekabr 1999-cu il tarixli, JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

2. Daha sonra iddiaçılar tərəfindən mülkiyyətlərində olan sözügedən 3,25 ha torpaq sahəsinin “153W” nömrəli planşetdə göstərilən üzrə 6106.63 kv.m. hissəsi satılmışdır.

3. Bundan sonra qalan 2,64 ha (2426 nömrəli planşet üzrə 9588.23 kv.m., 2426C nömrəli planşet üzrə 16772.45 kv.m.) torpaq sahəsinə dair iddiaçıların adına 05 may 2006-cı il tarixli, JN-2426 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, Dövlət Aktı tərtib edilməsinə əsas olaraq Qusar Rayon AİK-nin 24 oktyabr 1998-ci il tarixli, 17/3 nömrəli qərarı və Qusar Rayon Məhkəməsinin 10 aprel 2006-cı il tarixli, 2-620a/2006 nömrəli qətnaməsi göstərilmişdir.

4. İddiaçılar ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Qusar şəhəri, Hil kəndində yerləşən 1,68 ha torpaq sahəsi üzərində nmülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdirlər.

5. Cavabdeh 08 yanvar 2025-ci il tarixli, 3-21-3-34/2-160/2025 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, torpaq sahələrinin faktiki istifadə vəziyyətləri arasında torpaqların elektron kadastr uçotunun informasiya sistemində müəyyən uyğunsuzluqlar aşkar edilmiş, MDB faylında göstərilən torpaq sahəsinin bir hissəsi Qusar rayon Hill kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına düşür və eyni zamanda həmin hissənin faktiki vəziyyəti mövcud deyildir. Bu səbəbdən də işin icrası mümkün olmamışdır.

6. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153C planşetində olan 16772.45 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Qusar rayon Aqrar islahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 nömrəli qərarı ilə onlara ayrılmış və uzun illər mülkiyyətlərində olan 1,667 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişlər, lakin cavabdeh həmin torpaq sahəsinin 0,41 ha hissəsinin onlara məxsus olmadığını göstərərək müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi, Qusar rayonu, Hil Bələdiyyəsinin sədirinin və iddiaçı X1 iştrakları ilə torpaq sahəsinə baxış keçirilmiş və həmin tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında bələdiyyə mülkiyətininin xüsusi mülkiyyəti ilə əvəz olunaraq düzəlişlərin aparılması məqsədəuyğun hesab edilmişdir. Mübahisəli 0,41 torpaq sahəsi 24 oktyabr 1998-ci il tarixli, 17/3 nömrəli qərarla mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi bu günə kimi istifadələrindədir və mülkiyyət hüquqları da JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə təsdiqlənmişdir. Dövlət aktı ləğv olunmamışdır və qüvvədədir.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-4911/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153C planşetində qeyd edilən 16772.45 kv.m (1.677245 ha) torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Aynur Axundova).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dövlət reyestrindən çıxarışlar verilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Torpaq sahəsinin 0,41 ha azalma ilə 1,27 ha hissədə uçota alınmasına münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir Göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Beləliklə, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən olunmur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmundadır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

13. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Digər iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə adıçəkilən iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı

20. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 2.3-cü bənd. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ...

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları

1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; ... Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. ...

22. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

23. İnzibati Prosessual Məcəllə: Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. ...

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı mübahisənin predmetini iddiaçıların adına olan 14 dekabr 1999-cu il tarixli, JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “153C” nömrəli planşetində göstərilən 16772.45 kv.m. torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçıların hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir.

28. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: 1) Torpaq sahəsinin bir hissəsinin Qusar rayon Hil kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olması; 2) Həmin hissənin faktiki vəziyyətinin mövcud olmaması.

29. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərini əsassız hesab edərək iddianı təmin etmişdir.

30. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçılar tərəfindən təqdim edilən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyi ilə bağlı məsələyə aydınlıq gətirilməsini zəruri hesab edir.

31. Belə ki, hazırkı qərarın 1-3-cü bəndində qeyd olunan hallardan göründüyü kimi torpaqayırma qərarı olaraq Qusar Rayon AİK-nin 24 oktyabr 1998-ci il tarixli, 17/3 nömrəli qərarı göstərilməklə, 3,25 ha torpaq sahəsinə dair iddiaçıların adına 1999-cu ildə JN-153 nömrəli Dövlət Aktı tərtib edilmiş, daha sonra həmin torpaq sahəsinin 6106.63 kv.m. hissəsi iddiaçılar tərəfindən satıldığından yerdə qalan 2,64 ha torpaq sahəsinə dair iddiaçıların adına 2006-cı ilə JN-2426 nömrəli Dövlət Aktı tərtib edilmişdir.

32. Hazırda iddiaçılar sözügedən JN-153 nömrəli Dövlət Aktının “153C” nömrəli planşetində qeyd olunan 16772.45 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq niyyətindədirlər.

33. Hər iki Dövlət Aktının verilməsinə əsas olmuş sənədlərlə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə ilkin Dövlət Aktının (3,25 ha torpaq sahəsinə dair JN-153 nömrəli) tərtib edilməsinə əsas olan sənədlər təqdim edilmişdir.

34. Həmin sənədlərdən görünür ki, Qusar Rayon AİK-nin 24 oktyabr 1998-ci il tarixli, 17/3 nömrəli qərarına əsasən Lenin adına sovxozun aqrar islahat komissiyasının Hil KTİKdə torpaq islahatının aparılmasına və püşkatmanın nəticələrinə dair 07 avqust 1998-ci il tarixli, 10 nömrəli qərarı təsdiq edilmişdir. Həmçinin, AİK-nin 17/3 nömrəli qərarı ilə təsdiq edilmiş sorğuya cavaba əlavə edilmiş “Qusar rayonu Lenin adına sovxozdan torpaq payı almaq hüququ olan subyektlərin siyahısı” nın 732-ci bəndində, eləcə də, “Lenin adına sovxozun torpaq sahələrinin püşkatma yolu ilə bölüşdürülməsinin ardıcıllıq siyahısı” nın 153-cü bəndində hazırkı iş üzrə iddiaçıların hər birinin adları qeyd edilmişdir.

35. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçılar tərəfindən təqdim edilən JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyi müəyyən edilmişdir.

36. Bundan sonra kollegiya apellyasiya şikayətinin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan məsələ ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən mütəxəssis rəyi alınmışdır.

37. Həmin rəydə qeyd edilmişdir ki, iddia olunan 1,68 ha torpaq sahəsi tərəflərindən yerində müayinə edilmiş və müayinə nəticəsində müəyyən edilmişdir ki, hal-hazırda naturada torpaq sahəsinin 0,41 ha hissəsindən otlaq sahəsi (biçənək) kimi, 1,27 ha hissəsindən isə əkin sahəsi kimi istifadə olunur. Torpaq sahəsini TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, hal-hazırda otlaq sahəsi (biçənək) kimi istifadə olunan 0,41 ha hissəsini “bələdiyyə mülkiyyəti” kimi, uqodiyasını “kollu örüş", aqrar islahat uqodiyasını “təmiz örüş" qeyd edilməklə, 0,41 ha azalma ilə 1,27 ha ölçüdə uçota alınmışdır. Torpaq sahəsi “islahat-kompleks yerquruluşu layihəsində” (DWG-də) və pay torpaq almış subyektlərin adlı siyahısında (DBF-də) öz əksini tapmışdır.

38. Mütəxəssis rəyindən müəyyən edildiyi kimi iddia olunan 1,68 ha topaq sahəsinin 0,41 ha hissəsi TEKUİS-də örüş torpaqları kimi qeydiyyata alınmışdır.

39. İş materiallarından görünür ki, hazırkı məhkəmə mübahisəsinədək cavabdeh tərəfindən iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat zamanı xx.xx.2024-cü il tarixdə cavabdehin mühəndisi, Qusar rayonu, Hil Bələdiyyəsinin sədri və İddiaçı4 iştrakları ilə iddia olunan torpaq sahəsinə baxış keçirilmiş və baxışın nəticələrinə dair həmin tarixdə akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçıya məxsus torpaq sahəsi 0,41 ha ölçüdə azalma ilə uçota alınmışdır. Həmin azaldılan torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, uqodiyası kollu örüş kimi uçota alınmışdır. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmaqla, biçənək kimi istifadə olunur. Qeyd olunanlar nəzərə alınaraq TEKUİS-də bələdiyyə mülkiyətininin xüsusi mülkiyyəti ilə əvəz olunaraq düzəlişlərin aparılması məqsədə uyğun hesab edilmişdir.

40. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı cavabdehin özünün mütəxəssisi tərəfindən iddia olunan torpaq sahəsinin 0,41 ha hissəsinə TEKUİSdə düzəliş edilərək xüsusi mülkiyyət kimi uçota alınması məqsədəuyğun sayılmış, bu akt cavabdeh orqanın möhürü ilə də təsdiqlənmişdir.

41. Lakin, buna baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı TEKUİS-də düzəliş edilmədən iddiaçının müraciətinə bu əsasla cavabdeh tərəfindən imtina cavabı verilmiş, eləcə də, məhkəmə icraatı zamanı müvafiq düzəliş edilməmişdir.

42. Məhkəmə kollegiyası TEKUİS-in məqsədi və mahiyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı və bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının yuxarıda istinad olunan normalarında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması zamanı fiziki şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki həyətyanı sahələrin, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılmalı olması vurğulanmışdır.

43. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.50-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir.

44. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, torpaq sahələrinin faktiki istifadə vəziyyətlərinə uyğun olaraq TEKUİS-də müvafiq düzəlişlərin edilməsi inzibati orqanların məsuliyyətinə aid məsələ olduğundan bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə, həmçinin, onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.

45. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur.

46. Belə ki, yuxarıda qeyd edilən mütəxəssis rəyindən və rəyə əlavə edilən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. **********19 və **********50 reyestr nömrəli çıxarışlardan görünür ki, həmin 1,56 ha və 2,15 ha torpaq sahələri hər biri kateqoriyasına görə “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

47. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

48. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

49. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

50. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.

51. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.

52. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

54. Odur ki, kollegiya, sadalanları nəzərə alaraq cavabdehin 1-ci dəlilini əsassız hesab edir.

55. Cavabdeh şikayətin 2-ci dəlilində iddia olunan 1,68 ha torpaq sahəsinin 0,41 ha hissəsinin faktiki vəziyyətinin mövcud olmadığını bildirmiş, nə yuxarıda qeyd olunan mütəxəssis rəyində, nə də şikayətində bu dəlilinin mahiyyətini və məzmununu açıqlamamış, buna anlaşılan formada şərh verməmişdir.

56. Apellyasiya məhkəməsində icraat zamanı həmin mütəxəssis rəyini verən mütəxəssis videokonfrans əlaqə sistemi vasitəsilə dindirilərək izahatında qeyd etmişdir ki, ərazinin peyk görüntüsündə mübahisəli torpaq sahəsi istifadəsiz sahə kimi göründüyündən cavabdeh imtina məktubunda həmin hissənin faktiki vəziyyətinin mövcud olmadığını qeyd etmiş ola bilər. Lakin bu doğru anlayış deyildir. İddiaçı faktiki olaraq həmin ərazini biçənək, otlaq kimi istifadə edir, ümumilikdə, 1,68 ha torpaq sahəsi onun faktiki istifadəsindədir.

57. Göründüyü kimi cavabdeh mütəxəssis rəyində və şikayətinin dəlilində iddia olunan 1,68 ha torpaq sahəsinin 0,41 ha hissəsinin iddiaçının faktiki istifadəsində olmadığını bildirsə də, həmin rəyi tərtib edən mütəxəssis izahatında bu faktı təkzib edərək, rəydə yanlışlıq olduğunu, ümumilikdə, 1,68 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğunu bildirmişdir.

58. Bu baxımdan, kollegiya cavabdehin 2-ci dəlilini də əsassız hesab edir.

59. Nəzərə almaq lazımdır ki, “Torpaq islahatı haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunlarının hazırkı qərarın 21-22-ci bəndlərində qeyd olunan normalarının tələbindən göründüyü kimi yerli aqrar islahat komissiyası aqrar islahat orqanlarından biri olmaqla, islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir.

60. İddiaçılara da mübahisəli torpaq sahəsi Qusar Rayon Lenin adına sovxozun aqrar islahat komissiyasının Hil KTİK-də torpaq islahatının aparılmasına və püşkatmanın nəticələrinə dair 07 avqust 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə ayrılmış, həmin torpaq sahəsinə dair onların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

61. Kollegiya qeyd edir ki, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – 14 dekabr 1999-cu il tarixli, JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.

62. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur.

63. 14 dekabr 1999-cu il tarixli, JN-153 KOD 30111018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

64. Başqa sözlə, həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

65. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(118)-4911/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar