Məhkəmə qərarları › İş №2-1(3-8)-94/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-94/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-94/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)- 4343/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı XX.XX.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Ermənistan Respublikasının Masis (Zəngibasar) rayonunun Həbilkənd orta məktəbində 1978-ci ilin avqust ayından 1985-ci ilin sonunadək müəllim işlədiyi və 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixə kimi Abşeron rayon üzrə Dövlət Sığorta Müfəttişliyində sığorta müfəttişi vəzifəsində işlədiyi iş stajlarını təsdiq edən RT-1 ******* nömrəli əmək kitabçasından çıxarışı, lazım gələrsə, həmin vaxtlarda iddiaçı ilə eyni məktəbdə işləmiş müəllimlərin və ya təhsil almış şagirdlərinin şahid qismində məhkəmədə ifadələri əsasında, həmin staj da daxil olmaqla, ümumi əmək stajının 25 ildən çox olduğu nəzərə alınaraq, iddiaçıya yaşa görə əmək pensiyasının 65 yaşı tamam olan vaxtdan, yəni yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 2022-ci ilin iyun ayından etibarən hesablanmaqla təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2022-ci ilin iyun ayında 65 yaşı tamam olanda, Ermənistan Respublikasında əldə etdiyi 7 il 4 ay əmək stajı da daxil olmaqla, 28 ildən çox olan əmək stajını əks etdirən əmək kitabçası itdiyindən Azərbaycan Respublikasındakı 19 il 5 ay stajından cəmi 18 il 9 ay 16 günlük stajını tələbəlik dövründəki əmək kitabçasına toplaya bildiyi sübut olunan iş stajı əsas götürülməklə, proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırda 220 manat məbləğində sosial müavinət alır. Yəni yaşa görə əmək pensiyası almağı üçün qanunla tələb olunan 25 illik sığorta stajı olduğunu təsdiq edən əmək kitabçasını (orada Ermənistan Respublikasında işlədiyi dövr də öz əksini tapırdı) tapa bilmədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası deyil, sosial müavinət təyin edilmişdir. İddiaçının faktiki olaraq, 28 ildən çox əmək staji olduğu halda, əmək kitabçası Milli Elmlər Akademiyasının Milli Münasibətlər institutunda işlədiyi vaxt, institut köçürülən zaman bir neçə əməkdaşın əmək kitabçası ilə bərabər, iddiaçının əmək kitabçası itdiyindən yaşa görə əmək pensiyası almaq hüququndan istifadə edə bilməmişdir. Qeyd edilir ki, iddiaçı 8 sentyabr 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixə kimi Ermənistan Respublikasının Masis rayonunun Həbilkənd orta məktəbində sinif müəllimi vəzifəsində 7 il 4 ay işləmişdir. Sonra öz ərizəsilə işdən azad olmuş, Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçmüşdür. Müəllimlik fəaliyyətini davam etdirmək üçün Abşeron rayon Maarif şöbəsində növbəyə dayanmış, 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək, yəni növbəsi çatana kimi Abşeron rayonu üzrə Dövlət Sığorta Müfəttişliyində ştatdankənar sığorta müfəttişi vəzifəsində işləmiş, 19 sentyabr 1986-cı il tarixdə də Abşeron rayon Məmmədli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur. Həmçinin bildirilmişdir ki, iddiaçı pensiya almaq hüququnu tamamlayan 8 il 5 aya qədər dövrü təsdiq edən itmiş PT-1 ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətini aşkar etmişdir. İtmiş əmək kitabçasının təsdiq olunmuş surətini tapdıqdan sonra iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdeh təşkilata müraciət etmişdir. Lakin həmin qurum göndərdiyi imtina məktubunda malik olduğu və sübut olunan 18 il 9 aylıq əmək stajı ilə (qanunla tələb olunan 25 ildən az) yaşa görə əmək pensiyasının təyin olunmasının mümkünsüzlüyü, eyni zamanda 8 il 5 aya qədər dövrü təsdiq edən əmək kitabçasının surətinin mötəbərliyinin məhkəmə vasitəsi ilə araşdırılaraq təsdiq olunmasını məsləhət görülmüş, Ermənistanda işlədiyi dövr üçün əmək stajını təsdiq edən məhkəmə qərarı olduğu təqdirdə həmin təşkilata yenidən müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun ümumi sığorta stajı (1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 9 ay 16 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının müraciətində qeyd etdiyi dövr üzrə (6 iyul 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixədək) əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış və sair) təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İddiaçı iddia ərizəsində şahid ifadələri ilə mübahisəli dövrün sığorta stajına daxil edilməli olduğunu bildirmişdir. Halbuki, həmin məsələyə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələrdə fakt təsdiqi qaydasında baxıla bilər. Əgər iddia edilən iş illəri fakt təsdiqi qaydasında təmin edilərsə, iddiaçı həmin məhkəmə qətnaməsini inzibati orqana təqdim etməlidir. İnzibati orqan yenidən imtina verdiyi təqdirdə isə imtina inzibati məhkəmə icraatı qaydasında miibahisələndirilə bilər. Lakin hazırkı iş üzrə bu şərtlərə də əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya 5 yanvar 2022-ci il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1982-ci il tarixli, 032 nömrəli arayışından görünür ki, İddiaçı 1981-1982-ci tədris ilində Masis rayonunun Həbilkənd orta məktəbində sinif rəhbəri vəzifəsində işləmişdir. Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1983-cü il tarixli, 032 nömrəli arayışından görünür ki, İddiaçı 1982-1983-cü tədris ilində Masis rayonunun Həbilkənd orta məktəbində sinif rəhbəri vəzifəsində işləmişdir. 10 fevral 1984-cü il tarixli “Attestasiya vərəqi”ndən görünür ki, 5 il müəllimlik təcrübəsi olan Masis qəsəbəsi adına orta məktəbində ibtidai sinif müəllimi İddiaçı Masis rayonunda ixtisasartırma kurslarını bitirmişdir. Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1985-ci il tarixli, 032 nömrəli arayışından görünür ki, İddiaçı 1984-1985-ci tədris ilində Masis rayonunun Həbilkənd orta məktəbində sinif rəhbəri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 18 aprel 2024-cü il tarixli, 105 nömrəli arxiv arayışından görünür ki: Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən müəyyən olunur ki, İddiaçı 30 avqust 1974-cü il tarixli, 3/661 saylı əmrə əsasən universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) “İbtidai təhsil pedaqogikası və metodikası” ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmişdir. İddiaçı 6 iyul 1978-ci il tarixli, 3/335 saylı əmrə əsasən həmin ixtisasın əyani şöbəsini bilirmiş, ona, orta məktəbdə ibtidai sinif müəllimi ixtisası və Г-İ 034684 nömrəli (47 qeydiyyat nömrəli) saylı adi diplom verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-M-212535/2024 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubundan görünür ki, təqdim edilən sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı 1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 9 ay 3 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən arayışda qeyd edilən əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilmişdir. Məlumat üçün bildirilmişdir ki, təqdim edilən sənədlər əsasında sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək fəaliyyətini təsdiq edən digər sənədlərdə qeyd olunan dövrlərin mötəbərliyi araşdırılmamışdır. Sığorta stajını tamamlayan əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı müvafiq qaydada araşdırıldıqdan sonra qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxıla bilər. Qeyd edilmişdir ki, 5 yanvar 2022-ci il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. İddiaçı məxsus 16 iyun 1975-ci il tarixli “Əmək kitabçası”nın surəti. 26 dekabr 1985-ci il tarixli, ПТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”ndan çıxarış. Г-İ seriyalı, 034684 nömrəli İddiaçı məxsus “Diplom”un surəti. Ermənistan SSR Maarif Nazirliyinin 17 avqust 1978-ci il tarixli, 2495/OK nömrəli İddiaçı dair “Vəsiqəyə bildiriş”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 8 oktyabr 2025-ci il tarixli, 3-17-1/2-240793/2025 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi 034684 nömrəli diplomun surətində qeyd edilən məlumata və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 18 aprel 2024-cü il tarixli, 105 nömrəli arayışına əsasən 1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978ci il tarixədək təhsil aldığı dövr, ПТ-0914984 nömrəli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən 26 dekabr 1985-ci il tarixdən 28 dekabr 1985-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək ümumi 3 il 10 ay 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi ПТ-0914984 nömrəli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək, 19 sentyabr 1986-cı il tarixdən 2 sentyabr 1994-cü il tarixədək və 16 iyun 1975-ci il tarixli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən 3 iyul 1995-ci il tarixdən 1 iyul 2002-ci il tarixədək olan ümumilikdə 15 il 1 ay 27 gün əmək fəaliyyəti dövrləri də sığorta stajına daxil edildiyi halda onun ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmadığından mötəbərliyi araşdırılmamışdır və əlavə sənəd təqdim ediləcəyi təqdirdə qeyd edilən dövrlərin araşdırılması üçün müvafiq sorğu ünvanlanması zərurəti yaranacaqdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı təqdim etdiyi və iş materialına əlavə edilmiş 16 iyun 1975-ci il tarixli əmək kitabçası və ПТ-İ ******* saylı əmək kitabçası sübut kimi qəbul edilmişdir. xx xxxx 1946-cı il təvəllüdlü Şahid2 məxsus 9 avqust 1988ci il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, o, 18 iyul 1969-cu il tarixdə Masis rayonunun Kalinin orta məktəbinə müəllim vəzifəsinə təyin edilmiş, 4 avqust 1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 19 aprel 1959-cu il təvəllüdlü X1 məxsus 1 noyabr 1988-ci il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, o, 19 oktyabr 1981-ci il tarixdə Masis rayonunun Həbilkənd orta məktəbində müəllim vəzifəsinə təyin edilmiş, 1 noyabr 1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 5 mart 1946-cı il təvəllüdlü Şahid3 məxsus “Əmək kitabçası”nın surətindən görünür ki, o, 22 avqust 1973-cü il tarixdə Həbilkənd orta məktəbinə müəllim vəzifəsinə, 10 noyabr 1979-cu il tarixdə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmiş, 17 oktyabr 1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)-4343/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq arayışlar və əmək kitabçalarında mövcud olan qeydlər əsasında iddiaçının 25 ildən artıq əmək stajının mövcud olduğu aşkar olunur. Bundan başqa, məhkəmə iclasında iştirakları təmin edilmiş şahidlər Şahid3, Şahid2 və Şahid1 öz ifadələri ilə iddiaçının mübahisələndirilən dövrdə Habil kənd orta məktəbində əmək fəaliyyətini təsdiq etmişdirlər. Qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş şahidlərin əmək kitabçalarında onların qeyd edilən məktəbdə işlədikləri də sübuta yetirilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Lakin iddiaçının işlədiyini iddia etdiyi dövrlər (xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək) onun əmək kitabçasında yoxdur. Ona görə də iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun ümumi sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 9 ay 16 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildiririk ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş«Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazımolan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Lakin hazırki iş üzrə iddiaçının əmək kitabçasının mötəbərliyini təsdiq edən arayış, əmrdən çıxarış, əmək haqqı verilməsi üçün şəxsi hesab və əmək haqqı cədvəli və digər hər hansı bir sənəd mövcud deyildir. Eyni zamanda analoji işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-957/2023 nömrəli, həmçinin xx.xx.2023 tarixli, 2-1(102)-176/2023 nömrəli, o cümlədən xx.xx.2023 tarixli, 2-1(102)-1878/2023 nömrəli qərarlarından da görünür ki, əmək kitabçasının mötəbərliyi əmrlər, arxiv arayışları və digər sənədlər əsasında müəyyən edilmişdir. Xüsusilə qeyd edirik ki,məhkəmə inzibati məhkəmə icraatı zamanı şahidləri dindirmiş və öz qərarında şahid ifadələrinə istinad etmişdir. Halbuki həmin məsələyə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələrdə fakt təsdiqi qaydasında baxıla bilər. Əgər iddia edilən iş illəri fakt təsdiqi qaydasında təmin edilərsə, iddiaçı həmin məhkəmə qətnaməsini inzibati orqana təqdim etməlidir. İnzibati orqan yenidən imtina verdiyi təqdirdə isə imtina inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Lakin hazırki iş üzrə bu şərtlərə də əməl edilməmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davametdirilir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. b) İddiaçı apellyasiya şikayətinə etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, İddiaçı tərəf tələbini onunla əsaslandırır ki, onun Ermənistan Respublikasında əldə etdiyi 7 il 4 ay əmək stajı da daxil olmaqla, 28 ildən çox olan əmək stajı mövcuddur, 8 sentyabr 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixə kimi Ermənistan Respublikasının Masis rayonunun Həbilkənd orta məktəbində sinif müəllimi vəzifəsində 7 il 4 ay işləmiş, daha sonra Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçmüş, müəllimlik fəaliyyətini davam etdirmək üçün Abşeron rayon Maarif şöbəsində növbəyə dayanmış, 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək Abşeron rayonu üzrə Dövlət Sığorta Müfəttişliyində ştatdankənar sığorta müfəttişi vəzifəsində işləmiş, 19 sentyabr 1986-cı il tarixdə də Abşeron rayon Məmmədli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının ümumi sığorta stajı 25 ildən az, 18 il 9 ay 16 gün təşkil edir, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, 6 iyul 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixədək olan əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının 1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978-ci il tarixədək olan 3 il 10 ay 6 gün təhsil dövrü cavabdeh orqan mübahisələndirmir və sığorta stajına daxil etmişdir. Cavabdeh inzibati orqan iddiaçının 18 il 9 ay 16 gün iş stajına malik olması halını qəbul etmiş, iddiaçının işlədiyi xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövrün əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Bununla yanaşı, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda əmək stajının arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, əmək xidmət siyahıları və iş dövrü barədə məlumatları əks etdirən digər sənədlərlə təsdiq edilməsinə yol verilir. Hazırkı iş materiallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyəti yalnız əmək kitabçasında olan qeydlərlə deyil, həm də bir sıra rəsmi sənədlərlə təsdiq olunur. Belə ki, Ermənistan SSR Maarif Nazirliyinin 17 avqust 1978-ci il tarixli, 2495/OK nömrəli bildirişindən görünür ki, iddiaçı ali təhsilini başa vurduqdan sonra ibtidai sinif müəllimi vəzifəsini tutmaq üçün Masis rayonunun sərəncamına göndərilmiş və onun gəliş vaxtı 20 avqust 1978-ci il olaraq müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1982-ci il tarixli arayışından iddiaçının 1981–1982-ci tədris ilində, 1 iyun 1983-cü il tarixli arayışından isə 1982–1983-cü tədris ilində həmin məktəbdə sinif rəhbəri vəzifəsində işlədiyi müəyyən olunur. Habelə, 1 iyun 1985-ci il tarixli arayış iddiaçının 1984–1985-ci tədris ilində də həmin məktəbdə pedaqoji fəaliyyət göstərdiyini təsdiq edir. Bu arayışlar bir-biri ilə uzlaşır və iddiaçının mübahisəli dövrdə həmin məktəbdə davamlı əmək fəaliyyəti göstərdiyini göstərir. Bundan əlavə, iş materiallarında olan 10 fevral 1984-cü il tarixli attestasiya vərəqəsindən görünür ki, Masis qəsəbəsi adına orta məktəbin ibtidai sinif müəllimi İddiaçı həmin tarixdə artıq 5 illik müəllimlik təcrübəsinə malik olmuş və ixtisasartırma kurslarını bitirmişdir. Bu sənəd də iddiaçının 1978-ci ildən etibarən müəllim kimi əmək fəaliyyəti göstərməsi barədə digər yazılı sübutlarla uyğunluq təşkil edir. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv arayışı ilə iddiaçının 1974–1978-ci illərdə həmin universitetdə “İbtidai təhsil pedaqogikası və metodikası” ixtisası üzrə təhsil aldığı və 1978-ci ildə həmin ixtisas üzrə məzun olduğu təsdiq edilmişdir. Bu hal iddiaçının ali təhsilini başa vurduqdan sonra ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməsi barədə iş materiallarında olan digər sənədlərlə məntiqi uyğunluq təşkil edir. Beləliklə, iş materiallarında olan yazılı sübutlar birlikdə qiymətləndirildikdə iddiaçının 1978–1985-ci illərdə Masis rayonunun Həbilkənd orta məktəbində pedaqoji fəaliyyət göstərdiyi müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərlə bağlı qeydlərin olmaması həmin dövrdə əmək fəaliyyəti göstərmədiyi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas sayıla bilməz. Çünki əmək kitabçasına müvafiq qeydlərin aparılması işçinin deyil, işəgötürənin və ya səlahiyyətli vəzifəli şəxslərin vəzifəsinə aiddir və həmin vəzifənin lazımi qaydada icra edilməməsinin mənfi nəticələri işçinin üzərinə qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı fiziki şəxslər tərəfindən təqdim olunmuş sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda mötəbər hesab olunur. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş arayışların və digər yazılı sübutların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə də qiymət verilməsini zəruri hesab edir. Belə ki, Şahidlər Şahid3, Şahid2 və X2 öz ifadələrində iddiaçının mübahisəli dövrdə Masis rayonunun Həbilkənd orta məktəbində müəllim kimi fəaliyyət göstərdiyini təsdiq etmişlər. İş materiallarında olan həmin şəxslərə məxsus əmək kitabçalarından onların müvafiq dövrlərdə Masis rayonu üzrə təhsil müəssisələrində çalışdıqları müəyyən olunur. Xüsusilə, Şahid3 əmək kitabçasından onun uzun müddət Həbilkənd orta məktəbində müəllim və direktor vəzifələrində çalışdığı görünür ki, bu da onun iddiaçının həmin məktəbdə işləməsi barədə məlumatlı olmasını obyektiv və inandırıcı edir. Kollegiya qeyd edir ki, sübutlar ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmu şəkildə qiymətləndirilməsi əsasında qiymətləndirilməlidir. Şahid ifadələri yazılı sübutlarla birlikdə və onları tamamlayan sübut vasitəsi kimi çıxış edir. Kollegiya əlavə olaraq qeyd edir ki, inzibati mübahisələrdə sübutetmə yükü inzibati akt qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin etibarsız olduğunu və ya iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti göstərmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin həllində həddindən artıq formal yanaşmaya yol verilməsi həmin konstitusion hüququn məhdudlaşdırılması ilə nəticələnə bilər. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyəti iş materiallarında olan yazılı sübutlar və şahid ifadələri ilə kifayət qədər təsdiq olunur. Həmin dövr sığorta stajına daxil edildikdə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan sığorta stajı mövcud olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)-4343/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar