Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-958/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının qanuni nümayəndəsi X5 iştırakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Qubadlı rayon Icra Hakimiyyəti başçısının Qubadlı şəhər Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, X5 ailə üzvləri-Nərimanova Aidə Vahid qızı, İddiaçı, X7 ilə birlikdə Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 34/4 ünvanında məskunlaşmışdırlar. ##.##.2008-ci il tarixli, AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 və Məmmədova (nikah bağlandıqdan sonra Nərimanova) Aidə Vahid qızı ##.##.2008-ci il tarixdə nikaha daxil olmuşlar. ##.##.2009-cu il tarixli, AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X5, anası isə Nərimanova Aidə Vahid qızıdır. Iddiaçının atası X5 məxsus AA seriyalı, ****** nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Qubadlı rayonundan məcburi köçkündür. "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, Nərimanova Aidə Vahid qızı Sumqayıt şəhərində qeydiyyatdadır. Cavabdeh ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.2009- cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 1993-ci ildə atası X1 erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə məcburi köçkün düşüb Sumqayıt şəhərində məskunlaşmışdır. Iddiaçının atası məcburi köçkün statusuna malikdir. Iddiaçının atası 2008-ci ildə anası Nərimanova Aidə Vahid qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nərimanova Aidə Vahid qızı ##.##.1985-ci ildə ünvan 3 ünvanında daimi qeydiyyatdadır. Onun məcburi köçkün statusu yoxdur. Iddiaçı hazırda orta məktəbi bitirir və ödənişli əsaslarla kollecə daxil ola olmuşdur. Lakin məcburi köçkün vəsiqəsi olmadığına görə, təhsil haqqının ödənilməsindən azad olma barədə güzəştdən yararlana bilmir və təhsil haqqını ödəməyə məcburdur. Əks halda ali təhsilini davam etdirə bilməyəcək. Iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə ərizə və əlavə edilmiş sənədlər ilə müraciət olunsa da imtina verilmiş və aşağıdakı məzmunda 3-36-3/2-N-l 146/1- **/****/***** saylı ##.##.2025-ci il tarixli cavab məktubu göndərilmişdir: Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə daxil olmuş övladınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün ” statusu və onu təsdiq vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərvaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı anası Nərimanova Aidə Vahid qızının qeydiyyatı ünvan 2 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Buna görə də iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ona məcburi köçkün statusu verilməlidir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş imtinanın əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının anası Sumqayıt şəhərində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Sumqayıt şəhəri işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin sözügedən mövqeyi ilə bağlı qeyd edir ki, atası X5 qeydiyyatda olduğu Qubadlı rayonunun Qubadlı şəhəri ## ####### 2020-ci il tarixdə işğaldan azad edilmişdir və yuxarıda geyd edilən siyahıda həmin kəndin adı əks olunmamışdır. Halhazırda sözügedən kənddə yenidənqurma işləri aparılır, sakinlərin köçürülmə prosesi başlamamışdır. Belə olan halda mənə məcburi köçkün statusu və vəsiqəsinin verilməsindən imtina edilməsi "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində qeyd olunmuş hamının inzibati orqan qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır. Eyni zamanda həmin Qanunun 13.2-ci maddəsinin tələblərindən göründüyü kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı maddəsi ## ### 2013-cü ildə, yəni sonradan qəbul edildiyindən və onun vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilməməlidir. Həmin Qaydalarda nəzərdə tutulmuş hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair tələb Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməz. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdeh belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar "məcburi köçkün" statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan "yaşayış yeri üzrə qeydiyyatla bağlı" məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Yəni, inzibati orqan imtinasını əsaslandırdığı "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, "Qaydalar"ın həmin tələbi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanuna və konstitusion dəyərlərə ziddir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və qanuni nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. Işğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının anası Nərimanova Aidə Vahid qızının qeydiyyatı ünvan 1 ünvanında olduğundan ərizənin müsbət həlli komitənin imkanı xaricindədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Indiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan qanunun tələbinə əsasən hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan şəxslərə bu statusun verilməli olduğundan, iddiçının valideynlərindən anasının məcburi köçkün statusuna malik olmadığından, daimi qeydiyyatının Sumqayıt şəhəri olduğundan, müraciətin təmin edilməsindən imtina etmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı ##.##.2009-cu il təvəllüdlü olmaqla, Sumqayıt şəhərində anadan olmuşdur. Iddiaçının atası məcburi köçkün statusuna malik olmaqla, ona məcburi köçkün vəsiqəsi verilmiş, anası Sumqayıt şəhərində pasport qeydiyyatında olmaqla, məcburi köçkün statusuna malik deyildir. Bununla bağlı kollegiya qeyd edir ki, məcburi köçkün statusunun verilməsi qaydaları və şərtləri qanunvericilik normasında imperativ norma şəklində müəyyən edilmişdir. Hazırki inzibati iş üzrə iddia tələbinin qanuni əsası qismində Qaydaların 4.1.6-ci maddəsinin dispozitiv şərti çıxış edir. Həmin normanın tələbinə əsasən məcburi köçkün statusunun verilməsi üçün zəruri olan şərtlər: valideynlərindən atasının məcburi köçkün statusuna malik olması; hər iki valideyninin daimi qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması; Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almış olmasından ibarətdir. Hazırki halda iddiaçıya münasibətdə 1-ci və 3-cü şərti ödənilməsi işin mübahisəsiz halı kimi çıxış edir. Işin müəyyən edilmiş halları (iddiaçının atası məcburi köçkün olsa da, anası məcburi köçkün olmamış, qeydiyyatı daimi yaşayış yeri üzrə Bakı şəhəri olmuş, işğaldan azad olunmuş şəhər (rayon) olmamış) əsasında iddiaçıya münasibətdə qanunla tələb olunan 3- cü şərtin ödənilməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçının tələbi qanunun normasının dispozitiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış,cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Həmçinin, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mərhələdə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmış, həmin hüquqi mövqeyə əsasən iddianın əsaslılığının məhz onun qanuni əsası qismində çıxış edən maddi hüquq normasının dispozitiv şərtllərinin ödənilib-ödənilməməsi əsasında dəyərləndirilməsi qeyd edilmişdir. Indiki halda oxşar işlər üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsi əsasının mövcudluğu iddiaçının şikayətin dəlili kimi istinad etdiyi arqumentini (atasının məcburi köçkün statusunun malik olması ilə bağlı) təkzib edir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-958/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-958/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver