Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-962/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyyəsinə qarşı (Açar sözlər: bələdiyyəyə məxsus torpaq sahəsinin sənədləşdirilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyyəsinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək uzun müddət istifadə etdiyi təqribən 4.3 sot torpaq sahəsinin ona satılmasına göstəriş verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Saray qəsəbəsi ərazisində yerləşən 4.3 sot torpaq sahəsinin sənədləşdirilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Saray Bələdiyyəsinə ## #### 2025ci il tarixdə aşağıdakı məzmunlu ərizə ilə müraciət etmişdir. Ərizədə bildirmişdir ki, ümumi istifadə etdiyi təqribən 4,3 sot torpaq sahəsinin ona satılmasına göstəriş verilməsini xahiş edib. Lakin cavabdeh Abşeron rayonu Saray Bələdiyyəsinə dəfələrlə müraciət etsə də, artıq nə sənədləşdirməni həyata keçirir, nə də ona rəsmi cavab verir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sənədləşdirmə üçün bütün zəruri hərəkətləri yerinə yetirmişdir. Imtina qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, iddiaçı İddiaçı istifadəsində olan 4.3 sot torpaq sahəsini öz adına rəsmiləşdirmək qərarına gələrək, Saray Bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq hesab edilir ki, iddia təmin edilməməlidir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsalandırılmışdır ki, inzibati məhkəmə Mülki Prosesual Məcəllənin 385-ci (Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar) və 386-cı (Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) maddələrinin tələblərini pozaraq, öz qərarının əsaslandırma hissəsində düzgün olmayan aktı tədbiq etmiş, bütün faktiki hallan araşdırmamış, işə formal baxmış və qanunu səf təfsir etmişdir. Mübahisə obyekti olan torpaq sahəsini uzun müddət (təqribi 1999-cu il tarixdən) istifadəsindədir. Bütün qəsəbə bilir ki, həmin torpaq sahəsi onundur. Qanunvericiliyin tələbinə əsasən isə 5 ii daimi orda qalan və qeydiyyatı həmin ərazi olan şəxs həmin ərazi üzrə torpaq iddiasında ola bilər. O isə bu torpaq sahəsini fərdi ev tikmək məqsədi ilə istəyir. Belə ki. Konstitusiyanın 43-cu maddəsinin 2-ci hissəsinə əsasən Dövlət yaşayış binalarının və eviərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Nəzərə alsaq ki, torpağı havayı deyil, bazar qiymətinə uyqun olaraq alacaq ki, belə olan halda isə bələdiyyənin büdcəsinə xeyli miqdarda ödəniş etməli olacaq. Bu isə bələdiyyənin büdcəsinin artımına səbəbdir ki, gələcəkdə öz fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Qanunvericiliyə əsasən də bələdiyyə büdcəsinin əsasının böyük hissəsini məhz torpaq satışı təşkil edir. Belə olan halda bələdiyyənin hansı marağı pozulur ki, torpağı ona satmır. O olmasa başqa bir şəxs olsa nə fərq edir ki, yekunda bələdiyyə böyük gəlir əldə etmiş olur. Yəni qısa olaraq istər qanunvericilik baxımından, istər texniki imkanlar baxımından bələdiyyənin marağının pozulmasına hər hansı bir hal yoxdur, əksinə ərazisində başqa bir şəxsin Kontitusiyadakı kimi şəxsin göstərildiyi sosial imkanlarının yaxşılaşmasına fərdi evə malik olmasına rəvac vermiş olur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Maddə 8.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ..... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ....
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyələrin statusu haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Bələdiyyə mülkiyyəti.
1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyəyə məxsus hüquqi şəxslər, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.
4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. .... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;... Maddə 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan torpaq sahəsinin onun adına sənədləşdirilməsinə (ona satılmasına) nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh bələdiyyə qurumu iddiaçının “torpaq sahəsinin ona staılmasına dair” müraciətinə qarşı hərəkətsizlik nümayiş etdirərək, onun müraciətini cavablandırmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi (430 kv.m. ölçüdə) iddiaçının faktiki istifadəsində olmaqla, torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamışdır (bu hal işin mübahisəsiz halıdır). Indiki halda iddiaçı sözügedən torpaq sahəsinin 1999-cu ildən onun faktiki istifadəsində olması, həmin vaxtdan hazıradək istifadəsində olması, bu barədə hamının məlumatlı olması kimi hallara istinad edərək, cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun adına sənədləşdirilərək, satılmasını istəyir, tələbin əsası kimi də həmin hallara istinad etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsi boş torpaq shaəsi olmaqla, orada hər hansı tikili inşa edilməmişdir, iddiaçı məhz orada ev inşa etmək məqsədilə torpaq sahəsinin ona staılmasını istəyir. Kollegiya ilk növbədə iddianının əsaslılığının qanunvericilik normasının və prinsiplərinin tələbləri baxımından dəyərləndirərək, onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsaslılığına məhz cavabdehin diskresion səlahiyyətləri, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı prinsiplərinin tələbləri baxımından düzgün dəyərləndirərək, həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verərək, ətraflı qeyd etdiyindən, bu əsasla iddia tələbinin əsaslılığının dəyərləndirməsi ilə kollegiya razı olduğundan, həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının ona münasibətdə Qanunun 9.1-ci maddəsinin tələbinin tətbiq edilməsi ilə bağlı istinad etdiyi arqumentinə dair onu qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad edilən tələblərinə əsasən bələdiyyələr kollegial orqan kimi fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Bu baxımından kollegiya hesab edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir. Bundan əlavə, kollegiya iddianın əsaslılığının digər halları ilə bağlı onu qeyd edir ki, indiki halda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qeyri-qanuni istifadəsindədir. Nəticə etibarilə iddiaçı onun qeyri-qanuni istifadəsində olan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsinə nail olmaq istəyir (torpaq sahəsinin məhz ona satılmasını tələb edir). Bu baxımından kollegiya hesab edir ki, iddianın əsaslılığı məhz yuxarıda istinad edilən müvafiq Qanunun 16-cı maddəsinin dispoztiv şərtləri ilə uzlaşıb-uzlaşmaması əsasları ilə də yoxlanılmalıdır. Qeyd edilən normanın dispoztiv şərtinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***-)****/**** saylı ##.##.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “.... Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki,həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.....“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır....” Indiki halda isə iddiaçıya münasibətdə sözügedən torpaq sahəsinin ona qanuni əsaslar məxsus torpaq sahəsi ilə vahid hasar daxilində yerləşməsi halı və həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması kimi şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Əksinə işin müəyyən edilmiş halları (iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənədin olmaması, iddiaçının torpaq sahəsinin hüquqi bağlılığının olmaması, qanuni əsas olmadan istifadə etməsi, hər hansı tikilinin olmaması, boş torpaq sahəsi olması və s.) əsasında iddiaçının sözügedən torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi halını təsdiq edir. Hansı ki həmin hal özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının qanuni əsas olmadan torpaq sahəsinə sahiblik etməsi halı mahiyyət etibarilə qanunsuz etdiyi davranışa (qanunsuz hərəkətlərinə) və onun nəticələrinə əsaslanır, qanunazidd davranış isə özlüyündə iddianın əsaslılğının müəyyən edilməsi əsası qismində çıxış edə bilmir, qanunu bilməmək isə qanunsuz davranışın nəticələrinə görə məsuliyyətdən azad etmir (iddiaçı qanunsuz davranışının nəticələrinə görə məhz özü məsuliyyət daşıyır). Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları (qanunsuz zəbt edilmə, qanunsuz sahibliyində olma, bu hallar barədə məlumatlı olması, heç bir hüquqmüəyyənedici sənədi olmadan istifadə etməsi) özlüyündə iddiaçının həmin hala istinad etməsini hüquqdan sui-istifadə kimi dəyərləndirilməsinə əsas verdiyindən, bu əsasla da həmin halın qanunun normasının dispozitiv şərtinin ödənilməsinin əsası kimi qəbul edilməsi məqsədəmüvafiq deyildir. Nəticə etibarilə kollegiya işin müəyyən edilmiş halları əsasında hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar satılması üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki halda işin yuxarıda müəyyən edilmiş halları əsasında aparılmış dəyərləndirmə əsasında cavabdehin iddiaçı barəsində etdiyi hərəkətlərin icrası zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olması halı müəyyən edilməmişdir. Bu hal da özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmiş, habelə həmin hallar əsasında həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri təkzib olunmuşdur. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin hərrac vasitəsilə satılması prosesinin həyata keçirilməsi halında, qanunla müəyyən edilmiş qaydada və şərtlərə riayət etməklə, digər şəxslərlə bərabər həmin prosesdə iştirak etmək hüququna malikdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı və şikayətin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.