Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-965/2026 10.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2012-ci il təvəllüdlü X1 (##.##.2023-cü ildən ##.##.2023-cü ilədək) həmin dövr üçün hər aya görə 570 manat məbləğində pensiya ödənişinin, həmçinin pensiyanın dayandırıldığı tarixdən əvvəl ödənilməmiş vaxtların pensiya məbləğinin tam şəkildə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “övladı 2012-ci il təvəllüdlü X1 (##.##.2023-cü ildən ##.##.2023-cü ilədək) həmin dövr üçün hər aya görə 570 manat məbləğində pensiya ödənişinin, həmçinin pensiyanın dayandırıldığı tarixdən əvvəl ödənilməmiş vaxtların pensiya məbləğinin tam şəkildə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Seyidli Süranənin qanuni nümayəndəsi olaraq bildirir ki, Seyidli Süranə 2012-ci ildə anadan olub və 4 yaşından etibarən pensiya alır. O, anadangəlmə xəstədir və xəstəliyin adı (G80.0 kvadroplegik spastik serebral iflic) mikrosefaliyadır. Lakin, 2023-cü ilin aprel ayından etibarən onun pensiyası əsassız olaraq 6 ay müddətinə dayandırılmışdır. Nəticədə ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək müddət ərzində pensiya ödənişləri həyata keçirilməmişdir. Bu isə qanunsuz olaraq uşağın sosial təminat hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də, yuxarıda qeyd edilənlərə əsasən, həmin dövr üçün hər aya görə 570 (beş yüz yetmiş) manat məbləğində pensiya ödənişinin, həmçinin pensiyanın dayandırıldığı tarixdən əvvəl də ödənilməmiş vaxtların pensiya məbləğinin tam şəkildə hesablanaraq ödənilməsi barədə cavabdeh orqana müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də övladı 2012-ci il təvəllüdlü Süranə Seyidlinin (##.##.2023-cü ildən ##.##.2023-cü ilədək) həmin dövr üçün hər aya görə 570 (beş yüz yetmiş) manat məbləğində pensiya ödənişinin, həmçinin pensiyanın dayandırıldığı tarixdən əvvəl də ödənilməmiş vaxtların pensiya məbləğinin tam şəkildə hesablanaraq ödənilməsi barədə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Qanuna dəyişiklik edilməsi barədə ##.##.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, ##.##.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Məlumat üçün bildirilir ki, X1 ##.##.2020-ci il tarixindən proaktiv qaydada orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmiş, ödənişi ##.##.2023-cü il tarixinədək davam etdirilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə əsasında Süranə Seyidlinin ##.##.2023-cü il tarixindən orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən S.Seyidliyə ##.##.2023-cü il tarixindən orqanizmin 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 300 manat məbləğində olmaqla davam etdirilir. İddia tələbi ilə əlaqədar olaraq bildirilir ki, Süranə Seyidlinin əlillik müddətinin bitdiyi ##.##.2023-cü il tarixindən 6 aydan çox müddət keçdikdən sonra (##.##.2023-cü il tarixində) təkrar qiymətləndirmə nəticəsində orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlilliyi müəyyən olunduğu üçün ona iddia tələbində qeyd edilən dövr üzrə əlilliyə görə sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq onu iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli analoji iş üzrə mövqeyinə əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından mükün hesab edilmədiyi qənaətinə gəlmişdir. Ali Məhkəmənin sözügedən qərarına əsasən, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin ##.##.2022-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 06 ay ərzində deyil, 06 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin edilir. Ali Məhkəmənin "Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı" icmal məktubu Bənd 56. Əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, ödəməni həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxslər isə bu zaman özlərinin pozulmuş hüquqlarını (məsələn, onlar vaxtında müraciət etsələr də, qərar onlardan asılı olmayan səbəblərdən 6 aydan sonra verildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırmalıdırlar. Belə iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr aparılmalıdır. Bu halda, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəməni həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının övladı 2012-ci il təvəllüdlü X1 (##.##.2023-cü ildən ##.##.2023-cü ilədək) həmin dövr üçün hər aya görə 570 manat məbləğində pensiya ödənişinin, həmçinin pensiyanın dayandırıldığı tarixdən əvvəl ödənilməmiş vaxtların pensiya məbləğinin tam şəkildə hesablanaraq ödənilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçının övladına ilk dəfə ##.##.2020-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə 3 il müddətinə (##.##.2023-cü il tarixədək) əlillik təyin edilmişdir (iş materialları, səhifə 38). Bundan sonra iddiaçının övladının əlilliyinin yenidən qiymətləndirilməsi barədə müraciəti üzrə ##.##.2023-cü il tarixli qərarla ona həmin tarixdən birinci dərəcəli əlillik müəyyən edilmişdir. Belə ki, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” haqqında elektron arayışdan görünür ki, X1 ## ####### 2023-cü il tarixdə orqanizm funksiyalarının 100% pozulması ilə “ümumi xəstəlik” səbəbindən (G80.0 Kvadroplegik spastik serebral iflic diaqnozu ilə) müddətsiz əlillik təyin olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək əlillik təyinatının dayandırıldığı ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək olan dövrlər üzrə pensiya ödənişinin həyata keçirilməsini xahiş etmiş, müraciəti imtina ilə cavablandırılmışdır. Daha sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası ilə razılaşmaqla qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsində isə istisna hal nəzərdə tutulmuşdur. Belə ki, əlillik müddəti başa çatdıqdan sonra 6 ay ərzində aparılmış təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edilərsə, əlillik statusunun olmadığı dövr də əlillik müddətinə daxil edilir. Hazırkı iş üzrə isə iddiaçıya əlillik əvvəlki əlillik müddətinin başa çatmasından 6 aydan sonra, ##.##.2023-cü il tarixdə təyin edildiyindən, qeyd olunan istisna normanın tətbiqi üçün qanunda nəzərdə tutulmuş şərtlər mövcud deyildir. Kollegiya qeyd edir ki, bu hal iddiaçının övladının həmin dövrdə sağlamlıq vəziyyətinin əlillik meyarlarına cavab vermədiyi və ya funksional məhdudiyyətlərinin olmadığı anlamına gəlmir. Lakin əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi üçün zəruri hüquqi əsas əlilliyi olan şəxs statusunun qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsidir. Hazırkı işdə həmin status yalnız ##.##.2023-cü il tarixli inzibati aktla müəyyən olunduğundan, ##.##.2023-cü ildən ##.##.2023-cü ilə tarixədək olan dövr əlilliyə görə əmək pensiyasının ödənilməsi baxımından hüquqi əsas yaradan dövr hesab edilə bilməz. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda isə sonuncu imtina tarixindən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixi nəzərə alınmaqla müəyyən edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı” İcmal Məktubunun 56-cı bəndində ifadə olunmuş hüquqi mövqedən irəli gəlir ki, əlillik 6 aydan artıq müddət keçdikdən sonra müəyyən edildiyi halda, pensiya təyin edən və ödəyən orqanın vəzifəsi ödənişi məhz əlilliyin təyin edildiyi tarixdən hesablamaqdan ibarətdir. Həmin tarix dəyişdirilmədən əvvəlki dövr üzrə pensiya ödənişinin tələb edilməsi isə hüquqi əsas yaratmır. Belə ödəniş yalnız əlilliyin təyinat tarixini müəyyən edən inzibati akt qanunla müəyyən edilmiş qaydada mübahisələndirilərək dəyişdirildikdən sonra mümkün ola bilər. Hazırkı iddiada isə iddiaçı ##.##.2023-cü il tarixli əlillik təyinatının tarixinin dəyişdirilməsi barədə tələb irəli sürməmiş, yalnız həmin tarixdən əvvəlki dövr üzrə əmək pensiyası məbləğinin ödənilməsini tələb etmişdir. Belə olan halda, göstərilən dövr üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün zəruri hüquqi əsas mövcud olmadığından, həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, yalnız mübahisələndirilən dövr üzrə ödəniş həyata keçirilməmişdir. Şəxsin əlilliyi qüvvədə olduğu müddət ərzində ödənişlər həyata keçirilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-965/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-965/2026
10.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver