Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-97/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2-1(118)-1769/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa edilmiş çox mərtəbəli yaşayış binasının “S” blokunun 5-ci yaşayış mərtəbəsinin 4 otaqdan ibarət 26 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 25 iyul 2015-ci il tarixli, "xxxx" müqaviləyə əsasən MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa edilmiş çox mərtəbəli yaşayış binasının “S” blokunun 5-ci yaşayış mərtəbəsinin 4 otaqdan ibarət 26 nömrəli mənzili ona satılmışdır. Mənzilin ümumi dəyəri elə həmin gün tərəfindən tam olaraq ödənilmiş, bu barədə ona 25 iyul 2015-ci il tarixli maliyyə arayışı da təqdim edilmişdir. Mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
3. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(118)-1769/2025 nömrəli qərardadı ilə "xxxx" MMC məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2-1(118)-1769/2025 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim Aynur Axundova).
5. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı 25 aprel 2025-ci il və 12 iyun 2025-ci il, 01 iyul 2025-ci il tarixli məhkəmə iclaslarına dəvət edilmiş, həmçinin SMS məlumatlandırma ilə məlumatlandırılmış, lakin məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
6. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçıya məhkəmə iclasının 25 aprel 2025-ci il tarixinə təyin edilməsi barəsində hər hansı bir məlumat verilməmişdir. 12 iyun 2025-ci il tarixdə məhkəmə iclasına getmiş və məhkəmə iclas katibinə hansı işlə bağlı gəldiyini bildirmişdir. Ona gözləməli olduğunu, hazırda başqa işə baxdıqlarını bildirmişlər. O isə birinci mərtəbəyə düşüb qayıtmış, qayıtdıqda isə ona məhkəmənin təxirə salındığı bildirilmişdir. 01 iyul 2025-ci il tarixli məhkəmə iclasında isə üzrlü səbəbdən iştirak etməmişdir. Hesab edir ki, işə baxan məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi geri götürülmüş hesab edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
8. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarı
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55. İddiadan imtina edilməsi 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
15. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Birinci instansiya məhkəməsi iddiaçının 25 aprel 2025-ci, 12 iyun 2025-ci və 01 iyul 2025-ci il tarixlərində məhkəməyə dəvət olunmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etmədiyini və gəlməməyin səbəbləri barədə məlumat vermədiyini qeyd edərək İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə istinadla iddianı geri götürülmüş hesab etmiş və iş üzrə icraata xitam vermişdir.
18. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, ədalət mühakiməsinin həyata keçirilməsində fundamental əhəmiyyət daşıyan prosessual fəallıq və dispozitivlik prinsipləri iddiaçının öz hüquqlarının müdafiəsinə münasibətdə diqqətli və təşəbbüskar olmasını tələb edir. Məhkəməyə müraciət edərək dövlətin ədalət mühakiməsi mexanizmini hərəkətə gətirən şəxs işin gedişatı ilə ardıcıl olaraq maraqlanmalı, ağlabatan qayğıkeşlik nümayiş etdirməlidir. Məhkəmə müdafiəsi hüququnun özü tərəflər üçün həm də prosesi lüzumsuz yerə yubatmadan izləmək məsuliyyəti yaradır.
19. Şəxsin məhkəməyə müraciət hüququ mütləq və təminatlı olsa da, bu hüquqdan istifadə obyektiv olaraq müəyyən prosessual vəzifələrin yerinə yetirilməsi, o cümlədən prosesin gedişi ilə maraqlanmaq öhdəliyi ilə müşayiət olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 29 aprel 2014-cü il tarixli qərarında da qeyd olunan məsələ ilə bağlı göstərilmişdir ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”.
21. Nəzərə almaq lazımdır ki, inzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda, tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin, belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
22. Hazırki işdən isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 18 mart 2025-ci il tarixində məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ünvanlanmış, eyni zamanda, bununla bağlı 28 mart 2025-ci il tarixdə iddiaçının mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir. Bundan sonra keçirilmiş 25 aprel 2025ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak etməmiş, iddiaçının iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası 12 iyun 2025-ci il tarixə təxirə salınmışdır.
23. Həmin məhkəmə iclası ilə bağlı da eyni qaydada iddiaçıya 25 aprel 2025-ci il tarixdə məhkəmə bildirişi, eləcə də, SMS xəbərdarlıq göndərilmiş, lakin iddiaçı həmin məhkəmə iclasında da iştirak etməmişdir. Məhkəmə iclası eyni məqsədlə 01 iyul 2025-ci il tarixə təxirə salınmış, bununla bağlı iddiaçıya elə həmin gün - 12 iyun 2025-ci il tarixdə məhkəmə bildirişi və SMS xəbərdarlıq göndərilsə də, iddiaçı yenə də məhkəmə iclasında iştirak etməmişdir.
24. İddiaçıya 18 mart 2025-ci il və 12 iyun 2025-ci il tarixlərində göndərilmiş məhkəmə bildirişi iddiaçının ünvanına çatdırılmayıb məhkəməyə geri göndərilsə də, kollegiya hesab edir ki, bu hal iddiaçının xeyrinə şərh oluna bilməz.
25. Belə ki, iddiaçıya göndərilmiş məhkəmə bildirişləri ilə yanaşı özünün iddia ərizəsində əlaqə vasitəsi olaraq qeyd etdiyi mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş, yəni iddiaçı məhkəmə iclasları barədə məlumatlı olmuşdur. Bundan əlavə, iddiaçıya 25 aprel 2025-ci il tarixdə göndərilmiş məhkəmə bildirişi isə geri qayıtmamışdır, bu baxımdan iddiaçıya təqdim edilmiş hesab edilir. Həmin məhkəmə bildirişində isə keçiriləcək məhkəmə iclasının yeri, vaxtı, inzibati məhkəmə iştirakçılarının hüquq və vəzifələri qeyd edilmiş, həmçinin iddiaçıya İPM-nin 55.3-cü maddəsinin tələbinə əsasən xəbərdarlıq edilmişdir.
26. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 29 aprel 2014-cü il tarixli qərarında qeyd olunan şərtlərə cavab verən məzmunda bildirişlərlə məhkəmə iclasları barədə məlumatlandırılmış, lakin iddiaçı heç bir məhkəmə iclasında iştirak etməmişdir.
27. Hazırkı halda 1 (bir) il kimi (iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixdən yekun məhkəmə aktı qəbul edildiyi xx.xx.2025-ci il tarixədək olan dövr) uzun bir müddət ərzində işin məhkəmə icraatında olmasına baxmayaraq, iddiaçının məhkəməyə gəlməməsi, işin taleyi ilə bağlı hər hansı formada (yazılı və ya şifahi) maraqlanmaması və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməməsi hüquqi baxımdan onun prosessual marağının tamamilə itməsi kimi qiymətləndirilməlidir. İddiaçı öz hərəkətsizliyi ilə iddianın saxlanılmasında və mübahisənin davam etdirilməsində real iradəsinin olmadığını nümayiş etdirmişdir.
28. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hüquq nəzəriyyəsində qəbul edilən prosessual qənaət və hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipləri baxımından ədalət mühakiməsi aparatının resursları məhduddur və cəmiyyətin maraqlarına xidmət edir. İddiaçının ifrat dərəcədə passiv davranışı, göndərilmiş bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icraatdan ardıcıl şəkildə yayınması həm məhkəmə resurslarının səmərəsiz israfına, həm də digər vətəndaşların ədalət mühakiməsinə çıxış hüququnun ləngiməsinə səbəb olur ki, bu da hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Buna görə də, öz hüququna sahib çıxmayan tərəfin passivliyinin yaratdığı prosessual nəticə onun öz riskinə və zərərinə aid edilməlidir.
29. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması iş materiallarından müəyyən edildiyindən hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud olmuşdur. Bu baxımdan, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2-1(118)-1769/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.