Məhkəmə qərarları › İş №2-1(3-8)-971/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-971/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-971/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Cabbarova Gülnar İnqilab qızı (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinin təyinatına aid hissədə çıxarış məlumatına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 302011010005-***** reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin kateqoriyasının “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər” təyinatlı torpaqlar kimi qeyd edilərək yeni çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisində 1.054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 583.4 kv.m olan əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin əmlak üzərində hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 302011010005-***** reyestr nömrəli çıxarışla tanınır. Həmin çıxarışda əmlak kompleksi kimi müəssisəsinin ünvanı (olduğu yer) ünvan 1 göstərilir, halbuki əmlakın və torpaq sahəsinin yerləşdiyi ünvan Xaçmaz rayonu Köhnə Xaçmaz kəndidir. Bundan əlavə əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 1.054 ha torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, kateqoriyası (məqsədli təyinatı) ehtiyat fondu torpaqları göstərilmişdir. Halbuki, həmin torpaq sahəsinin kateqoriyası “sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı”dır. * saylı Xaçmaz Ərazi İdarəsi göstərilən torpaq sahəsinin kateqoriyasını adıma olan çıxarışda səhvən “Ehtiyyat fondu torpaqları” göstərmişdir. Rəsmi ərizə ilə cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək adına olan çıxarışda əmlak kompleksi kimi müəssisəsinin ünvanının (olduğu yer) "ünvan 1”ndən “Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi”nə, həmçinin də 1.054 ha torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) “ehtiyyat fondu torpaqlarından "sənayə, nəqliyyat, rabitə, müdafiə və digər" düzəliş edilməsini xahiş etmişdir. Həmin idarənin rəisi Qərib Həsənovun imzası ilə ##.##.2024-cü il tarixli, *-**-*-**/*-T-****- **/**** saylı məktubla cavab verilmişdir ki, müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan 1.0540 ha torpaq sahəsininin Sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsinə əsas olmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Adına olan çıxarışda göstərilmiş 1.054 ha torpaq sahəsi həqiqətən də ünvan 1 ərazisində deyil, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşir. Bundan da əlavə həmin torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKİUS) “sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” göstərilmişdir. Onu da qeyd edir ki, sözügedən 1.054 ha torpaq sahəsi əvvəllər orada mövcud olmuş dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsidir, kənd təsərrüfatına yararsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsininn 9-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Həmin maddənin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq. Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin ediliş, 302011010005-***** reyestr nömrəli çıxarışa əsasən İddiaçı Mövlüd oğlunun mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin kateqoriyasının “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər” təyinatlı torpaqlar kimi qeyd edilərək yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi TEKUİS məlumatlarına əsasən sənaye, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Qeyd olunan hal cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri və cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin sorğuya cavab məktubu ilə təsdiq olunur. cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş torpaq sahəsinin müayinə aktına əsasən torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən Sənaye, nəqliyyat, rabitə, müdafiə ve digər təyinatlı torpaqları kimi göstərilmişdir. cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, ##.##.2025-ci il qeydiyyat tarixli, 3020111010005-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının istifadəsində olan 1.1377 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən sənaye, nəqliyyat, rabitə, müdafiə ve digər təyinatlı torpaqları kimi göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsi TEKUİS məlumatlarına əsasən sənaye, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Qərarla razılaşmayan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən çıxarışda texniki səhvə yol verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, müraciətdə qeyd olunan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" ilə müəyyən edilmiş əsaslarla baxıla bilər. Həmin Qaydaların 3-cü bəndinə uyğun olaraq sözügedən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilir. ” Ehtiyyat fondu torpaqların olan torpaq sahələrinin digər məqsədilə istifadə edilməsi və verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Torpaq məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı izahat verərək, izahatında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak kompelksinin yerləşdiyi torpaq sahəsinin kateqoriyasının çıxarış məlumatında dəyişdirilərək, yeni çıxarışın verilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün əsas olmaması halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından iddianın mümkünlüyü üzrə dəyərləndirmə aparılması zəruridir. Belə ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya iddianın mümkünlüyü ilə bağlı dəyərləndirmə apararaq, qeyd edir ki, sözügedən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, onun adına mülkiyyət hüququ ##.##.2021-ci ildə qeydə alınaraq, çıxarış verilmiş, çıxarış məlumatında torpaq sahəsinin mülkiyyət növü dövlət, hüququn növü istifadə, kateqoriyası ehtiyat fondu torpaqlar kimi qeyd edilmiş, əmlaka dair texniki pasport tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sögüedən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərinə dair müayinə aktı tərtib edilmiş, aktın məzmununda TEKUİS-də iddiaçının istifadəsində olan 1,064 ha torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən tikili və onun yerləşdiyi dövlət mülkiyyətində olan 1 .0540 ha ehtiyyat fondu torpaqları üzərində iddiaçının adına rəsmiləşdirilmiş, sözügedən əmlak kompelksinin əvvəli X1 İdarəsinə məxsus yeməkxana və taxtadan quraşdırılmış binalar olmuşdur, tikililər X4 məxsus olmuşdur, daha sonra tikililər alqı-satqı əsasında X3, bundan sonra Xaçmaz rayon Icra Hakimiyyəti başçısının ##.##.2003-cu ii tarixli 44 sayli sərəncamı əsasında tikililərin yerləşdiyi 1,54 ha torpaq sahəsi X3 istifadə üçün artırılmışdır, bundan sonra torpaq sahəsinin üzərində X3 adına Şəhadətnamə tərtib edilmişdir, sözügedən sənədlər əsasında X3 ümumi sahəsi 583.4 kv.metr alan tikili və 1.05404 ha torpaq sahəsi," Dövlət" mülkiyyəti " Ehtiyyat fondu torpaqları" olmaqla 01 .07.2011 tarixli çıxarış və texniki pasport verilmişdir, daha sonra həmin hüquq ##.##.2020-ci il tarixli bağışlanma müqaviləsi əsasında iddiaçıya keçmişdir, yuxarda qeyd olunduğu kimi əmlakın əvvəli Dövlət mülkiyyətinə məxsus olmuşdur, müvafiq Fərmanın tələbinə əsasən torpaq sahəsinin kateqoriyasının dəyişdiirlməi üçün elektron müraciət edilməlidir, kompleks yerquruluşu xəritələrində torpaq sahəsi (Dwj) kateqoriyasi açıq ifadə eedilməməklə, yaşayış məntəqəlrinin torpaqları daxilində 2102 alt qatı ilə təsərrüfat tikililəri karxana olmaqla qeydiyyata alınmışdır, TEKUİS-də sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeyd edilmişdir, Fərmana əsasən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi əsası müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının hazırki tələb üzrə çıxarış məlumatında kateqoriyasının dəyişdirilməsini istədiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, ilkin hüquqmüəyyənedici sənədlərin məzmununda da dövlət mülkiyyətində olan “ehtiyat fondu torpaqlar” kimi qeyd edilmiş, TEKUİS-də isə dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeyd edilmişdir. Nəticə etibarilə iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası ilə bağlı çıxarış məlumatında dəyişiklik edilməsini istəyir, hansı ki çıxarış məlumatları məhz kadastr baza məlumatları əsasında tərtib edilir və həmin məlumatlar məhz torpaq sahəsinin mülkiyyətçisinin iradə ifadəsi əsasında kadastr məlumatlarına uyğun dəyişdirilə bilər. Belə olan halda, kollegiya hesab edir ki, iddianın mümkünlüyü baxımından hazırki mərhələdə iddiaçının dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı belə bir tələb irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı məsələ məhz Azərbaycan Respublikası Prezidentinin ## ######## 2024-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti), Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir,1.17-ci bəndinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Qaydaların 3.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilməsi nəzərdə tutulan kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilmənin əsaslandırılması, torpaq sahəsinin ölçüsü, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahəsi olduqda həmçinin suvarılan və ya dəmyə olması barədə məlumatlar, habelə kateqoriyaya aid edilən, digər kateqoriyaya keçirilən və məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin planlaşdırılan istifadə istiqamətləri aydın göstərilməklə aşağıdakı subyektlər Xidmətə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə) müraciət edir: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət orqanları (qurumları);...... 3.1.4. torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda, mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər; 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: …. 3.2.4.5. bu Qaydaların 3.1.4-cü yarımbəndinə uyğun olaraq müraciət edildiyi hallarda, mülkiyyətçinin yazılı razılıq sənədi;….. Kollegiya qeyd edir ki, istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinə münasibətdə aiddiyyəti dövlət orqanı və ya uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin razılığı ilə istifadəçi olan şəxs həmin məsələnin həlli ilə bağlı müraciət etmək hüququna malikdir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan məhz aidiyyəti səlahiyyətli qurumun (Əmlak Məsələləri Dövlət Xidmətinin) belə bir tələbə dair subyektiv hüququ qanunla tanınmışdır və ya onun yazılı razılığı əsasında qanuni sahibin belə bir tələb hüququ qanunla tanınmışdır. İndiki halda isə iddiaçı mülkiyyətçi olmadığından və mülkiyyətçinin buna dair tələbi olmamaqla, bununla bağlı hər hansı yazılı razılığı olmadığından, əksinə buna dair etirazı olduğundan, iddiaçının hazırki tələblə müraciət etmək üçün subyektiv hüququ mövcud olmamışdır. Hansı ki həmin hal iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Başqa sözlə desək, dövlət mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış məlumatında əks olunmuş kadastr məlumatlarını mübahisələndirməklə bağlı subyektiv hüquqa mülkiyyətçinin özü və ya onun yazılığı razılığı əsasında qanuni sahib malik ola bilərdi. Qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından subyektiv hüququnun mövcudluğu o halda ortaya çıxmış olur ki, tələb etmək hüququnun qanuni əsası mövcud olmuş olsun, habelə hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsasları mövcud olmuş olsun. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddianın mümkünlüyü baxımından iddiaçının hüquqi marağı aydınlaşdırılmış, iddiaçı bu iddia tələbini irəli sürməklə bağlı hüquqi marağını dövlət mülkiyyətində olan və ilkin hüquqmüəyyənedici sənədlərdə əks olunmuş kadastr məlumatlarının (ehtiyat fondu torpaqlar kimi qeyd edilmişdir) mülkiyyətçinin razılığı olmadan dəyişdirmək istəməsini həmin torpaq sahəsini özəlləşdirmək istəməsi və kateqoriyanın “ehtiyat fondu kimi qeyd edilməsinin” bu prosesə mane olması halı ilə əsaslandırmışdır. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki, indiki halda iddiaçı istinad etdiyi hallara dair (özəlləşdirmə prosesi ilə bağlı müraciət edilməsi, belə bir prosesin icrası ilə bağlı sənədləşdirmə işlərinin aparılması, bu halın həmn prosesin dayandırılmasına mane olması və s.) hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Nəticə etibarilə iddiaçının dövlət mülkiyyətində olan torpaq sahəsinin kateqoriyasının çıxarış məlumatında “ehtiyat fondu torpaqları” kimi qeyd edilməsi halının onun hansı hüquq və qanunla qorunan maraqlarının səbəb olması, cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarına aşkar müdaxilənin mövcudluğu, hüququnun həqiqətən pozulması, hüquqi müdafiəyəyə ehtiyacının olması halının müəyyən edilməsi mümkün olmamışdır. Hansı ki bu hallar məhz iddianın mümkünlüyü mərhələsində aşkar mövcud olmalıdır, əks halda həmin halların mövcud olmaması iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda məüyyən edilmiş halları iddianın mümkün sayılmaması üçün əsas hesab edildiyindən, hazırki iddia qeyd edilən əsaslarla (subyektiv hüququn mövcud olmaması, hüquqi marağın əsaslarının mövcud olmaması, çatmaq istədiyi məqsədə uyğun iddia tələbinin irəli sürülməməsi) mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, iddia tələbi mümkün sayılmadığından, şikayət “iddia tələbinin təmin edilməməsi” hissəsində təmin edilməməlidir. Bundan əlavə, kollegiya iddiaçının hüquqi marağına uyğun olaraq diqqətinə onu çatdırır ki, iddiaçı özəlləşdirmə prosesi zamanı hüquqlarının həyata keçirilməsi ilə bağlı hər hansı maneçiliklə qarşılaşdığı və ya hüquqlarının pozulmasını ehtimal edirsə, məhz həmin proseslə bağlı düzgün iddia növü ilə inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş spellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar