Məhkəmə qərarları › İş №2-1(3-8)-979/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-979/2026

20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-979/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinə qarşı “inzibati aktını etibarsız hesab etməklə ona ##.##.2014-cü ildən təyin edilmiş müddətsiz əlilliyinin əlillik altsistemində bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “2014-cü ildən müddətsiz əlilliyi ilə bağlı məlumatın əlillik altsistemində bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın iddiaçı barəsində qəbul etdiyi ##.##.2016-cı il tarixli inzibati aktını etibarsız hesab etməklə iddiaçıya ##.##.2014-cü ildən təyin edilmiş müddətsiz əlilliyinin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1962-ci ildə anadan olmuş və ona ##.##.2013-cü ildə ümumi səbəbdən 2-ci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2014-cü ildə isə ona təyin edilmiş əlillik dərəcəsi müddətsiz təyin olunmuşdur. Lakin ##.##.2020- ci ildən ona təyin edilmiş pensiyanın verilməsi dayandırılmış və bunun səbəbini öyrənmək məqsədi ilə dəfələrlə AR ƏƏSMNnin DSMF-na müraciət etmiş, bu məsələnin araşdırılacağı bildirilmiş, lakin 2024-cü ilin aprel ayında məlum olmuşdur ki, cavabdeh orqan guya ona əlilliyin 2014-cü ildə bir il müddətinə təyin olunduğunu səbəb kimi göstərməklə təyin edilmiş pensiyanın da dayandırılmışdır. Cavabdeh orqana rəsmi ərizə ilə müraciət etmiş, ərizəni ##.##.2024-cü il tarixdə almasına baxmayaraq bu vaxta kimi ərizəyə də cavab verilməmişdir. Cavabdeh ona müddətsiz əlilliyi 2014-cü ildən təyin edilmiş və o 10 il müddətində müddətsiz əlil kimi heç bir məhdudiyyət olmadan əlilliyiylə bağlı pensiyanı almışdır. Lakin cavabdeh ona müddətsiz əlilliyin 2014-cü ildən təyin edilməsinə baxmayaraq altsistem arayışında əlilliyin müddətinin guya ##.##.2020-ci il tarixdə bitdiyini qeyd etmiş və həmin vaxtdan da bəri pensiya hesablanmamışdır. Həmin altsistem arayışında göstərilir ki, əlillik təyinatı ##.##.2015ci ildə, ##.##.2016-cı ildə qiymətləndirmə aparılmışdır. Halbuki 2015,2016-cı illərdə iddiaçının əlilliyi ilə bağlı hər hansı bir qiymətləndirilmə aparılmamış, forma 88 arayışı göndərilməmişdir, ümumiyyətlə 2014-cü ildə müddətsiz əlillik təyin edildikdən sonra o hər hansı bir müayinəyə çağırılmamışdır. Cavabdeh diskresion səlahiyyətindən sui-istifadə edərək iddiaçını komissiyaya çağırmadan, barəsində tibbi göndəriş olmadan bu addımı atmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçı İddiaçı müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə əlavə edilməsi tələbinə dair iş üzrə bildiririk ki, Inzibati Prosessual Məcəlləyə görə, Iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Bu cür Iddialara öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia deyilir (IPM-in 34-cü maddəsi). Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən, inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara: buna öhdəliyin icrası haqqında iddiada deyilir; bu o deməkdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Qeyd edilənləri nəzərə alaraq iddiaçının inzibati orqana bu barədə müraciəti olmadığından iddianın mümkünsüz hesab olunmasını xahiş edirik. Bundan başqa Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin haldaməsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adı çəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Göründüyü kimi, IPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəliklərin müayinə edilməsi məqsədilə məhkəmə ##.##.2025-ci il tarxli qərardad ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iddiaçının inzibati orqana yenidən müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsə göndərilməsi qərara alınmış, lakin iddiaçı ekspertizaya getməmişdir. Təqdim edilən iş materiallarından görünür ki, iddiaçıya ##.##.2015-ci ildən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti ##.##.2020-ci ildə bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2020-ci il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə iddiaçı ##.##.2020-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. Beləliklə, inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi, yəni müvafiq tarixlərdə əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhəliyinin qoyulması yolverilməzdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, nümayəndəsi məhkəmə gedişatı zamanı iddia tələbinə dəqiqləşmə verməklə bildirmişdir ki, cavabdeh orqan tərəfindən məhkəməyə elektron qaydada göndərilmiş ərizədən belə aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə ##.##.2014- cü il tarixli qərar guya 1 illik müddəti əhatə etmiş, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra ##.##.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. Cavabdeh 2016-cı ildə əlilliyin yenidən qiymətləndirilməsi ilə bağlı onu inzibati orqana dəvət etməmiş, inzibati icraat aparılmamışdır, cünki ona əlillik dərəcəsi 2014-cü ildən müddətsiz təyin edilmiş və həmin vaxtdan sonra forma 88 arayışı tərtib etdirməmiş, tibbi göndəriş tibb müəssisəsi tərəfindən rəsmiləşdirilməmiş və inzibati orqana göndərilməmişdir. 2024-cü ilin may ayından hazırki iddia ilə məhkəməyə müraciət etmiş, yalnız 1 il 6 aydan sonra cavabdeh orqan belə bir inzibati icraatın aparılması barədə məlumatı elektron kabinetə yerləşdirmişdir. Halbuki 2014-cü ildə ona müddətsiz əlillik dərəcəsi təyin olunandan sonra inzibati orqana dəvət olunmamış, inzibati icraat prosesində iştirak etməmiş, tibbi sənədlər təqdim edilməmişdir, ona aid pensiya sənədlərində də 2016-cı ildə 5 illik əlilliyin təyin olunması barədə heç bir sənəd, sübut yoxdur, belə bir icraat barədə ona SMS bildirişi göndərilməmişdir. Bu hallar ona dəlalət edir ki, inzibati orqanın ona 2016-cı ildə guya 5 illik əlillik dərəcəsinin təyin olunması barədə təqdim etdiyi sistem bildirişi üzrə inzibati icraat aparılmamışdır və bu cavabdeh orqanın hec bir hüquqi sənədə və sübuta əsaslanmayan versiyasıdır. Buna görə də iddia tələbinə dəqiqləşmə verərək nümayənə xahiş etmişdir ki, cavabdeh orqanın iddiaçı barəsində (onun) qəbul etdiyi ##.##.2016-cı il tarixli inzibati aktını etibarsız hesab etməklə ona ##.##.2014- cü ildən təyin edilmiş müddətsiz əlilliyinin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin. Lakin məhkəmənin qəbul etdiyi hazırkı qərarında iddia tələbinə verilmiş bu dəqiqləşmə ərizəsi ilə bağlı bir kəlmə də olsun yazılmamış və məhkəmə iddia tələbinin bu hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Iddia tələbi öhdəliyin qoyulması ilə bağlı olmuşdur. Belə ki, onun arzuladığı tələb barəsində müddətsiz əlilliklə bağlı məlumatların əlillik altsisteminə daxil edilməsi olmuşdur, lakin məhkəmə prosesi gedişatında cavabdeh orqan ona guya 2020-ci il tarixə kimi 5 illik müddətə əlilliyin təyin edilməsi ilə bağlı özünün səlahiyyətində olan və istənilən vaxt müdaxilə etmək imkanında olduğu altsistem məlumatını təqdim etmiş, nümayəndəsi tərəfindən 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı inzibati icraat materiallarının təqdim edilməsinə dair müraciətinə baxmayaraq cavabdeh orqan həmin materialı məhkəməyə təqdim etməmişdir. Halbuki məhkəmə iddia tələbinə dair verilmiş dəqiqləşmədə məhkəmə gedişatı zamanı üzə çıxan və cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etirazda belə qeyd olunmayan altsistem arayışı təqdim edildiyi üçün guya ##.##.2015-cı ildən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsinə dair inzibati qərarın da ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş bu arayışın məqsədli olaraq cavabdeh tərəfindən sonradan hazırlandığı bu arayışla cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etirazın dəlilləri arasındakı ziddiyyət də sübuta yetirir. Belə ki, həmin etirazda cavabdeh orqan 2015-ci ildə ona guya 1 illik əlillik dərəcəsinin təyin olunduğunu bildirsə də sonradan 5 illik əlillik dərəcəsi təyin olunması barədə uydurulmuş arayışı əsaslandırmaq üçün belə bir qiymətləndirmənin aparılmasına dair sistemdən arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdeh tərəfindən qeyd olunan dövrə dair inzibati icraat materialının təqdim edilməməsinə baxmayaraq sonradan hazırldanmış və cavabdeh orqanın etirazı ilə ziddiyyət təşkil edən həmin arayışı «mötəbər sübut» kimi qiymətləndirməklə belə bir qənaətə gəlmişdir ki,guya ona 2015-ci ildə 5 illik əlillik dərəcəsi təyin olunmuş və həmin müddət də artıq 2020-ci ildə bitmişdir. Halbuki əlilliyilə bağlı AR ƏƏSMN-nin Arxiv və Sənədlərin çeşitdlənməsi filialından tələb olunmuş sənədlərdən də aydın olur ki, ona 2014-ci ildən müddətsiz əlillik təyin olunmuş və müddətsiz əlilliklə bağlı 2020-ci ilədək pensiya hesablanmışdır. Məhkəmə işdə olan mötəbər sübutları bir kənara qoyaraq, hətta təqdi etdiyi iddia tələbinə dəqiqləşməyə belə əhəmiyyət verməyərək mübahisələndirilən inzibati icraatla bağlı sənədləri tələb etmədən onun sosial təminat hüquqlarını pozan hazırki qanunsuz qərarı qəbul etmişdir. Məhkəmə 2 il davam edən məhkəmə prosesinin yekununda qəbul etdiyi qərarında mövqeyini belə əsaslandırmışdır ki, «iddiaçı ##.##.2020-ci il tarixi nədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriştəqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. Beləliklə, inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi, yəni müvafiq tarixlərdə əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhəliyiııin qoyulması yolverilməzdir.» Halbuki digər dövlət orqanlarından təqdim olunmuş sənədlərdə mənim müddətsiz əlilliyim təqsdiq olunur və mənə 2020-ci ilədək pensiya 5 illik müddətlə bağlı deyil,müddətsiz əlil olmağımila bağlı ödənilmişdir. Məhkəmə qərarının «Qərara aldı» hissəsində qeyd etmişdir ki, «iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2014-cü ildən müddətsiz əlilliyi ilə bağlı məlumatın əlillik altsistemində bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin». Halbuki onun iddia tələbimə dəqiqləşmə verilmiş, iddia tələbinin həcmi artırılmış, məhkəmə həmin ərizəni icraata qəbul etsə də qərarında iddia tələbinin digər hissəsinə qiymət verməmişdir. Sadalanan hallar ona dəlalət edir ki, məhkəmənin qəbul etdiyi qərar tam qanunsuzdur və bu qərar onun əlilliyilə bağlı sosial təminat hüquqlarının pozulmasına xidmət etmiş və bu səbəbdən də ləğv olunmalı iddia tələbimin təmin olunması barədə qərar çıxarılmalıdır. Analoji işlər üzrə «müddətsiz əlilliyin altsistemə daxil edilməsi» işləri üzrə Ali Məhkəmənin formalaşmış mövqeyi vardır, yalnız 1 iş üzrə M.Allahverdiyin işi üzrə Ali Məhkəmə tərəfindən yanaşma iddiaçının cavabdeh tərəfindən 2015-2020-ci illərə dair inzibati icraatın mübahisələndirilməməsi olmuşdur, hazırkı işdə cavabdehin məhkəmə gedişatı zamanı təqdim etdiyi həmin qiymətləndirməni mübahisələndirmiş, onun etibarsız sayılmasım xahiş etmiş, lakin məhkəmə ümumiyyətlə iddianın bu hissəsinə belə toxunmamışdır, sanki belə bir iddia verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər, 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nəzərə almaq lazımdır ki, iddiaçıda olan xəstəliklərin müayinə edilməsi məqsədilə məhkəmə ##.##.2025-ci il tarxli qərardad ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iddiaçının inzibati orqana yenidən müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsə göndərilməsi qərara alınmış, lakin iddiaçı ekspertizaya getməmişdir. Təqdim edilən iş materiallarından görünür ki, iddiaçıya ##.##.2015-ci ildən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti ##.##.2020-ci ildə bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2020-ci il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə iddiaçı ##.##.2020-ci il tarixinədək əlilliyi olan şəxs olmuş, bu tarixdən sonra yeni göndəriş təqdim edilmədiyindən onun bu statusu aradan qalxmışdır. Beləliklə, inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi, yəni müvafiq tarixlərdə əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhəliyinin qoyulması yolverilməzdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “inzibati aktını etibarsız hesab etməklə ona ##.##.2014-cü ildən təyin edilmiş müddətsiz əlilliyinin əlillik altsistemində bərpa edilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Inzibati prosessual qanunvericiliyin tələbinə əsasən işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından iddianının əsaslılığı üzrə dəyərləndirmə aparılmazdan öncə iddianın mümkünlük şərtlərinin yerinə yetirilib-yetirilməməsinin yoxlanılması zəruridir. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı tələbin əsası kimi ona 2014-cü ildən müddətsiz əlillik təyinatı aparıldığını, ##.##.2020-ci il tarixdən dayandırıldığını, həmin tarixdən pensiya ödənişinin dayandırılması halına istinad edərək, müddətsiz əlilliyin bərpa edilməsini istəyir. Işin müəyyən edilmiş hallarından görünür ki, əlillik alt sistemi məlumatlarında iddiaçıya ##.##.2015-ci il tarixdən beş il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatının aparılması barədə məlumat mövcud olmuş, başqa əlillik təyinatının aparılması barədə hər hansı məlumat mövcud olmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 2020-ci ilin dekabr ayınadək əlilliyə görə pensiya ödənişi ödənilmişdir, bu hal pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı səlahiyyətli inzibati orqan tərəfidnən verilmiş məlumat, bank hesbaından çıxarış məlumatı və iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi məlumat əsasında öz təsdiqini tapmışdır (iddiaçı özü də 2020-ci ilin dekabr ayından pensiya ödənişinin veirlmədiyini qəbul edir). Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, ##.##.2020-ci il tarixdə əlilliyin dayanmasına səbəb əlilliyin təyinat müddətinin bitməsi olmuş, bununla bağlı cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. Iddiaçı əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsinə dair iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, hazırki iddia növü mübahisələndirmə haqqında iddia olduğundan, prosessual qanunvericiliyin tələbinə əsasən həmin iddia növü ilə bağlı iddianın mümkünlük şərti kimi iddia müddətinə aid tələbə riayət edilməsi tələb olunur. Həmçinin, kollegiya bununla bağlı qeyd edir ki, oxşar işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsinə dair hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarın məzmununda qeyd edilmişdir ki,” ....Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq xx.xx.2019-cu ild tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2019-cu ildən 2024cü ilə qədər bu halı mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası bildirir ki, xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı həmin inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür......” Kollegiya qeyd edir ki, iddiaçının əlilliyinin ləğv edilməsi barədə artıq 2020-ci ildə pensiya ödənişinin dayandırıldığı vaxtdan, yəni hüquqlarının pozulması barədə pensiya almadığı vaxtdan məlumatlı olmuşdur. Buna baxmayaraq, həmin müddətdən (2020-cu ildən) 4 ildən artıq müddət keçdikdən sonra (##.##.2024-cü ildə) əlilliyin dayandırılması məsələsini məhkəmə qaydasında mübahisələndirmişdir. Halbuki, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı inzibati akt barədə məlumatlı olduğu (hüququnun pozulduğunu bildiyi) andan 30 gün müddətində həmin aktı mübahisələndirmək hüququna malik olmuşdur, həmin şərtin ödənilməməsi isə iddianın mümkün sayılmaması üçün əsas sayılır. Nəticə etibarilə hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş müddətdən 1 il keçdikdən sonra onun bərpasına yol verilməməsi imperativ norma kimi nəzərdə tutulduğundan, habelə normada müəyyən edilmiş istisna halların iddiaçıya münasibətdə mövcudluğu aşkar edilmədiyindən, ötürülmüş müddətin bərpasına dair iddiaçıya hüquqi yardım göstərilməsi, bu istiqamətdə araşdırma aparılmasının əsasları da mövcud olmamışdır. IPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamış, iddianının mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi istiqamətində araşdırılma aparılmayaraq, formalaşdırılmış məhkəmə təcrübəsinə aid hüquqi mövqe nəzərə alınmayaraq, işə mahiyyəti üzrə baxılmış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməyərək, gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar