Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-990/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı oğlunun cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** №-li əmrində (əsas: səh-37, §-2) Xaçmaz RHKdan göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: səh-17, məlumatda soyadı Sərxaşov. atasının adı Bağır yazılmışdır) Xaçmaz RHK-dan çağırılmış, 24-cü batalyonun şəxsi heyətinin siyahısında 1964-cü ıl təvəllüdlü starşina Sərxaşov Aydın Bağır oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli ** №-li əmrində (əsas səh-72 §-5. sıra-2. əmrdə atasının adı yazılmamışdır) 24 MAT-ın hərbi qulluqçusu İddiaçı 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılması barədə məlumat vardır. 26-cı MATu özbaşına tərk etdiyi üçün Aydın Sarxoşovun N №-li hərbi hissə komandirinin ## #### 1994 -cü il tarixli *** №-li əmrində (əsas, səh-34, §-7. sıra-45, əmrdə soyadı Sarxoşov yazılmış, atasının adı yazılmamışdır) ştatdan kənar edilərək bütün növ təminatlarının dayandırılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün X1 Bağır oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin 278 №- li fərmanına əsasən N №-li hərbi hissə komandirinin ## ###### 1994cü il tarixli *** №-li əmrilə (əsas: səh-39, §-12, sıra-275. əmrdə soyadı Sərxaşov, atasının adı Bağır yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı barədə 1964-cü il təvəllüdlü çağırışçıların əlifba qeydiyyat kitabında və arxiv uçot sənədlərində Səfərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində (əsas: §-2, səh-37) Xaçmaz rayon hərbi komissarlığından göndərilmiş bir qrup şəxsi heyətin hərbi hissədə ərzaqla təmin olunması barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissənin ##.##.1992-##.##.1993-cü il tarixli Adlı siyahılar qovluğunda (əsas: səh-204/17, məlumat olduğu kimi köçürülmüşdür, məlumatda soyadı “Sərxaşov”, atasının adı “Bağır” yazılmışdır) qeyd edilmiş “##.##.1993-cü il tarixdə N №-li hərbi hissəyə göndərilmiş ** №li Xaçmaz taborunun siyahısında” 2-ci motoatıcı bölükdə, 1964- cü il təvəllüdlü, ştarşina Sərxaşov Aydın Bağır oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-5, səh-72, sıra-2, əmrdə atasının adı yazılmamışdır) 24 MAT-ın hərbi qulluqçusu İddiaçı 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ## #### 1994-cü il tarixli *** №-li əmrində (əsas: §- 7, səh- 34, sıra-45, əmrdə soyadı “Sarxoşov” yazılmışdır, atasının adı yazılmamışdır, 26-cı MAT göstərilmişdir) 26-cı MAT-ı özbaşına tərk etdiyinə görə Aydın Sarxoşovun ştatdan kənar edilərək bütün növ təminatlarının dayandırılması barədə məlumat qeyd olunmuşdur. X1 Bağır oğlu hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin *** №-li fərmanına əsasən, N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №li əmrilə (əsas: §-12, səh-39, sıra-275, əmrdə soyadı “Sərxaşov”, atasının adı “Bağır” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla bütün növ təminatları dayandırılaraq hərbi bileti X2 məntəqəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, iddianın təmin edilərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ##.##.1993-cü il tarixli *** №-li əmri ilə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbər edilərək N №-li hərbi hissənin ** №-li Xaçmaz- Dəvəçi batalyonunda komandir Yaşar Muradovun başçılığı altında Ağdam rayonunun Qiyamətdinli kəndi uğrunda 1993-cü il tarixindən ##.##.1994-cü il tarixinədək döyüşlərdə erməni işğalçılarına qarşı torpaqları azad etmək məqsədilə iştirak etmişdir. Məlum ## ### 1994-cü il atəşkəs dövründən sonra ailəli döyüşçülərin mərhələli evə buraxılması haqqında razılığa əsasən İddiaçı 4 uşaq atası olduğuna görə ** №-li Xaçmaz-Dəvəçi batalyonunun komandiri Yaşar Muradovun icazəsi ilə evə buraxılmışdır. Evə icazəli buraxılmağı haqqında komandir Yaşar Muradovu məhkəməyə şahid qismində dəvət edilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin # ###### 2025-ci il tarixli arxiv arayışına əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## #### 2017ci il tarixli *-*(***)-****/**** nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iş materialları və məhkəmə araşdırması əsasında iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Belə ki, arxiv məlumatlardan görünür ki, N №-li hərbi hissə komandirinin ## #### 1994-cü il tarixli *** №-li əmrində (əsas: §-7, səh-34, sıra-45, əmrdə soyadı “Sarxoşov” yazılmışdır, atasının adı yazılmamışdır, 26-cı MAT göstərilmişdir) 26-cı MAT-ı özbaşına tərk etdiyinə görə Aydın Sarxoşovun ştatdan kənar edilərək bütün növ təminatlarının dayandırılması barədə məlumat qeyd olunmuşdur. X1 Bağır oğlu hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin *** №-li fərmanına əsasən, N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: §-12, səh-39, sıra-275, əmrdə soyadı “Sərxaşov”, atasının adı “Bağır” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla bütün növ təminatları dayandırılaraq hərbi bileti X2 məntəqəsinə göndərilmişdir. Iddiaçı hüquqi niyyətinin ifadəsi kimi iddia ərizəsini apellyasiya şikayəti kimi yenidən məhkəməyə təqdim edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, müharibə veteranı adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi mötəbər sübutlarla təsdiq olunmalıdır. Həmin Əsasnamənin tələblərinə görə, belə iştirak hərbi biletlər (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və digər rəsmi sənədlərlə sübuta yetirilməlidir. Iş materiallarından müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətində olmuş və həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısında yer almışdır. Lakin iddiaçının müharibə veteranı statusu əldə etməsi üçün yalnız döyüş əməliyyatlarında iştirak etməsi deyil, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərə cavab verməsi tələb olunur. Belə ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışından və digər arxiv sənədlərindən görünür ki, iddiaçı 26-cı motoatıcı taboru özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin əmri ilə ştatdan kənar edilmiş, bütün növ təminatları dayandırılmış və sonradan şəxsi heyətin siyahısından çıxarılmışdır. Hazırkı halda iş materialları ilə iddiaçının hərbi hissəni qanuni əsaslarla tərk etməsi və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması müəyyən edilmir. Əksinə, arxiv sənədləri ilə onun hərbi hissəni özbaşına tərk etməsi səbəbindən şəxsi heyətin siyahısından çıxarıldığı təsdiq olunur. Iddiaçı tərəfindən təqdim edilmiş və ya iş materiallarında olan digər sübutlar da onun barəsində tətbiq edilmiş bu prosedurun əsassızlığını və ya arxiv məlumatlarının düzgün olmadığını təsdiq etmir. Hazırki mübahisənin həlli şahid ifadələrindən asılı olmadığı üçün məhkəmə kollegiyası iş üzrə şahid ifadələrinin alınmasını zəruri hesab etməmişdir. Beləliklə, iddiaçının müharibə veteranı adı və vəsiqəsi almaq üçün qanunla tələb olunan şərtlərə cavab vermədiyi müəyyən edildiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqanın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-990/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-990/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver