Məhkəmə qərarları › İş №2-1(3-9)-10/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-10/2026

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-10/2026 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2-1(120)-2176/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X2 sosial ekspert komissiyasının 16 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-6636/2024 nömrəli qərarın İddiaçı aid olan hissədə, əlillik alt sisteminə xx.xx.2024-cü il tarixdə daxil edilən xx.xx.2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarın ləğv edilməsini və ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 03 dekabr 2025-ci il tarixli, 2- 1(120)-2176/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda müvafiq inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, “tüklü hüceyrəvi leykoz tez-tez kəsilmələrlə, hepafo-solenomeqaliya, bəd xassəli hipoxrom anemiya” diaqnozu ilə 16 iyun 2016-cı il tarixdə ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Uzun illərdir ki, ölkə daxili və ölkə xaricində işləyən ixtisaslı həkimlər tərəfindən müayinələrdə olmuş, 09 iyul 2021-ci il tarixdə yenidən Tibbi-Sosial Ekspert Komissiyasında müayinə nəticəsində eyni diaqnozla əlillik 09 iyul 2026-cı il tarixədək müəyyən edilmişdir. Yəni növbəti komissiyanın keçirilməsi 09 iyul 2026-cı il tarix nəzərdə tutulmuşdur. 30 oktyabr 2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ona 3-17-1/ə-S- 265711/2024 nömrəli məktub ünvanlayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Agentliyi tərəfindən əlilliyinin etibarsız hesab edildiyini bildirilmişdir. Eləcə də həmin məktubda əmək pensiyası məbləğində 17 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2024cü il tarixədək 11.473,31 manat məbləğində artıqödənilmənin müəyyən edildiyi qeyd edilərək həmin məbləğin bərpa edilməsi xahiş edilmişdir. Uzun illərdir ki, ağır xəstə olmaqla yalnız ona təyin edilmiş pensiya pulları ilə baha qiymətə olan dərmanları əsasən Türkiyə və İrandan gətizdirib qəbul edir. Hazırda isə ondan həmin pensiya pulları geri tələb edilir. Ona əlilliyinin etibarsız hesab edilməsi barədə heç bir qərar göndərilməmiş və təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021ci il tarixindən sonra vətəndaşa dair Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0217003AAKJR nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-28/2-274/2024 nömrəli məktubu əsasında 2017-2022-ci illərdə rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatların təhlili zamanı qan xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının əsaslılığının araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində xx.xx.2024-cü il tarixli, 3-17-4/2-H-19224/2024 nömrəli bildiriş məktubu ilə xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçinin ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində "Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək, xx.xx.2021-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçı 2010-2011, 2014-2016, 2016- 2021-ci illar aralığında “tüklü hüceyrəvi leykoz tez-tez kəsilmələrlə, hepafosolenomeqaliya, bəd xassəli hipoxrom anemiya” diaqnozu ilə əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmə nəticəsində xx.xx.2021-ci il tarixli qərarla həmin diqnoz əsasında 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan halların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli bildirişlə (bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sübut yoxdur, həmçinin bildiriş iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana deyil, doğulduğu ünvana göndərilmişdir) iddiaçını əyani müayinəyə dəvət edir, əyani müayinə edilmədən mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarla özünün xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və “Diaqnozun təsdiqini tapmaması” nəticəsinə gəlir. -Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli, 813 nömrəli tibbi arayışda qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən 2009cu il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Tük hüceyrəli leykoz” diaqnozu ilə dispanser qeydiyyatdadır. Xəstə kimyəvi dərman müalicəsi almışdır və hematoloqun nəzarətindədir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-13257/2025 nömrəli məktubunda bildirilir ki, vətəndaşın əlillik vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının 0217003AAKJR nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 28/2-274/2024 nömrəli məktubu əsasında 2017-2022-ci illərdə rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatların təhlili zamanı qan xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının əsaslılığının araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində xx.xx.2024-cü il tarixli, 3-17-4/2-H-19224/2024 nömrəli bildiriş məktubu ilə xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər, həmçinin ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində "Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək, xx.xx.2021-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərar əlillik altsistemində xx.xx.2021-ci il tarixli qərar kimi işlənmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən, 3 ulduz statusu verilmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı dəlillər təqdim etməmiş, eyni zamanda əyani müayinə aparılmadan əlillik təyinatı barədə əvvəlki qərarı ləğv etməklə, yuxarıda qeyd olunan Qaydanın 3.7-ci bəndinin tələblərinə zidd icraat aparmışdır. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qeyd edilir ki, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul edilsə ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə və ya dəyişdirə bilərdi. Cavabdeh orqan iddiaçını əyani şəkildə müayinə etmədən (müayinəyə dəvət edilməsi barədə bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sübut yoxdur, həmçinin bildiriş iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana deyil, doğulduğu ünvana göndərilmişdir) və onun orqanizmində patofunksional pozuntunun mövcud olubolmamasını müəyyən etmədən əvvəlki qərarının qanunsuz olması qənaətinə gəlmişdir ki, bu hal yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə və inzibati icraatın prinsiplərinə ziddir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh sonradan yaranmış hüquqi və ya faktiki halın Səhiyyə Nazirliyindən alınmış məlumata əsasən yarandığına istinad etmiş, lakin nəzərə almamışdır ki, həmin məlumatda iddiaçının Milli Hematologiya və Transfuziologiya Mərkəzində qeydiyyatda olması öz əksini tapmışdır. Eyni zamanda həmin Mərkəz də yuxarıda qeyd olunan arayışla bunu təsdiq etmişdir. Qeyd edilənlərlə yanaşı, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, cavabdehin qüvvədə olan əlillik təyinatı barədə qərarın ləğv edilməsinə dair qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin qərarın əlillik altsisteminə “xx.xx.2021” tarixli qərar kimi yerləşdirilməsi inzibati orqanın 2024-cü ildə gəldiyi qənaətin 2021-ci ildə baş verməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, inzibati orqanın 2024-cü ildə 2021-ci il tarixli qərar qəbul edərək, müvafiq sistemə daxil etməsi özünün yanıldıcı hərəkətlərini pərdələmək məqsədilə etdiyi qanunsuz hərəkət kimi qiymətləndirilməli və bu hal məhkəmə tərəfindən təşviq edilməməlidir. Həmçinin xx.xx.2021-ci il tarixli qərarın mübahisə predmeti kimi qəbul edilməsi həmin qərarın mövcudluğunun məhkəmə tərəfindən tanınması anlamına gəlir ki, bu hal inzibati orqanı gələcəkdə də oxşar mövqedən çıxış etməklə analoji mübahisələrə yol açmasına sövq edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, 2-1(120)-2176/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 16 avqust 2024-cü il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilsin. İddiaçı 09 iyul 2021-ci il tarixdə təyin edilmiş əlilliyin "Əlillik” altsistemində bərpa edilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar