Məhkəmə qərarları › İş №2-1(3-9)-109/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-109/2026

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(3-9)-109/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Şərəfə Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 2- 1(120)-621/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Şərəfə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayon Şərəfə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 11 dekabr 2025-ci il tarixli, 2- 1(120)-621/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 2-1(120)-621/2025 nömrəli qərardadı 26 dekabr 2025-ci il tarixdə İddiaçı məxsus elektron kabinetə yerləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 07 yanvar 2026-cı il tarixdə poçta daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti 07 yanvar 2026-cı il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 1 gün sonra verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin 05 yanvar 2026cı il tarixdə başa çatdığını və həmin günün Yeni il Bayramı ilə əlaqədar qeyri iş günü olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı apellyasiya şikayətini 06 yanvar 2026-cı il tarixdə verməli olduğu halda, 07 yanvar 2026-cı il tarixdə vermişdir. Bununla da, iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, səhhətində yaranmış problemlə əlaqədar xəstəxanada olmuş, buna görə də müddəti ötürmüşdür. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 27 noyabr 2025-ci il tarixli, 18-1-60/2-Ə-10xx-xx- 1160/2025 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2025-ci il tarixdən Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində müayinə edilmişdir. Diaqnoz: “Sol pəncə nahiyyənin İİ-İİİ barmağının sınığı”. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 10 fevral 2026-cı il tarixli, 18-1-60/2-Ə-218-31-230/2026 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2026-cı il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində müayinə edilmişdir. Diaqnoz: “Sol pəncənin İİİ-İV barmaqların sınığından sonrakı vəziyyət, falanqaarası oynaqların artrozu ağrı sindromu”. Göründüyü kimi iddiaçı müddətin ötürülməsinin səbəbi kimi xx.xx.2025-ci il tarixdə ayaq barmağının sınması ilə əlaqədar xəstəxanada müalicə aldığını göstərmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövrü əhatə edir. Beləliklə, iddiaçının göstərdiyi sağlamlıq vəziyyəti ilə bağlı hal şikayət verməli olduğu müddətlə üst-üstə düşmür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının elektron kabineti olduğundan sağlamlıq vəziyyətindən asılı olmayaraq istənilən halda, apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 2-1(120)-621/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar