Məhkəmə qərarları › İş №2-1(3-9)-111/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-111/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-111/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv olunması və orqanizm funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1-ci bəndi ilə uyğunluq təşkil edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2020-ci il tarixdə könüllü olaraq “Vətən Müharibəsi”nə yollanmış, ##.##.2020-ci il tarixdən Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocavəndin işğaldan azad olunmasında iştirak etmiş və hərbi xidməti Şuşada başa vurmuş, ##.##.2020-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, ## ###### 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, ## ###### 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, ## #### 2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, ## #### 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. “Travma haqqında Arayışı”ndan göründüyü kimi, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Qapalı kəllə-beyin travması, Barotravma” diaqnozu ilə xəsarət almış, ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuş, xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli “Stasionar (ambulator) xəstənin tibbi kartasının çıxarışı”ndan göründüyü kimi, həqiqətən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Baş beyinin üzvi xəstəliyi, (II Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur. “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin14.02.2024-cü il tarixli “Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışı”ndan göründüyü kimi, ##.##.2021-cü il tarixdən ##.##.2021-ci il tarixədək müayinədə olmuş və ona “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, özünü kəsmələri, anamnezində intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, diaqnoz: “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, anamnezində intihar cəhdləri ilə F07.0”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda təsbit edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış (XBT-10) kodu”na əsasən Üzvi mənşəli səxsiyyət pozuntusunun kodu F07.0-dir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, anamnezində intihar cəhdləri ilə Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir...” səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyinə əsaslanaraq, vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul etmişdir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, tibbi göndərişdə qeyd edilmiş xəsətliklə ekspert rəyi ilə müəyyən edilmiş xəstəliklər fərqli olduğundan həmin göndəriş əsasında əlillik təyin oluna bilməz. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyətinə ##.##.2024-cü il tarixli tibbi göndəriş əsasında baxılmaış və ##.##.2024-cü il tarixli qərarla imtina edilmişdir. -IOO******ZHI nömrəli, ##.##.2024-cü il tarixli göndərişin məzmunundan görünür ki, iddiaçıya əsas diaqnoz “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində), özünü kəsmələr, anamnezində intihar cəhdləri ilə” kimi müəyyən edilmişdir. -Müdafiə Nazirliyi Baş Klinik Hospitalının ##.##.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X2 ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalın) ambulator müayinədə olmuşdur. Diaqnoz: Qapalı kəllə-beyin travması. Barotravma. -##.##.2024-cü il tarixli, **** nömrəli X8 görünür ki, iddiaçı barəsində Diaqnoz: ”Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, anamnezində intihar cəhdləri ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya ilə nəticəsi. Barotravma (##.##.2020) Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqında (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə ”, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alinmışdır”, Diaqnoz: ”Çoxsaylı kariyes. İkincili hissəvi adentiya” kimi müəyyənləşdirilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X3 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, X2 hal-hazırda Üzvi II Qarabağ müharibə zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, özünü kəsmələr, anamnezində intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndi ilə eyniləşdirməklə səhv nəticəyə gəlmiş, həmçinin qərarın nəticə hissəsində orqanizmin funksiyalarının pozulma dərəcəsini, əlilliyin səbəb əlaqəsini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Meyarların 7.6.2.1-ci bəndi F06 və F07 kodları üzrə əlillik təyinatına əsasa verir ki, ekspert rəyində iddiaçının orqanizmində olan patofunksional pozuntular XBT-nın 10-cu baxışında kodu F62.0 müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.2-ci bəndində XBT-nın 10-cu baxışında kodu F62.0 olmaqla, 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35- 60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Tibbi göndərişdə qeyd edilmiş diaqnoz üzrə pozuntuların XBT kodu F07 yazılmasına, lakin ekspert rəyi ilə bu kodun F62.0 müəyyən edilməsi halı hər iki sənəddə (tibbi göndəriş və tibbi rəy) eyni diaqnozun (Üzvi mənşəli şəxsiyyət pozuntusu) müəyyən edilməsi baxımından həmin tibbi gödəriş əsasında əlilliyin təyin edilməsinə maneə yaratmır. Belə ki, hər iki kod üzrə qeyd edilmiş patofunksional pozuntu mərkəzi sinir sisteminin üzvi mənşəli xəstəliyidir, yalnız etologiyası və sinir sisteminin funksionallığı baxımından səciyyələnir. Həmçinin əlilliyin səbəb əlaqəsi ilə bağlı qeyd edilməlidir ki, yuxarıda şərh olunan Müdafiə Nazirliyi Baş Klinik Hospitalının arayışında diaqnozun “Qapalı kəllə-beyin travması. Barotravma.” kimi qeyd edilməsi, həmçinin “X8”də ”Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, özünü kəsmələr, anamnezində intihar cəhdləri ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya ilə nəticəsi.” kimi müəyyən edilməsi, həmin diaqnozların müəyyən edilməsindən sonra uzun müddət keçməməsi, habelə tibbi göbdərişdə bu diaqnozdan əlavə digər xəstəliklərin qeyd edilməməsi və məhz həmin xəstəliyin qeyd edilməsi əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsi zərurətini aradan qaldırır. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan maddi və prosessual normaların şərh olunmasını zəruri hesab edərək, qeyd edir ki; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. X2 “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar