Məhkəmə qərarları › İş №2-1(3-9)-115/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-115/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-115/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əməkhaqqının ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı və cavabdeh orqanın əməkdaşı arasında aparılmış ##.##.2024-cü il tarixli söhbət vərəqində iddiaçı barəsində Hərbi Qulluqçularının şərəf məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur və qərarla razı olduğunu bildirmiş, qərarla əlaqədar şikayəti olmadığını, xidmət müddətində bir sıra nöqsanlara yol verdiyini göstərmiş, Hərbi Həkim Komissiyasına göndərilməyə ehtiyacı olmadığını bildirmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 14 il Daxili Qoşunlara məxsus N saylı hərbi hissədə xidmət etmiş, nöqsanı olmamışdır. 2024-cü ilin avqust ayında ona məlum olmayan səbəbdən komandanlıq onu işdən azad etmişdir. Hansı nöqsanı etdiyini bilmir. Günahsız olaraq onu da digər iki nəfərə qoşaraq işdən azad ediblər. Demək olar ki, digər nöqsanlı şəxslərin güdazına getmişdir. Məqsədi vətənə ləyaqətlə xidmət etməkdir. Orduda xidmət etmək böyük arzusu olub. Onun ən çox sevdiyi hərbçi sənətindən günahsız yerə uzaqlaşmağı sarsıntılara səbəb olmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan X1 R.Əliyev xidmət etdiyi müddət ərzində “ictimai yerdə etik normalara düzgün riayət etmədiyinə görə” ##.##.2012-ci il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Töhmət”, “ictimai yerdə etik davranış qaydalarını pozduğuna və vaxtında böyük rəisə məruzə etmədiyinə görə” ##.##.2012-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “Töhmət”, “inspeksiya yoxlaması zamanı zəif nəticələr əldə etdiyinə görə” ##.##.2015-ci il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Töhmət”, “təyin olunmamış yerdə (binanın zirzəmisində) siqaret çəkdiyinə görə” ##.##.2015-ci il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Töhmət”, “sıra intizamının tələblərini pozduğuna görə” ##.##.2017-ci il tarixdə xüsusi təyinatlı dəstə komandirinin müavini tərəfindən “Töhmət”, “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə “qeyri kafi” qiymət aldığına görə” ##.##.2020-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, “modul tipli yataqxanada ümumi qaydaları pozduğuna görə” ##.##.2023-cü il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Xəbərdarlıq” elan edilmişdir. Mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. R.Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydaları”nın 4.2-ci bəndinin tələblərini pozaraq narkotik vasitə (marixuana) istifadə etdiyinə görə N saylı hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *-**-**- **/Ə***/**** nömrəli əmrilə hərbi hissənin “R və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi”nə cəlb edilmiş, məhkəmənin ##.##.2024-cü il tarixli qərarına əsasən onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. İddiaçı Daxili işlər nazirinin müavini-X7 ##.##.2024-cü il tarixli *** №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli 3-13- 14-19/Ə***/**** №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. R.Əliyevə həmin əmrlə tanış olmuş, əmrlə razı olması barədə müvafiq qeydiyyat aparmışdır. Əmrin mübahisələndirilməsi üçün verilmiş müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin məzmunu iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir, şikayətdə qərarın ləğvini şərtləndirən hər-hansı dəlil göstərilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: -##.##.2024-cü il tarixli N saylı hərbi hissənin R və müddətdən artıq xidmət edən hərbi qulluqçularının şərəf məhkəməsinin ** nömrəli qərarına əsasən, X1 “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydalarf’nın 12-ci bəndinin tələbini pozaraq narkotik vasitə (marixuana) istifadə etmiş, bununla hərbi qulluqçu adına yaraşmayan və nüfuzuna ləkə gətirən hərəkətlərə yol verrdiyinə görə hərbi qulluqçunun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini-X7 ##.##.2024-cü il tarixli, 155 ş/h saylı əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, X3, N saylı hərbi hissənin xüsusi təyinatı dəstəsinin 2-ci xüsusi həmlə qrupunun atıcı-radiotelefonçusu vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Araşdırma zamanı X3 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli izahatın məzmunundan görünür ki, işğaldan azad edilmiş torpaqda tapdığı az miqdarda marixuananı 2024-cü ilin fevral ayında istifadə etdiyini etiraf etmiş, ondan sonrakı müddətdə heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. -“Söhbət vərəqi”ndən görünür ki, iddiaçı Şərəf məhkəməsinin qərarı ilə razı olduğunu və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına etiraz etmədiyini, Hərbi-həkim komissiyasına göndərilməyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi onun özünün izahat və rəftarı ilə təsdiq edilir və bu, onun mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla xidmətdən xaric edilməsinə əsas verir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndinə əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X8 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin:- -43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. -87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın: -2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstiitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. -3.1-ci bəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsüliyyət daşımaqla onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, butun qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. -3.2-ci bəndinə əsasən hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. -8.1-ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı vaxtlarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməlidir. İşin halları ilə də təsdiq olunur ki, iddiaçının törətdiyi əməl onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətdir və bu səbəbdən də o, xidmətdən xaric edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar